Böyük ədibin taleyindən keçən unudulmaz insan

 

MİRZƏ CƏLİL BİR MÜDDƏT HƏYAT YOLDAŞI OLMUŞ NAZLI XANIMI ÖMRÜ BOYU EHTİRAMLA YAD EDİB

 

 

Yazıçının mühiti və şəxsi həyatında yaşadığı məqamların və özünəməxsusluğu ilə fərqlənən ayrı-ayrı mərhələlərin onun dünyagörüşünə, ədəbi-bədii və ictimai fəaliyyətinə hökmən müəyyən təsiri olur.

 

Məhz buna görə də müasir ədəbiyyatşünaslıq elminin qarşıya qoyduğu tələblərdən biri də odur ki, ədəbi şəxsiyyətlərin yaradıcılığı və fəaliyyətini hərtərəfli və obyektiv şəkildə dəyərləndirmək üçün onun şəxsi həyatına aid olan bir çox məsələlər araşdırılsın və elmi baxımdan şərh olunsun.

 

Bunu nəzərə alaraq məqaləmizdə XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı və mətbuatının parlaq simalarından biri olan böyük demokrat yazıçı və naşir Cəlil Məmmədquluzadənin həyatının çox mühüm bir mərhələsi - Nazlı xanımla evlənməsinin  tarixçəsi və bu izdivacın onun karyerasındakı rolu və əhəmiyyətinin şərhi üzərində dayanacağıq.

 

Nazlı xanımın tərcümeyi-halı tam şəkildə bizə məlum olmasa da, bir sıra yazılı xatirə materiallarından və bəzi arxiv sənədlərindən onun haqqında müəyyən məlumatlar əldə etmək mümkündür. Əsl adı Zeynəbağa olmasına baxmayaraq, ailədə, həmçinin dost-tanışlarının əhatəsində ona "Nazlı xanım" deyə müraciət edilmişdir. Bunun səbəbi bəlli deyil. O, Naxçıvanda yaxşı tanınan və böyük hörmət sahibi olan mayor Şəfi ağa Kərim Sultanın qızı, dövrünün tanınmış hüquqşünası Məmmədqulu bəy Kəngərlinin bacısıdır.

 

Naxçıvan qəza rəisi kapitan Engelin imzası ilə C.Məmmədquluzadəyə verilən 1901-ci il 20 mart tarixli "Attestat"da Nazlı xanım haqqında belə bir məlumat da vardır: "İlk evliliyi (səhvdir, Mirzə Cəlilin ilk evliliyi Həlimə xanımla olmuşdur - F.X.) Şəfi ağa Kərim Sultanın dul qızı Zeynəbağa xanımla olmuşdur.

 

Arvadı şiə-məzhəb müsəlmandır, onunla (Mirzə Cəlillə - F.X.) birlikdə yaşayır. Övladları yoxdur ("Molla Nəsrəddin" jurnalının nəşri tarixindən. Nəşrə hazırlayan və redaktor A.Paşayev).

 

Nazlı xanımın çox uğursuz bir taleyi olmuşdur. Həmidə xanım Məmmədquluzadənin yazdığına görə o, Mirzə Cəlillə tanış olanadək "Əliqulu bəy Şahtaxtlının zövcəsi olmuşdu və ondan Heydər adlı oğlu vardı. Nazlı xanım Mirzə Cəlilə ərə gedərkən oğlu Heydərin 10 yaşı vardı".

 

Bu sətirlərdə Nazlı xanımın talesizliyinə aid diqqəti cəlb edən elə bir ürəkyandırıcı məqam yoxdur. Lakin məsələ burasındadır ki, Həmidə xanımın yanlışlıqla verdiyi məlumatı dəqiqləşdirdikdən sonra bu zavallı qadının acı taleyi gözlərimiz önündə canlanır. Yanlışlıq nədədir?

 

Filologiya üzrə fəlsəfə doktoru Ə.Tahirzadə jurnalist M.Vəzirin tərcüməsində 2012-ci ildə Bakıda çap olunan "Həmidə Məmmədquluzadə. Xatirələrim" kitabına yazdığı bir şərhdə həmin sualın cavabını belə verir: "Həmidə xanım başda olmaqla bir çox ən nüfuzlu qaynaqlar Nazlı xanımın ilk nikahının Əliqulu Şahtaxtlı ilə olduğunu və ondan Heydər adlı oğlunun dünyaya gəldiyini bildirir. Ancaq Heydər Şahtaxtlı/Kəngərlinin özünün yazdığına görə onun anası öncə Hacı İsa Sultanın nəvəsi Heydər ağa Hacı Vəli ağa oğlu Şahtaxtlıda ərdə olub. Qarsda polis işləyən gənc Heydər ağa övladı dünyaya gəlmək ərəfəsində həlak olduğuna görə onun adı oğluna qoyulub və o zamankı ənənəyə əsasən dul qalmış Nazlı xanım qaynı mayor Əliqulu Şahtaxtlıya verilib. Sonralar Əliqulu ağadan ayrılan Nazlı xanım oğlunu da özü ilə bərabər atası Şəfi ağanın evinə aparıb.

 

Təəssüf ki, Ə.Tahirzadə verdiyi məlumatın mənbəyini göstərmir. Lakin şifahi şəkildə bizə dediyinə görə o, bu məlumata Sankt-Peterburqun hansısa arxivində rast gəlmişdir. Mənbəyinin göstərilməməsinə baxmayaraq, həmin məlumatın doğruluğuna heç bir şübhəmiz yoxdur. Çünki uzağa getmədən elə öz respublikamızda - Naxçıvanda Dövlət Arxivində nəinki bu məlumatın doğruluğunu təsdiq edən, hətta həmin məsələ ətrafında təsəvvürümüzü daha da genişləndirən sənədlər vardır. Bu sənədlərdən biri  haqqında ilk dəfə tarix üzrə fəlsəfə doktoru M.Quliyev "Şahtaxtinskilər tariximizdə və taleyimizdə" əsərində məlumat vermişdir. M.Quliyevin aşkara çıxardığı həmin sənəd Nazlı xanımın oğlu Heydər ağa Şahtaxtlının Tiflisdən Naxçıvan Şəhər Məhkəməsinə göndərdiyi 24 sentyabr 1916-cı il tarixli ərizəsidir. Ərizə rus dilində yazılıb. Onun əsas məzmununu Hacı Vəli ağanın torpaq mirasının varislər arasında ədalətli bölgüsü ilə bağlı iddia təşkil etsə də, burada Heydər ağanın atası və əmisi Əliqulu ağanın ailəsi haqqında məlumatlar da vardır. Ərizədən aydın olur ki, Heydər ağa Hacı Vəli ağa oğlu Nazlı xanımın birinci əridir. O, polis məmuru olmuş, 1889-cu ildə övladı dünyaya gəlməmiş faciəli şəkildə həlak olmuşdur.

 

Heydər ağanın vəfatından sonra Nazlı xanımın onun özündən böyük qardaşı Əliqulu ağaya verilməsi, oğlu dünyaya gələrkən atasının adı ilə Heydər ağa adlandırılması da oğul Heydər ağanın ərizəsində öz əksini tapmışdır.

 

Heydər ağa Hacı Vəli ağa oğluna aid son vaxtlarda tapdığımız bir qovluğa cəmləşdirilmiş yeni arxiv sənədlərində oğul Heydər ağanın ərizəsində göstərdiyi faktların bir çoxu təsdiq olunur. 1883-cü ildə ona verilən "Attestat"dan isə aydın olur  ki, o, həmin ildə (1883) hələ evli deyilmiş. Təəssüf ki, qovluqda Heydər ağa Hacı Vəli ağa oğlunun 1885-1889-cu illərə aid fəaliyyətini əks etdirən sənədlər yoxdur.

 

Burada Nazlı xanımın talesizliyini göstərən bir məqamın da üzərində dayanmaq istəyirik. Bu, həlak olmuş ərinin, xalq demişkən, hələ meyidi soyumamış qaynı, müharibə əlili Əliqulu ağaya verilməsidir. Əliqulu ağa haqqında hələlik kifayət qədər arxiv sənədləri aşkara çıxarılmamışdır. Lakin tarixçi M.Quliyevin tədqiqatları nəticəsində aydın olmuşdur ki, o, Rusiya ordusunda xidmət göstərən "cəsur hərbçilərdən" olmuş, "müharibədə ağır yaralanmış və mayor hərbi rütbəsi" almışdır.

 

Nazlı xanım tezliklə Əliqulu ağadan ayrılıb atası evinə qayıtmışdır. Bu fakt onu sübut edir ki, o, formal olaraq Əliqulu ağaya verilmiş və yeni "ər" evində özünü dustaq kimi hiss etmiş və çətinliklə də olsa, bu əzablı həyatdan yaxasını qurtara bilmişdir. M.Quliyev yazır ki, Əliqulu ağa bu ayrılıqdan sonra "əmisi qızı Tovuz xanımla ailə qurmuş", "dörd övlad sahibi olmuş" və   Şahtaxtıda vəfat etmişdir.

 

Nazlı xanım ilk nikahından 7 il sonra Mirzə Cəlillə rastlaşır. Onların tanışlığının maraqlı bir tarixçəsi vardır. Bu barədə Həmidə xanım Mirzə Cəlilin dilindən eşitdiklərinə əsaslanaraq öz xatirələrində ətraflı məlumat vermişdir. Maraqlı cəhət burasıdır ki, həmin tanışlıq Nazlı xanımın təşəbbüsü ilə elə öz evlərində baş tutmuşdur. Mirzə Cəlil bu tanışlığın tarixçəsini belə xatırlayırmış: "Mən, demək olar ki, hər gün Məmmədqulu bəy Kəngərlinin (Nazlı xanımın qardaşı - F.X.) evinə gedir... hüquq fakültəsinə daxil olmağa hazırlaşır... onun kitablarından istifadə edirdim. Bir dəfə otaqda tək oturub kitab oxuyurdum. Birdən qapı qəfil açıldı, içəri gənc gözəl bir qadın daxil oldu. Mən yerimdə donub qaldım. Bu qadın bütün müsəlman qadınlar kimi kişi görüb çəkinmədi, qorxmadı, özünü itirmədi. Əksinə mənə tələsmədən, əzəmətli və qürurlu bir nəzər salıb keçdi və o biri otağa getdi. Bu gördüklərim mənə xəyal kimi gəldi. O qadının xəyalı həmişəlik fikrimdə həkk olundu".

 

Tezliklə Mirzə Cəlil "fikrində xəyalı həmişəlik həkk olunan" Nazlı xanımla  evlənmək qərarına gəlir. Həmidə xanımın yazdığına görə "Mirzə Cəlillə Nazlı xanımın evlənmələri böyük çətinliklə baş tutur. Mirzə Cəlil öz mənşəyinə görə Nazlı xanımın zümrəsinə mənsub deyildi. Zadəgan deyildi, mülkiyyətsiz idi, hətta müəyyən bir xidməti vəzifəsi belə yox idi. Nazlı xanımın ailəsinin bütün üzvləri bu izdivacın əleyhinə idi, bircə Məmmədqulu bəydən başqa. Mirzə Cəlil Nazlı xanımın ailəsini bu izdivaca razı salmaq üçün öz iradəsi əleyhinə xidməti vəzifəyə girir. Qəza idarəsində tərcüməçi işləməyə məcbur olur (nədənsə Həmidə xanım Mirzə Cəlilin Naxçıvanda polis pristavının köməkçisi işləməsini xatırlatmır - F.X.). Bir-iki aydan sonra bu vəzifəni atıb israrla imtahanlara hazırlaşır".

 

Burada mövzu ilə birbaşa əlaqədar olduğu üçün vaxtilə Azərbaycan ədəbiyyatşünaslarının Mirzə Cəlilin polis idarəsində işləməsinin səbəbi və bu işdən uzaqlaşması haqqında irəli sürdükləri fikir və mülahizələri nəzərdən keçirməyi zəruri hesab edirik.

 

İlk dəfə bu məsələyə ətraflı şəkildə toxunan professor Ə.Şərif belə bir sual qarşıya qoymuşdur: "Necə oldu ki, "Danabaş kəndinin əhvalatları" kimi əsərin müəllifi şərəfli müəllim vəzifəsindən çıxıb polis pristavının köməkçisi mənsəbinə razı oldu?"

 

Bu suala cavab axtaran Ə.Şərifin fikrincə, 26 may 1895-ci il tarixli raportunda Nehrəmdə "yerli şəraitə qarşı" mübarizədə gücsüz olduğunu hiss etdiyini yazan  Mirzə Cəlil ona görə müəllimlikdən çıxıb polis pristavının köməkçisi vəzifəsində işləməyə razı olmuşdur ki, "ona verilmiş rəsmi ixtiyar və hüquqdan istifadə edərək konkret kəndxudanın hərki-hərkiliyinə yol verməz, müəyyən qadının dərdini yüngülləşdirə, bir yoxsulun haqqını müdafiə edə, bir yetim uşağın göz yaşını silə bilər".

 

Mirzə Cəlilin polis idarəsindən çıxması haqqında isə Ə.Şərif iki versiya irəli sürür:

 

..."Pristav köməkçisinə verilən ixtiyar və imkanlar məhdud idi. Bu məqsədə çatmaq üçün inqilab lazım idi. Odur ki, bu həqiqəti dərk edən C.Məmmədquluzadə polis xidmətindən imtina edir və qulluqdan çıxır";  "C.Məmmədquluzadə xalqına daha fəal xidmət etmək ümidi ilə kənd məktəb müəllimi vəzifəsini tərk edib müvəqqəti olaraq polis idarəsindəki mənsəbi seçmiş və tezliklə yanıldığını başa düşüb özü üçün həyatda başqa bir yol axtarmağa başlamışdı".

 

Başqa bir tədqiqatçı - professor Ə.Mirəhmədovun Mirzə Cəlilin polis idarəsində işləməsinin və oradan uzaqlaşmasının səbəbləri haqqında fikirləri isə Ə.Şərifin bu barədə dediklərinin təkrarı kimi səslənir: "...Əyninə məmur libası geyən C.Məmmədquluzadə inzibati xidmətə xalqın dadına çatmaq, ona qahmar çıxmaq, ədalətsizliyi bu və ya başqa dərəcədə azaltmaq yolu kimi baxırdı... Lakin sonra niyyətinin səraba düşdüyünü görüb ondan əl çəkmişdir" (Mirəhmədov Ə. Azərbaycan Molla Nəsrəddini. Bakı: Yazıçı, 1980, s.111).

 

Keçən əsrin 80-ci illərində xüsusi araşdırmaları ilə mirzəcəlilşünaslığa bir sıra yeniliklər gətirən akademik İ.Həbibbəyli də "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" əsərində ədibin polis idarəsində işləməsi və oradan uzaqlaşmasının səbəblərindən söz açmışdır:

 

... "C.Məmmədquluzadə polis idarələrində çalışıb zəhmətkeş insanların hüquqlarını axıradək müdafiə etmək imkanlarının məhdudluğunu aşkar yəqin etmişdi. O, belə bir fikrə gəlmişdi ki, ilk növbədə hüquq qanunlarını mükəmməl öyrənmək, həmin sahədə demokratik islahatlar aparmaq tələb olunur. Bu cəhətdən isə ədliyyə orqanları daha əlverişli imkanlara malikdir. Ona görə də polis idarəsində vəzifəsini tərk edib, ədliyyəçi olmaq barədə təşəbbüslər göstərmişdir"; "Mirzə Cəlilin qaynı M.Kəngərli onun bacısı Səkinə Məmmədquluyeva ilə evlənmişdir... Lakin ... ailə münasibətləri uğurlu olmamış... Səkinə xanımla M.Kəngərli arasındakı nikah pozulmuşdur. Bu isə yaxın dost və qohum olan Mirzə Cəlil ilə Məmmədqulu bəyin, habelə onların ailələrinin, valideynlərinin münasibətlərinə də öz təsirini göstərmişdir. Cəlil Məmmədquluzadə Naxçıvandakı qulluğunu tərk edib İrəvana köçməyi vəziyyətdən çıxış yolu kimi seçmişdir".

 

(Ardı var)

 

Fərman XƏLİLOV

Filologiya üzrə elmlər doktoru, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri

525-ci qəzet.- 2016.-5 aprel.- S.6.