Müharibənin informasiya
cəbhəsi
Azərbaycan Mətbuat Şurası cəbhəyanı zonalardakı gərginliyin mediada təqdimatı məsələləri ilə bağlı bəyanatını yaydı, kütləvi informasiya vasitələrinə, internet saytlara, sosial şəbəkə istifadəçilərinə səsləndi. Ümumən hər dəfə təmas xəttində həyəcan artanda Şura bu sayaq çağırışlar edir. Bəri başdan onu deyim ki, ötən illərlə müqayisədə cəbhədəki durumun KİV-lərdə işıqlandırılmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır. Daha doğrusu, mənfi meyllər əhəmiyyətli dərəcədə azalıb. Deməli, MŞ-nin də ictimai institut kimi həyata keçirdiyi missiya öz faydasını verir. Əlbəttə, ayrı-ayrı media orqanlarının və jurnalistlərin bu prosesdəki əməyini vurğulamaq mütləqdir. Nəhayət, Şura işini onların təklif və təşəbbüsləri əsasında qurur.
Media və monolitlik
2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə cəbhəboyu ərazilərdə yaşananlar, ordumuzun kəskin əks həmlələri Azərbaycan cəmiyyətində bəlkə atəşkəsin başlandığı dövrdən indiyədək görünməmiş ruh yüksəkliyi yaratdı. Ayrıca onu deyim ki, bu dəfə siyasi arenamızdan da nə vaxtsa nümayişini xatırlamaqda çətinlik çəkdiyimiz müsbət reaksiyalar gəldi. Müxtəlif məsələlərə münasibətdə ən barışmaz mövqeyi ilə seçilən müxalif təşkilatlar və onların rəhbərləri hakimiyyətə etimad göstərilməsinin vacibliyini əsaslandıran fikirlərlə çıxış etdilər.
Bəli, insanlarımız sosial
vəziyyətindən, siyasi
dünyagörüşündən asılı olmayaraq monolit mövqe ortaya qoydu. Bu xüsusda
müşahidə edilən müsbət tendensiyaları
dolayısıylı jurnalistikamızın uğuru
kimi qiymətləndirmək mümkündür. Çünki media ictimai
rəyi formalaşdıran
ən başlıca institutdur. Deməli, media həssas sahədir.
Mətbuat Şurası da
bəyanatında jurnalistləri
cəbhə xəttində
baş verənlərə
münasibətdə həssaslıq
nümayişinə, diqqətli
olmağa çağırdı.
Peşəsinə sadiq jurnalistlərimizin yazdıqlarını, sosial
şəbəkələrdə bölüşdükləri fikirləri
də oxudum. Düşündüm ki, jurnalistlərimiz həyati vacib məsələlərə münasibətdə
ortaya qoyduqları dəst-xəttə xələl
gətirən hər hansı meyl və meyllərin qarşısının alınmasında
qətiyyətlidir. Həqiqi qələm
sahiblərimiz fəaliyyəti
mövsümi xarakter daşıyan internet saytların
cəbhə ilə bağlı yayımladıqları
dezinformasiyaları hiddətlə
qarşılayırlar. Deməli, yuxarıda qeyd etdiklərim müsbət məqamların müşahidə
olunmasında media hərəkətverici
qüvvədirsə, bu
qüvvənin faydalılıq
əmsalına, cəmiyyətdəki
imicinə hər hansı formada xələl gətirən
ab-havanın aradan qaldırılması da sosial sifarişdir.
IP yarışı və ya sevincdən xəyal qırıqlığına
Mətbuat Şurasının başlıca
fəaliyyəti media məkanımızın
saflaşmasına yönələn
təşəbbüsləri sosial sifariş kimi dəyərləndirməkdən
və mövcud istiqamətdə müvafiq
tədbirlər reallaşdırmaqdan
ibarətdir. Qurumun nəzərəçarpacaq uğurları
var. Ancaq internetin geniş vüsət aldığı indiki şəraitdə onlayn
media sahəsində ilk baxışdan
nəzarətsiz kimi görünən durumla baş-başayıq və
az öncə
haqqında bəhs etdiyim hiddət və qəzəbin formalaşması məhz bundan qaynaqlanır. Təbii, əsl jurnalistlərdə,
eləcə də müxtəlif əhali kateqoriyalarında sui-istifadələrdən
qaynaqlanan hiddətin yaranmasında ayrı-ayrı
sosial şəbəkə
profillərinin «əməyini»
də vurğulamaq lazımdır. Diqqət edək,
Azərbaycan Mətbuat
Şurasının son iki
gündəki monitorinqi
müəyyənləşdirdi ki, cəhbədə gərginlik müşahidə
olunmağa başlayandan
sonra gözə ən müxtəlif adlarda xəbər saytları dəyir. Belə saytları bir neçə qrupa bölmək olar.
Birinci qrupa aid
olanlar qarşılarına
reytinq göstəricilərində
irəliləməyi məqsəd
qoyublar. Söhbət bildiyiniz IP yarışından
gedir. Bu tip saytlar
bir qayda olaraq cəbhə ilə bağlı pozitiv, ancaq fantastik hesab ediləcək xəbərlər
yaymaqla məşğuldurlar.
Məsələn, ermənilərin itirdikləri canlı qüvvənin və texnikanın sayı həddən artıq şişirdirlər. İstinad mənbəyi
isə cəbhəboyu
zonada yaşayan yerli sakinləri göstərirlər. Belələrinin fəaliyyətinin ziyanlı
tərəfi hazırlıqsız
kütləyə müsbət
təsir göstərərək
onu xəyal qırıqlığına uğratmaqdan
ibarətdir. Məsələn,
«Füzuli rayonu düşməndən azad
edildi», «Cəbrayılın
4 kəndini geri aldıq» kimi sərlövhəli yazıların
sonradan rəsmi təsdiqini tapmamasının
bu rayonların sakinləri olan həmvətənlərimizə necə mənfi təsir göstərdiyini
təsəvvürə gətirək.
Çox çətindir,
axı insanlar iyirmi ildən artıqdır doğma yurdlarının düşmən
əsarətindən qurtulmasını
böyük həsrət
və səbirsizliklə
gözləyirlər…
Yersiz pafosdan nifrətədək
İkinci qrupa isə əsasən xarici KİV-lərin, habelə Ermənistan saytlarının məlumatlarını yayan saytlar daxildir. Onların təqdim etdikləri materiallar məzmunca nisbətən yetkindir. Yəni əvvəlki qrupa aid edilən saytlardakı kimi adi leksik və qrammatik pozuntulara təsadüf edilmir. Bu qrupa daxil olanlar üçün də pozitiv təqdimat tərzi xarakterikdir. Sadəcə hadisə və proseslərə yanaşmalarında ciddi yanlışlıqlar var. Bəzən heç fərqinə varmadan düşmən tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılan məlumatları gündəmə gətirirlər. Yersiz pafos və nifrət ifadə edən mənasız başlıqlar da öz yerində. Nəzərə alaq ki, biz Azərbaycan xalqı olaraq humanist təbiətliyik. İstəyimiz torpaqlarımızı düşmən tapdağından qurtarmaqdır. Vətənizim üçün vurur və öldürürük. Ancaq prinsipcə erməni mahiyyətinə xas tərzdə davrana bilmərik. Biz Azərbaycanlıyıq. Müharibəni də müharibə qaydalarına uyğun aparırıq. İstərdim ki, cəbhə ilə bağlı məlumat yayan hər bir jurnalist məsələni məhz bu tərzdə qoysun. Zənnimcə, “Düşmənə qan uddurulur”, “Düşmən qanına qəltan edilir” və digər bu sayaq sərlövhələrdən uzaq olmaq daha faydalıdır.
Təxribatın təqdimatı
Mətbuat Şurasının müşahidələri müəyyənləşdirib ki, cəbhə xəttində baş verən proseslərə yer verən internet informasiya vasitələrinin növbəti qrupu da əsasən xarici KİV-lərin materiallarını yayır. Aydın görünür ki, bu qrup Azərbaycan cəmiyyətində bədbin ab-hava yaratmaq niyyətindədir. Belələri başqa hərbi əməliyyatlar zonasında həyatını itirənləri Azərbaycan əsgərləri kimi təqdim edirlər, müxtəlif video-görüntülər yayırlar. Artıq bir sıra görüntülərin Surayadan olduğu müəyyənləşdirilib. Bu qəbildən olan saytlar həmçinin cəbhədə döyüşən Azərbaycan əsgərlərini terrorçu İraq Şam İslam Dövlətinin (İŞİD) hərbi birləşmələri kimi təqdim etməyə və guya Ermənistana qarşı İŞİD-in mübarizə apardığını vurğulamağa çalışırlar. Beləliklə çox güman, Qarabağda baş verənlərə dini çalarlar qataraq müəyyən mənada xristian dünyasının diqqətini cəlb etmək, müxtəlif siyasi gedişlərə baş vurmaq planlaşdırılır.
Bir məqamı da nəzərə alaq ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi və diaspor təşkilatları cəbhədəki hərbi məğlubiyyəti siyasi və mənəvi qalibiyyətə çevirməyə çalışırlar. Qarabağı İŞİD-in plasdarmı olaraq göstərmək cəhdini qeyd etdim. Mövcud kampaniyada bəzi Rusiya KİV-lərinin iştirakı məlumdur. Üstəlik erməni təxribatı sosial şəbəkə profillərinə də daşınıb. Azərbaycanlı adı ilə saxta profil istifadəçiləri var ki, belə desək, erməni infodiversantları tərəfindən idarə olunur. Bu sayaq profillər vəziyyətdən asılı olaraq gah Azərbaycana qarşı açıq nifrət ortaya qoymaqla, gah erməni millətinin ünvanına məqsədli hədyanlar yağdırıb diqqəti özlərinə çəkməklə, gah da Azərbaycanın cəbhədəki uğurlarını fantastik tərzdə təqdim etməklə manipulyasiyalara yol verirlər. Bizdə olan məlumata görə, Gürcüstandakı bəzi ermənipərəst dairələrin də təxribatlara dəstəyi var. Azərbaycan Mətbuat Şurası sadaladığım məqamları diqqət mərkəzində saxlamaqda davam edir.
Hüquqi və mənəvi məsuliyyət
Azərbaycanla müharibə təkcə döyüş meydanlarında getmir. Ölkəmizə qarşı yönəlmiş informasiya müharibəsi yekun nəticə etibarilə cəmiyyətimizin haqqında bəhs etdiyim monolitliyini sıradan çıxarmağı hədəf seçib. Bu məqsədin reallaşması isə torpaqlarımızın işğalının qəbuledilməzliyi qədər yolverilməzdir. Buna görə də özünü media adına iddialı sayan hər bir təşkilat həm həssas, həm də məsuliyyətli olmalıdır. Həssaslıq peşəkarlıq göstəricisidir. Məsuliyyətlilik isə həm peşəkarlıqdan xəbər verir, həm də KİV-i fəaliyyətinin hüquqi müstəvidə müzakirə oluna bilmə ehtimalından qoruyur. Nəzərə alaq ki, cəbhə xəbərləri ilə bağlı manipulyasiyalara yol vermək eyni zamanda olduqca ciddi qanun pozuntusudur. Qanun pozuntusu isə cəzasız qalmamalıdır və qalmayacaq da".
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri,
millət vəkili
525-ci qəzet.- 2016.- 5 aprel.- S.5.