Yaddaş güzgüsündəki keçmiş
... Keçmişdən qaçmaq
olar, keçmişi gizlətmək olar, amma keçmiş bir gün yaddaşında
oyanıb səni xatırlamağa məcbur
edəcək...
Hər dəfə
ovcuna baxanda qara tutun izlərini
görürdü. İzlər də
adi izlər deyildi, elə bil hamının gözü qarşısında
alnındakı alın
yazısı sürüşüb
ovcuna düşmüşdü.
Bu yazı Misir heroqlifləri kimi qarmaqarışıq idi, nə illah eləsə
də oxunmurdu...
Ovcundakı yazını oxuya
bilməsə də, yaşadı və ağrılı-acılı bu
yaşantıları uzun
illərdən sonra yetişmiş tut dənələri
kimi ruhundan kağıza çırpdı...
Yazıçı-dramaturq Əli Əmirli “Ağdamda nəyim qaldı?” avtobioqrafik romanıyla təkcə öz keçmişini yox, əslində, Qarabağın bir parçasını ədəbiyyatımıza
gətirdi. Bu keçmiş
həyat kimi canlı, səsli-küylü,
rəngli və kədərlidir...
İndi
mənim yaddaşımda
Novruzlunun, “Dəyirman
həyəti”nin timsalında bütöv bir Ağdam, o Ağdamda tut dənələrini
ovcuna yığıb
forslu şəhərli
qadına uzadan, ürəkaçıqlığı ilə “Ala, ye!” - deyən
yeddi yaşlı bir uşaq var. Uşaq bilmir ki, bu xeyirxahlığı
ona baha başa gələcək,
bu tut dənələri
onun taleyini büsbütün dəyişəcək,
üstündən əlli
il keçsə belə, həmin günü həyəcan qarışıq heyrətlə
xatırlayacaq...
“... Niyə bir elə uşağın
içində o qadına
tutu məhz mən aparmalıydım, şirədən
qaralmış ovcumda?
Bu nə jestdi
belə? Doğrudanmı dünya, həyat təsadüflər üzərində
qurulub? Buna mənim
şübhəm var. Bəlkə,
bu, mənim həyatımın fabula başlanğıcı idi?..”
Yaddaşını hər dəfə
silkələyəndə qorxulu
xatirələr, səslər
tökülürdü ömrünə...
“... Dayım gur səsi ilə mamamı səslədi:
- Az, Sitara, bu gədəni verərsənmi aparım bizə?
- Niyə vermirəm, ə?!
Saa mənim bu canım da
qurbandı!
- Az, həmişəlik
aparıram ey, oğulluğa istəyirəm.
Mamam heç,
deyəsən, duruxmadı
da.
- Ə, balalarımın hamısı
sənin o bircə qaraltına qurbandı, qağa!..”
Taleyi dəyişmək,
yeddi yaşlı uşağı peşkəş
eləmək, qurban vermək bu qədərmi asandı?! Roman doğma ata-anası ola-ola dayısına övladlığa verilən
uşağın taleyindən
bəhs edir. Yeddi yaşlı uşağın
düşdüyü yeni
“Dəyirman həyəti”
də elə dəyirman kimi sirli, müəmmalı, söz-söhbətin bitib-tükənmədiyi,
vaxtın üyüdüldüyü
bir yerdir. Adamların göz-gözə, iç-içə
yaşadığı bu
məhəllənin öz
qanunları, öz adət-ənənələri, öz yaşam tərzi var.
Yeni ailəsi
isə qarışıq
ailə modelidir. Təzə mamanın
- keçmiş aktrisanın
övlad sevdası tez alışdığı
kimi, tez də ötüb keçir. Evin kötüyü Zinyət arvad keçmişin xiffətini
çəkir, keçmişlə
yaşayır, Ağdamda
Qacar rolunun məşhur ifaçısı
artist Mamed səhnəylə
həyat arasında gəzişmələr edir.
“Papam” bölməsi
bütövlükdə bu
koloritli adamdan bəhs edir. Yeddi yaşlı uşaq şəhərli Mamasının buyruqlarını
yerinə yetirir, nənəsi Zinyət arvadın dörd oktavalıq öskürəklərini,
qatı açılmamış
söyüşlərini eşidə-eşidə
balaca çiyinlərində
evin yükünü çəkir, hərdən
də kinomexanik Qəzənfərin gətirdiyi
hind filmlərinə baxa-baxa
gələcəyi xəyal
edir...
Avtobioqrafik romanında, təbii ki, yazıçı öz taleyini yazır, amma bu taledə janrlar qarışıb. Dram, faciə,
komediya, melodram səhnələr də az deyil.
Bu janrların hər biri uşağın
taleyində baş rolda olmağa iddialıdır. Amma
dünyanın işini
kim bilir,
uşaq yaşlarında
oddan-alovdan keçmək,
ayrı-ayrı adamların,
ailələrin həyat
dramlarının şahidi
olmaq, vaxtından əvvəl böyümək,
bəlkə də, bütün bu “olacaqlar” gələcəyin
böyük yazıçısı
üçün ilk “ustad
dərsləri” idi. Hər halda bunu da taleyin
ayağına yazaq...
“Ağdamda nəyim
qaldı?” romanı canlı romandır, o qədər canlıdır
ki, sözün rəngini, adamların səsini, hadisələrin
gərginliyini, yayın
istisini, qışın
soyuğunu, söyüşün,
qarğışın qara
nəfəsini, alqışın
hərarətini hiss edirsən. Elə bil
Ağdamın beynəlmiləl
məhəlləsində italyan
filminə baxırsan.
Roman ayrı-ayrı yarımbaşlıqlarla
qələmə alınıb. Hər yarımbaşlıqda
bir insan, bir ailə dramı
gizlənir. “Boccalı”dan
başlayıb, “Mənim
ailəm”lə tanış
olursan, “Şəfiqə”ni
“Ana” obrazında görürsən,
“Novruzlu toyları”nın
səsini eşidirsən,
“Dəyirman”da ayaq saxlayıb zamanın keçdiyini hiss edirsən,
“Papam”, “Qacar” bölməsində aktyoru
səhnədə və
həyatda izləyirsən,
“Dəyirman həyəti”ndə
çeşid-çeşid adamların həyat hekayəsini dinləyirsən,
“Faynşteynlər və
digər qonşular”,
“Quba tətilləri”,
“Nənəmlə mən”
və bir-birimdən maraqlı yarımbaşlıqlar
altında bütöv,
bitkin, maraqlı, həm də çox maraqlı romanın əsirinə çevrilirsən.
Mənə elə gəlir ki, Əli Əmirlinin
yazıçı qələmi
ilə dramaturq qələmi heç bir əsərində bu qədər birlik nümayiş etdirməyib, iki janr bir əsərdə
bu qədər bir-birinə güzəştə
getməyib. Romanda hadisələr, dialoqlar
həyatın özü
qədər canlı və gözəldir.
Bu yerdə mütləq
deməliyəm ki, ədəbiyyatımızda avtobioqrafik
janrın gözəl
nümunələri olsa
da, heç bir əsərdə yazıçı oxucuya qarşı bu qədər səxavətli,
səmimi, açıq
deyil. Keçmişlə bağlı heç
kimin bilmədiklərini
üz-üzə, göz-gözə
oxucuya etiraf etmək yazıçıdan
böyük ürək
və cəsarət istər.
“Ağdamda nəyim
qaldı?” romanı Azərbaycan dilinin bütün incəliklərini,
gözəlliklərini, çoxçalarlılığını
üzə çıxaran
bir əsərdir. Bu roman, əslində, şirəli,
koloritli, çoxqatlı
dilimizin nadir abidələrindən
biridir.
“...Mehribanlıq məqamında
Nənəmə kitab
oxuyurdum. O zamanlar “Kəlilə və Dimnə” çox populyardı, Papam almışdı o kitabı.
Nənəmə həmin kitabdan
hekayələr oxuyurdum.
Məmnuniyyətlə qulaq asırdı,
o vaxtacan ki, gözləri yavaş-yavaş
yumulur, ağzı aralanır və xırda-xırda xoruldamağa
başlayırdı.
Nənəm Molla Nəsrəddinin lətifələrini daha çox bəyənirdi. Mən oxuduqca xımır-xımır
gülür, “Başıma
xeyir!”, “Yaxşıca
deyir!”, “Qareer aybını örtsün!”
kimi ifadələrlə
eşitdiklərinə münasibətini
bildirirdi...”
lll
“Ağdamda nəyim qaldı?” romanının daha bir üstün
cəhəti: hər obrazın öz xarakteri, hər obrazın öz danışıq üslubu,
öz vərdişləri
var. Zinyət arvad, Mamed, Şəfiqə, Sitarə, Surayya, Manya, Knarik, Qəzənfər və daha kimlər, kimlər... Bu obrazların
heç biri yazıçı tərəfindən
ideallaşdırılmayıb, olduğu kimi qələmə alınıb,
elə o səbəbdən
də köhnə tanışlar kimi oxucuya doğma və tanışdır.
Bu obrazlar arasında
Nənənin - Zinyət
arvadın obrazı 3
D formatında çəkilən
film kimi hərtərəflidir.
Həyatının bütün çalarları;
xarakteri, səsi, barışmazlığı, dini
görüşləri, doğulduğu
yurda, torpağa bağlılığı əsər
boyu boy göstərir,
Nənə obrazı kökləri torpağın
dərinliklərinə işləmiş
yüzillik ağac kimi əzəmətli görünür.
Qeyd etdiyimiz
kimi, “Dəyirman həyəti” beynəlmiləl
məhlədir. Bu məhlədə
yeddi azərbaycanlı,
bir yəhudi, dörd erməni ailəsi yaşayır.
Bütün əsər təbii
və gerçək boyalarla təsvir edildiyindən hər xalqın nümayəndələri
olduğu kimi oxuculara təqdim olunur. Yəhudilər talelərinə yazılan
kədərlə, ermənilər
ruhlarındakı əbədi
əyintilərlə, azərbaycanlılar
hədsiz xeyirxahlıqları
və ürəyiaçıqlıqları
ilə yaddaş güzgüsündə görünür.
Romanda bütün
obrazlar bitkindir, zamandan-zamana uğurla keçən yazıçı
hər obrazın taleyindən sonacan soraq verir. Şəfiqə
boşanıb öz evinə qayıdır, Zinyət arvad dünyasını dəyişir,
Papa növbəti dəfə
evlənir, əsərin
qəhrəmanı orta
məktəbi bitirib
28 manatla arzularının
şəhərinə - Bakıya
yollanır...
“Ağdamda nəyim qaldı?” avtobioqrafik romanı yaddaşdakı doğma daşdı, vətən, torpaq, yurd haqqında insanın içini titrədəcək xatirələr romanıdır. 60-70-ci illərin Ağdamı, Ağdamın, azad, bəxtəvər günləri, o illərin insanının həyat tərzi, düşüncəsi, musiqi zövqü, arzusu və istəyi zərif detallarla, ustalıqla qələmə alınıb. Torpağa, yurda məhəbbət əsərin içindən ana xətt kimi səssizcə ötüb keçir.
“...Dünyaya göz açdığım Novruzlu kəndinin özündə çox kiçik, amma daha doğma bir vətənim də vardı. Bu, kəndin lap girəcəyindəki Boccalı məhləsi idi...”
Roman belə başlayır. Hər şey o kiçik və doğma vətəndən başlayır. Əgər insan o doğma vətənini - keçmişini itiribsə, o keçmişi yaddaşında, xatirələrində qorumalıdır, nəyin bahasına olursa-olsun qorumalıdır.
Bu romanı yazmaqla Əli Əmirli insanlara “keçmiş - insanın genetik yaddaşıdı, kimsə ona toxuna bilməz, kimsə keçmişini redaktə edə bilməz!” mesajını yolladı.
Amma bunlar hamısıdırmı? “Ağdamda nəyim qaldı?” Qarabağa qayıtmaq üçün yaddaş körpüsüdür. Bütün körpülərsə əvvəlcə yaddaşda salınır. Əli Əmirli yazıçı kimi bunu bacardı. Qarabağı qaytarmaq üçün əvvəlcə yaddaşımızı oyatmalıyıq, tut kimi xatirələrimizi çırpmalıyıq, dilimizdəki doğma kəlmələri ölməyə qoymamalıyıq və sözün işığında, sözün ruhunda əriyib torpağımıza qarışmalıyıq...
... dünyanın gözü qarşısında alın yazısı sürüşüb ovcuna düşən günahsız insanlar yaddaş güzgüsündəki keçmişini axtarırdı. Hardansa səs gəlirdi, ya yağış yağırdı, ya tut çırpılırdı...
Təranə VAHİD
525-ci qəzet.- 2016.- 2 aprel.- S.17