20 Yanvar faciəsi və milli identiklik
AKADEMİK RAMİZ MEHDİYEVİN
“AZƏRBAYCANLILARA QARŞI SOYQIRIM
GERÇƏKLİKLƏRİ” TARİXİ OÇERKİ
BARƏDƏ POLİTOLOJİ MÜLAHİZƏLƏR
Vilnüs Universitetinin
Beynəlxalq Münasibətlər
və Siyasi Elmlər İnstitutunun müəllimi, sosial elmlər doktoru
Akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara
qarşı soyqırım
gerçəklikləri“ adlı tarixi
oçerki hazırda Avropanın dəyişmiş
geosiyasi kontekstində
şübhəsiz ki, bizim
üçün mühüm
əhəmiyyət kəsb
edən əsərlərdəndir.
Rusiya bu gün beynəlxalq hüquq normalarına və imzaladığı
beynəlxalq sazişlərə
məhəl qoymadan, güc tətbiq etmək, hərbi zor işlətmək yolu ilə dövlətlər
arasında mövcud olan sərhədləri „qayçılayıb“ dəyişməyə çalışır və
İkinci Dünya Müharibəsindən
sonra beynəlxalq aləmdə bərqərar
olmuş təhlükəsizlik
arxitekturasını dağıdıb
alt-üst etməyə
səy göstərir.
R.Mehdiyevin oçerki
bizlərə bir daha xatırladır ki, mübarizədə qazanılmış
azadlıq heç də boş-boşuna verilmiş hədiyyə deyil. Odur ki, onu hər zaman bəsləyib
əzizləmək və
qorumaq lazımdır.
Bu əsərdə 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqına qarşı həyata keçirilmiş dəhşətli
qırğın və
bu zaman baş vermiş dramatik olaylar müfəssəl surətdə yazılıb
təqdim olunur: o zaman
azərbaycanlıların öz
tarixi torpaqlarından zorla qovulmasına və ölkənin ərazi bütövlüyünün
pozulmasına – Dağlıq
Qarabağın işğal
edilməsinə qarşı
dinc yolla etiraz edən əliyalın mülki əhaliyə Sovet ordu hissələri tərəfindən qəddarcasına
divan tutulmuşdu. Həmin
ağrılı olayların
acı nəticələrini
biz bu gün də görürük – Azərbaycan ərazilərinin
20 faizi hələ də işğal altındadır.
Əsərdə təsvir
olunmuş qanlı hadisələrin səbəblərinin
– ələlxüsus bu
qətlamın dini,
milli və regional (Qafqaz)
amillərlə bağlı
dərin köklərinin
araşdırılıb üzə
çıxarılmasına və onların elmi baxımdan şərh edilib dəyərləndirilməsinə böyük diqqət yetirlir. Məhz göstərilən həmin
üç amildən
ibarət kombinasiya Azərbaycanda 1990-cı il 20 Yanvar
faciəsinin səbəblərini
daha izahlı şəkildə başa düşməyə, qətliamın
miqyasının böyüklüyünü
və dinc əhaliyə qarşı
həyata keçirilmiş
qəddarlığın qeyri-insani
dərəcəsini daha
yaxından duymağa və həssaslıqla dərk etməyə xidmət edir.
Litva Azərbaycan
xalqına böyük
ağrılar yetirmiş
bu böyük faciənin nə olduğunu öz təcrübəsilə çox
yaxşı bilir.
1990-cı il 20 Yanvar hadisələrindən
bir il sonra – 13 yanvar 1991-ci ildə litvalılar da Sovet ordusunun hərbi təcavüzünə məruz
qaldılar və Vilnüsdə qanlı hadisələr yaşandı.
Sovet imperiyası bu yolla Litva xalqını 1990-cı ildə
əldə etdiyi azadlıq və müstəqillikdən məhrum
etməyə çalışırdı.
Bakıda və Vilnüsdə baş vermiş Yanvar hadisələri göstərir
ki, Azərbaycan və
Litva xalqları eyni məzmunlu faciəni yaşamış və azadlıq uğrunda böyük şəhidlər
vermiş xalqlardır.
Həmin qanlı hadisələr bütün
dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan və Litva dövlətləri
xalqlarımızın qətiyyəti,
cəsarəti, milli ruhlarının
sarsılmazlığı, təcavüzkara qarşı
silahsız müqavimət
göstərmək iqtidarı,
milli ləyaqəti, Vətənin
Azadlıq və Müstəqilliyini əzmlə
qorumaq naminə tankların qabağına
əliyalın çıxaraq
qurbanlar verə bilmələri ilə fəxr edə bilər.
Bakı və Vilnüs Yanvar hadisələrinin faciəvi
konteksti bir daha aydın göstərir ki, postsovet məkanında gedən geosiyasi dəyişikliklər
şəraitində yalnız
o xalqlar real həyati
(ekzistensial) köklərini
yaşada bilərlər
ki, onlar öz milli identikliklərini qoruyub saxlamağa qadirdirlər,
milli dövlət idealından
uzaqlaşmırlar və
sınaq günlərində
həmin idealı cəsarətlə müdafiə
etmək gücündədirlər.
Milli identiklik – postsovet
dövlətlərinin əsas
sütunu, müstəqilliklərinin
başlıca dayağıdır.
Rusiya Ukraynada Böyük Vətəndaş
müharibəsini yalnız
ona görə alovlandıra bilmədi
ki, burada Rusiyaya loyal münasibət bəsləyən
homo sovieticus kütlələri
Kremlin indiyə qədər
təsəvvür etdiyi
kimi heç də böyük çoxluq təşkil etmirlər, əsl ukraynalıların sayı
isə əksinə, gözlənildiyindən qat-qat çoxdur.
Dünya miqyasında tanınmış
jurnalist Anne Elizabeth Applebaum haqlı olaraq qeyd edir ki, “Donbas – milli dəyərlərini itirmiş
insanların məskunlaşdırıldığı
regionun sınaq günlərində necə
göründüyünü dəqiq səciyyələndirən
bir məkandır. Hazırda bura anarxiyanın hökm sürdüyü, istənilən
anda özlərini
pula satmağa hazır
olan muzdlu döyüşçülərlə dolu bir regiona
çevrilib. Yerli əhalinin
əksəriyyəti Donbasda
gedən döyüşləri
yalnız passiv surətdə müşahidə
etməkdə davam edir, onlar üçün
hansı qüvvənin
qəti surətdə
üstünlük qazanmasının
heç bir fərqi yoxdur və döyüşən
tərəflərdən kiminsə
yerli hakimiyyətdə
möhkəmlənməsi faktı
ilə artıq çoxdan barışıblar.
Donbasda yaşayan əhalinin çoxusu burada təsadüfi məskunlaşıb. Onların
konkret bir millətə
və ya milli dövlətə daxili bağlılığı olmayıb,
ata-babaları burada Sovet hakimiyyəti məmurlarının planları
və şıltaq istəkləri nəticəsində
peyda olublar. Yalnız özünü
müəyyən dərəcədə
doğma yurduna həsr etmiş insanlar, öz xalqının dilini, milli tarixini və ədəbiyyatını dəyərləndirən
kəslər, milli musiqiyə,
xalq əfsanələrinə
bağlı fərdlər
mənsub olduğu ictimaiyyət naminə faydalı işlər görə bilərlər“.
Çox istərdim
ki, həm litvalılar,
həm də azərbaycanlılar milli quruculuq
işlərində və
dövlətlərimizin möhkəmləndirilməsi
yolunda sadalanan bu dəyərlərdən
bəhrələnsinlər.
R.Mehdiyev 1990-cı il 20 Yanvar hadisələrinin köklərini geosiyasi aspektdə araşdırarkən
qeyd edir ki, SSRİ-nin mərkəzi mətbuatı tərəfindən
Azərbaycanda baş vermiş qanlı olaylar haqqında aparılmış anti-Azərbaycan
təbliğatı və
yayımlanmış dezinformasiyalar
Qərbdə yanlış
təsəvvürün yaranmasında
xüsusi rol oynayıb və bu, Qərbin həmin hadisələrə
passiv reaksiya verməsinə, lazımi diqqət yetirməməsinə
gətirib çıxarıb.
Qeyd etmək lazımdır ki, 20 Yanvar hadisələrindən cəmi
ayyarım sonra – 11
mart 1990-cı ildə dövlət
müstəqilliyini bərpa
etmiş Litva Respublikası
da o zaman Qərbin passiv
münasibəti ilə
üzləşdi. Litva dövləti
tərəfindən onun
müstəqilliyinin və
qanuni hakimiyyətin
de-yure tanınması
ilə bağlı beynəlxalq ictimaiyyətə
edilmiş çağırışlar
cavabsız qaldı. Yalnız 13 yanvar 1991-ci il Vilnüs hadisələrindən
sonra Qərb ölkələri Litvada Sovet ordu hissələrinin
dinc əhaliyə qarşı hərbi təcavüzünü pislədilər,
1940-cı ildə Baltikyanı
dövlətlərin ərazilərinin
ilhaq olunması faktının tanınmaması
ilə bağlı yürüdülən passiv
siyasəti dəyişməyə,
suverenliklə bağlı
SSRİ rəhbərliyi ilə
daxili danışıqlar
aparmaq barədə
Litva Parlamentinə ünvanladıqları
mənazıs çağırışlardan
imtina etməyə vadar oldular. Odur ki, R.Mehdiyevin tarixi
oçerkində Qanlı
Yanvarın ibrət dərslərindən danışılan
zaman dəqiq vurğulandığı
kimi, tarixi ədalətə yetişmək
üçün Azərbaycanın
1990-cı il Yanvar faciəsinin
həqiqətləri barədə
Dünya ictimaiyyətini akademik
istiqamətdə və
peşəkar surətdə
məlumatlandırma işinin
həcmini daim artırmaq lazımdır.
Sözügedən əsərin
Litva dilinə tərcüməsi
məhz belə bir mühüm məqsədə xidmət
edir (oçerk
2014-cü ildə Litva dilinə
çevrilərək Vilnüsdə
nəşr olunub – tərcüməçinin qeydi)
və Sovetlər İttifaqının hərbi
təcavüzünə məruz
qalmış Litva və
Azərbaycan xalqlarının
həmrəylik hisslərini
daha da gücləndirir.
Yanvar hadisələrinin
səbəbləri və
bu hadisələrə
gətirib çıxarmış
proseslərin gedişatı
barədə tarixi həqiqətlərin əsaslı
və geniş şəkildə Dünya ölkələrində
yayımlanması XIX–XX əsrlərdə
azərbaycanlıların öz
tarixi torpaqlarından deportasiya olunmaları, Dağlıq Qarabağın
işğalı ilə
bağlı (hansı
ki, bütün bunlar
1990-cı ilin Qara Yanvarına
gətirib çıxarmış
başlıca amillərdir)
Azərbaycana qarşı
təşkil edilmiş
faciəvi olaylara beynəlxalq ictimaiyyət tərəfindən düzgün
siyasi və hüquqi qiymətin verilməsi üçün
çox vacib əhəmiyyət kəsb
edən əsaslardır.
Azərbaycanlıların soyqırım
tarixi ilə bağlı bu mühüm məsələləri
akademik R.Mehdiyev
oçerkində dərindən
araşdırıb, müxtəlif
aspektlərdə geniş
təhlillər apararaq
əsaslandırılmış elmi nəticələr təqdim edib, Rusiya ilə münasibətləri tarixi
və geosiyasi kontekstlərdə çox
dürüst şəkildə
işıqlandırıb.
Azərbaycanda 1990-cı ilin
20 Yanvarında törədilmiş
qanlı hadisələr,
şübhəsiz ki, hərbi
cinayətdir, özü
də bütün bəşəriyyətə qarşı
yönəldilmiş cinayətdir.
Belə cinayətlərin
təhqiqi prosesində
Cinayət Məcəlləsinin
zamanaşımı maddəsi
heç vaxt tətbiq olunmur. Odur ki, həmin hadisələri mütləq hərtərəfli
araşdırıb dəyərləndirmək
lazımdır ki, günahkarlar
–bu cinayəti təşkil etmiş və onun yerinə
yetirilməsinə məsul
olmuş konkret şəxslər aşkarlanıb
üzə çıxarılsın
və canilər real məsuliyyətə cəlb
olunaraq beynəlxalq hüququn hamılıqla qəbul edilmiş qanunları qarşısında
ən ciddi surətdə cavab versinlər. Doğrudur, akademik R.Mehdiyev
öz əsərində
həmin cinayətkar şəxslərin bir qisminin adlarını açıqlayıb. Lakin ədalətin
zəfər çalması
üçün yalnız
cinayəti göstərmək
və onu törədən günahkar
şəxslərin adlarını
aşkarlamaq kifayət
etmir. Hər hansı digər bir cinayət kimi bu cinayətin
də tərkibi törədilmiş günahdan
və günaha görə məsuliyyətdən,
eləcə də vurulmuş zərərin ödənilməsindən ibarətdir.
Ona görə də günahkar şəxslər
konkret cinayətin törədilməsinə görə
mütləq real məsuliyyətə
cəlb olunmalıdırlar.
Amma qeyd etdiyimiz kimi, bunun üçün
öncə 20 Yanvar hadisələri ilə bağlı hərbi cinayətlərə beynəlxalq
aləmdə hüquqi
qiymətin verilməsinə
nail olmaq lazımdır.
20 Yanvar hadisələrinin düzgün dəyərləndirilməsi,
onlar barədə daim geniş məlumatların yayımlanması,
faciə ilə bağlı həqiqətlərin
nəsildən-nəslə ötürülməsi Azərbaycanda
gənc nəslin tarixi yaddaşının formalaşmasına və qorunub saxlanılmasına,
onlarda əsl vətənpərvərlik ruhunun
və vətəndaşlıq
hisslərinin aşılanmasına,
milli tarixi dəyərlər
haqqında əks qüvvələr tərəfindən
yayımlanan dezinformasiyalara,
qərəzli təbliğata,
qurama analiz və arqumentlərə, yalan siyasətə qarşı davamlılıq
keyfiyyətlərinin peyvənd
edilməsi üçün
misilsiz əhəmiyyətə
malik amillərdir. Həm
də ki, Rusiya hələ də təbliğat müharibəsini
davam etdirməkdədir.
Və buna misal üçün deyə bilərik ki, Litva bu gün digər Baltikyanı dövlətlərlə
bərabər sözügedən
təbliğat savaşının
cəbhə xəttindədir.
Şübhə yoxdur
ki, Rusiya bu savaşda Litva Respublikasını
nüfuzdan salmaq, tarixini təhrif etmək, ölkə ictimaiyyətinin müəyyən
qismini dövlətimizin
strateji maraqlarına qarşı kökləmək
və beləcə postsovet məkanında öz təsir qüvvəsini qoruyub saxlamaq məqsədini güdür.
Azərbaycana qarşı
aparılan informasiya müharibəsinə gəldikdə
isə demək lazımdır ki, Rusiya rəsmi Bakının xarici siyasət sahəsində qəbul etmək istədiyi mühüm qərarlara öz təsirini göstərmək məqsədilə
burada separatçılıq
tendensiyalarını gücləndirib
gərginlik yaratmaq üçün Dağlıq
Qarabağ kartından
destruktiv vasitə kimi istifadə edə bilər. Odur ki, həm litvalılar, həm də azərbaycanlılar yaxşı
başa düşməlidirlər
ki, əgər onların
öz tarixi narrativləri olmazsa, əgər onlar öz tarixi yaddaşlarını qoruyub
gələcək nəsillərə
ötürmək siyasətini
məqsədyönlü surətdə
aparmazsa, bu işi onların əvəzinə başqaları
görəcəklər. O başqaları
isə adətən, ölkələrimizə həmişə
dost münasibət bəsləməyən
əks qüvvələrdən
ibarət olur.
Bütün bu deyilənlər bir daha göstərir ki, akademik R.Mehdiyevin
tarixi oçerki yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün mühüm
əhəmiyyət daşıyan
əsərdir. Sadə
dildə desək, R.Mehdiyevin bu əsəri postsovet xalqlarının öz müstəqil dövlətlərini
qurmaq istəklərinə
Rusiyanın necə münasibət bəsləməsi
baxımından Qərb
ölkələrinin indiyədək
anlaya bilmədiyi məsələləri olduqca
aydın şəkildə
açıqlayan əyani
vəsaiti – ibrət kitabını xatırladır.
Oçerkdə araşdırılmış
problemlərə geosiyasi
bucaq altında baxarkən, ABŞ-ın görkəmli dövlət
xadimi Zbiqnev Bjezinskinin fikirlərini xatırlamaq yerinə düşərdi. O yazır
ki, əgər siz xəritə üzərində Dağlıq
Qarabağdan başlayaraq
Cənubi Osetiya və Abxaziya əraziləri üzərindən
keçməklə Dnestryanı
regionuna kimi xətkeşlə bir xətt cızsanız, nəticədə maraqlı
görüntü əldə
edərsiniz: həmin xəttin “yolu“ sizə keçmiş
SSRİ-nin sərhəd
cizgilərini xatırladacaq.
Məhz bu münaqişələr və
onlara “moderatorluq“ etmək funksiyasını
üzərinə götürmüş
Rusiya göstərilən
ərazilərdə yerləşmiş
ölkələrə postsovet
məkanından qurtulmağa
imkan vermir. Şübhəsiz, xalqlar arasında milli zəmində nifaq salmaqla özünün imperialist məqsədlərinə
xidmət edən Kreml istəmir ki, onu müstəqil
və güclü qonşu dövlətlər
əhatə etsin. Buna görə də rəsmi Moskva çevrəsində
satellit “dövlətlərdən“
ibarət qurşaq yaratmaq üçün hər cür səylər göstərir.
Z.Bjezinski təsdiq edir ki, Azərbaycan
Ukrayna ilə birgə hazırda postsovet məkanında geosiyasi mərkəz funksiyasını yerinə
yetirir. Onun fikrinə görə, bu mərkəzə həmişə nəzarət
edəcək qüvvələr
eyni zamanda bütün postsovet məkanının təhlükəsizlik
sistemini nəzarət
altına almış
olacaqlar. Odur ki, Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi həm də regionda qüvvələr müvazinətıni
qoruyub saxlamağa xidmət edən və Rusiyanın burada dominant mövqe tutmasına imkan verməyən güclü amillərdir. Regionda yaranmış geosiyasi konyuktura baxımından Azərbaycanın
indiki siyasi və iqtisadi müstəqilliyi çox
nadir hadisədir. Buna görə də Azərbaycana onun dövlətçilik
ənənələrinin bundan
sonra da daim güclənməsini arzu edirəm.
P.S: Məqalə Vilnüsdə
Litva dilində fəaliyyət göstərən
məşhur www.bernardinai.lt internet gündəliyində
13 yanvar 2015-ci il tarixində dərc olunub. Yazı qəzetin
internet resursunda bu linkdə yerləşdirilib:
http://www.bernardinai.lt/straipsnis/2015-01-13-atsiliepimas-apie-ramizo-mehdijevo-istorine-apybraiza-azerbaidzanieciu-genocido-realijos/126261
Materialı Litva dilindən
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri
Mahir Həmzəyev çevirib.
Laurinas KASÇYUNAS
525-ci qəzet.- 2015.- 17 yanvar.