Bakı Dövlət Universitetində Qəşəm
Nəcəfzadə ilə görüş
Bakı Dövlət Universitetində
tanınmış şair
Qəşəm Nəcəfzadə
ilə müəllim və tələbələrin
görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin müəllimi Daşqın Qəmbərov şairlərlə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Tələbələrin ədəbi dünyagörüşünün, milli vətənpərvərlik hisslərinin formalaşmasında belə tədbirlərin vacibliyini qeyd edib. Sonra o, Qəşəm Nəcəfzadənin yaradıcılığı haqqında tədbir iştirakçılarına qısa məlumat verib.
Tədbirin aparıcısı Əməkdar jurnalist, şair Murad Qoçuoğlu Qəşəm Nəcəfzadəni gənclik illərindən tanıdığını, onun yaradıcılığında təbiət, sosial və ictimai həyatla bağlı mövzuların geniş yer aldığını dilə gətirib.
Yazıçı Səyyad Aran şairin şeirlərinin həyatiliyindən söhbət açıb. O qeyd edib ki, Qəşəm Nəcəfzadə şeir, esse və hekayələrində həyatın qəddarlığını və həm də bu həyatda heç vaxt sönməyən insanın dünyəvi düşüncə işığını böyük ustalıqla qələmə alır. Şair Balayar Sadiq şairin dünyada çapından, xüsusən Avropa ölkələrində nəşr edilən kitablarının əhəmiyyətini vurğuladı.
Şairlərdən Nuranə Nur, Aybəniz Qafarlı və Bakı Dövlət Universitetinin müəllimi Ələmdar Cabbarlı da Q.Nəcəfzadə haqqında ürək sözlərini bölüşüblər.
Sonda Qəşəm Nəcəfzadənin həyat və fəaliyyətindən bəhs edən kiçik film göstərilib, şair yeni şeirlərini oxuyub, tələbələrin suallarını cavablandırıb və onlara yeni çapdan çıxan kitablarını hədiyyə edib.
525-ci qəzet.- 2016.-5 aprel.- S.7