Arif Abdullazadə yaradıcılığı elmi təhlil müstəvisində

 

VƏ YAXUD “TƏNHALAR CƏMİYYƏTİ”NİN ROBİNZONLARI

 

 

XX əsrin 80-ci illərində bədii nəsrin inkişaf meylləri, mövzuları ilə bağlı qoyulan problemləri araşdıran tənqidçi Akif Hüseynov “bədii sözü xalqın, zamanın səsi, həqiqət səsi kimi” səciyyələndirirdi.

 

“60-cı”lar nəslinin illərdən bəri istər poeziyada, istərsə də nəsrdə ədəbiyyata gətirdikləri yeni mövzulardan biri olan “tənhalıq” probleminin çeşidli təzahürlərini də aydınlaşdırırdı. V.Nəsib, Ə.Əylisli, S.Əhmədov və başqalarının nəsrində obrazların daxili psixoloji aləminin ətraflı analizi dövrün roman qəhrəmanlarının “özünü dərk etməyə, öz ruhunu, həyə-canlarını duymağa çalışması doğma mühitdə özünə mənəvi istinadgah axtarması”, “öz ruhi aləmindən, özünün düşüncələr axarından baş açmağa can atdığı görünür”. Bu dövrün roman qəhrəmanlarının əksəriyyətinə xas olan cəhətlər A.Hüseynovun dediyi kimi, onların hey ürəklərində danışıb düşünmələri, öz vəziyyətlərini dərk etməyə, ömürlərinin mənasını, gərəkliliyini anlamağa çalışmaları idi. “Həmin əsərlərdə problemlər də, konfliktlər də ilk növbədə obrazların daxili-ruhi aləmində baş qaldırır, bu aləmdə də şərh olunur. Əlbəttə, bu o demək deyil ki, həmin əsərlərdə bədii inikas şəxsiyyətin mənəvi dünyası ilə məhdudlaşır, obrazları ancaq özləri maraqlandırır, yaxud bir vaxt yayılmış ifadə ilə desək, onlar öz içərilərində eşələnirlər. Həmin əsərlərdə şəxsiyyətin öz daxilində duyduğu sarsıntılar, onun yaşadığı gərgin əhvali-ruhiyyələr onun özünü, öz əzablarını, sevinclərini dərk etmək cəhətləri bədii təhlilin mərkəzinə çəkilir və buradan, qəhrəmanın içərisindən onun həyatı da, ətraf aləm də, dövrün səciyyəsi də az ya çox dərəcədə işıqlanır”.

 

“Tənhalar cəmiyyəti”, “tənhalığa qaçış” terminləri “60-cılar” nəslinin həm poeziya, həm də nəsrində əks olunan daxili özünüifadəsinə xarakterik anlayış kimi bəllidir. Artıq 1970-ci illər ədəbiyyatında bütün postsovet məkanında bədii “pozitivizm” dalğasına qarşı dayanma meyli güclənirdi. Əsrin köklü sualı tarixin bu dönəmində insanla nə baş verir, həyatda dəyərlər insan üçün niyə, necə dəyişir... şəklində qarşıya çıxırdı.

 

1970-1980-ci illər Azərbaycan nəsrinin, xüsusən də roman və povestlərinin problematikası, bədii-estetik xüsusiyyətləri, axtarışları, nailiyyət və qüsurlarının Seyfulla Əsədullayevin (“Tarix, sənətkar və müasirlik”. Bakı, “Gənclik”, 1975), Elçin Əfəndiyevin (“Tənqid və ədəbiyyatımızın problemləri. Bakı, “Yazıçı”, 1981), Akif Hüseynovun (“Sənət meyarı”. Bakı, “Yazıçı”, 1986) monoqrafiyalarında Əziz Mirəhmədov, Yaşar Qarayev kimi görkəmli ədəbiyyatşünasların təhlillərində elmi dəyərləri verilib. Xüsusən hər ilin sonunda yekun “hesabatı” ilə nəsrimizin durumunu xarakterizə edən Akif Hüseynovun yazılarında İ.Hüseynov, Anar, Ə.Əylisli, S.Əhmədov, Elçin, İ.Məlikzadə və başqalarının nəsrində milli həyatın sosial dərkindən tutmuş, sosial motivlərin qabardılması, insanın daxili aləminə nüfuz, psixologizmə meyl və s. araşdırılıb, dəyərləndirilib. Bu dövrün Azərbaycan nəsrinin mükəmməl şərhini verən Tehran Əlişanoğlu yazır: “Azərbaycan yeni nəsrinin ən böyük önəmi milli nəsri bilavasitə dünya kontekstinə köklənməsi oldu”.

 

Arif Abdullazadənin istər “Duyum”, istərsə də “İşıq zolağı” romanlarında qəhrəmanların mühitlə aralarındakı “təcridlik sərhəddini” qaldırmaq cəhdləri əsər boyu izlənilir. Mühiti ilə doğmalaşa bilməyəndə içərisindəki boşluğu, hisslərinin daxili çəkişmələrini tənhalıqda çözməyə meyllənirlər. Mühitin gəncləri arasında adi qəbul olunan bu “tənha”ların hər birinin öz mənəvi əsasları, öz məntiqləri vardır. “İşıq zolağı”nın qəhrəmanı isə tələbə yoldaşları tərəfindən Robinzon adlandırılmış və sonralar hamı onu bu adla da çağırmışdır, hətta arvadı da, “Üzdə bu ad onu hərdən əsəbiləşdirsə də, hərdən öz-özü ilə “söhbət” etdiyi axşamlarda bu addan xoşlandığı, hətta ondan qürurlanan anları da olurdu - Əhmədlər, Rəşidlər, Ariflər... çoxdur, lap istədiyin qədər, amma Robinzon təkdir. Bir də ki, Robinzonun nəyi ona bu adı yaxanlardan pisdir ki?! O boyda adada tək, müdirsiz, katibsiz, paxıllıqsız, intriqasız yaşayan, dünyanın ən sərbəst adamı. Elə təkliyi də şərtidir”.  Robinzon öz şüşəbənd kabinetində daha çox özü-özü ilə söhbət edir... Uşaqlaramı, yoxsa ərinəmi deyindiyi bəlli olmayan arvadının səsindən qapını çəkib, siqaret çəkə-çəkə pəncərədən boz təpələrə baxıb, sonra da kitabların  səhifələri arasında uzaq və sirli bir aləminin içində qərq olub gedir və gün ərzindəki, ən xoşbəxt anlarını yaşayır Robinzon. Bu gəncliyin formalaşmasında dövrün qaçılmaz həqiqətləri əsas rol oynayır.  Əslində, Robinzon tək deyil, istər “Duyum”, istərsə də “İşıq zolağı”nın qəhrəmanları II Dünya müharibəsi zamanı - 40-cı illərdə doğulmuşlardır. Əksərinin atası müharibədə həlak olub, onlar anaları tərəfindən tək böyüdülmüşlərdir.

 

Robinzonun atası müharibədə deyil, bir qədər sonralar ölmüşdü, onun beş yaşı olanda, odur ki, atalarını görməyən, “ala-yarımçıq” sevgi əhatəsi olan, uşaqlığının qayğılı, natamam dünyasından xarakterinə qüsurlar çökdürmüş müasirlərindən fərqli aləmi vardı Robinzonun. Hətta atasını sonradan tapan Toğrul (“Duyum” romanındakı) kimi əsəbi, şübhəli, bir qədər aqressiv, əldə etmək istədiklərinə çatmaq üçün hətta gərəksiz yolları seçə bilən “yarımçıq” uşaqlığı olanlardan fərqlənir Robinzon.

 

Toğrulun atası müharibədən qayıtmadı, anası (müəllimə) başqa analar kimi onun yolunu gözləyərək balasını böyütdü, oxutdu, ərə getmədi. “Qəlbinə daş basdı” yalnız oğlunun gələcəyini düşündü, oxuyub “adam olması” üçün hər çətinliyə dözdü. Robinzonun anası da gənc yaşında dul qaldı, o da bircə balasının gələcəyi üçün yaşamalı oldu. Hərçənd ərindən sonra 15 il yaşadı, amma oğlunun ali məktəbdə oxuduğunu gördü. Bu iki (minlərlə) ananın yetim oğullarına verə biləcəkləri əməkləri, sevgiləri - onların varlığını təmin edəcək bir tutumda ola bilərdi. Yalnız ana sevgisi, çabası, həm də atasız və birtərəfli. Bu sevgilərin övladlarına ötürülən məzmunundakı fərqlər məhz onların xarakterindəki fərqli çalarlarda əksini tapmış olurdu.

 

Toğrulların anasında müharibələrin törətdiyi faciələrin fərdin dünyasında yaratdığı izlər, onların sevgi dünyasında yaratdığı fəsadlar və bu darmadağın ürəklərin ötürdüyü məhəbbət, övladlarında natamam, “çəkingən” “qorxaq” bir sevginin əlamətlərini yaradır və xarakterlərində özlərinin də duya bilmədikləri boşluqlar, təbəddülatlar onları düşünməyə, kənara çəkilməyə, kənardan baxıb anlamağa, saatlarla-günlərlə fikirləşməyə meylləndirir. Toğrulların əsəbi, bir qədər aqressiv olmasında onun böyüdüyü əhatəsi - anası və ondan aldığı, ruhunu formalaşdıran sevginin natamamlığıdır.

 

Xoşbəxt uşaqlığını yaşaya bilməyən, atasının ölümündən sonra sarsılan beş yaşındakı “Robinzon da birdən-birə böyümüş, on il yaşlaşmışdı...” Onun pərən-pərən olmuş uşaq dünyasından o müəmmalı ölümün ağrılı-acılı, sirli bir nağılı qalmışdı. Analı ömrünün (bundan 15 il sonra) sonunadək həyatının lal axarında qazandıqları anasından əxz etdiyi saf dünyası, həyatın bütün rastına çıxardıqlarına mütiliyi və dinməzcə heyrətləri ilə bərabər olacaqları, gərəkliləri adi qəbul etməsi oldu. Həyatında ruhuna xoş gələn anların ömrünə saçılan işıq zolaqlarının və ya onu heyrətləndirən, ilk qarşılaşdığı, görmədiyi üzdən uzaqlıqları yəni “zəruri döngələr və məcburi dayanacaqları” gördükcə həyatı dərk etməyə çalışacaqdı.

 

Sirac kimi sadiq dostu, Nazan kimi istəklisi olsa da o, həyat fəlsəfəsini təkbaşına çözməli olur. Yalnız bir neçə dəfə  Siracın atasının müdaxiləsi sayəsində həyat yolunda həm iş, həm də ailə qurma məqamında onun kiçik də olsa bir təkana möhtac anları olmuşdur. Çünki anasını da ali məktəbdə oxuduğu zaman itirmişdi. Qəribədir ki, onun anasına olan duyğularında da bir qorxulu itkinin vahiməsi var idi. “Anasının səsini telefonda eşitməyi heç ağlına da gətirmirdi... Robinzon üçün dünyanın bütün səslərindən seçilən qeyri-adi, doğma olduğu qədər də qorxulu, duyğulu bir səsdi. Bu səsi eşidəndə həmişə ağlamaq, gözləri tutulana qədər ağlamaq istəyirdi”. Anası Bakıya Siracgilə gələndə də hamı üçün adi olan valideyn görüşü ona görünməmiş həyəcanlı anlar yaşadır. “Anası bir ana instinkti ilə ayağa qalxıb oğlunu qucaqladıqda o az qala kövrələcəkdi. Necə tapıb bu evi? Onu tapmağa nə vardı ki, soruşa-soruşa. Yaxşı, bəs nə əcəb gəlib, xeyir ola? Necə yəni niyə, oğlu üçün birdən-birə elə darıxıb ki. Hə bir də o qarışıq yuxular”. Sabah anasının gedəcəyini düşündükcə bütün gecəni qıvrıla-qıvrıla qalır. Heç vaxt anasına olan hisslərini büruzə verə bilmirdi. Hətta anası xəstələnəndə sinəsindən sanki nəsə qırılıb düşsə də, dizləri titrəsə, ürəyi bulansa da, saatlarla bu vəziyyətdə xəstəxanada palatanın qapısı ağzında divara söykənib qaldığı bir ay ərzində vücudunu tərk etməyən titrəyişin nə olduğunu özü də dərk etmir. Atasının, sonralar anasının niskili ömrü boyu onun ürəyinə hopub qalmış bu nisgilli, ağrılı sevgini ruhunun tənhalığında, hətta özündən də xəbərsiz ört-basdır” etmişdi.

 

Robinzon birinci kursda pambıq yığımına getmiş qrup qızlarından birini də lal hisslərlə “sevir” (məktub yazaraq ondan xoşlandığını bildirir) və beş il onu evlərinə ötürür, heç bir qarşılıq gözləmədən (heç ağlına da gəlmir), sevgi qayğı ummadan, onunla evlənməkdə niyyətli olur və evlənir də. Xoşbəxtliyə, sevgiyə möhtac, həsrət olanların can atdığı, hamı üçün məqbul sayılan görünüş onun da ömrünü “işıq zolağında” isidən anları olur bəzən, lakin illər keçir, onun öz sinif nümayəndəsi Surxaya müəmmalı hissləri olan arvadının doldura bilməyəcəyi boşluqda xoşbəxtliyi belə axtarmaq ağlına gəlmir. Yalnız bircə dəfə (müəlliflə söhbətdə) sanki minillik uzaqdan gələn bir səslə deyir: “Xoşbəxt o adamdır ki, işə də, evə də həvəslə gedir. Sonra köksünü partladan hava axınını güclə boğub yenidən susur”.

 

İşində qarşılaşdığı insanlar - Nöqtə gözlər, çal saçlar, qırmızı qalstuk və başqaları, hətta türmədə yatıb-çıxmış qayınlar Robinzona həyatı, mühiti tanımağa, dərk etməyə, özünün rastlaşmadıqlarına münasibətini müəyyənləşdirməyə imkan verir. Onun robinzonluğundan gələn təcridlik, çox şeyin mənasına varmadan yaşamı həyatının heyrətinə səbəb olur. Yaxşı yoldaş, yaxşı dost kimi Siracın da onun həyatında mühüm rolu olduğunu bilir. Və Robinzon hətta illərdən sonra dostunun ondan fərqli daha dərin, daha fədakar, hər cür maneəyə qarşı meydan oxuyan sevgisindən xəbər tutanda da tənhalığının fəsadlarını hiss etməsə də heyrətlə həyatın dəyərini anlamağa başlayır. Hətta gördüyü yuxu belə onun sonrakı ömrünün illərini, aylarını izləyəcək. Siracın gəncliyində ürəyi dolanda dediyi “meşədə bir koma, bir də o olaydı, nə xoşbəxtlik olardı” istəyinin yuxuda cənnət məqamında Siracla Nərgizi bəzəkli bir meşəbəyi komasında görəndən sonra Robinzon yatağından qalxanda illər əvvəl və sonralar onun ömründə istisini, nurunu hiss etdiyi işıq zolağının təkrarını görəcək və gün ərzində - idarədə də, küçələrdə, mağazalarda, baxışlarda, üzlərdə də onu görəcək, hər şeyə o işıq zolağının arxasından baxacaqdı.

 

Arif Abdullazadənin “İşıq zolağı” romanı 1970-1980-ci illər Azərbaycan nəsrində insan və cəmiyyət konsepsiyasını araşdırmağa, dövrün sosial-psixoloji mahiyyətindəki tənhalığa meyl problemini müəyyənləşdirməyə imkan verən bir əsərdir. Yaşadıqları mühitin obrazların mənəviyyatına nüfuz edən faktor kimi səciyyələndirilmə üsulları insan və cəmiyyət haqqında aydın təsəvvür yaranmasını təmin edir.

 

İstər “Duyum”, istərsə də “İşıq zolağı”nda 1970-1980-ci illər nəsrinin istiqamət və problemlərini müəyyənləşdirən amillərdən-”obrazların təsvirində və təqdimində ənənəvi “müsbət və mənfi” qütbləşməsinin aradan qalxması..., hadisələrin təsvirində psixoloji təhlillərə meyllilik” (Bədirxan Əhmədov) özünü göstərir.

 

Hicran NƏSİBOVA

Filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2016.- 2 aprel.- S.16