İki Ağcabədi təəssüratı:
biri uzaq, biri yaxın...
1965-ci il idi. Moskvadan, Maksim Qorki adına
Ədəbiyyat İnstitutunu yeni bitirib, gəlmişdim. “Azərbaycan gəncləri” qəzetində
çalışırdım.
Redaksiyaya Ağcabədi rayonundan şikayət məktubu
gəlmişdi. Qəzetimizin redaktoru Cəmil Əlibəyov
məni, yazılanları yerində yoxlamaq üçün,
rayona göndərdi. Yayın
başlanğıcı idi. Bir sözlə,
aran rayonlarımızın “gəl məni gör, dərdimdən
öl” vaxtı. Məni elə bil qəfəsdən
açıb buraxmışdılar. Bir də
gözümü açdım ki, Ağdaşdayam. Əmim Adil Təbiəti Mühafizə idarəsinin
zona müfəttişi idi. Əmimgil səkkiz
bacı-qardaşdılar. Böyük
qardaşın ilk oğlu mən idim. Adil əmim
özü də meşəyə oxşayırdı.
Güclü, sərbəst, dağınıq, bir an sonra nə edəcəyini heç kəs
bilməzdi, mənə elə gəlirdi, heç özü də
bilmirdi. Ov tüfəngi və vəzifəsinə
görə tapançası da vardı.
- Lələ
(atama lələ deyərdi), qoy Fikrəti Moskvadan, Bakıdan
sonra bir-iki gün aparım, meşədə bir hava
alsın...
Atam hirsləndi:
- Fikrət
bəyəm qabandı, canavardı, meşədə hava
alsın... Məni işə salma. Qoy getsin işinin dalınca.
- Lələ
indi bunu elə-belə buraxacam, yollar it günündədi. Səməd Vurğun deyib, Amerikada sosializm qurular,
amma Zərdabın yolu düzəlməz.
- Sən
Səməd Vurğunu harda görmüsən? Harda dedi bunu sənə?
- Mənə
deməyib. Heç onu görməmişəm də.
Keçən dəfə Bakıda Fikrətin dostlarından
biri dedi.
- Elə
onlar da sən ağıldadı. Kişinin ağıllı
sözünü yadınızda saxlamazsınız, belə
sözü havada qaparsınız...
- Ay Lələ,
kimə oxşayaceyik? Hamımızın böyüyü sənsən,
qurban olum, sənə oxşamışıq da...
Atam
üzünü yana çevirib, susdu. Əmim də, mən də bilirdik, yox, hirslənməyib.
Özünü gülməkdən zorla
saxlayır. Az sonra özünü ələ
aldı. Ciddi görünməyə
çalışdı.
- Yaxşı, apar qoy Ağcabədiyə. Maşını yavaş sür, Adil. Elə o saat da qayıt, düz yanıma gəl! Eşitdin?!
- Ay Lələ, ceyranlı maşın, bilmirsən, təzədi? Matoru açılışmayıb, bərk sürmək olmaz, yavaş-yavaş gedəcəyik, darıxma.
- Darıxacam, Adil, axşam səni burda gözləyirəm. Fikrət, səni də hökumət adam bilib, iş tapşırıb, get işini gör, eşitdin?!
- Baş üstə, yoldaş nəçənnik, eşitdik! Gəl, gəl, qardaşoğlu, gedək.
Əmim təzə “Volqa QAZ-21” maşını almışdı. Qabağında balaca gümüşü rəngli ceyran fiquru vardı.
- Maşının mübarək, əmi, sağlıqla işlət.
- Sənin
sağlığınla. Sağ ol. Hə, “ceyran”, getdik! Mənim
Ağdamda yaxşı dostlarım var. Gedərdik, Lələmdi
də, qoyar ki, qalxaq Şuşaya...
Sonra xeyli susduq. Əslində ikimiz də
danışırdıq, amma hər kəs özü ilə,
hər kəs öz aləmində. Əmim
Ağdamda, Şuşada öz dostları ilə idi, mən
Bakıda bulvarda - çayxanada. Axşam
çayxana tez bağlanırdı. Qarovulçu qoca kişi, Toğrul Nərimanbəyovla mənim gəlişimi
gözləyirdi. Qayğanaq bişirirdi. Sözü verirdik “suxoy” şəraba. Sonra
yolumuz beşmərtəbəli binanın altıncı mərtəbəsindəki
çardağa, Toğrulun iş yerinə (masterskoyda)
uzanıb, orda bitirdi...
Maşın yolun kənarına çıxıb
dayandı. Əmim maşından düşüb idman eləyirmiş
kimi gərnəşdi.
- Fikrət!
- dedi.
-
Hı...
- Gəl
sənə tapanca atmağı öyrədim.
- Yox, əmi,
bir başqa vaxt (mən “çardaqdan” hələ tam
ayrılmamışdım) gəl əmi, gəl gedək.
Əmim gəlib əyləşdi, maşını
işə saldı, gülüb başını buladı.
- Niyə
gülürsən əmi?
-
Heç, Gülüş yadıma düşdü. Balaca bacın Gülbənizi deyirəm.
- Ona nə
olub ki?
- Heç, heç (yenə güldü), Lələm dedi, uşağı apar Bakıya, məktəbə.... Ağsu dolaylarında, lap dağın başında dedim, Gülüş, gəl sənə tapanca atmağı öyrədim. Həvəsnən dedi, öyrət! Düşdük, sakit yer seçdim. Ağaca bir ağ varaq yapışdırdım. Silahı hazırlayıb verdim uşağa. Əvvəl boş-boş məşq elətdirdim. Dedim, tətiyi çəkən kimi barmağını qaldır, tətiyə vurma. Gördüm, yaxşı qavrayıb. Patron qoydum. Arxayınlaşdım. Atəş açmağı ilə qızın qışqırmağı bir oldu. “A bala, nə oldu?!” - deyib uşağı qucaqladım.
Əlini ağzının üstünə qoyub “zarıdı”.
- Dodağım...
- Qaldır əlini baxım! Uşaq əlini qaldırdı. Fındıq kimi şişib qalxmışdı.
- Dodağımı tapanca əzdi - dedi.
Yadımdan çıxıb uşağa deyim ki, tapancanı qolun boyu düz tut, uzaqda tut. Bu da söykəyib üzünə nişangahı yaxşı görmək üçün, atəş açılanda təpib, tapancanın güpü uşağın ağzına yumruq kimi dəyib. Ordan Bakıya kimi uşağa yaltaqlanmışam ki, lələmə deməsin. Amma ona da malades, hələ indiyə kimi deməyib.
- Vallah, əmi, sən əzrayılnan
çiling-ağac oynamısan. Dörd oğuldan sonra kişi bir
qız tapıb, ona “anam” deyib dad eləyir...
- Demə,
qardaşoğlu, demə.
- Əmi, mən bilən, dövlət sizə verdiyi hər
patronun haqq-hesabını çəkir.
- Çəkir, çəkir.
- Səni
dolaşdırar, işdən çıxardarlar.
- Tapsalar,
çıxartsınlar. Meşədə olan
adamam. Məni meşədən necə
çıxardacaqlar... Qaldı patrona, bu hərbi
hissələrdə rus zabitlər məni görəndə elə
bil dədələrini görürlər. Qutqaşında o qurğudakı voyennilərə hərdənbir
qaban, ya bir məkərçun, ya da bir çoşka vurub
aparıram. Meşokla patron alıram, lap istəsəm,
top mərmiləri verərlər. Hökumət
mənə bir daraq patron verib, qalıb evdə
sandığın küncündə. İstədiyi
vaxt gəlsin baxsın.
lll
Əmim gedən kimi özümü qərib, tənha
hiss elədim, günəş də günbatana əyilməkdəydi. Raykom köhnə
bir binada yerləşirdi. Binanın
qapısına gedən, asfaltı köhnəlmiş piyada
yolunun kənarında şaxtikan, hətta böyürtkən
kolu da vardı. Qəribədir, onları
görüb ürəkləndim. Elə
bildim dünyaya gəldiyim Ağdaş rayonunun Kotanarx kəndindəyəm.
Özümü ələ aldım. “Yekə
kişiyəm, otuz yaşım var, iş dalınca gəlmişəm”.
Burdan qayıdandan sonra Bakıda ağcabədili,
çox istedadlı yazıçı dostum İsi Məlikzadə
ilə görüşümü təsəvvür etdim.
İlk sözüm belə olacaqdı:
- İsi,
Ağcabədi nə cəlallı yermiş! Sağ olsun,
raykomun nənəmə oxşayan binası məni
şaxtikanla bir topa böyürtkən kolu ilə
qarşıladı. Elə bildim, Kotanarxdayam.
Gözüm doldu”.
Özümdə işgüzarlıq əhvalı
yaratdım. Öyrəndim ki, redaktorum zəng vurub birinci katibi
işdən hali edib. Birinci katib də məni
komsomolun birinci katibinə tapşırıb. Komsomol katibi ilə görüşdük. Bir azdan günəş də bizə arxa
çevirib ingilissayağı getdi. Taxtakörpü
tərəfdən gəlib Ağcabədini iki hissəyə
bölən “prospektlə” inək, camış naxırının
“parad”ı keçirdi. Analarının “mən gəlirəm”
səsini aldıqca həyətlərdə dana-buzovun süd tamı verən səsi yüksəlirdi. Bu səslərə qoşulub burula-burula qalxan boz təzək
tüstüləri isə heç də “gözdəyməsin”
üçün deyildi.
Daha çox, ədəb-ərkan bilməyən
ağcaqanadlara xəbərdarlıq idi ki, şəhərdən
qonaq var, hara gəldi burnunuzu soxmayın...
Günəş gedən kimi yerə ağır bir qaranlıq çökdü. Elə göy boyda, dibsiz bir qaranlıq. Adda-budda işıq dirəklərinin ucunda işıldayan elektrik lampalarının xəstə şüaları elə bil yerə enməkdən qorxurdu. Elə havadaca əriyib qaralırdı. Xülasə, acı yuxu dərmanı kimi araq içə-içə, arada nə isə də yeyirdik. “Qonaq evi” deyilən bir yerə getdik. Mən burda yatmalı idim. Hiss elədim ki, otaqda havam çatmır, pəncərəni taybatay açdım...
Səhər üzümə düşən gün işığı məni oyatdı. Qaldığım bina birmərtəbəli kürsüsüz köhnə evlərdən idi. Pəncərəyə yanaşmaq istədim ki, mənzərəyə baxım. Gördüm, pəncərənin qabağında qara-ağ zolaqları olan bir ilan qıvrılıb yatıb. Üstünə düşən gündən həzz alır. Onu narahat eləmək istəməyib, geri çəkildim. Bilirəm, “qorxdum” desəm, inanarsınız. Amma inanın ki, qorxmadım. Çünki ilan çox böyük deyildi. Su ilanına oxşatdım. Sonra, çox sonra Bakıda bu mənzərəni bir daha xatırlayanda düşündüm ki, o susuz yerdə su ilanı hardan ola bilərdi, yox, su ilanı deyildi, bax, onda qorxdum. Əlbət ki, məqalə yazmaq fikrimdən vaz keçdim. Göründüyü kimi, mövzu məndən əl çəkməyibmiş, indi - səksən bir yaşımda yenidən o mövzuya qayıtmalı oldum.
Otuz yaşımla bu yaşımın arasından çox küləklər əsdi. Ağlı-qaralı, fərəhli-qanlı çox illər yola saldıq. Ölkəmiz çox sınaqlardan çıxdı. SSRİ adlı quruluş tarixin arxivinə gömüldü...
Qarabağ hadisələrinin qızğın dövründə Yazıçılar Birliyinin o vaxtacan Xankəndində fəaliyyət göstərən, Qarabağ filialı Ağcabədiyə köçürüldü. 2 il əvvəl - Yazıçılar Birliyinin səksən illiyi və növbəti qurultayı ərəfəsində filialın rəhbəri, şair dostumuz Ənvər Əhməd qurultayda iştirak üçün nümayəndələr seçkisində iştirak etmək üçün rayona gəlməyimizi istədi. Getdik - Anar, Rəşad Məcid və mən. Onda mən tamam fərqli bir şəhər gördüm. Düşündüm, yaxşı ki, gəlib özüm görmüşəm. Yoxsa bunları mənə kim danışsaydı, inanmazdım. Təmiz küçələr, Üzeyir Hacıbəyli parkı, göz oxşayan binalar, Heydər Əliyev Mərkəzi, İcra Hakimiyyətinin binası, hər tərəf gül-çiçək, hər yerdə insan əlinin sığalını, qayğısını hiss edirsən. Nə gizlədim, xəlvət-xəlvət, çiy kərpicdən tikilmiş o “qonaq evi” adlanan binanı axtardım. Heç ona bənzəyən ev görmədim, üstünü də vurmadım. Yeni gur işıqlar, yaraşıqlı binalar Ağcabədiyə gələndə o köhnə evlər özləri “əynindən-başından utanıb qaçıblar”, yəqin. Axşam Ağcabədi şəhəri gözqamaşdıran işıqlar qoynunda üzürdü. Az qalırdım qışqıram ki, “ay camaat, sizin küçələriniz, meydanınız Paris küçələrindən daha cazibəli, gur işıqlıdı”. Bilirəm, bu sözlərimi oxuyub gülürsünüz, məni görməmiş sayırsınız. Olsun. Amma dünyanın dörd qitəsinin bir çox böyük şəhərlərini görmüş də olsam, mən özümüzün görməmişiyəm. İndi özümüzdə bu gözəlliyi görəndə az qala sevincimdən qışqırıram. Vaxt vardı, Bakının Dənizkənarı bulvarında bir dənə də gül, çiçək görməzdin. Mənim də iştirak etdiyim bir müşavirədə Ulu öndər Heydər Əliyev (birinci dəfə respublika rəhbəri olanda) Bakı şəhər sovetinin sədrini ayağa qaldırdı.
- Niyə bulvarda gül əkmirsiniz!? - soruşdu.
- ...
- Niyə cavab vermirsən?
- Əkirik, yoldaş Əliyev - dedi.
- Əkdiyiniz güllər hanı bəs, niyə görünmür?
- ...
- Deyirsən, üzüb aparırlar...
- Bəli, yoldaş Əliyev.
- Siz o qədər əkin ki, onların gözü öyrəşsin, çox əkin!
Bu, uzaq keçmiş deyil. Amma indi bulvar gül-çiçəyə qərq olub. Fikir vermişəm, körpə uşaqlar da gül üzmür. Heç otluğa girib otları da əzmir.
Mən dünyanın başqa yerlərində
belə gözəlliklərə çox həsəd
aparmışam. İndi ona görə arzulayıram ki, vətənimin
ən ucqar yerlərində həmişə işıq olsun!
Güllərin, çiçəklərin ətri nəğmə
desin! Sakitlik, qulaq dincliyi, insanlarımız arasında bir-birinə
məhəbbət, mərhəmət işığı
olsun, mən ömrümün qalan hissəsini bu gözəlliklərin
tapdanması, dağılması vahiməsi ilə
yaşamayım. Gözüm sakitliyə, dincliyə, gözəlliyə
öyrəşsin. Dünyadan ölkəmizdən arxayın
köçüm.
Fikrət
QOCA
525-ci qəzet.- 2016.- 2 aprel.- S.15