Atəşkəsi pozmaq Ermənistana baha
başa gəldi
SİLAHLI QÜVVƏLƏRİMİZ DÜŞMƏN TƏXRİBATLARININ QARŞISINI QƏTİYYƏTLƏ ALARAQ ERMƏNİLƏRİ MÖVQELƏRİNDƏN GERİ ÇƏKİLMƏYƏ MƏCBUR EDİR
Aprelin 1-dən 2-nə keçən gecədən
başlayaraq cəbhə boyu mövqelərimiz və
yaşayış məntəqələrimiz Ermənistan tərəfindən
intensiv atəşə məruz qalıb.
Bunun nəticəsində mülki əhali arasında
ölən və yaralananlar var. Bu təxribatın
qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin
təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin
komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam
və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin
keçirilməsi barədə qərar qəbul edilib.
Qısa müddətdə həyata keçirilən
sürətli əks-həmlə zamanı erməni birləşmələrinin
uzun illərdən bəri mühəndis-istehkam
baxımından möhkəmləndirdiyi birinci müdafiə
xətti cəbhənin bəzi istiqamətlərində
yarılıb, strateji əhəmiyyətə malik bir neçə
yüksəklik və yaşayış məntəqələri
düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə
yarada biləcək Talış kəndi ətrafındakı
yüksəkliklər, eləcə də Seysulan məntəqəsi
düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən
qorunması məqsədilə Füzuli rayonu istiqamətində
yerləşən, geniş ərazini nəzarətdə
saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ
təpə" adlandırılan yüksəklik də
bölmələrimizin nəzarətinə keçib. Düşmən
tərəf həm canlı qüvvə, həm də hərbi
texnika baxımından böyük itki verərək geri
çəkilməyə məcbur olub. Lakin
düşmən mənfur niyyətindən əl çəkməyərək
işğaldan azad edilən əraziləri geri qaytarmaq
üçün atəşkəsi pozmaqda davam edir. Azərbaycan Silahlı Qüvvələrinin
qarşısıalınma tədbirləri nəticəsində
düşmən yenidən ağır itkilər verməyə
davam edir.
Hazırda düşməndən tam azad olunan yüksəkliklər
və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə
tədbirləri həyata keçirilir, yeni səngərlər
qazılır və mövqelərdə möhkəmləndirmə
işləri aparılır.
Döyüşlərdə
ermənilərə məxsus 10-a qədər tank, 15-dək
artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis
qurğuları məhv edilib, o cümlədən, yüzdən
çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Düşmənlə döyüşlərdə
Silahlı Qüvvələrimizin 15 hərbi qulluqçusu
şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri
zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24
helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd
tank mina partlayışı zamanı sıradan
çıxıb.
Müdafiə naziri döyüşlərdə
iştirak edən şəxsi heyətin döyüş
qabiliyyətini, hərbi təcrübəsini və
döyüş ruhunu yüksək qiymətləndirib.
Nazirlik bildirib ki, atəşkəs rejimi haqqında
razılaşmanın Ermənistan tərəfindən
pozulması təkrarən baş verərsə düşmənə
vurulacaq zərbələr daha ağır və
sarsıdıcı olacaq.
Təmas xətti boyu baş verən hadisələr Ermənistan
rəhbərliyinin sülh, atəşkəs qaydalarına riayət
etmək istəməməsi ilə bilavasitə
bağlıdır. İşğalçı ölkə
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı bu günə kimi irəli sürülən
bütün təşəbbüslərin
qarşısını almağa çalışıb, bu məqsədlə
bütün mümkün vasitələrdən istifadə
edib. Ermənistan rəhbərliyi
bütün sülh təşəbbüslərini
bloklayır, mövcud status-kvonun saxlanması üçün
əlindən gələni edir. ATƏT-in Minsk Qrupunun bu
günə kimi münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində
həllini ehtiva edən təklif və təşəbbüsləri
də məhz Ermənistanın destruktiv mövqeyi nəticəsində
reallaşmayıb.
Müxtəlif illərdə beynəlxalq vasitəçilərin
təşəbbüsü ilə aparılan yüksək səviyyəli
danışıqlar zamanı əldə olunan praktiki nəticələr
sonrakı dövrə məhz Ermənistanın təxribat əməlləri
nəticəsində iflasa uğrayıb.
1998-ci ildə
Levon-Ter Petrosyanın hakimiyyətdən
uzaqlaşdırılması, 1999-cu ildə Ermənistan
parlamentinin gülləbaran edilməsi, 2014-cü ildə Parisdə
Azərbaycan və Ermənistan prezidentləri arasında
aparılan danışıqlardan sonra ermənilər tərəfindən
cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi
və digər faktlar göstərir ki, Ermənistan rəhbərliyi
çıxılmaz vəziyyətə düşdükdə
terror və cəbhədə vəziyyəti gərginləşdirmək
kimi metodlardan geniş istifadə edir.
Bu günlərdə cəbhə bölgəsində
müşahidə olunan gərginlik də Azərbaycanın
diplomatik uğurları və Ermənistan rəhbərliyinin
mürəkkəb vəziyyətə düşməsi ilə
əlaqədardır.
Prezident
İlham Əliyev Vaşinqtonda Nüvə Sammitində
iştirakı çərçivəsində ABŞ rəhbərliyi,
o cümlədən, dövlət katibi Con Kerri, vitse-prezident
Cozef Baydenlə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllinə dair
danışıqlar aparıb. ABŞ qəti
şəkildə münaqişənin tezliklə həllinə
tərəfdar olduğunu bəyan edib, həmçinin, Azərbaycanın
haqlı mövqeyinə dəstək ifadə olunub.
Bundan əvvəl
- 2015-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov
münaqişənin həlli ilə bağlı ilkin mərhələdə
5 rayonun azad edilməsi ilə bağlı təkliflə
çıxış edib, bu məqsədlə həm Azərbaycana,
həm də Ermənistana səfər edib. 2016-cı il martın 10-da isə Serj Sarkisyan Moskvaya dəvət
olunub və ona münaqişənin həllinin zəruriliyi
birmənalı şəkildə çatdırılıb. Həmçinin, bu günlərdə Bakıya səfəri
nəzərdə tutulan Rusiya xarici işlər naziri Sergey
Lavrovla da münaqişənin həlli ilə bağlı
müzakirələr aparılacağı gözlənilir.
Fransa Prezidenti Fransua Oland cəbhə xəttində vəziyyətin
gərginləşməsinə dair aprelin 2-də
yaydığı bəyanatında 2014-cü ilin oktyabrında
Parisdə əldə olunan razılaşmalara sadiqliyini təsdiqləyib.
Göründüyü kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri
artıq münaqişənin həlli ilə bağlı qəti
mövqe ifadə edirlər. Bundan əvvəl isə
həmsədrlər ən yüksək səviyyədə
mövcud status-kvonun saxlanmasının mümkün
olmadığı barədə bir neçə dəfə
ümumi rəy bildiriblər. Bu isə beynəlxalq
aləmin və dünyanın aparıcı dövlətlərinin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli vaxtının artıq
çatdığı və bundan sonra mövcud status-kvonun saxlanmasının
qeyri-mümkün olmasına dair açıq
mesajlarıdır.
Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə
düşdüyünü anlayır, cəbhə xəttində
növbəti təxribat törətməklə və vəziyyəti
gərginləşdirməklə Azərbaycanın diplomatik
uğurlarını və beynəlxalq aləmin münaqişənin
ədalətli həlli ilə bağlı qəti mövqeyini
neytrallaşdırmağa çalışır. Ermənistanın
son davranışının arxasında məhz bu amil durur.
Bunun təsdiqi olaraq həm də onu göstərmək
olar ki, Azərbaycan tərəfi beynəlxalq qurumların təkidli
müraciətlərini nəzərə alaraq və Azərbaycan
dövlətinin sülhsevər siyasət yürütməsinin
nəticəsi olaraq əks-həmlə əməliyyatını
və cavab tədbirlərini aprelin 3-dən birtərəfli
qaydada dayandırdığını bəyan edib. Ermənistan tərəfi
isə, əksinə, hərbi əməliyyatların
intensivliyini artırmağa və ciddi-cəhdlə
qarşıdurmanı davam etdirilməsinə
çalışır.
Məsələ
ilə bağlı Milli Məslisin deputatı Fazil Mustafa
bildirib ki, qoşunların təmas xəttində gedən
döyüşlərdə ordumuzun mübarizəsini
hamımız birlikdə canı-könüldən,
dualarımızla dəstəkləyirik: "Tərtər və
Ağdam bölgəsində hərbi-strateji mövqelərlə
bağlı az-çox bilgim olduğuna görə irəliləmənin
relyefə görə nə qədər çətin
olduğunu söyləyə bilərəm. Bununla
belə əsgərlərimizin fədakarlığı ilə
bütün maneələrin aşılacağına
inancım böyükdür. Cəbhə
xəttindən verilən xəbərlərdə hansısa
panika yaradacaq davranışlardan çəkinməklə
yanaşı, real olmayan xəbərlərlə süni ruh
yüksəkliyi yaratmaqdan da uzaq durmaq lazımdır".
Hərbi-siyasi
icmalçı, ehtiyatda olan zabit Ramil Məmmədli isə
hesab edir ki, Ermənistan hərbi birləşmələrinin təxribat
və hücumlarına əks-həmlə ilə cavab verən
Azərbaycan Silahlı Qüvvələri qazandığı
uğurlarla nümayiş etdirib ki, bu illər ərzində
döyüş hazırlığı yüksək səviyyədə
inkişaf etdirilib: "Burada ən önəmli məqamlardan
biri ordumuzun ermənilərin 23 il ərzində
formalaşdırdığı mühəndis-istehkam xəttinin
qısa vaxtda dağıdılması və birinci eşalonun
sıradan çıxarılmasıdır. Bundan
sonra isə sürətli əks-hücumla yüksəkliklər
geri qaytarılıb. Bu baxımdan ordumuzun
döyüş hazırlığı və əməliyyatları
yüksək qiymətləndirilməlidir. Belə davam edərsə, böyük qələbə
uzaqda deyil".
Ekspert
bildirib ki, ordumuzun güclü zərbələri Ermənistanı
sülh masasına otuzduracaq: "Onlar buna məcbur olacaqlar. Digər tərəfdən də dünya birliyi
gördü ki, münaqişə dondurulmuş deyil. Bu baxımdan hesab edirəm ki, bundan sonra beynəlxalq
qurumlar və iri dövlətlər münaqişənin həllinin
sürətləndirilməsinə çalışacaqlar.
Bu isə münaqişənin ədalətli həlli
ilə nəticələnəcək".
Cəbhə boyu vəziyyətin gərginləşməsi
xarici dövlətlər, beynəlxalq dairələri də hərəkətə
gətirib. Əksər qüvvələr tərəfləri atəşkəsi
dayandırmağa çağırır, münaqişənin
həllində sülh variantının alternativinin
olmadığını bəyan edir. Onlardan
biri də Almaniyanın xarici işlər naziri, hazırda
ATƏT-ə sədrlik edən Frank Ştaynmayerdir. O
bildirib ki, Dağlıq Qarabağ bölgəsində yaranan gərginliyə
tez bir zamanda son qoyulmalıdır: "Mən bütün tərəfləri
atəşkəsə hörmətlə yanaşmağı
çağırıram. Dağlıq
Qarabağ münaqişəsinin hərbi yolla həlli
mümkün deyil. Tərəflər siyasi
iradə nümayiş etdirməli və Minsk Qrupu çərçivəsində
danışıqları davam etdirməlidir".
Lakin məlum olduğu kimi, ATƏT-in Minsk Qrupu yarandığı vaxtdan bu günə qədər münaqişənin həllində heç bir irəliləyişə nail olmayıb. Əksinə, həmsədr dövlətlər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün var gücü ilə çalışıblar. Bunu son olaraq yanvar ayında AŞPA-nın qış sessiyası çərçivəsində Ermənistana qarşı səsverməyə çıxarılan qətnamələrlə bağlı apardığı lobbiçilik fəaliyyətində də müşahidə etdik. Birmənalı olaraq, həmsədrlər Azərbaycanın "Dağlıq Qarabağ və işğal olunan ətraf ərzilərində zorakılığın artmasına dair" qətnamə layihənin qəbul olunmasına mane olub. Minsk Qrupunun bu cür fəaliyyəti əlbəttə ki, Ermənistanın apardığı siyasətlə üst-üstə düşür. Ona görə də, Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə münaqişənin həlli qeyri-mümkün görünür. Lakin sonuncu insidentlərdən sonra beynəlxalq dairələrin, xüsusilə həmsədr dövlətlərin münaqişənin həlli ilə bağlı nümayiş etdirəcəkləri mövqe maraqla gözlənilməkdədir.
Deputat Azay Quliyev isə bildirib ki, Almaniyanın xarici işlər naziri, hazırda ATƏT-ə sədrlik edən Frank Ştaynmayer təmas xəttində atəşkəsin pozulması ilə əlaqədar verdiyi bəyanat qənaətbəxş sayıla bilməz: "Nazir tərəfləri atəşkəsə əməl etməyə və Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyə çağırmaqla öz işini yekunlaşdırmamalıdır. ATƏT sədri indi qətiyyət nümayiş etdirməli və Ermənistanı işğal etdiyi Azərbaycanın ərazilərindən çıxmağa çağırmalıdır.
Cənab Ştaynmayer üçün ATƏT-in Minsk Konfransını təcili çağırmaq və problemin həlli istiqamətində bütün səyləri birləşdirmək üçün ciddi əsas yaranıbdır. ATƏT sədri cəbhə bölgəsindəki gərgin vəziyyəti, Ermənistanın törətdiyi təxribatı və hadisələrin sonrakı gedişatını düzgün qiymətləndirməli və adekvat addımlar atmağı bacarmalıdır. Baş verən hadisələr bir daha onu sübut edib ki, Azərbaycan xalqı və ordusu torpaqlarının işğalda qalması ilə heç zaman barışmayacaq və ərazilərimiz gec-tez düşmən tapdağından azad olacaq. Bu reallığı ATƏT-də, Ermənistan da tam olaraq dərk etməlidir".
Ceyhun
ABASOV
525-ci qəzet.- 2016.-5 aprel.- S.4