Həmrəylik şairi olan dost barədə
düşüncələrim
Fərq yalnız zamandadır. İllər bir-birini əvəzləyib.
Hətta dövran da kökündən dəyişib.
Yaş da o yaş deyil. Ancaq
heç dəyişilməyib. 32 il
öncə necəydisə, eləcə də qalıb. O zaman
25 yaşındaydıq. Moskvadaydıq.
Təhsil alırdıq. İndi mən
Bakıdayam. Əliş Əvəz isə
həyatını təhsil aldığımız şəhərə
bağlayıb.
1985-ci ildə
ali təhsilimizi başa vurub Vətənə
döndük. Mən Azərbaycan Dövlət
İnformasiya Agentliyində – Azərinformda (indiki AzərTAc) fəaliyyətə
başladım. Həmin dönəmdə
bir çox hadisələr yaşandı. Olanlardan
söz açmaq istəmirəm. Elə
Əliş də baş verənləri xatırlamağa həvəsli
deyil. Hər şeyi qismət, tale və bəxtə
bağlayır. Bəli, bəxt, qismət və tale bizi
dost etdi. Deyirlər, hər adamın bir ya iki dostu olur...
Bəli, Əlişin Azərbaycanda qərar
tapmayacağı qətiləşdi. Yenidən Moskvaya
qayıtdı. Rusiyanın nüfuzlu
kütləvi informasiya vasitələrində
çalışdı, populyarlaşdı, yetkin qələm
sahibinə çevrildi. Söz sənəti
dünyasında Rusiyada yaşayan soydaşlarımızın
böyük əksəriyyətinə nəsib olmayan
uğurlara imza atdı. Ən əsası
isə nəhəng ölkənin ziyalı mühitində yer
aldı. Hazırda Rusiyanın
yazıçılar, jurnalistlər birliklərinin, həmçinin
Beynəlxalq Jurnalistlər Federasiyasının
üzvüdür. Rusiya
Yazıçılar Birliyinin “Mayakovski ordeni” ilə təltif
edilib. Azərbaycan və Rusiya xalqları
arasında dostluq münasibətlərinin
inkişafındakı xidmətləri yüksək səviyyədə
dəyərləndirilib. Rusiyanın
Kosmonavtlar Federasiyası səma fatehləri haqqındakı məqalələrinə
görə onu dünya şöhrətli həmyerlimizin
adını daşıyan “Kərim Kərimov ordeni”nə layiq
görüb. Kosmonavtikadan söz
düşmüşkən, söhbətimin bu yerində bir
haşiyə çıxım ki, uşaqlığımda
kosmonavt olmaq istəmişəm. Tələbə
yataqxanasında bunu dostuma söyləyəndə niyəsə
xeyli gülmüşdü. “Nə olar,
kosmonavtlardan yazarıq” demişdi. Jurnalist
kimi Monqolustanın ilk kosmonavtı Juqderdemidiyn Qurraqça ilə
müsahibə götürəndə də həmin
gülüşünü xatırlamışdım. Görünür, dostluğumuzun
çığırını elə romantika açıb.
Ancaq Əlişin fərqi ondadır ki, o, Rusiyanın ənginliklərini
həm fəzada seyr edib, həm də yorulmaz səyahətçi
dözümü göstərib. Beləcə Tundranı, Tayqanı,
Sibir meşələrini dolaşıb, Şimalın buz
bağlamış təbiəti, flora və faunası, əzmkar
insanlarının psixologiyası ilə yaxından tanış olub. Əvvəl
ümumittifaq, sonra ümumrusiya miqyaslı “Neftyannik” elmi
jurnalının baş redaktor müavininin, “Rossiyskaya
federasiya” qəzetinin xüsusi müxbirinin bu həyat
dolanbacında ayağına daş da dəyib, ancaq
ufuldamayıb, yolundan dönməyib.
Əliş Əvəz Rusiya azərbaycanlıları
arasında həmrəylik bağlarının möhkəmləndirilməsinə
misilsiz töhfələr verib.
Moskvada
2000-ci ildən bəri yaranan Azərbaycandilli mətbu nəşrlərin
– “Azərbaycanın səsi”, “Azərbaycan diasporu”, “Asudə
vaxt”, “Azərros” qəzetlərinin ərsəyə
gəlməsində fəal iştirak edib. “Azərbaycanın
səsi” və “Azərros”un baş
redaktoru, 2002-ci ildən fəaliyyət göstərən
“Daiaspora inform” qəzetinin təsisçisi və baş
redaktorudur.
Səyyah-jurnalist gördüklərini, türk
oylaqlarının aborigen sakinlərilə söhbətlərini
təhlil süzgəcindən keçirərkən
türkçülüyün, turançılığın
əzəmətini canlandırıb. Həyat və
yaradıcılığının əhəmiyyətli hissəsini
buna yönəldib, fikirlərini sanballı məqalələrlə
yanaşı, nəsrə də köçürüb.
Əliş Əvəz dünyası üçün
jurnalistika, publisistika ilə yanaşı, poeziya da xarakterikdir. Gözəl
şairdir.
Şerlərindəki ahəng insanı türk dünyasına
kökləyir. Əlbəttə, bu köklənişdə
başlıca motiv Vətəndir, Azərbaycandır.
“Karvan, qatar, Boz Qurd və mən”
şeirində “uuu... çağıran sənmisən, Boz
Qurd?!” misrasını da məhz həmrəylik, ulu yola
qayıdış nəğməsi kimi qələmə
alıb. Poeziyasına xüsusi rəng qatan isə
Cənub mövzusudur. “Dünya azərbaycanlılarının
həmrəylik himni”nin müəllifi olan
şair uzun müddət “21 Azər” jurnalının Moskva təmsilçisi
kimi də aktiv fəaliyyət göstərib.
Odlar Yurdu
övladıyıq,
Od
oğluyuq, od qızıyıq!
Azərbaycan
bayrağının
Biz
ayıyıq, ulduzuyuq!
Təbrizimin
gözündə nəm,
Bakımızın
üzündə qəm...
Çarə
tapaq, birləşək biz,
Birdir Ana
Vətənimiz!
Əlişi hər dəfə Moskvaya yola salarkən Vətən
havasını necə içinə çəkdiyinin
şahidi olmuşam. Zarafatla “növbəti gəlişimədək
bəs edər” deyib. Əlbəttə bu sətirləri
də söyləməyi unutmayıb:
Keçib zaman, ötüb dövran.
Daha qayğı çəkən olmaz.
O yollar
ki, mən keçmişəm,
Bir də ordan ötən olmaz.
Ana yurdun
boyu gözəl,
Dağı gözəl, çayı gözəl.
Tanrı
verib payı gözəl,
Vallah ona
yetən olmaz!
Qərib
oldum bu yığvala,
Davam çoxdur o cığalla.
Ha əzizlə,
ha sığalla,
Qürbət
dönüb Vətən olmaz!
(“Qürbət
dönüb Vətən olmaz” şeiri)
Əliş Əvəz poeziyasında qürbət
mövzusu qırmızı xətt kimi keçsə də,
xarakterinə bələd olduğumdan burada pessimizm,
yorğunluq axtarmaq istəmirəm. Hərçənd “Qəlb şairi
Məmməd İsmayıla” müraciətindəki
Bilirəm,
ustad,
Qərib
gəlmişik
Dünyaya
gələndə...
Səninki
oralar –
Dilli-ağızlı
şirin qürbət,
Mənimki
buralar –
Dilsiz-ağızsız
dərin qürbət
misraları fərqli ovqat yaradır. Təbii, onun
tanınmış şairdən “bir həzin misranı ver,
baş qoyub dincəlsin yoğrun ürəyim” ricasının
arxasından sənət aləminə
çağırış, həmrəylik
hayqırtısı da boylanır.
Yaxşı yadımdadır, bir dəfə
vurğulamışdı ki, insan Vətənindən nə qədər
uzaqda olursa, ona daha sidq ürəklə bağlanır. Şairin qəlbi
onun silahıdır. Vətənin qədri
bilinsin deyə dolmağa və boşalmağa daim
hazırdır. Çünki bu yurdun
varlığı özünün dediyi kimi, ərənlərin
ruhundan yoğrulub, körpə balaların
qığıltısında doğrulub. Əliş
ulu Zərdüştün başı üstə məşəl
tutduğu, dünyəvi dinlərin kəsişdiyi təməli
möhkəm Azərbaycan üçün sözlə
yalnız Vətən nəqşəsini çəkmir,
onlarca xalqın mehribancasına yaşadığı ölkəmizi
bəşəri örnək olaraq səciyyələndirir.
“Vətən sevilməyəndə” şeirində
“baxaq, görək kimik biz” sualına cavab axtarır.
Başı bəlalı o taylı-bu taylı Azərbaycanın
üzləşdiyi müsibətlərin, itkilərin köklərinə
nəzər salır:
Yarımız
müğənni,
Yarımız
molla,
Yarımız şair.
Nəğmə
oxuyuruq,
Dua eyləyirik,
Şeir
yazırıq
Vətənə dair.
Bəs
hanı vətəndaş –
Vətənə qurban gedəsi baş?!
Ötən
gəlişində “Xudafərin körpüsü”nü, “Zəngəzur”u,
“Çənlibeldə qalan atlılar”ı, “Oynama, “Kərəmi”
havasına”nı, Nəvai yurdunun həqiqət
carçısı, tələbəlik dostu,
tanınmış özbək şairi və jurnalisti Kərim
Bəhriyevə həsr etdiyi “Qaranlıqlar keçənəcən”i
oxumuşdu. Şeirlərində arzu, istək,
duyğu və yanğıyla fəlsəfənin vəhdəti
yetkin söz sahibi ilə üzbəüz
dayandığımı təsdiqləyirdi. Eyni vəhdət şair dostumun müxtəlif
mövzulu şeirləri üçün də xarakterikdir.
Məsələn, “Mobil telefonları yaradanlara” şeirində
bu kəşf müəlliflərinə hörmətlə
yanaşan şair insan təxəyyülünün
sonsuzluğuna istinad edərək tamamilə düzgün nəticəyə
gəlir:
Elə
telefon yaradın ki,
Eşidək
ürəklərin
İçini
Bəlkə
bu yolla qəhr edək
Nifrəti, kini.
Müharibələri,
Bəşəri
əzab verən
Nələri,
nələri...
Budur, Əliş zəng edir. Bərdədə –
boya-başa çatdığı Piyadalar kəndindədir.
Söhbətinə yumorla başlayır.
Deyir, ata ocağındakı güzgüyə baxanda
saçları ağarmış şairi görüb. Bir vaxtlar orada
dünyanın gərdişindən bixəbər
uşağı seyr etdiyini də söyləyir. “Dünyanın o üzündən gəlmişəm”
şeirindəki bir parçanı da dilə gətirir.
Sonra Bərdədə yerli ictimaiyyətlə görüşünün
keçiriləcəyini bildirir. Çox güman, zəngi
də həmin görüşə dəvətdir. Daha
sonra soruşduğu da çox maraqlıdır: “Mən orda nə
danışım?”
Deyirəm, Əliş, dünyanın hansı
üzündən gəldiyindən, gördüklərindən,
yaşadıqlarından, yaratdıqlarından, qələmə
aldıqlarından danış. Şübhəsiz
söyləyəcəkləri çoxdur və bu
çoxluqda itib-batmaq üçün yolum Bərdəyədir.
Əflatun
AMAŞOV,
Azərbaycan
Mətbuat Şurasının sədri
Dünyanın
o üzündən gəlmişəm
( “İlahiyyələr” silsiləsindən)
Dünyanın
o üzündən gəlmişəm –
Astar dediyimiz üzündən.
Uşaq
vaxtı “pul-pul” oynadığım
Gümüşü
sovet pullarının
Oraq-çəkicli
üzü idi
Dünyanın o üzü.
Dünyanın
o üzündən gəlmişəm –
Yaşıl yarpaq kimi.
Dünyanın
o üzü
Çürüyüb
torpağın qatlarında qalmış
Xəzəllərim
idi...
Dünyanın
o üzündən gəlmişəm –
Torpaq kimi.
Dünyanın
o üzü ya işıq,
Ya da
qaranlıq
Deyə
biləcəyimiz
Qara rəngin
N həddi
idi...
Dünyanın
o üzündən gəlmişəm –
İnsan kimi.
Orada
dinşədim sonsuzluğun səsini
Quran ayəsindən
–
“Əllahus-saməd”
– Allah əbədiyyətdir!
Dünyanın
o üzündən gəlmişəm –
Ruh kimi.
Dünyanın
o üzü
Allahın yanı idi.
Dünyanın
o üzündən gəlmişəm
...və
görmüşəm ki,
Dünyanın
o üzü
Dünyanın
bu üzüdü...
Dünyanın
o üzündən gəlmişəm –
Astar dediyimiz üzündən.
Torpağa
hopan su kimi,
Ağacdan
düşən alma kimi
Qayıdıb
gedəcəm...
Kökü
kəsilmiş kötük
Kökü
kəsilmiş kötük,
Bir zaman
budaqların olub,
Yaşıl-yaşıl
yarpaqların olub...
Kökü
kəsilmiş kötük,
Meşəndən
ayrılıb itə-itə
Gəldin düşdün bu qürbətə.
Gözəl
pöhrələrin olub,
Onlar indi harda qalıb?
Xəbərin varmı yarıdımı?
Yarıdımı, qurudumu?
Kökü kəsilmiş
kötük,
Qürbət
səni ya çürüdüb yeyəcək,
Ya da yandırıb
kül eləyəcək.
Qürbət
Vətən olmaz
Keçib
zaman, ötüb dövran,
Daha qarğı çətən olmaz.
O yollar
ki, mən keçmişəm,
Bir də ordan ötən olmaz.
Ana yurdun
boyu gözəl,
Dağı gözəl, çayı gözəl.
Tanrı
verib payı gözəl,
Vallah, ona
yetən olmaz!
Qərib
oldum bu yığvalla,
Davam çoxdur o cığalla.
Ha əzizlə,ha sığalla,
Qürbət
dönüb Vətən olmaz!
Qəlb
şairi Məmməd İsmayıla
Salam, Məmməd
İsmayıl!
Yaman
üzgünəm,
Bir həzin
misranı ver
Baş
qoyub dincəlsin
Yorğun
ürəyim –
Məsum mələyim.
Bilirəm,
ustad,
Qərib
gəlmişik
Dünyaya
gələndə
Sən də, mən də.
Bu səbəbdən qürbətdəyik.
Səninki
oralar –
Dilli-ağızlı
şirin qürbət,
Mənimki
buralar –
Dilsiz-mehrsiz dərin qürbət.
Yeyir bizi
Yavaş-yavaş,
Sərin-sərin
Qürbət.
Karvan, qatar, Boz Qurd və mən
Dedim: əylən
karvan, dayan ey sarvan,
Dolanıb
dünyanı ötmüş kimiyəm!
Aparın
məni də o uzaqlara,
Yorulub son yolda yatmış kimiyəm.
Dayanmadı
karvan, ötdü də getdi...
Dedim: dayan qatar, əylə sürücü,
Yolun
qırağında yatmış kimiyəm!
Aparın
məni də o uzaqlara,
Onsuz da dünyada itmiş kimiyəm.
Ötdü
qatar, gözdən itdi də getdi...
Uuu...çağıran sənmisən Boz Qurd?!
Görürəm
aranı kəsib uçurum...
Ula, ula,
bütün səsinlə ula,
Dəli nərə
çəkim, ayağa durum!
Qaranlıqlar
keçənəcən
Tələbəlik
dostum, tanınmış özbək şairi və jurnalisti Kərim
Bəhriyevə həsr edirəm
Tanrım,
mənə bir ömür ver
Dərdlərimi çəkənəcən.
Zəhər
içib mömin ölən
Şirin şərbət içənəcən.
Gedər
qışlar, gələr yazlar,
Qərib könlüm yenə sızlar.
Sarvan
ağlar, nəri bozlar,
Haçanacan, haçanacan?!
Haqq
böyük, şər kiçiləndi,
Bəxtim boya biçiləndi.
Qaradan ağ seçiləndi,
Ağı bozdan seçənəcən.
Yoxuşları
ötəsiyəm,
Ölsəm yenə bitəsiyəm.
Haqq
yoluyla gedəsiyəm
Dünyadan şər köçənəcən.
Dərd mənimdi,
çəkim gedim,
Köhnə bürcün söküm gedim.
Göyə
ulduz əkim gedim
Qaranlıqlar keçənəcən.
Oynama “Kərəmi”
havasına!
Kərəm
Lələsiylə dara düşüb,
Oynama “Kərəmi”
havasına!
Ərzurum
gədiyində qara düşüb,
Gözləyirəm bəlkə hava sına.
Oynama “Kərəmi”
havasına!
Əslinin
fəryadı təsir etmir,
Tilsim Qara keşiş hiyləsidir.
Qərinələr
ötür, sona yetmir,
Anam
Qarabağın naləsidir!
Oynama
tarixin qovğasına,
Oynama “Kərəmi”
havasına!
Dağılmış oymaqlar azmı bizə?!
Düşmən başa qaxar, hədyan söylər.
Beləcə
oynasaq dərdimizə,
Allah nəslimizə
qəzəb eylər,
Perik
quşlar dönməz yuvasına,
Oynama “Kərəmi”
havasına!
Bu oyunda
iblis haqqı danır,
Sən isə
coşursan, qaynayırsan!
Gözün
görə-görə adam yanır,
Yanında
qol açıb oynayırsan!
Oynama Kərəmin
cəfasına!
Oynama “Kərəmi”
havasına!
Yağı
tələ qurub dörd bir yanda,
Belə
oynamaqla sən yatırsan!
“Kərəmi”
üstündə oynayanda
Qədimi
düşmənlə
əl tutursan,
Bir əsgər
ol haqqın davasına,
Oynama “Kərəmi”
havasına!
Eşit,
“yandı Kərəm” deyir o saz,
İnləyir, ağlayır yana-yana.
Haraya
çağırır bu səs, avaz,
Lənət
onu ilkin oynayana!
Nifrin edir
çərxin vəfasına,
Oynama “Kərəmi”
havasına!
Mobil
telefon yaradanlara
Ey mobil
telefon
Yaradanlar,
Sizə ehtiramım var.
Kəşfinizlə
siz
Çox
işləri
Asan etdiniz.
Bir həqiqət
Olsa da bu,
Fəqət
sonsuzdur
Təxəyyülün hüdudu.
Hədsizdir
Qəlbimdə
arzular,
İnsan daim “quş kimi
Uçmaq arzular!”
Elə
telefon yaradın ki,
Eşidək
ürəklərin
İçini.
Bəlkə bu yolla
Qəhr edək
Nifrəti, kini,
Müharibələri,
Bəşərə əzab verən
Nələri, nələri...
Elə telefon yaradın ki,
Danışaq ulduzla, ayla,
Neçə-neçə
Gizli dünyayla,
Uzaq-uzaq planetlərlə,
Axşamla, səhərlə,
Keçmişlə, gələcəklə,
Olmuşla, olacaqla.
Hər varlıq ki,
Aləmdə tutub qərar,
Hamısının dili var.
Hamısı
Bir-birindən
Kömək umar.
Elə
telefon yaradın ki,
Danışaq
torpaqla, daşla,
Axan su ilə,
Yağan yağışla.
Elə
telefon yaradın ki,
Danışsın
ölülərlə dirilər,
Bu yolla
Qayıdar
gedənlər,
Tapılar
itənlər,
Ölənlər dirilər.
Əflatun Amaşov
525-ci qəzet.-
2015.- 31 yanvar.- S.20.