Qara güzgü
(roman)
1990-91-ci
illərdə “Karvan” dərgisində, ardınca kitab
halında, daha sonra “Literaturnıy Azerbaydjana” jurnalında dərc olunmuş
“Köçürülmə” romanını oxuyanlar, mənə
hələ də, hərdən belə bir sual verirlər:
“Köçürülmə”nin ardını niyə
yazmırsınız?”
Bu
sorğu aradabir məni düşündürsə də,
inişil “Köçürülmə”nin
ardını yox, ƏVVƏLİNİ yazmağa
başladım. Axı, bu romanda sözügedən Vedibasar eli
1948-1951-ci illərdə olduğu kimi 1919-1921..
zaman kəsiyində də
köçürülməyə məruz qalıb və iki
ilə qədər İran dövlətinin ərazisində
mühacirət taleyi yaşayıb. Bu mühacirlərdən
biri də o zaman on beş yaşını
haqlayan atam olub... Sonralar o mühacirəti doğuran səbəblər
haqqında mənə yana-yana danışan atam... Bu yazını qələmə alarkən, atamın
xatiratları ilə yanaşı, görkəmli alim, tədqiqatçı
Əziz Ələkbərlinin araşdırmaları qolumdan
tutdu. Əlbəttə, başlıca hədəfim
bu keşməkeşli tarix yox, bu tarixi şəraiti -
“Mühacirət”i yaşamaq zorunda qalan uşaqlar, yeniyetmələr,
cavanlardı. Romanın ilkin adı da “Mühacirət”
idi, amma yazı prosesində mənə daha maraqlı
görünən başqa bir ad meydana çıxdı: “Qara
güzgü”.
Ötən
ilin son aylarında əsərin elektron variantı hazır
olandan sonra, ərkim
çatan
ziyalılarımıza təqdim etdim ki, rəylərini
bilim. Sağ olsunlar, sayğılarını əsirgəmədilər.
“Qara
güzgü”nü tam halında oxucularımıza “Azərbaycan”
jurnalı bu ilin 3-cü nömrəsindən başlayaraq təqdim edəcək. Romandan bir parçanı tanışlıq
üçün “525-ci qəzet”in oxucularının diqqətinə
çatdırmağı düşündüm.
Müəllifdən
“1917-1920-ci
illər ərzində Vedibasarı özünə tabe etdirə
bilməyən daşnak Ermənistanı və onların
havadarı olan ingilislər bu mahalı Azərbaycanla “Ermənistan”
arasında mübahisəli ərazi kimi “neytral zona” elan etmək
məcburiyyətində qaldılar. Vedibasar ərazisi
Azərbaycan Demokratik Cümhuriyyətinin 1920-ci ilə aid olan
məşhur xəritəsinə elə beləcə-”neytral
zona” kimi daxil edilmişdir”.
Əziz
Ələkbərli, “Abbasqulu bəy Şadlinski” kitabından
Yayın
ikinci ayının son günlərində, yerin-göyün,
torpağın-daşın istidən qovrulduğu bir gündə
göy üzünü qara buludlar almasına və qəfildən
şıdırğı yağış başlamasına ona
görə sevinirdi ki, səhərdən bəri tək gəvahınlı
kotana, Becanı qoşub, kiçik qardaşı
İsmayılla qan-tər içində
şumladığı taxıl yerini suvarmaq üçün
ona çox tanış olan əziyyətə
qatlaşmayacaqdı. Vedi çayından Paski məhləsinə
gələn arxın mənbəyində nöbət (növbə)
tutmayacaqdı.
Təzəcə
altı üstünə çevrilmiş, özünəməxsus
ətrini hələ itirməmiş bu şumu bu yayın
şaqqarramasında suvarmaq ona görə lazımdı ki,
artıq iki yaşını çoxdan aşırmış,
girinə keçən döşüsüdlü
madyanları zor-xoş əmməkdən bezib-usanmamış
və buna görə gözəl adı ilə yanaşı
“Qısırəmən” ayaması qazanmış, Aranın,
dağın şirəli otlarından yeyib
harınlamış Qaragözü islanmış şuma
salıb yorsun, başına
yüyən, ağzına cilov keçirtsin, belinə yəhər
qoyub minsin.
Qaragöz
artıq özünü tanısa da, örüşdə-kövşəndə
qarşısına çıxan ürgələri,
madyanları döşünə salıb qovlasa da, minilməmişdi
və Kazımın özünə qalsa, hələ
Qaragözün belinə yəhər qoymazdı,
çünki o istəyirdi ki, əsl bir Qarabağ
ayqırı ilə Qaragözün anası Alapaçanın
Əyircə yaylağında cütləşməsindən
törəmiş Qaragöz bir qədər də ətə-qana
dolsun, bir qədər sür-sümüyünü bərkitsin
ki, gələcəkdə də yorğa yerişindən,
nazından-qəmzəsindən qalmasın, axı bu ürgə
ilə onun ən gözəl arzuları bağlı idi. O, xəyalən
Arazın o tayına-İqdıra, Ortakəndə hər
gün bir dəfə yox, yüz kərə, min kərə bu
ayqırla keçirdi və o qızı atın tərkinə
alıb geri qayıdırdı. O qız özgə deyildi, qədər-qismətdən
taleyini Arazın o tayı ilə bağlamış bibisi
Anagülün qızı idi.
Qəfil
tapşırıq isə bir həftə qabaq əmisi Abbasdan
gəldi:
-Alagözü
yəhərə-yüyənə öyrətmək
lazımdı, bizə minik gərək olacaq,
yükümüz çoxdu, bu günlərdə yəqin ki,
uzaq yola çıxası olacıyıq.
Daha mühacirətin
qaçılmaz olduğunu məhlədə, kənd
içində dönə-dönə eşitsə də təəccüblə
soruşdu:
-Uzaq yola?
Hara gedirik ki?
Zarafatcıl
olsa da, zabitəli əmisi onunla böyük adam
kimi danışanda, onunla hesablaşanda xoşuna gəlirdi,
çünki daha özünü əsla uşaq
saymırdı, ondörd yaşını tamamlayıb
onbeşə keçmişdi.
Yaşını
tay-tuşlarının əksəriyyətindən fərqli
olaraq dəqiq bilirdi, bərkinə getsə, bəlkə
doğulduğu ayı, günü də dəqiqləşdirə
bilərdi, çünki mərhum anası Telli özü
söyləmişdi ki, o ermənilərin Vedibasara birinci
hücumu zamanı qaçhaqaçda doğulub.
Anasının dilindən çıxan bu söz yadında
qalmışdı və ağlı az-çox kəsəndən
sonra yaşlılara-əmisinə, əmisi arvadı Minəxanıma,
xalası Gülsümə üz tutub anasının
sözünü yada salmışdı və beləcə
doğulduğu il də, fəsil də ona ayan olmuşdu;
1906-cı ilin yazı. İndi isə 1920-cı
ilin yayı idi və o əmisi Abbasın qırımından
bilirdi ki, bu dünya nizamda deyil və bu ermənilərin
Vedibasara yeni hücumları ilə bağlıdır.
Sualının
cavabını əmisi gecdən-gec qaytardı:
-Hara gedəcəyimizi
bilmirəm, amma bilirəm ki, Vedidən
çıxmalıyıq, bıçaq sümüyə dirənib,
sursat tükənib, patron yoxdur vuruşmağa.
Doğma
kəndin iki ildən bəri mühasirədə olduğunu
bilsə də, hamıya məlumdu ki, vedililər sözü
bir qoyub: öldü var, erməninin qarşısından
qaçdı yox, “dediyimiz dedıxdı...” Əmisi
Abbas son zamanlar onu iki dəfə səngər
döyüşünə də aparmışdı.
Burda onun işi gözə görünən düşməni
nişan verməkdi, güllə atmaq yox.
Gözdən
iti olduğunu bir dəfə onu özüylə ova aparanda əmisi kəşf
eləmişdi; çünki o elə bir yerdə ovu nişan
vermişdi ki, ovçu əmisi hədəfi xeyli baxandan sonra
görmüşdü və “Allah sənə qırğı
gözü verib” demişdi, zaval görməsin. O zamana qədər
ona elə gəlirdi ki, hamı onun kimi görə bilir.
Son
zamanlar əmisi Abbas həftənin yalnız iki
gününü evdə olurdu, qalan beş
gününü, beş gecəsini Vedibasarın əlisilah
tutan bütün kişiləri kimi səngərdə
keçirirdi və elə bu səbəbdən evin gündəlik
işlərini o görürdü. Mala-heyvana
qulluq eləmək, pəyə kürümək, kərmə
kəsmək onu qorxutmurdu, bununla belə hərdən təəssüflənirdi
ki, görünür o da mərhum atası kimi ömür boyu
mal-heyvan bəsləyəcək, alın yazısından
qaça bilməyəcək.
Əvvəl
anasını, sonra da atasını itirib, özündən beş yaş da kiçik qardaşı
İsmayılla əmisi Abbasın himayəsində
qalmasını da alın yazısı sayırdı və artıq
dərk eləyirdi ki, başqa yol yoxdur, taleyi ilə
barışmalıdır. Amma bununla belə həmişə
fikirləşirdi ki, atası ölməsəydi, indi o tamam
başqa bir həyat yaşayırdı və indi şübhəsiz
ki, o hər gün tay-tuşu Abdulla Məmməd oğlu ilə
birlikdə Vedinin iki sinifli rus-tatar məktəbinə gedirdi. Atası Məmməd sağlığında ona bir
dəfə yox, bir neçə dəfə demişdi ki, onu
Vedidəki rus-tatar məktəbində oxudandan sonra da göndərəcək
Qori Seminariyasına.
lll
Abbas kişi aynalını çiyninə
aşırıb evdən çıxanda Qaragözün ram
olunması ilə bağlı ona gözlənilməz bir sual
verdi:
-Bu
ayqırla bacaracaqsan, yoxsa kömək göndərim?
Sual xətrinə dəysə də, özünü o
yerə qoymadı.
-Bacararam,
ay əmi,-dedi, -burda nə ağır iş var ki, çətini
şum idi, onu da Allahın köməyi ilə qurtardıq.
Əmisi
doqqazdan çıxhaçıxda yenə öz məsləhətini
verdi:
-Ehtiyatlı
olun, ha! Bu gün cilovlasan da minmə, qoy yəhərə-yüyənə
alışsın.
At minməyi, at çapmağı haçan öyrənmişdi,
yadında deyildi, amma yaxşı bilirdi ki, at başqa, xam
ayqır başqa.
O, hələ
heç zaman heç bir xam atı yəhərə-yüyənə
öyrətməsə də, xam at minməsə də, xam
atı yəhərə-yüyənə necə öyrətməyin,
xam atı necə minməyin, necə ram etməyin
yolunu-yolağasını bilirdi. Dəfələrlə xam
atları-ürgələri yəhərə-yüyənə
öyrədənlərə tamaşa eləmişdi və bu
gün, ya sabah özü belə bir
tamaşa göstərməli idi.
Əmisinin tapşırığına ən
üzüyola öküzlərini-Becanı tək
govahınlı kotana qoşub özlərinə məxsus
taxıl yerini şumlamağa başlayanda könlündən
keçdi ki, dostu Zülqədəri köməyə
çağırsın, amma buna kiçik qardaşı
İsmayıl razı olmadı.
-Sən
kotanın macından tutarsan, qaqaş,-dedi, -qalan şeylər
mənim boynuma!
Əslinə
qalsa, o kiçik qardaşını, ümumiyyətlə, ev işlərindən uzaqlaşdırmaq istəyirdi
ki, o, yazıb-oxumaqdan qalmasın.
İsmayılın məktəbə getməsi onun
oxumaqla bağlı nisgilinə məlhəm olmuşdu. İsmayılı məktəbə
göndərəndən sonra hiss eləyirdi ki, içində
əmisinə qarşı rəğbət oyanıb.
Ötən payız onun gündəlik işlərindən
biri də İsmayılı atın tərkinə alıb məktəbə
aparmaq və günortadan sonra da məktəbdən gətirmək
idi. Bir Allah
bilir o kiçik qardaşının Vedinin varlı kişilərinin
uşaqları ilə bir sinifdə oxumasına necə
sevinirdi!
Ona ən
çox fərəh gətirən isə İsmayılın məktəbdə
qavradıqlarını hər gün ona öyrətməsi
idi və bu üzdən o artıq rus əlifbasını
bilirdi, İsmayıl kimi hecalaya-hecalaya oxumağı
bacarırdı.
Məktəbdə isə deyirdilər ki, Vedi məktəbində
böyük gələcəyi olan iki uşaq varsa, biri
İsmayıldır.
Bu sözü hər dəfə eşidəndə
qürurlanırdı və öz-özünə deyirdi ki,
taledən küsməyə dəyməz, bir yandan
bağlayanda, bir yandan da açır.
Hərdən
çöldə-bayırda, əkin-biçin vaxtı səsini
başına atıb söz çağırmasının
(oxumasının) da səbəbi İsmayılın
uğurları idi, amma ermənilərin Vedibasara
hücumları başlananda və bu üzdən də məktəbdə
dərslər dayandırılanda və sonra da ermənilərin
atdığı toplardan birinin mərmisi məktəbin
binasına düşüb tikilinin yarısını
dağıdanda və İsmayılın yarımçıq
tikiliyə baxa-baxa necə kövrəldiyinə şahid olanda
bir kənara çəkildi və o da kiçik qardaşı
kimi gözlərinin yaşını saxlaya bilmədi.
Əmisi Abbas hər dəfə səngərə növbə
çəkməyə gedəndə diz çöküb, əlini
göyə qaldırıb dua eləyirdi.
Gözləri uzağı nə qədər iti görsə
də, bu davanın sonunu görə bilmirdi və fikirləşirdi
ki, Allah eləməmiş, əmisinə də bir xətər
toxunsa, görəsən onların taleyi necə olar?
Vedinin erməni hücumlarına məruz qalan gündən
bəri əmisinin neçə erməni qulduru
öldürdüyünü bilirdi, çünki əmisi hər
dəfə səngərdən qayıdanda
öldürdüyü erməni quldurunun silah-sursatı öz
yerində, pal-paltarını da qənimət kimi gətirirdi. Əmisinin dediyinə
görə qayda belə idi: kimi öldürdünsə,
üstündə nəyi varsa, sənindi.
Daha çox əmisinin gətirdiyi uzunboğaz çəkmələrə
tamah salsa da, ayağına gələni yoxdu.
Dəfələrlə
fikir vermişdi və hiss eləmişdi ki, əmisinin
döyüşdən gətirdiyi qənimətlər
arasında İsmayılı da ən çox çəkən
uzunboğaz çəkmələrdi, amma o çəkmələr
hara, doqquz yaşlı uşağın ayağı hara? İsmayıl hərdən o çəkmələrin
altındakı yazıları oxumağa
çalışırdı və axırda da boynuna
alırdı ki, o belə hürufat tanımır.
lll
Əmisi doqqazdan aralanmamış əmisi arvadı Minəxanım
ana eyvana çıxdı və ərinin arxasınca bir
dolça su atdı. Bir kəlmə xoş sözü isə İsmayıl
dedi:
-Sağ-salamat
qayıdasan, ay əmi!-Və sonra da söylədi ki, heç
kimi göndərməsin, o özü necə lazımdı
qakosuna (böyük qardaşına) kömək eləyəcək.
Həyətə əkdikləri taxılı biçəndə
də, xırmana gəm salıb sünbülü döyəndə
də, küləkli bir gündə xəlbirlə sovruq atanda
da İsmayıl ondan bir addım aralanmamışdı. Ən döşünə
yatan iş isə tez-tez hərəkətdə olan gəmdən
düşüb, yenidən gəmin üstə
sıçramaq, Becanı haylamaqdı.
...Becan
qocalmışdı, hər deyəndə kotana gücü
çatmasa da gəm çəkə və bir də
İsmayılı belində gəzdirə bilirdi.
Nə qədər
ki, ermənilər Vedini mühasirəyə
almamışdılar, mühasirə həlqəsini
daraltmamışdılar, evin demək olar ki, bütün
gündəlik işlərinə əmisi əl
qatırdı, amma indi o bilirdi ki, ən sərrast atıcı
kimi ad çıxardan əmisinin belə şeylərə
vaxtı yoxdur, o səngərdə-düşmən
qarşısında olmalıdır.
Becanı
tək gəvahınlı kotana qoşub şuma təzəcə
başlamışdılar ki, kəndə mərmi
düşdü və o bir anlığa ayağı
altındakı torpağın necə titrədiyini hiss elədi.
Adətən,
kənddə harasa top düşəndə uşaqlar
qışqırırdılar və mərminin
düşüb partladığı yerə
qaçırdılar ki, xəbər gətirsinlər. O
uşaqlardan biri də İsmayıl idi, amma indi Becanın
belində oturmuş İsmayılın heç tükü də
tərpənmədi. Elə bil Becanın belində
oturub aradabir də əlindəki çubuğu işə
salmaqla və görüləsi bir işə yaramaqla
uşaqlığına vida demişdi.
Hava
qaralanda, axşamın alatoranında şumu başa
çatdıranda ona elə gəlirdi ki, yorulmayıb, amma
oturduğu yerdəcə necə yuxulamışdısa, bir də
xoruz banında ayıldı ki, səhərə az qalır və sel-su məhləni
yuyub-aparır.
Leysan aradabir səngisə də, günbatandan əsən
küləyin hardansa qovub gətirdiyi boz-qara buludlar göy
üzündə sıxlaşdılar, hardasa ildırım
çaxdı və yağış yenidən şiddətləndi.
Hava
işıqlaşandan sonra şalvarının
balağını buduna qədər çirmələyib
islanmış şuma ona görə girdi ki, tam arxayın
olsun: səhih bilsin ki, bu şuma əlavə su lazımdı,
ya yox? Amma birinci addımdan sonra dizinəcən
palçığa batanda daha irəli getmədi, geri qayıtdı,
yerin çala-çuxurlarında qalan gölməçələrdən
birində ayaqlarının palçığını yudu və
qərara gəldi ki, vaxtı itirməsin.
-Qaragöz!!!!
Son zamanlar ürgəni bir-iki ağız beləcə səsləyəndə
qaçıb gəlməsə də, mütləq hay
verir-kişnəyirdi.
Bir də
səsini başına atıb qışqırdı:
-Qaragöz!!
Qaragöz!!!
Ona
İsmayıl səs verdi, kal səslə:
-Gəlirəm,
qaqaş, -dedi, -indi gəlirəm.
Bu dəfə ürgəni İsmayıl səslədi və
Qaragöz handan-hana doqqazda görünəndə o, əlində
tutduğu kəməndi arxasında gizlədi.
Son zamanlar ürgəni yalnız kəməndlə
tuta bilirdilər və ona elə gəlirdi ki, Qaragöz
artıq kəməndi tanıyır, nə olduğunu bilir.
Yenə də ürgəni İsmayıl səslədi,
amma at yenə yaxınlıq vermədi, elə bil başa
düşmüşdü, anlamışdı ki, bu həlim-həzin
çağırışlar boş yerə deyil.
Qəfildən irəli sıçrayıb kəməndi
tullasa da, Qaragöz kəndirdən yayına bildi. İsmayıl isə:
-Ver kəməndi,
qaqaş,-dedi,-ver mən atım.
Bir neçə dəfə Qaragöz beləcə dəlisovluq
eləyəndə kəməndi böyük
qardaşının əlindən alıb İsmayıl
özü atmış və bir-iki dəfə məqsədinə
də çatmışdı.
Güllə atmaqda da kiçik qardaşı ondan mahir
atıcı olduğunu bir neçə dəfə sübut eləmişdi
və elə bu səbəbdən də inad etmədən kəməndi
ona uzatdı.
Üstəlik də bilirdi ki, qardaşı
ürgənin boynunu kəməndə salsa sevinəcək.
Ona da özgə nə lazımdı ki, təki
qardaşının eyni açılsın.
Qaragöz onlardan aralansa da, həyətdən
çıxmamışdı və bir gözü Becanda idi. Elə bil
leysanın altında təpə-dırnaq
islandığından qırışığı
açılmayan Becanı tanıya bilmirdi.
Qəfildən gurlayan topun gurultusu Becanın heç
tükünü də tərpətmədi, amma Qaragöz səksəndi,
sağa, sola döndü və ox kimi həyətdən
çıxdı.
Mərminin hara düşdüyünü nə o kəsdirə
bildi, nə də qardaşı İsmayıl. Vay-şivən
səsləri isə çox uzaqdan gəlirdi. Əslində belə top gurultuları, belə
şivən səsləri uzun müddətdi ki, kəndin
gündəlik həyat tərzinə çevrilmişdi.
Kəndə top mərmisi düşməyən günlər
o təəccüblənirdi, qardaşı isə bunu öz
bildiyi kimi yozurdu: “Ermənilərin mərmisi qurtarıb”.
Bu dəfə
ürgəni var səsilə İsmayıl səslədi:
-Qaragöz!
Qaragöz!
Qaragözdən
cavab gəlmədi, amma hardasa uzaqlarda atılan güllələr
dağlarda əks-səda verdi.
O,
artıq güllələri səsindən
tanıyırdı, bilirdi ki, atəş hansı silahdan
açılıb?; aynalıdan, pulemyotdan,
üçaçılandan, yoxsa mauzerdən? Hətta
hərdən belə səslər eşidəndə
İsmayılla höcətləşirdilər və kiçik
qardaşı istəyirdi ki, bu məqamda da onu üstələsin,
silahları səsindən daha yaxşı
tanıdığını sübut eləsin.
Ondörd
yaşını yenicə tamamlamasına baxmayaraq əmisi ona
da, ondan beş yaş kiçik
qardaşı İsmayıla da odlu silahla- əsasən
üçaçılan və mauzerlə necə
davranmağı öyrətmişdi və kiçik
qardaşı sübut eləmişdi ki, güllə atmaqda da
ondan üstündür: İsmayıl
üçaçılanla atdığı üç
güllədən ikisini hədəfə vurmuşdu.
Son zamanlar isə əmisi silahla davranmağı
arvadı Minəxanıma və qızı Fatmaya öyrədirdi
və Fatmanın bacarığı hamını heyrətə
gətirirdi, olduqca ağırtaxtalı bir qız olan
Fatmanın bir gülləsi belə boşa getmirdi.
Son zamanlar qadınlara
silahla davranmağı öyrətmək bütün Paski məhləsində
adi hal almışdı, əmisi bir ağsaqqal kimi
qapı-qapı gəzib Paskinin arvadlarına, qız-gəlinlərinə
anlatmışdı: “koftalarının yaxasında gəzdirdikləri
zəhər tuluğunu çıxarıb tullasınlar,
intihar çıxış yolu deyil, çıxış
yolu vuruşmaqdı”.
Vedibasar
erməni mühasirəsində qalan gündən o Vedibasar
qadınlarının belə bir addım
atdıqlarını-qoftalarının yaxasında zəhər
tuluğu gəzdirməyə başladıqlarını
bilirdi, bilirdi ki, kənddə əmisindən başqa da
qadınların bu addımına zidd gedən kişilər
var və o kişilərə məhz onun əmisi
qandırıb ki, intihar hünər deyil, hünər
vuruşmaqdı.
Yadında idi, rəhmətlik atası, əmisindən fərqli
olaraq onun silaha əl vurmasına belə izn vermirdi,
gününü ibadətlə keçirən atası
“tüfəng şeytan əməlidir” deyirdi.
Atası
altı il idi ki, dünyasını dəyişmişdi,
amma onunla bir çox mükalimələri yaddaşından
silinməmişdi. O zaman beş
yaşın içində olan İsmayıl hər şeylə
maraqlanır, bütün günü sualı-suala
calayırdı. O bu sullardan təngə gəlsə də,
atası səbirli idi, o demək olar İsmayılın bir
sorğusunu belə cavabsız qoymurdu.
-Sən
erməni görmüsən?
-Görmüşəm.
-Onların
quyruğu olur?
-Yox,
oğlum, meymunların quyruğu olar, ermənilər də
bizim kimi insandılar, bizim kimi Allah bəndəsidilər,
onların da bizim kimi iki əlləri, iki ayaqları, iki
gözləri var, onlar da bizim kimi əkirlər, biçirlər,
yeyirlər, içirlər, yerə keçirlər”.
Yadında idi, sözün bu yerində o da söhbətə
qarışmışdı.
-Bəs mən
doğulan il onlar Vediyə niyə
basqın eləmişdilər?
Atası
təəccüblə soruşdu:
-Onu kim
deyir?
Verəcəyi cavabdan öncə gözlərində gilələnən
iki damla yaş yanaqlarını islatdı.
-Anam
danışırdı, anam deyirdi ki, sən ermənilər
Vediyə basqın edəndə doğulmusan.
Atasının
susub qəhərləndiyini hiss elədi və onu dindirmək
xatirinə daha bir sual verdi:
-Onlar nə
istəyirdilər? Bizi qırmaq?
Atası
dərhal etirazını bildirdi:
-Yox.. Onlar istəyirdilər ki, bir
qorxub dağlara qaçaq, kəndimiz qalsın onlara.
-Niyə?
-Çünki onlar şeytana uymuşdular.
Bu anda söhbətə İsmayıl qarışdı:
-Şeytan kimdi, baba?
Nədənsə, onlar əzəldən atalarına “baba” deyirdilər.
Atası bu suala cavab vermədi, dedi ki, böyüyəndə özünüz hər şeyi biləcəksiz, amma bir şərtlə.
Bu dəfə atasının sözünü Kazım kəsdi:
-Nə şərt, baba?
Atası gülümsədi:
-Bu şərt də ibarət olsun yaxşı oxumaqdan, -dedi.
-Yaxşı oxuyarıq, baba.
İsmayıl həmişə olduğu kimi onun sözünü təkrar elədi:
-Yaxşı oxuyarıq.
Məmməd
Oruc
525-ci qəzet.- 2016.- 2 aprel.- S.18-19