Mart soyqırımının qurbanları Milli Kitabxanada yad edilib

 

 

Martın 31-də Milli Kitabxanada "31 Mart Azərbaycanlıların soyqırımı günüdür" adlı kitab sərgisi açılıb sərgi çərçivəsində Dürdanə Ağayevanın "Erməni zindanında səkkiz gün" adlı kitabının təqdimatı keçirilib.

 

Milli Kitabxananın direktoru Kərim Tahirov 1918-ci ildə Bakı şəhərində və müxtəlif bölgələrdə - Şamaxı,  Quba, Xaçmaz,  Lənkəran, Hacıqabul,  Salyan,  Zəngəzur,  Qarabağ,  Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan danışıb. O, rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyini, insanların itkin düşdüyünü bildirib: "Qubada aşkar olunmuş kütləvi məzarlıqda - Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksində müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqlarının müəyyən olunması soyqırımın bariz sübutudur. Soyqırım iki il - 1919 və 20-ci ildə martın 31-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci ildə Azərbaycanın Ümummilli lideri  Heydər Əliyevin  26 mart 1998-ci ildə imzaladığı sənədlə  31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan olunub".

 

K.Tahirov ermənilər tərəfindən törədilən qırğınların, soyqırımların sonrakı illərdə də davam etdiyini, 1948-1953-ci illərdə və 1988-1992-ci illərdə azərbaycanlıların doğma yurdlarından deportasiya olunduqlarını, 1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayonun talan olunaraq, 1 milyona qədər adamın didərgin düşdüyünü, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin rus ordu hissələrinin yardımı ilə həyata keçirdikləri Xocalı soyqırımının bəşəriyyət tarixində ən ağır cinayətlərdən biri olduğunu da deyib.

 

Təqdimatı keçirilən "Erməni zindanında səkkiz gün" kitabının müəllifi, Xəzər Telefon qovşağının  rabitəçisi Dürdanə Ağayeva əsirlikdə keçirdiyi iztirablı günlərdən, 8 gün Əsgərandakı polis bölməsinin zirzəmisində saxlanılaraq işgəncələrə məruz qalmasından danışıb.

 

Sonda tədbir iştirakçıları "31 Mart Azərbaycanlıların soyqırımı günüdür" adlı kitabdövri mətbuat materiallarından ibarət geniş sərgi ilə tanış olublar.

525-ci qəzet.- 2016.- 1 aprel.- S.4