Aqil Abbasın yeni
yaşına
Aprelin 1-i çağdaş Azərbaycanda yazıçı və ictimai xadim Aqil Abbasın dünyaya gəldiyi gün kimi də əlamətdardır. Çünki mətbuatımızın, ədəbiyyatımızın, mədəni-ictimai mühitimizin xüsusilə son 30 ilini Aqil Abbasın çoxşaxəli fəaliyyətini nəzərə almadan təsəvvür etmək çətindir.
Aydın vətəndaş mövqeyi, millətsevərliyi, vətənpərvərliyi Aqil Abbasın bədii və publisistik əsərlərindən də, mətbuatda və ictimai sahədə gördüyü işlərdən də parlaq xətlər kimi keçir. Bu ali xüsusiyyətlər onun hər addımında, hər işində özünün birbaşa əksini tapır, vətənə, millətə xidmətin təzahürü kimi ortaya çıxır.
Onu yaxından tanıyan hər bir müasiri tərəddüdsüz təsdiqləyə bilər ki, Aqil Abbas bütün şüurlu həyatı boyu özünü heç vaxt xalqdan aralı tutmayıb.
Ayrı-ayrı vətəndaşların qayğılarından ümummilli məsələlərə qədər, istənilən məqamda və mərhələdə Aqil Abbas öz təsirli sözünü, faydalı əməlini əsirgəməyib. Bütün bunlar isə, təbii olaraq, Aqil Abbasa son dərəcə geniş bir ictimai çevrənin böyük rəğbətini, dərin ehtiramını qazandırıb.
Bütün ölkədə, sözün əsl mənasında, Xalq Adamı kimi tanınan Aqil Abbasa bu 63-cü doğum günü münasibətilə, heç şübhəsiz, saysız-hesabsız təbrik ünvanlanıb artıq və hələ yüzlərləsi də ünvanlanacaq.
Həmin təbriklərə, "525"cilər olaraq, öz səsimizi də qoşur, sevimli ədibimizə, istəkli qələm dostumuza möhkəm cansağlığı, yeni uğurlar arzulayırıq.
Doğum gününüz mübarək olsun, Aqil müəllim!
525-ci qəzet.- 2016.- 1 aprel.- S.2