“YAY Gallery” Parisdəki müasir incəsənət sərgi-yarmarkasında
Parisdə “Grand Palais”də nüfuzlu və çox sevilən “Art Paris Art Fair” müasir
incəsənət sərgi-yarmarkasında
Azərbaycan adından
“YAY Gallery” qatılıb.
Sərgi-yarmarkada Azərbaycanda müasir incəsənətin ictimai
dərki və incəsənətimizin ölkə
daxilində və beynəlxalq səviyyədə
təbliği ilə məşğul olan YARAT Müasir İncəsənət
Məkanının təsisçisi
və bədii rəhbəri Aida Mahmudovanın
əsərləri sərgilənir.
Sent Martins İncəsənət və Dizayn mərkəzi kollecinin məzunu Aida Mahmudovanın
əsərləri Bakı
ilə yanaşı, dünyanın bir çox ölkələrində
geniş sərgilənib. Rəssamın dəniz mənzərələri
“VITA VITALE” qrup sərgisinin
bir hissəsi kimi 56-cı “Venesiya Biennalesi” sərgisində təqdim olunub. Onun heykəltəraşlıq instalyasiyaları
və rəsmləri bir çox beynəlxalq sərgilərdə
nümayiş etdirilib
və dünyanın müxtəlif yerlərində
fərdi kolleksiyalarda saxlanılır.
Azərbaycanlı rəssamın əsərləri əsasən nostalji hisslər və yaddaş mövzusunda qurulur. O, öz yaradıcılığında təbiətdən və anadan olduğu Azərbaycandan, Abşeron mənzərələrindən ilham alır. Rəsm silsilələrində A.Mahmudova sanki anilik ideyasını araşdırır. Əsərlər daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitinin lirik ab-havasını görməyə və hiss etməyə imkan verir. O, diqqətdənkənar yerli və bəzən unudulan mənzərələri əsərinin ön planına yerləşdirməklə, Vətəninin müxtəlifliyini təsvir edir. Onun zərif nostalji hisslər ilə aşıb-daşan əsərlərində şəhər və Abşeron mənzərələri ilə əlaqədar sosial-antropoloji baxışlar öz əksini tapır.
Parisdə “Grand Palais”də nüfuzlu
“Art Paris Art Fair” sərgi-yarmarkasında
Aida Mahmudovanın “10 am, 2015”, “24 hours,
2015”, “From noon till five, 2015”, “Towards the evening, 2015”, “Red
Orange-Green Blue, 2015” əsərləri sərgilənir. Azərbaycanlı rəssamın əsərləri
yarmarkanın ziyarətçilərinin
diqqətini cəlb edib.
“YAY Gallery”nin daha
iki üzvünün
- Reza Hazare və Almagul Menlibayevanın əsərləri də
“Grand Palais”də təşkil
olunmuş yarmarkada nümayiş olunur.
“YAY Gallery”nin stendi
5 ildən az bir müddətdə fəaliyyətə başlayan
perspektivli qalereyalara həsr edilmiş “Promesses” sektorunda yerləşir.
Yarmarkada 20-yə qədər ölkəni təmsil edən 143 qalereya iştirak edir. Azərbaycan, Kolumbiya və
İran bu sərgi-yarmarkada ilk dəfə
təmsil olunurlar.
Aprelin
3-dək davam edəcək
sərgi- yarmarka zamanı hər axşam “Grand Palais”nin fasadında rəqəmsal incəsənət
əsərləri təqdim
edilir.
525-ci qəzet.- 2016.- 2 aprel.- S.12