Naşir – ensiklopedist
Nazim İbrahimovun 80 yaşı tamam olur. Altmışıncılar
nəslinin tanınmış və layiqli nümayəndəsi
kimi bu ad Azərbaycan ictimaiyyətinə yaxşı
tanışdır.
Bir dəfə istehza və rişxəndlə belə
dedilər ki, “altmışıncılar” artıq tarixdə
qalmışlar, onları indi heç kəs qəbul edə
bilmir, sevilmirlər, bəziləri bu nəslin nümayəndələrini
heç görmək istəmir.
Altmışıncıların ədəbi-bədii,
ictimai-siyasi fəaliyyəti yalnız Azərbaycanın
sosial-siyasi həyatında deyil, həm də bütün
SSRİ-də mühüm bir ədəbi hadisə idi. Amma o da təəccüblüdür
ki, hələ də bu nəsilə açıq düşmənçilik,
nifrət, yalnız Azərbaycanda, həm də keçmiş
Sovet İttifaqının bütün ölkələrində,
o cümlədən, Rusiyada təbii hala çevrilmişdir.
Altmışıncılar
nəslinin ən parlaq nümayəndələrindən biri,
tanınmış rus şairi Yevgeni Yevtuşenko bu məsələylə
bağlı fikrini çox qəti və aydın söyləyir:
“Mən altmışıncılar nəslini qaralamağa cəhd
edənlərə nifrət edirəm. Belə inkarçı
münasibətin əsasında bizim nəslə qarşı
həsəd durur”.
Azərbaycanda da buna bənzər mənzərənin
şahidi oluruq. Bəziləri düşünür ki, bir sətir
yazın olmadan da şair adına iddia etmək
olar, bir əsər yazmadan yazıçı olmaq olar və
beləliklə, bir əsər yazmamaqla əsl şair və
yazıçıları məğlub etmək
mümkündür. Hələ də yazmağı
bacarmayanlar özlərini yazıçı elan edir! Hər hansı bir janrlarda bir şey yaratmağa qadir
deyillər, yalnız böhtan və təhqirdən başqa.
Yazmağı bacarmadıqları halda, əsas məqsədləri
– mütləq altmışıncılar nəslinin
tanınmış nümayəndələrini sancmaqdır...
Belə məsələyə
Nazim İbrahimov müsahibələrinin birində dəqiq
toxunub: “ Biri doğulur ki, yaratsın,
qursun, o birisə isə dağıtsın, uçursun”.
Əziz
Nazim! Məsələ odur ki, kim ki,
yaradıcılıq qabiliyyətinə malik deyil, onda o güc
yoxdur ki, dağıtmaq qabiliyyətinə də malik olsun.
Mığmığalar tərəfindən sancılmalarına
baxmayaraq altmışıncılar nəslinin seçilən
nümayəndələri fəaliyyətlərini həyatın
mühüm yönlərində – mənəvi, maddi və mədəni
dəyərlərin qurulması sahəsində davam etməyi
bacardılar.
Altmışıncıların fəaliyyəti
xronoloji ardıcıllıqdan ibarət deyil, onlar ədəbiyyatda,
incəsənətin arınmasında, ictimai və milli
düşüncənin inkişafında dönüş
yaratdı.
Bu dövr sənət adamların
yaradıcılığında zamanın və tarixin
xüsusiyyətləri öz əksini tapdı. Mirzi Cəlilin
“Molla Nəsrəddin” haqqında dediyi fikir
altmışıncılara da aid oluna bilər.
Altmışıncılar nəslinin nümayəndələri
onları inkar edənlərə təmkinli münasibət
göstərir, minnətdarlıq gözləmədən ədəbiyyat
və incəsənəti inkişaf etdirməyə
çalışırlar. Bu baxımdan birinci
sırada ədəbiyyat və incəsənət nümayəndələrinin
və onlarla bir yerdə öndə olan ictimai xadimlərin fəaliyyətini
qeyd etmək istəyirəm. Altmışıncıların
arasında müəyyən inzibati-praktik işlərdə və
mədəniyyətin çap, kitab nəşri kimi
mühüm sahələrində çalışan təvazökar,
fədakar, mütərəqqi insanlar mühüm yer tutur.
Belə fədakar simalardan biri dostum Nazim İbrahimovdur.
Nazimi əlli ildən çoxdur ki, tanıyıram – hələ
universitet illərindən. İlk
tanışlığımız sonradan dostluğa
çevrildi və bunun da səbəbi var – ikimiz də
altmışıncı illər nəslindənik, biz gəncliyimizi
məhz bu dönəmdə yaşamışıq və eyni
mənəvi mühitdə formalaşmışıq. Bu nəsli həyatı dərinliyi ilə duyma istəyi,
tükənməz gənclik arzuları, ümid və
illuziyalar –mənəvi zənginlik birləşdirirdi.
İndisə, biz hər ikimiz yaşımızın
kövrək xatirələrini yaşayırıq –
keçmiş illərin həsrətini, gələcəyin
nisgilini.
Bir neçə dönüklər istisna olunmaqla,
ümumilikdə altmışıncılar nəslini dostluqda və
bir-birinə münasibətdə sədaqət və etibar
birləşdirir.
Nazim
İbrahimov haqqında yazdığı səmimi oçerkində
jurnalist Esmira Fuad onun kübarlığını xüsusilə
qeyd edir:
“O mənə
19-cu əsr Avropa və rus əsilzadələrini
xatırladır. Avropa və rus klassik ədəbiyyatından
tanıdığımız nümayəndələri sanki
onun şəxsində real həyatda görürük. Aristokratizm təkcə zahiri görünüş, nəzakət
və səliqəli geyim, gözəl danışıq
qabiliyyəti deyil. Əsl kübarlıq –
hər şeydən öncə yüksək mənəvi
duyum, vətənpərvərlik hissidir.
Nazim İbrahimov ilk növbədə bütün bu
keyfiyyətlərə malikdir. Şübhəsiz ki
o, bu gün Azərbaycan ziyalılığının
kübar nümayəndələrindən biridir”.
Qeyd etdiyim kimi, Nazimlə ilk tanışlıq
dostluğa çevrildi. Sonradan mən onu Yazıçılar Birliyində
işləməyə dəvət etdim, o, məmnuniyyətlə
bu təklifi qəbul etdi, biz həmkar olduq və həqiqətən də,
bir təşkilatçı və inzibatçı təcrübəsiylə
Birliyimizə böyük kömək göstərdi. Onun bu keyfiyyətləri bir çox məsələlərdə,
eləcə də Yazıçılar Birliyinin
binasının təmiri və yenidən qurulmasınacan,
özünü göstərdi.
Altmışıncılar nəslinin bir-birinə olan
dostluq münasibətləri bölgəçilik,
qohumbazlıq, dəstəbazlıq üstündə quruluran
müvəqqəti münasibətlər kimi saxta, təmənnalı
deyil, səmimi münasibətdir.
Bu nəslin
nümayəndələri arasındakı doğmalıq
duyğusu ona əsaslanır ki, onlar bir-birinə qarşı
anlayışlıdırlar, onlar gənclik illərini eyni
ümidlə yaşayıb, oxşar həyat təcrübələri
var, ictimai-siyasi katalizmlərin, eyni tarixi hadisələrin, faciəli
günlərin şahidi olublar, arzu və xəyallarının
həyata keçməməsinin acısını
yaşayıblar.
Nazim
İbrahimov gənc yaşlarından yüksək vəzifələrdə
çalışıb – Bakının böyük
rayonlarından birinin partiya komitəsinin birinci katibi, Mətbuat
üzrə Dövlət Komitəsinin sədri,
Ensiklopediyanın baş redaktoru, “Azərbaycan” nəşriyyatının
baş direktoru, 1975-91-ci illər arasında Azərbaycan Ali
Sovetinin deputatı, hətta bir müddət Tennis
Federasiyasının prezidenti olmuş, amma bu vəzifələr
onun insanlara qayğıkeş
münasibətini dəyişməmişdir.
Həmişə bütöv xarakteriylə
sözünün ağası olmuş, vədlərinə dəqiqliklə
əməl etmiş, ədəbiyyat və incəsənət
nümayəndələrinə xüsusi diqqətlə və
qayğıkeşliklə yanaşmışdır.
Anonim məktubların
ardı-arası kəsilməyən bir zamanda raykom katibi kimi
çalışmaq çox məsuliyyətli bir iş idi.
Ulu öndər, Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi Heydər Əliyev o illəri
xatırlayaraq deyirdi: “Bu dövrdə anonimçilər hər
şeyi mənə yazırdı. Elə işləmək
lazım idi ki, onlardan heç biri təsdiqini tapmasın”.
İxtisasca Nazim geoloqdur, tennisin fanatıdır, öz qələmini
ədəbiyyatda da sınamışdır – o, Vasif
Adıgözəlov tərəfindən bəstələnmiş
“Natəvan” operasının librettosunun müəllifidir. Nazim Natəvan
haqqında libretto yazmaqla diqqəti Qarabağ hadisələrinə
yönəldir. Operanın müəllifləri sonuncu
Qarabağ xanının qızının obrazını
yaratmaqda bu qədim Azərbaycan torpağının
füsunkarlığını tərənnüm etmişlər,
Qarabağın zəngin
mədəniyyətini göstərməyə
çalışmışlar. Natəvanın
ariyası bu müqəddəs torpağın
işğalçılardan azad olunmasına bir
çağırış kimi səslənir.
Nazim hər şeydən öncə naşirdir. Peşəkar
naşirlik poliqrafik təcrübə, təşilatçılıq
bacarığı və bədii zövq tələb edir.
Öz
müsahibələrindən birində Nazim deyir: “Nəşriyyat
peşəkarlığı tamamilə fərqli bir sahədir.
Təəssüf
edirəm ki, bu sahədə gələcək
üçün naşirlər yetişdirmək, hazırlamaq
bizi qayğılandırmır. Nəşriyyat
işi xüsusi məktəbdir. Bu məktəbi kim yaratmalıdır? Biz nəşriyyat
işinin bir hissəsini artıq itirmişik, nəşriyyat
çətin dövr yaşayır”.
Lakin bütün bu çətinliklərə baxmayaraq,
Nazim peşəkar naşir fəaliyyətini uğurla davam
etdirir. Onun təşəbbüsü və rəhbərliyi
altında Azərbaycanın ilk xüsusi ensiklopediyaları nəşr
edilmişdir – Üzeyir Hacıbəyov ensiklopediyası (Azərbaycan
və rus dillərində), Cəlil Məmmədquluzadə
ensiklopediyası.
Yazıçılar Birliyinin yubiley günlərində
Nazim bütün tədbirlərdə fəal iştirak etdi, təşkilatımızı
və onun quruluş tarixini əks etdirən maraqlı bir kitab
tərtib edərək nəşr etdi. Nazimə, uzun
müddət üzərində
çalışdığım ikicildlik antologiyanın –
“1500 ilin Oğuz şeiri” antologiyasının nəfis şəkildə
çap olunaraq işıq üzü görməsinə
görə minnətdaram.
Bizim birgə gördüyümüz işlərimizdən
biri də üçcildlik “Azərbaycanın Ədəbiyyatı,
İncəsənəti və Mədəniyyəti”
kitabıdır. Bu kitabları Nazimlə birlikdə
hazırlamaq mənə çox xoş idi. Biz bir-birimizi sözsüz başa
düşürdük.
Vaxtilə onun 65 yaşıyla bağlı bir məqalə
yazmışdım.
Ordan bir
abzası təkrarlamaq istəyirəm: “Brokqauz və Efron kimi
məşhur rus ensiklopedistlərini xatırlayarkən Nazim
deyir: “Sən və mən Brokqauz və Efron kimi işləməliyik”.
Mən razıyam və yalnız bir sual mübahisəli olaraq
qalır – Bizdən hansımız Brokqauz, hansımız
Efronuq...
Yumor hissinə malik olanlara izah etmək lazım deyil, ki,
bu yalnız bir zarafatdır. Heç birimiz Brokqauz
ya Efron olmaq iddiasında deyilik. Çünki
o, Nazim İbrahimovdur, mənsə Anar.
ANAR
525-ci qəzet.-
2015.- 31 yanvar.- ÜS.19.