İnformasiya-kommunikasiya texnologiyaları və
ünsiyyət: dildə yeni nə var?
İnformasiya-kommunikasiya
texnologiyaları ( İKT) ayrı-ayrı
toplumlarda yeni tendensiyaların formalaşmasında və
yayqınlaşmasında böyük rol oynayır. Çoxsaylı
yayım kanalları dünyada baş verən hadisələri
bir andaca milyardların söhbət mövzusuna,
düşüncə hədəfinə çevirə bilir.
İKT sahəsindəki inqilabi
sıçrayışlar, qlobal informasiya mübadiləsi dildə
necə əks olunur? Dil bu yeniliklərə
necə reaksiya verir? Post-sovet
dövrünün yenilikləri dilə necə təsir edir?
İKT-nin dünya miqyasında hərəkətverici qüvvəyə
çevrilməsi müasir proseslərlə bağlı yeni
söz və ifadələrin yaranmasına təkan verdi. İndi söz və ifadələr
bir dildən digərinə əvvəlki dövrlərlə
müqayisədə daha asanlıqla və sürətlə
keçir. Bunun əsas səbəbi odur
ki, bu dil vahidlərini hər hansı kontekstdə görmək
(reklamlar, sosial media və s.) və ya eşitmək
imkanları artıb.
Həmin
o məşhur abbreviatura: İKT
İKT-nin qlobal miqyasda xüsusi dəyər və əhəmiyyət
kəsb etməsilə dünya dillərində, eləcə də
Azərbaycan dilində bu texnologiyaları ifadə edən
sözlər çoxalır. Məsələn, İnternet, onlayn,
kompüter, noutbuk, lap-top, netbuk, planşet, sayt , i-meyl, link,
bloq, fotoşop, vay-fay, modem, smartfon, Feysbuk, Tvitter,
İnstraqram, selfi, uots-ap, sms və s.
Qlobal miqyasda geniş
yayılmış prosesləri ifadə etmək
üçün istifadə olunan leksik vahidlərin fərqli dillərə
keçidi sürətlənir. Bu vahidlərin əksəriyyəti
dillərə ya hərfi tərcümə üsulu ilə
çevrilir, ya da transliterasiya yolu ilə keçir. Məsələn, monitorinq, forum, ekstradisiya, fləşmob,
kurrikulum, format, depozit, lizinq, kredit və s.
Dilə bu yaxınlarda daxil olmuş bəzi sözlərin
çox keçmədən arxaikləşdiyini görə
bilərik. Buna səbəb həmin sözlərlə ifadə
edilən nəsnələrin yeni yaranan texnologiyalar tərəfindən
sıxışdırılaraq istifadədən
çıxmasıdır. Məsələn,
kaset, video-kaset, video-maqnitofon, disket və s.
Mbl
telefonlara tşk hissilə!
Mobil telefonların gəlişilə kommunikasiya sahəsində
xeyli canlanma müşahidə olundu, yeni ünsiyyət
formaları yarandı. Kommunikasiya vasitələri arasında
yenilik və dəyişikliklərə ən çox
uğrayan da məhz telefonlardır. Təbii
olaraq dildə onlarla bağlı xeyli söz və ifadələr
yaranır. Əslində bu leksik vahidlərin
azərbaycancaya başqa dillərdən transliterasiya yolu ilə
keçdiyini söyləmək daha düzgün olardı.
Telefonlarla bağlı son zamanlar dilə keçmiş
sözlərdən bəziləri haqqında yuxarıda
danışılıb: mesaj, mesajlaşmaq, sms, mms və s.
“Mesaj” sözünün əvəzinə “ismarıc” təklif
edilsə də, o, rəğbətlə
qarşılanmadı və işlək olmadı.
Mobil telefonların nitqə və bütövlükdə
dilə təsiri həm də onda oldu ki, göndərilən
mesajlar üçün müəyyən məbləğ
ödənildiyinə görə abonentlər daha qısa
yazmağa başladılar. Bununla da bəzi
abbreviaturalar yarandı. Bu tendensiya
hazırda bütün dünyada izlənməkdədir. Azərbaycanda da bunu müşahidə etmək
mümkündür. “Salam” əvəzinə
sadəcə “slm”, “təşəkkür” əvəzinə
“tşk” yazıldığını tez-tez görə bilərik.
O hər
yerdədir – McFacebook!
Sosial media digər dillərdən söz
alınmasına təsir edən güclü mexanizmlərdəndir.
Haqqında danışdığımız və hələlik
yalnız danışıq dilində fəal olan “post etmək”,
“taq etmək”, “layk etmək” və digər ifadələr məhz
sosial şəbəkələrin “məhsuludur”. Sosial şəbəkələrdə
(son dövrlərdə yeni media ilə bağlı “şəbəkə”
və “sosial şəbəkələr” ifadələrinin
istifadəsi də xeyli artıb) dünya haqqında türkcə
məlumatların çoxluğu Azərbaycan istifadəçilərinə
də bu mənbələrdən yararlanmaq imkanı verir. Bu ünsiyyətin təsirilə müasir İK
vasitələri və mexanizmlərilə bağlı Azərbaycan
dilinə türkcədən xeyli sayda söz və ifadə
keçib. Yeni media istifadəçiləri arasında
“yükləmək”, “paylaşmaq”,“bəyənmək” kimi
türkcədən götürülmüş sözlər
getdikcə daha çox işlənməkdədir.
Bu otel –
motellər...
İKT və onun özü ilə gətirdiyi yeniliklər
qlobal xarakter daşıdığından post-sovet məkanında
xüsusi intensivliklə yayıldı. Başqa sözlə,
özünü yüksək sürətlə dəyişən
dünyanın bir hissəsi, qlobal “ailənin” bir üzvü
olaraq hiss etmək, beynəlxalq aləmdə gedən proseslərə
uyğunlaşmaq istəyi bəzi post-sovet məkanında
xarici, özəlliklə də Qərb yaşam və
düşüncə tərzinə meylləri gücləndirdi. Bəzi yeni qurumlar, təşkilatlar,
eləcə də ticarət obyektləri xarici dillərdən
götürülmüş sözlərlə adlandırılmağa
başlandı.
Sovet
dövrü üçün xarakterik olan bəzi sözlərin
qlobal səviyyədə daha çox istifadə edilən
vahidlərlə əvəzlənməsinə aid bir misal – o
zamanlar “mehmanxana” sözü Azərbaycan ədəbi dilində
mövcud olsa da, danışıq dilində fəal deyildi. Bu sözün rus dilindəki
qarşılığı – “qostinitsa” daha çox işlənirdi.
Hazırda isə qlobal miqyasda səyahətlərin
çoxalması ilə gedilən yerdə müvəqqəti
məskunlaşmaq üçün İnternet vasitəsilə
axtarış aparmaq, turist operatorlarının saytlarında otaq rezervasiya edə
bilmək imkanı yaranıb. Bu səbəbdən
də qlobal səviyyədə populyar olan “otel” sözündən
istifadənin çoxaldığı müşahidə edilməkdədir.
Məhz bu kontekstdə, yəni oteldə məskunlaşmaq
mövzusu ilə bağlı olaraq, çek-in və
çek-aut, rezervasiya və rezervasiya etmək sözlərinin də
danışıq dilində fəallaşdığını
görə bilərik.
İKT bumu ilə gələn yeni söz və ifadələrin
işlənmə dərəcəsi-yazılma, eşidilmə
və görülməsi o qədər fəaldır ki, Sovet
dövrünə xas bir çox vahidlər indi yenilərinin təsirilə
istifadədən çıxmaqda və zəifləməkdədir. Məsələn,
İnternet və onu ifadə edən leksik vahidin dünya səviyyəsində
işlənmə fəallığı o qədər yüksəkdir
ki, tamamilə fərqli obyektləri ifadə etmələrinə
baxmayaraq “internat” sözü az qala arxaikləşib.
Bəzən “internat” haqqında danışanlar
onu səhvən “internet” adlandırırlar.
Bəzi sözlər isə oxşar olmasa da, yeni meyllərin
təsirilə bir-birini əvəzləməkdədir. Məsələn, “marka”
sözünün “brend”lə, “vertolyot”un “helikopter”lə,
“mağaza” sözünün “market”lə, “flomaster”
sözünün “marker”lə, “Zaqafqaziya”nın “Cənubi
Qafqaz”la, “Pribaltika”nın “Baltikyanı” ilə əvəzlənməsi
kimi. Bəzi sinonimlərdən birinin istifadədən
çıxması meyli də izlənməkdədir. Məsələn, Sovet dövründə “siqaret” və
“papiros” sözləri sinonim olaraq işlənirdi.
Hazırda isə onlardan ancaq biri istifadədədir: siqaret. Digər sözün istifadədən
çıxması yenə də bu obyekti bildirən vahidin
(“siqaret” sözünün) dünya miqyasında fəal
işlənməsi ilə əlaqələndirilə bilər.
Son illərdə dilə keçən bəzi söz və
ifadələrin istifadəsini fəallaşdıran başqa səbəblər
də var. Bunlardan biri də hər hansı əşyanın,
anlayışın və ya prosesin əvvəlkindən fərqli,
yeni funksiyaya malik olduğunu, bəzən isə onun dünya
standartlarına uyğun gəldiyini göstərmək istəyidir. Məsələn,
Sovet dövründə müəyyən tip müəssisələr
ənənəvi olaraq “idarə” adlanırdı.
Hazırda isə özəl (bu söz də müstəqillik
illərinin “məhsuludur”) müəssisələr “ofis”
sözünə daha çox üstünlük verir,
çünki bu, təsəvvürdə “idarə”
sözünün yaratdığı assosiasiyalardan fərqli,
yeni və müasir standartlara uyğun bir yer obrazı
yaradır. Dildə yeni sayıla biləcək “marker”,
“monitorinq”, “poster”, “kurrikulum”, “siləbas”, “format” və bu tipli
sözlərdən fəal istifadə olunması da bununla
bağlıdır. Azərbaycancada “təqdimat” sözü olsa
da, hazırda “prezentasiya”ya daha çox üstünlük verilir,
çünki bu, yeni texnologiyalardan istifadə etməklə
(proyektor və s.) hər
hansı mövzu haqqında məlumat vermək kimi
anlaşılır. Avtomobillərlə
bağlı işlədilən “park etmək” sözü də
bu cür leksik vahidlərdəndir.
İKT ingilis dilindəki “to delete” feili azərbaycancada
“dilit etmək”, “to forward” “forvard etmək”, “to like” “layk etmək”,”to
post” “post etmək”, “to tag” “taq etmək”, “to save” isə “seyv
etmək”, “to book” “buk etmək” kimi işlədilir. Məhz bu kateqoriyadan olan “to download” feili azərbaycancaya
“yükləmək” kimi çevrildi və bu cür də
sabitləşdi. Sadalanan feillərə
bağlı bu tendensiya hələlik danışıq dili
üçün xarakterikdir.
Sözlər
“oyundan kənar vəziyyətdə”
Qloballaşma xalqlararası ünsiyyətin qədim
formalarından olan idmana da təsir etməkdədir. Qlobal səviyyədə
fəal olan beynəlxalq idman terminləri Sovet dövründə
işlədilən bəzi sözləri istifadədən
çıxarmaqdadır. Məsələn, hazırda
yerli KİV-lərdə idman haqqında yazan, oyunları şərh
edən icmalçılar “küncdən zərbə” əvəzinə
“korner”, “azarkeş” əvəzinə “fanat”, “oyundan kənar vəziyyət”
əvəzinə “ofsayd”, “futbol üzrə dünya
çempionatı/kuboku” əvəzinə
isə “mundial” sözlərini işlədirlər. Bəzi sözlər isə qlobal səviyyədə
işləkliyinə görə Azərbaycan dilində də
fəal istifadə olunur. Məsələn,
pley-of, overtaym, qolkiper.
Göy alma, göy soğan, amma... yaşıl
çay!
Azərbaycan dilində bəzi yaşıl rəngli meyvə-tərəvəzlərin
“göy” adlanması hər kəsə məlumdur. Buna xeyli misal
gətirmək olar. Amma məişətimizə
son zamanlar daxil olmuş “yaşıl çay” bu ənənəni
pozur. Hazırda bu çay
növünün faydaları haqqında verilən məlumatlar
və müvafiq informasiyanın kommunikasiya kanalları vasitəsilə
yayılması onu dünya səviyyədə
populyarlaşdırıb. Güman ki, bu
çay növü qlobal miqyasda “dəbdə olan” digər əşya
adları kimi dilimizə hərfi yolla tərcümə olunub.
Göyçay toponimilə qarışa bilməsi
ehtimalı da seçimə təsir edə bilər.
“Hədiyyə”ni “hədiyyə” edən reklamlar
Dildəki yeniliklərin bir qismi də kommersiyalaşma ilə bağlıdır. Kommersiya xarakterli yeni sözlərin, ifadələrin yayılmasında da İKT-nin müstəsna xidmətləri var. Son dövrlərdə özəl biznesin inkişafı reklamların rolunu artırıb. Şirkətlər, özəl kommersiya qurumları cəlbedici təkliflərlə çıxış edir. “İki/üç dənə alana biri də hədiyyə verilir” tipli təkliflər tez-tez eşitdiyimiz, vitrinlərində, reklamlar üçün ayrılmış xüsusi yerlərdə gördüyümüz cümlələrdəndir. Sovet dövründə və yaxın keçmişimizə qədər danışıq dilində fəal işlədilən rus mənşəli “podarok” (adətən, “podarka” kimi tələffüz edilir) sözünün istifadədən sıxışdırılaraq “hədiyyə” ilə əvəzləndiyini söyləyə bilərik. Hər hansı təklifi cəlbedici etmək üçün işlədilən “bonus” sözü də intensiv eşidilən və görülən yeni leksik vahidlərdəndir. Hər iki halda mobil telefonların rolu qeyd olunmalıdır. Onlar müxtəlif bonus və hədiyyələr haqqında informasiya ötürməklə o məlumatın sürətlə yayılmasını təmin edir.
Əvvəllər danışıq dilində o qədər də işlək olmayan “sifariş” sözünün son zamanlar fəallaşması müşahidə olunur. Dil daşıyıcıları adətən rus mənşəli “zakaz” sözünü işlətməyə üstünlük verirlər. Lakin bu tendensiyada bir dəyişmə hiss edilməkdədir. Böyük ehtimalla bu da reklamların “xidməti”dir. KİV-də müxtəlif xidmətlər təklif edən qurumların reklamlarında “Sifarişlər qəbul olunur”,“Sifarişinizi evinizə çatdıra bilərik” tipli cümlələrin tez-tez səslənməsi və yazılması bu sözdən istifadəni fəallaşdırıb. Kommersiyalaşma ilə bağlı “kurs” sözünün də yayıldığını deyə bilərik. Məsələn, sürücülük kursları, dil kursları və s.
Sizə məktub var – Yahoo!-dan
Dildəki dəyişikliklərin bir qismi də elektron poçtlarla bağlıdır. Onların yaranması ilə beynəlxalq yazışmalar və müzakirələr xüsusi intensivlik qazandı. Ünvana anındaca çatması, məkan amilindən azad olması elektron məktubları qısa zamanda kütləviləşdirdi. Məhz onların sayəsində müxtəlif ölkələrdən olan insanlarla əlaqə qurmaq, materialların mübadiləsini, göndərilməsini və s. həyata keçirmək mümkündür. Təkcə bir faktı qeyd etmək yetər ki, 2015-ci ilin sonunda dünyada 4.1 milyarda yaxın insan elektron poçtdan istifadə edəcək. Ehtimal olunur ki, İnterneti yarandığı dövrlərdə “xilas edən”, sonralar isə populyarlaşdıran məhz elektron poçt xidməti olub. Ünsiyyətin virtual məkanda mümkünlüyünü və üstünlüyünü göstərən e-mail-lər sonralar sosial şəbəkələrin yaradılması ideyasının əsasında durub.
Beynəlxalq yazışmalar ingiliscə aparıldığına görə, azərbaycandillilərin yazılı ünsiyyətində ingiliscədə istifadə edilən üslubun təsiri hiss olunur. İngiliscədə tez-tez işlənən “ I hope you are doing fine” və ya “I hope this e-mail finds you well” kimi klişe-cümlələrin təsirilə Azərbaycan dilində “Ümid edirəm ki,...” tipli konstruksiyalardan istifadə çoxalıb. Bu tendensiya daha çox rəsmi tədbirlərdə və elektron yazışmalarda müşahidə edilməkdədir. Azərbaycanlılar hal-əhval tutmaq üçün adətən “necəsən”/“necəsiniz” tipli sual cümlələrindən istifadə etdikləri halda, elektron məktublarda daha çox “Ümid edirəm ki, yaxşısınız” tipli klişelərə üstünlük verirlər.
Həm üz-üzə ünsiyyət zamanı sağollaşarkən, həm də elektron yazışmalarda məktubun sonunda ingilisdillilərin çox istifadə etdikləri “Have a nice day!” klişesinin təsirilə bəzi insanların nitqində “Günün xoş keçsin!” kimi kalka üsulu ilə çevrilmiş ifadələri eşitmək olar.
Güman ki, bundan sonra yuxarıda göstərilən
tendensiyalar davamlı olacaq. Söz və ifadələrin
dillərə “səyahəti” daha intensiv xarakter alacaq. Bu prosesin nizamlanması artıq zamanın tələbidir.
Bu səbəbdən də fəaliyyət və
çözüm prinsiplərinin müəyyənləşdirilməsi
zəruri və təxirəsalınmaz məsələdir.
Təranə MAHMUDOVA
BDU-nun Beynəlxalq jurnalistika
kafedrasının dosenti
525-ci qəzet.-
2015.- 31 yanvar.- S.14.