Dosta təsəlli əvəzi
Novruz Nəcəfoğluya
... Əzizlərindən biri
dost intizarındaydı ki,
başını qatsınlar,
bir hovur da olsa, kədərini
- dərdini unudub, bəlkə ovuna...
Təsəlli üçün söz tapmaq o dostlar üçün də asan idimi bəyəm? Dostlar da çıxmışdı
az qala
söz ovuna.
lll
Tabutu yerdən qaldıranda doğmalarından biri hiss
etdi ki, tabut yaman ağırdır...
On yeddi yaş nə idi ki?.. Tabuta çiyin
verən o əzizi için-için qovrulmuşdu;
yəqin ki, ömür payına qismət olmayan illərin ağırlığı
da o tabuta qalaqlanıb....
lll
On yeddi yaşda bir qıza özü kimi utancaq bir oğlan bəlkə də əlləri əsə-əsə bir dəstə gül uzadacaqdı. Ancaq dəstə -dəstə güllər qara torpaq üstündə düzüldü...
lll
Səssiz-səmirsiz gəzib dolanan o qızcığaz, deyirlər ki, az qala barmaqları üstdə yeriyərmiş ki, səs çıxmasın... Ancaq bu gedişiylə nə yaman səs saldı, haray qopartdı?!
lll
Danışırlar ki, özündən xeyli sonralar dünyaya gəlmiş balaca qardaşı anasından çox onun qucağında böyüyüb. Eşidəndə qəlbim göynədi, gözlərim doldu; kim bilir, bəlkə də alın yazısı ürəyinə damıbmış: qismətinə ana olmaq payı düşməyəcəyini hiss etdiyindən, bacı sevgisi, bacı istəyi həm də ana məhəbbətinə çevrilib.
lll
Sanki bir dürr dənəsi idi ki, vardı - bir dürr dənə...
Ancaq... Ancaq tez də qeyb olub getdi o dürr dənə - Dürdanə...
Şabran
Aydın
Tağıyev
525-ci qəzet.- 2016.- 2 aprel.- S.17