Mən Mişel Uelbekəm
I
Mənə
Mişel deyin. Mişel Uelbek.
Əgər bu yazını Ramil Əhməd yazsaydı,
bəlkə də, “Xəritə və torpaqlar”
romanımı Bəyoğlundakı kitabçıdan necə
almasından başlayacaqdı. Şübhəsiz ki, Mişel Uelbeki
çoxdan tanısa da, kitabını oxumaq fürsətini
tapa bilmədiyini də əlavə edəcək və kim bilir daha nələrdən
danışacaqdı.
Mən
Mişeləm. Hesablamalarıma görə
1958-ci ildə, rəsmi sənədlərə görə isə
1956-cı ildə Fransada doğulmuşam. Ədəbiyyat
adlı bu xəstəliyə iyirmili yaşlarımda
bulaşmışam. Bu qədər. Adamın özü haqqında danışması qəribədi.
Bunu Ramil yazsaydı, altı yaşımdan nənəmin məni
böyütməyindən tutmuş Parisdə mühəndis təhsiliməcən
danışacaq və adımın əslində Mişel Tomas
olduğunu, Tomas-ın nənəmin qızlıq soyadı
olduğunun da üstündən keçməyəcəkdi...
Ancaq dürüstlük naminə deyim ki, romanımın
2010-cu ildə “Qonkur” mükafatına layiq görülməsini
qeyd etməsi xoşuma gəldi...
Mən
Mişeləm, 1990-cı illərin sonundan həm öz ölkəmdə,
həm də dünyada diqqət mərkəzində olan
Mişel Uelbek. Bilmirəm, bu məşhurluğu
romanlarıma borculyam, yoxsa siyasi və dini
çıxışlarıma? Doğrusunu
siz məndən yaxşı bilərsiniz.
Mişel
Uelbek kimdir deyə soruşsaydınız, qısaca olarq belə
cavab verərdim: ”Les Particules Elementaires”, “Extension du domaine de la
lutte”, “La Possibilité d’une île” əsərlərinin
müəllifi. Kitablarımın adını
fransızca yazmaqda bir problem yoxdu ki? Tərcüməçilərə
olan inamımı görürsünüz də. Tərcümə demişkən, siz tərəflərdə
məni tanıyırlarmı? Hə,
yadıma düşdü, bir-iki dəfə müsahibələrimi
tərcümə etmişdiniz. Əslində,
başqa bir şey danışmaq istəyirdim. Keçən gün e-mailimə Ramil Əhməd
adlı bir şəxsdən məktub gəldi. Əvvəlcə, bunu növbəti bir tənqidçinin
məqaləsi olduğunu düşündüm. Bir
cümlə oxudum, sonra birini də, sonra daha birini... “Xəritə
və torpaqlar” romanımı oxuyub bəyənmiş bir gəncin
dost yazısıydı. Google-da axtarıb tapsam
da, bildiyim bir dildə hansısa informasiyaya rast gəlmədiyimdən
konkret nəsə desəm, doğru olmaz. Yenə də
afərin bu oğlana, diqqətimi çəkməyi
bacardı! Yazının giriş hissəsi
xoşuma gəlmədiyindən özüm yazmaq məcburiyyətində
qaldım. Qalan hissələrinə də
yüngülvari əl gəzdirdim. Nə də
olsa, gənclərə kömək etmək mənəvi
borcumuzdu. Məndən bu qədər.
Gerisini Ramil danışsın...
II
“Xəritə və torpaqlar” romanı “xəritə
torpaqdan daha maraqlıdı” deyən Jed Martinin, memar
atasının, rus gözəli Olqanın və
başqalarının hekayəsidir. Jed
uşaqlığından rəsm çəkməklə məşğuldur.
Daha sonra da bu sənəti davam etdirmək istəyir.
O, Mişelin firması üçün çəkdiyi yol xəritələrinin
fotoları sayəsində populyarlıq qazanır. Daha sonra isə fotoqraflığın sənət
olmadığını düşünür və əlinə
fırça alaraq rəsmə başlayır. Jedə görə fotoqraflar modellerin həqiqi
üzlərini ortaya çıxarmaqları cəfəngiyatdır.
Onlar sadəcə yüzlərlə şəkil
çəkib, sonra da onlar içərisindən
yaxşılarını seçirlər və onlar sadəcə
bir fotoqraf kabini qədər yaradıcıdırlar. Jed rəsmdə mövzunun sonsuz olduğunu
düşünür, hətta bir radiyatra belə dəyərli
bir rəsm mövzusu kimi baxa biləcəyini
düşünür.
Bir gün Jed Martin evinə qayıdarkən Franz adlı
bir qalareya sahibi ilə rastlaşır. Franz onun sərgisini
təşkil etmək istəyir. Və bu sərgi
katoloqonun mətnlərini yazması üçün Mişel
Uelbek adlı bir yazıçını tövsiyə edir.
Jed Uelbeki tanımır, ancaq atasıyla
görüşəndə yazıçının bir-iki
kitabını oxumuşam deməsindən sonra onunla əlaqə
yaratmağa başlayır. Əvvəlcə,
yazıçının e-mailinə mesaj atsa da, cavab gəlmir.
Jedi Uelbeklə görüşdürən isə
başqa bir fransız yazıçısı Fredrik Beqbeder
olur. Beqbederin Jedi tanıması isə Olqa
sayəsindədir. Onu təəccübləndirən
odur ki, Parisin beş ən gözəl
qadınından biri olan Olqa Jeddə nə tapıb? (Deyəsən, Beqbeder Parisin digər dörd ən
gözəl qadınını da tanıyır). Beləliklə, Jed Martin və Mişel Uelbek elə
yazıçının evində görüşürlər.
Bununla da o, öz romanına obraz kimi daxil olur və təkcə
özünü deyil, Jan Pierre Pernaut, Tereza Kremis, dostluq etdiyi
yazar Frederik Beqbeder kimi başqa tanınmışları da
öz romanına daxil edir. Bəs bu adamlar
romanın içində nə qədər qurmacadı, nə
qədər real? Məsələn,
yazıçı M. Uelbeklə obraz M. Uelbek arasında nə
kimi fərqlər var. Müəllif real detallarla bizi
inandırmağa çalışır ki, bu adamları
romanında xarakterə, obraza çevirməyib, onlar roman qəhrəmanları
yox, elə bizim real həyatda tanıdığımız
adamlardı. Bəli, müəyyən qədər
doğrudur. Məsələn, Beqbederlə
bağlı hissələr avtobiqrafiya effektini yaradır.
Romanda biz eyniylə müsahibələrindən
tanıdığımız, həyatı haqqında
az-çox bildiyimiz Beqbederlə rastlaşırıq.
Tələsməyək. Eynilə Fredrik Beqbeder
kimi M. Uelbekin də şəxsi həyatıyla bağlı,
ailə vəziyyəti, maddi durumları barəsində bir
çox real təsvirlər var. Bu, heç. Ancaq romanın son hissəsində Mişel Uelbek
öz evində amansızca qətlə yetirilmiş halda
tapılır. Sual: Mişel Uelbek
öldürülübsə, o zaman əlimizdə
tutduğumuz romanı kim yazıb? Bəlkə, bu ölüm Bartın “müəllifin
ölümü” fikrini işarələyir? Bax, burada
müəllif Uelbeklə obraz Uelbek arasında fərqlər
aşkara çıxır...
Jed sərgi kataloqunun mətnini hazırlaması üçün M. Uelbekə on min avro təklif edir. Beqbederin də dediyi kimi, son dönəmlər Uelbekin boşanma davası və başqa problemlərinə görə onun pula ehtiyacı var. Əgər yaxşı pul təklifi alsa, belə bir mətni yazmağa razılıq verəcək. Yazıçı razılaşır. Sonra Jed ona zəng edib Uelbekin rəsmini çəkmək istədiyini və bu rəsmi, katoloq mətnin yazdığı üçün ona hədiyyə kimi təklif edir. Jed yazıçının mətni gecikdirməsinə razı olur. Çünki həyatında ilk dəfə bir yazıçının portretini çəkən Jedin də bu rəsmi çəkmək üçün zamana ehtiyacı var. “Mişel Uelbek, yazıçı” rəsmi tamamlanır, Uelbek lazım olan mətni yazıb göndərir. Əvvəlcə sərgidə nümayiş etdirilən bu tablonun qiyməti isə 750 min avro kimi dəyərləndirilir. Üstəlik, dünyanın bir çox zəngin adamları Jedin onlarında rəsmini çəkməsini istəyir və minimum qiymət isə bir milyon avrodan başlayır. Qalareyanın sahibi Franz Jedə bu tablonu Uelbekə verməməsini desə də, Jed verdiyi sözün üstündə durur.
Mişel Uelbekin evində vəhişcəsinə qətlə yetirilməsi bir müəmmaya çevrilir. Aparılan bütün tədqiqatlar nəticəsiz qalır. Kim nə üçün onu öldürsün? Onun ölümünü çözən adam isə Jed Martin olur. Qətldən sonra yazıçının evinə aparılanda öz tablosunun orada olmadığının fərqinə varır. Polisə bu tablonun indilərdə 900 min avro qiyməti olduğunu deyir. Polis indi 10 min avro üçün adamların nə etdiklərini fikirləşəndə bu qədər pul üçün nə edəcəklərindən bəhs edir. Və qətl oğrulanmış sənət əsərlərinin tədqiqatı ilə məşğul olan şöbəyə transfer edilir. Beləliklə, “Mişel Uelbek, yazıçı” tablosu yazıçının ölümünə səbəb olur, birbaşa olmsada o, Jedin sayəsində ölür. Romanda yazıçının özünü bu şəkildə qətlə yetirməsini iki mənada yozmaq olar. Birincisi, bu, M. Uelbekin Fransadakı ədəbi kimliyi, mediya ilə münasibətlərini əks etdirən ironik yanaşmadır. İkincisi, bunu yaşadığımız dövrdə sənətin öldürdüyü mənasında da yozmaq olar.
“Xəritə və torpaqlar” romanında yazıçının ön plana çəkdiyi digər məsələ isə sənətdən daha çox maddi qazancların insanı öz əsarətində saxlamasıdır. Müəllif hər şeyin son nöqtəsi kimi kapitalı göstərir. Kitabda sevdiyim bir abzası sizinlə bölüşmək istəyirəm: “Qəribədir, insandakı özünü ifadə etmək, dünyada bir iz buraxmaq ehtiyacının güclü bir hiss olduğunu düşünürük, amma əslində, elə deyil. İnsanların öz sərhədlərini aşmağa vadar edən şey sadəcə pul qazanmaq ehtiyacıdır”. Məncə, bu abzas yazıçının romanda özünü öldürməsi ilə bağlı sualımıza cavab tapmaqdan kömək edir...
Romanda markalar, brendlər, pul, reklamlar önəmli bir yer
tutur. Yazıçı fotoaparat, avtomobil modellərinə,
onların haradan alınmasına, hansı funksiyalara malik
olmasına dair uzun-uzun abzaslar həsr edib. Romanda
maşınların, pendirin, şərabın – bir sözlə,
hər şeyin hansı firmadan olması qeyd olunur. M.
Uelbekin əşyaları bu cür dəqiqliklə nəql etməsi
TV verilişlərində hər on beş
dəqiqədən bir sponsorlara təşəkkür edən
aparıcıları xatırladır və içimdə bir
şübhə baş qaldırır, görəsən,
yazıçı bu şirkətlərlə hansısa bir
müqavilə bağlamayıb ki? Çünki
bildiyiniz kimi reklamlar təkcə televiziya verilişlərində
yox, filmlərdə, romanlarda da olur. Filmin
baş qəhrəmanın hansı siqaret markasından istifadə
etməsindən avtomobilinə, saatına qədər hər
şey ölçülüb biçilir. Bu romanda da Audi, Mersedes, Samsung, Apple, LG kimi
böyük şirkətlərin mallarını ən
kiçik detallarına qədər təsvir olunur. Və
bu elə bir mexanizmdir ki, mətn üzərinə yazılan məqalələr,
verilən şərhlər, müzakirələr də bu
“reklam kampaniyası”na istər-istəməz
daxil olur. İndi reklamlar həyatımızın
hər anına müdaxilə etmək gücündədirlər.
Mən Mişel Uelbekin hansısa şirkətlə saziş
bağlamasının, ya da bütün bunların
yazıçının kapitalizmə olan ironyası
olmasından aslı olmayaraq, reklamın bu dünyadan bezib
qaçdığımız, son
sığınacağımız olan xəyallarımıza
da təsir etməsi barədə düşünürəm...
Ramil
Əhməd
525-ci qəzet.- 2016.- 2 aprel.- S.14