ABŞ-Azərbaycan əlaqələri
yüksələn xətlə inkişaf edir
PREZİDENT İLHAM ƏLİYEVİN VAŞİNQTON SƏFƏRİ AZƏRBAYCANIN DÜNYA BİRLİYİ ÜÇÜN ƏHƏMİYYƏTLİ BİR ÖLKƏ OLDUĞUNU ORTAYA QOYUB
Martın 30-da Vaşinqtona səfər edən Prezident İlham Əliyev IV Nüvə Təhlükəsizliyi
Sammiti çərçivəsində
artıq bir neçə görüş
keçirib.
Xüsusi diqqət çəkən
görüşlərdən biri dövlət katibi Con Kerri ilə olub. Görüşdə iki ölkə
arasında qarşılıqlı
əlaqələr, strateji
tərəfdaşlıq münasibətlərinin
inkişaf məsələlərinə
xüsusi toxunulub.
Con Kerri rəsmi Vaşinqtonun
Azərbaycanda həyata
keçirilən islahatları
yüksək qiymətləndirdiyini
bildirib.
Prezident İlham Əliyevin Nüvə Təhlükəsizliyi
Sammitinə dəvət
olunması ABŞ-ın
Azərbaycanın dünyada
artan nüfuzuna və beynəlxalq münasibətlər sistemində
yerinə verdiyi əhəmiyyətlə yanaşı,
həm də iki ölkə arasında inkişaf edən dostluq və tərəfdaşlığın
təzahürüdür.
Prezident İlham Əliyevin ABŞ
dövlət katibi C.Kerri ilə görüşündə ifadə
olunan fikirlər, səmimiyyət ölkələr
arasında qarşılıqlı
etimad mühitinin və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün
böyük potensialın
olduğunu açıq
şəkildə göstərib.
C.Kerri Prezident
İlham Əliyevə
Azərbaycanın iqtisadi
imkanlarının, eləcə
də regional təhlükəsizlik
münasibətlərinin inkişaf
etdirilməsi sahəsində
fəaliyyətinə və
bu yaxınlarda göstərdiyi bir çox səylərinə
görə təşəkkürünü
bildirib. Dövlət katibi iki ölkə
arasında bir çox sahələri əhatə edən və üzərində birgə iş aparılan qarşılıqlı
maraqların olduğunu
xüsusi qeyd edib. Amerikalı diplomat sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı
səylərinə görə
Azərbaycana minnətdarlığını
ifadə edib. Həmçinin C.Kerri "Cənub
Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasında
Azərbaycanın liderliyini
yüksək qiymətləndirib,
Avropanın uzunmüddətli
strateji maraqlarının
təmin edilməsi, enerji mənbələrinin
şaxələndirilməsi üçün layihənin
ciddi addım olduğunu vurğulayıb.
Dövlət katibi ABŞ-ın Dağlıq Qarabağ probleminin tezliklə öz həllini tapmasını istədiyini
deyib.
Qeyd etmək
lazımdır ki, Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra ABŞ şirkətləri
Azərbaycan iqtisadiyyatına
10 milyard dollardan artıq sərmayə yatırıb. Bu da
fəal iqtisadi əməkdaşlığın nümunəsi kimi səciyyələndirilməlidir.
Azərbaycanın liderliyi və
ABŞ-ın fəal dəstəyi ilə ilk dəfə Xəzər və Aralıq dənizlərini bir-biri ilə birləşdirən
Bakı-Tbilisi Ceyhan neft və Bakı-Tbilisi
qaz boru kəmərlərinin tikintisi
kimi əhəmiyyətli
layihələr həyata
keçirilib.
Azərbaycan rəhbərliyi ilə həyata keçirilən
"Cənub Qaz Dəhlizi" layihəsi enerji təhlükəsizliyinə,
mənbələrin şaxələndirilməsinə
və bütün iştirakçı tərəflərə
fayda verən bir layihədir. İki ölkə
regional təhlükəsizlik məsələləri üzrə
tərəfdaşlıq əlaqələrinə
malikdir. Azərbaycan Əfqanıstandakı
əməliyyatlara öz
logistika dəstəyini
təmin edir, hərbçilərimiz NATO qoşunları
ilə birlikdə bu ölkədə davamlı sülhün və təhlükəsizliyin
təmin edilməsinə
öz töhfələrini
verirlər.
Ümumilikdə, belə nəticəyə
gəlmək olar ki, Prezident İlham
Əliyevin ABŞ dövlət
katibi Con Kerri, ticarət
naziri Penni Pritzker və digər şəxslərlə
görüşü, aparılmış
müzakirələr iki
ölkə arasında
dostluq münasibətlərinin
daha da inkişaf
etdirilməsində öz
rolunu oynayacaq.
Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqton sammitində iştirakı
yerli ekspertlər tərəfindən də
mühüm hadisə
kimi qiymətləndirilib. Politoloqların gəldiyi qənaətə
görə, prezident İlham Əliyevin bu mötəbər tədbirə dəvət
alması Azərbaycanın
regionda artan gücünün, qlobal proseslərdə oynadığı
əhəmiyyətli rolun
göstəricisidir.
Məsələ ilə bağlı
Bütöv Azərbaycan
Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli
hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin bu cür mötəbər tədbirdə iştirak etməsi xüsusi dəyərləndirilməlidir. Onun sözlərinə görə, bu, Azərbaycanın regional aktyor
kimi böyük əhəmiyyətə malik
olduğunu göstərir:
"Bu, həm də beynəlxalq məsələlərdə
dövlətimizin oynadığı
önəmli rolu özündə ehtiva edir".
E.Mirzəbəyli qeyd edib ki, prezident İlham
Əliyevin ABŞ-da keçirdiyi görüşlər,
o cümlədən, dövlət
katibi Con Kerri ilə apardığı danışıqlarda
səslənən fikirlər
Azərbaycanın bütövlükdə
dünya birliyi, eyni zamanda, ABŞ üçün əhəmiyyətli
bir ölkə olduğunu ortaya qoyub: "Con Kerri ilə görüşdə Azərbaycanın
bir çox məsələlərdə ABŞ-la ortaq mövqedən çıxış etdiyi
bildirilib, xüsusilə
terrorizmlə mübarizədə
ölkəmizin əhəmiyyətli
rolu oynadığı
vurğulanıb. Bunlar çox
önəmli faktorlardır.
Digər
tərəfdən, belə
bir mötəbər tədbirdə Azərbaycanla
bağlı həqiqətlərin
səslənməsi də
ölkəmizə əlavə
bir tribunanın verilməsinə imkan yaradır. Məlum olduğu kimi,
ölkə başçısı
İlham Əliyev keçirdiyi bütün görüşlərdə Azərbaycan
torpaqlarının Ermənistan
tərəfindən işğal
olunması faktını
xüsusi olaraq vurğulayır. Azərbaycan bütün
münaqişələrin dövlətlərin
ərazi bütövlüyü
çərçivəsində həllinin vacib olduğunu qənaətindədir".
Politoloq vurğulayıb ki, bu səfər Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
ədalətli yolla həlli istiqamətinə
aparılan fəaliyyətin
intensivləşməsinə təkan verəcək.
Siyasi şərhçi Arzu Nağıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının
dövlət katibi Con
Kerri ilə görüşü
istər regional münaqişələrin
həllinə, istərsə
də meqalayihələrin
həyata keçirilməsinə
mühüm töhfə
verə bilər. Onun sözlərinə görə, iki ölkə arasında aparılan danışıqlar,
xüsusilə Dağlıq
Qarabağ münaqişəsinin
həllinə təkan
verə bilər:
"Çünki regional iqtisadi
layihələrin həyata
keçirilməsində əsas
məsələ məhz
təhlükəsizlik məsələsidir.
Buna mane olan ən
böyük problem də
məhz Dağlıq Qarabağ münaqişəsinin
həll edilməməsidir".
A.Nağıyev qeyd edib ki, Birləşmiş Ştatlarla Azərbaycan arasındakı münasibətlərdə
daima inkişaf olub: "Düşünürəm
ki, bundan sonra da olacaq.
Təbii
ki, anti-Azərbaycan qüvvələri daim olub və olacaq.
İlk növbədə, bu Ermənistana və onun havadarlarına şamil edilir. Yəni, Azərbaycan istər daxildə, istərsə də xaricdə dini dəyərlərə,
tolerantlığa hörmətlə
yanaşmaqla bərabər
öz dünyəviliyinə,
insan haqlarının qorunması məsələsinə
də sadiqdir. Dövlətimiz bu istiqamətdə
öz müstəqil siyasətini yürüdür.
Bütün bunlar Azərbaycanda
islahatlar prosesinin sürətlənməsinə zəmin
yaradır".
Yeni Azərbaycan Partiyasının
Siyasi təhlil və proqnozlaşdırma
şöbəsinin müdiri,
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə hesab edir ki,
Prezident İlham Əliyevin ABŞ-da keçiriləcək IV Nüvə
Təhlükəsizliyi Sammitinə
dəvət olunması
Azərbaycanın beynəlxalq
aləmdə qazandığı
nüfuzdan xəbər
verir. O "Trend"ə
bildirib ki, Prezident İlham Əliyevin bu sammitə məhz ABŞ Prezidenti tərəfindən
dəvət edilməsi
Azərbaycanın dövlətçiliyinə
verilən qiymətdir:
"Bu sammit dünyanın
nüfuzlu dövlətlərinin
rəhbərlərinin təhlükəsizliklə
bağlı mövqelərini
öyrənən xüsusi
əhəmiyyətli bir
tədbirə çevrilib.
Barak Obama tərəfindən
Azərbaycan Prezidentinə
dəvət göndərilməsi
Azərbaycanın beynəlxalq
aləmdə qazandığı
dövlətçilik nüfuzundan,
onun iqtisadi inkişafına verilən
qiymətdən xəbər
verir. Bu, Azərbaycanın beynəlxalq
aləmdə təhlükəsizliyə
verdiyi töhfənin qiymətləndirilməsidir".
Deputat qeyd edib ki, Azərbaycan
Prezidenti İlham Əliyevin sammitə dəvət edilməsi ilə Azərbaycan müstəqil bir dövlət kimi beynəlxalq aləmdə nüfuza malik olduğunu bir daha təsdiq edib.
A.Mirzəzadə əlavə edib ki, Azərbaycanın bu sammitə dəvət edilməsi Birləşmiş Ştatlardakı
erməni diaspor təşkilatlarının apardığı
anti-Azərbaycan kampaniyasına
Ağ Evin qəti mövqeyini göstərir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev qeyd edib ki, Prezidentin ABŞ səfəri Azərbaycan üçün olduqca vacibdir: "Azərbaycanın potensiallı ölkə kimi dünyanın güclü dövlətləri, xüsusilə də Amerika Birləşmiş Ştatları ilə əlaqələrini genişləndirməsi müsbət hal kimi dəyərləndirilir. Azərbaycanla ABŞ-ı həm strateji, həm də iqtisadi maraqlar birləşdirir ki, bu da bölgənin təhlükəsizliyi məsələsində öz müsbət rolunu oynamaqdadır. Enerji layihələrində aparılan işlərin də böyük əksəriyyətinin ABŞ tərəfindən dəstəklənməsi dövlətimiz üçün vacib amildir. Ona görə də, Azərbaycan bu əlaqələrin geniş müstəvidə inkişaf etdirilməsində maraqlıdır. Məlumdur ki, Azərbaycan ABŞ-la regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdır. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz dəstəyini verir. ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında öz fəaliyyətinə yenidən nəzər salacağı da səfər çərçivəsində söylənən fikirlərdən açıq şəkildə sezilir. Bütün bunlar onu deməyə əsas verir ki, dövlətimiz apardığı düzgün xarici siyasətlə dünya arenasında yerini və rolunu möhkəmləndirməyə nail olur".
Deputat Bəxtiyar Əliyev isə "Trend"ə bildirib ki, Azərbaycan bu gün nəinki regionda, hətta dünyada ciddi bir partnyor kimi qəbul edilən ölkədir: "Bu həm də onun göstəricisidir ki, sülhün, sabitliyin qorunmasında, dünyada enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu böyük və əhəmiyyətlidir. Azərbaycanda gedən yüksək iqtisadi inkişaf, demokratik proseslər ölkəni dünyada əhəmiyyətli bir dövlətə çevirib".
B.Əliyev qeyd edib ki, bu gün Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında strateji, qarşılıqlı əməkdaşlıq səviyyəsində münasibətlər qurulur: "Hesab edirəm ki, dövlət başçısının bu səfəri qarşılıqlı münasibətlərə, Azərbaycanın regionda önəmli roluna öz müsbət təsirini göstərəcək".
Ceyhun ABASOV
525-ci qəzet.- 2016.- 1 aprel.- S.3