Haraya çağırır Kəlbəcər
səni
Oğlum Nəbiyə
Mənə divan tutur dərdi dağların,
Qoy boğub üzməsin bu qəhər səni.
Buralar bizlərin yurdu deyilmiş,
Haraya çağırır Kəlbəcər səni.
Yurdumuz-yuvamız qaldı yadlara,
Düşmən at oynadır belədən-belə.
Yağılar əlində talanır dağlar,
Düşmən divan tutur çiçəyə-gülə.
Qürbətin bəzəyi başqa bəzəkdi,
Bu kədər yuvası, dərd yuvasıdır.
Sənin də, mənim də bu aldığımız,
Özgə havasıdır, yad havasıdır.
Gecələr yuxumdan əl çəkmirlər ki,
Şəhid qanlarıyla sulandı dağlar.
Sahibsiz dağların səbri tükəndi,
Yad əldə qovruldu, talandı dağlar!
Qan ilə sulandı ata yurdumuz,
Sinəmizi sipər edə bilmədik.
Qoruya bilmədik dağları, oğlum,
Dağlar harayına gedə bilmədik.
Hər gecə bu dağlar
gözümə dolur,
Həsrət içindəyəm o vaxtdan
bəri.
Görməsəm rahatlıq tapa bilmərəm,
Bağrıma basmasam hər qarış yeri.
Bu dərd baxtımıza yazılan qədər,
Ağrıdı, acıdı, kədərdi,
oğlum!
Qürbətdə yaşamaq, ömür
deyil ki,
Qürbətdə yaşamaq hədərdi,
oğlum!
Dağlara birlikdə gedəsiyik
biz,
Ay oğul, sən mənim yaşıma baxma.
Qürbətin verdiyi hədiyyələrdi,
Nisgildən ağarmış başıma
baxma.
Hələ təpərim var,
hələ gücüm
var,
Hələ canımdadır dağlar havası.
Çətində əlini üzmə
əlimdən,
Qalıb Kəlbəcərin qisas davası.
Səni
elə-belə böyütmədim
ki,
Axı elə-belə
yetmədin ərsə.
Dağlar
əsirlikdən qurtarar,oğlum,
Atalar, oğullar
əl-ələ versə.
Qəlbində boy atdı vətən
sevgisi,
Öpüb əzizlədim hər səhər səni.
Qisas zamanası gəlibdi, oğlum,
Haraya çağırır
Kəlbəcər səni.
Kar olub dünyanın qulağı çoxdan,
Sözümün sorğusu, niyəsi yoxdur.
Gedək
yurdumuza sahib çıxaq
ki,
Sonra deməsinlər
yiyəsi yoxdur.
Qoy vətən yolunda, dağlar yolunda,
Doğrayıb torpağa töksünlər
bizi.
Kəfəni, tabutu neynirik, oğlum,
Üç rəngli bayrağa büksünlər bizi.
Burnunun ucunda barıt qoxusu!
35 ildən sonra görüşdüyüm
tələbəlik dostum
Sabir Mahmudova
Qəlbini dağıdar, didər
bu həsrət,
Nisgil yuvasıdır
qəlbi əzəldən.
Əsir
torpaqların dərdini
çəkər,
Söyləyər göylərin üzünə
hərdən.
Ağrılar içində köklənib
qalan,
Dərdli
qoşmaları onun ağısı,
Yükləsə götürməz filə
dərdini,
Burnunun ucunda barıt qoxusu!
Dünyanın min cürə oyunları
var,
Aləm
başdan-başa qat-qarışıqdır!
Sığınıb qalıbdı dağlar dərdinə.
Boynuna biçilən
dərd yaraşıqdır.
Gözlərində həsrət qığılcımları,
Ərşə çəkilibdi, itib yuxusu.
Yüz nəğmə gəzdirər
dərd havasında,
Burnunun ucunda barıt qoxusu!
Qəlbində yurd dərdi, ağrı-acısı,
Gümüşü telinə dərd sığal çəkər.
Xəyalı dağlardan geri
qayıtmaz,
Dərdi
Şuşa, Ağdam, Laçın, Kəlbəcər.
Hərdən gözlərində şimşəklər
çaxar,
Beləcə ötüşər ömrün çoxusu,
Həsrəti, nisgili gözlərindədir,
Burnunun ucunda barıt qoxusu!
Vətən parça-parça, yurd parça-parça,
Yoğrulub bu torpaq şəhid
qanıyla.
Üçrəngli bayrağı basar bağrına,
Hayqırar öz əzmi, öz inadıyla.
Ruhuyla bağlanıb doğma torpağa,
Sevgidən doğulub hissi,
duyğusu,
Fikri Qarabağı gəzir, dolanır,
Burnunun ucunda barıt qoxusu!
Bilir haqq nazilər, ancaq üzülməz,
Haqqın, ədalətin öz məqamı var.
Yüz dərdə, möhnətə
dözüb, tablaşar,
Qarşıda qisası, intiqamı
var!
O qədər yadına düşər ki,dağlar,
Həsrəti Şuşadan, Laçından
keçər,
Xəyalı özünü qayadan
atan,
Bir dağ gözəlinin saçından
keçər.
İstəyər bir dəli türkü oxusun,
Burnunun ucunda barıt qoxusu!
Anamın dərdini duyan olmadı
İsti
yuvasından uzaq düşəndən,
Həmişə danışdı el-obasından.
Xiffətini çəkdi doğma
yurdunun,
Bir gün də çıxmadı qəm libasından.
Bayatılarında, laylalarında,
Dağlar deyə-deyə kiridi anam.
Gözüm görə-görə.
Kor olsun gözüm,
Hər gün damla-damla əridi anam.
Kədərə büründü analı
dünyam,
Cilk-cilik oldu mənalı dünyam.
Deyirlər, qədər var,
yazı-pozu var,
Fələyin çərxini saxlamaq olmaz.
Fələyin çərxini hara döndərim.
Gücüm yox, tabım yox,
ta taqətim yox,
Bilmədim anamı hara göndərim!
Yığıb sinəsinə dağlar
dərdini,
Belədən-beləyə daşıdı
anam,
Dağlar həsrətiylə yaşadı
anam.
Göydən insaf umdu,
yerdən mərhəmət,
Yandırdı qəlbini dağların dərdi.
Qucağında qəbir yeri gözlədi.
Çağırdı yanına şair oğlunu,
Bir zəfər,
qələbə şeiri
gözlədi.
Fələyi qınadı gündə
min kərə,
Dərdini aləmə yaydı, danışdı.
Dərdini hər axşam, səhər danışdı.
Göz yaşı danışdı,
qəhər danışdı.
Bu dərddən bir bölük adam
danışdı,
Anamdan bir böyük şəhər
danışdı.
Bu haqsız dünyanın haqsız işləri,
Bir az da azaltdı ümidlərini.
Xəyalı dağlardan geri
dönmədi,
Tablaşa bilmədi yurd həsrətinə.
İnamı azaldı, günbəgün
onun,
Bizi yaradanın
mərhəmətinə.
Bu geniş dünyada yeri olmadı,
Özünü dünyanın qəribi sandı.
Anama dar gəldi bu böyük şəhər,
Bu şəhər anama
həyan olmadı.
Bu qərib şəhərdə
bu neçə ildə,
Anamın dərdini duyan olmadı.
Kədərə büründü analı
dünyam,
Cilk-cilik oldu mənalı dünyam.
Bir gün gedəcəyik
dağlara sarı
Yusif Hüseynin doğum günü
münasibətiylə
Ümidini kəsmə, üzmə, ay Yusif,
Bir gün gedəcəyik dağlara sarı.
Aşıb sərhədləri, keçib sədləri,
Bir gün gedəcəyik dağlara sarı.
Həsrətə,nisgilə tablaşsın ürək,
Bağrımıza yaman dağ çəkdi fələk,
Yaman seyrəlmişik, bir az döz görək,
Bir gün gedəcəyik dağlara sarı.
İstək pərvazlanar,qalmaz yerində,
Əlacı,dərmanı hələ dərində,
Çıxıb gedəcəyik günün birində -
Bir gün gedəcəyik dağlara sarı.
Gəlib çağıraram o üzdən səni,
Qurtarram
alovdan, o közdən
səni,
Çıxım haraylayım Kəpəzdən
səni,
Bir gün gedəcəyik dağlara sarı.
Alov yolundasan, köz yolundasan,
Sən nəğmə, sən şeir, söz yolundasan,
Çiçəkli yolun var, öz yolundasan,
Bir gün gedəcəyik dağlara sarı.
Nəsib
NƏBİOĞLU
525-ci qəzet.- 2016.- 2 aprel.- S.22