Mən və mənim Allahım

 

(ARAMIZDA ÜÇÜNCÜ ŞƏXS YOXDUR, İKİLİKDƏ OLMAQ BİZƏ BƏS EDİR)

 

 

 

 

Son 10-12 il ərzində mən müxtəlif mövzularda məqalələr yazmışam. Onların arasında siyasətdən də, dindən də, hətta insan üçün ən mühüm hiss olan sevgidən də bəhs edən yazılar var.

 

Bu illər ərzində 3 min səhifədən çox məqalə yazsam da, çox az hallarda, təxminən 50-60 dəfə başqa müəlliflərə istinad etmişəm. Həmin müddət ərzində qələmə aldıqlarım həm ölkədə, həm də onun hüdudlarından kənarda Azərbaycan, rus və ingilis dillərində çap olunan 16 kitabda toplanıb.

 

Bütün bu məqamları qeyd etməkdə məqsədim bu və ya digər mövzu haqda fikir yürüdərkən, ayrı-ayrı hadisələrə münasibət bildirib qiymət verərkən, gələcəklə bağlı proqnozlar irəli sürərkən yalnız öz məntiqimə, hisslərimə, uzun illər ərzində əldə etdiyim biliklərimə əsaslandığımı diqqətə çatdırmaqdır. Keçmiş ideologiya çərçivəsindən kənara çıxaraq (bu, tənqid deyil, sadəcə xatırlatmadır) və çoxlarının altıncı hiss adlandırdıqları intuisiyama güvənərək apardığım təhlillər nəticəsində sonda belə qərara gəldim ki, müasir dövrümüzdə baş verənlərin çoxu - münaqişələr, müharibələr, hökmranlığı ələ almış siyasətçilərin çirkin oyunları, böhtanları, bəzən hətta prezidentlərin, baş nazirlərin, dövlət adamlarının, ictimai  xadimlərin öz dillərindən eşitdiyimiz iyrənc yalanlar bu gün yüksəkçinli məmurların fəaliyyətində əsas qaydaya çevrilib. El arasında belə bir deyim var: "Yalanın ömrü qısa olar". Amma bu müdrik kəlam şərəf və ləyaqətin, insanlığın, mənəvi dəyərlərin yüksək tutulduğu dövr üçün keçərli idi. Özü də insanların qəbilə halında yaşadıqları Afrikadan tutmuş inkişaf etmiş Avropaya, Qərb və Şərq torpaqlarına kimi hər yerdə. İndi isə yalan bütün dünyada ayaq tutub yeriyir. Həqiqətin yolu isə o qədər qısalıb ki, dünya ictimaiyyəti ondan xəbər tutanda da, eşitdiyinə qətiyyən maraq göstərmir, diqqət yetirmir. Görmək istəmədiyimiz həqiqətin nəyisə dəyişəcəyindən isə söhbət belə gedə bilməz. Həqiqətlə həqiqətə ehtiyac duyan vicdanlı insanlar arasında yalan elə bir möhkəm sədd hörüb ki, o, lazımi ünvana gəlib çatanadək uzun və məşəqqətli yol qət etməli olur. Gəlib çatanda isə "gecikmiş" həqiqət artıq hər kəsin yalana inandığının şahidi olur, lazımsızlığını hiss edir. Bəli, yalan müasir insanların həyat tərzinə çevrilib. Həqiqət tərəfdarlarının isə sayı o qədər azalıb ki, onları cəmiyyətdə keçmişin qalığı kimi qəbul edirlər.

 

Yaxşı yadımdadır, Suriyada müharibənin yeni başlayan vaxtlarında öz sərt mövqeyi, Yuqoslaviyanın əvvəlki rəhbərlərinə qarşı qaldırdığı cinayət işləri, Rusiya Federasiyasının baş prokuroru Suxarevə göstərdiyi dəstəklə məşhurlaşmış Madam Del Fonda Suriyadakı vəziyyətin monitorinqini aparan beynəlxalq komissiyada yer aldı və bu barədə açıqlama vermək üçün "Euronews" kanalında canlı efirə çıxdı. O bildirdi ki, Alepponun dinc əhalisinə qarşı tətbiq edilən zorakılıqlarda müxalifətin də əli var. Bildiyiniz kimi, adətən Avropa telekanalında eyni xəbər müəyyən əlavələrlə 15 dəqiqəlik fasilə ilə bütün gün ərzində - səhərdən axşamadək təkrarlanır. Amma Madamın müsahibəsini cəmi bircə dəfə efirə verdilər. Bununla da həmin materialı dərhal proqramdan çıxardılar. O gün bu gündür, həmin xanım haqqında heç nə eşitmirəm. Yalnız onu bilirəm ki, həmin müsahibədən sonra Madam Miloşoviç, Korotiç kimi Yuqoslaviya generallarının işi ilə bağlı aparılan məhkəmə proseslərindən uzaqlaşdırıldı.

 

Bu da sizə yalanın həqiqət üzərində çaldığı parlaq qələbəyə aid nümunə... BBC, CNN telekanallarının efirində dəfələrlə belə olayların şahidi olmuşuq. Cənubi Osetiya, İraq, Liviyadan olan şəxslərin müsahibələrinin efir zamanı aparıcı tərəfindən yarımçıq kəsildiyini, mikrofonlarının söndürüldüyünü az görməmişik.

 

Yalanın hökmranlıq etdiyi cəmiyyətdə heç zaman həqiqətə yer olmayıb. Bu kimi hallarda orta əsr müdriklərinin kəlamlarına, XX əsr siyasətçilərinin fikirlərinə əsaslansaq, aciz görünərik. Belə məqamlarda gərək yalanı öz həqiqətinlə susdurasan. Bundan ötrü əlində dövrün reallıqlarını əks etdirən həqiqət olmalıdır. Məhz bu səbəbdən mən indiyə kimi oxuyub öyrəndiyim bütün müdrik kəlamları uyğun zaman gəlib çatanadək ehtiyatda saxlamağa qərar vermişəm. Necə deyərlər, "Saxla samanı, gələr zamanı". Mən belə dövrün gec-tez gələcəyinə bütün qəlbimlə inanıram. Əks halda dünyamız yalan bataqlığında məhv olub gedəcək. Əslində Suriyada baş verən son hadisələr, Avropa və ABŞ-ın Liviya və İraqda müharibə başlatmağın və Suriyada başkəsən quldurları dəstəkləməyin səhv addım olması, eləcə də milyonlarla qaçqının (afrikalılar, əfqanlar, suriyalılar və s.) doğma yurd-yuvalarından didərgin salınmasının günahından Qərbin qismən, Avropanın isə tamamilə "təmizlənmək" cəhdinin uğursuzluğa düçar olması ilə bağlı etdiyi etiraflar bunu deməyə əsas verir ki, gözlədiyimiz həmin zaman gəlib çatıb. Necə deyərlər, o gün bu gündür.

 

"Mən və mənim Allahım" adlı bu məqalənin giriş hissəsini belə uzun-uzadı yazmaqda bir məqsədim var: dünyada baş verənlərin, eləcə də terrorizm ideologiyasının əsasını dinin yox, əksinə, nə terrorçunun, nə də dünya terroruna qarşı mübarizə aparanların dininin yoxluğu amilinin  təşkil etdiyini isbatlamaq.

 

Belə geniş və ətraflı girişdən sonra istəyirəm sizinlə dinin müharibəyə, savaşa qarşı necə münasibət bəsləməsi haqda fikirlərimi bölüşüm. İlk növbədə qeyd edim ki, din səbəb nə olursa olsun, heç kimdən müharibə aparmağı tələb etmir. Ümumiyyətlə, dində məcburiyyət anlayışı yoxdur. Hər kəs Allaha öz psixi və emosional vəziyyətinə uyğun inanır. Mən həmişə din və etiqad məsələsinə hər kəs tərəfindən şəxsi keyfiyyətlər baxımından münasibət bəslənilməsinin tərəfdarı olmuşam. Biz bəndələr hər birimiz təkrarolunmaz fərdik. Allah hərəni bir cür yaradıb, barmaq izlərimiz belə fərqlidir. Deməli, Allah bizi fərqli yaratdığı kimi, dinə, ibadətə münasibətimizin də fərqli olmasını istəyib. Amma nədənsə bunu hər kəs qəbul etmək istəmirik.

 

Məsələn, demək olar ki, bütün müasir din xadimləri iman sahiblərinə kollektivizm ideyasını, müxtəlif sektalar, təlimlər, daha dəqiq desək, yalançı təlimlər ətrafında birləşməyi, aşılamağa çalışırlar. Üzləşdiyimiz bütün bəlalar da elə həmin kollektivizm ideyasından bəhrələnir. Diqqət yetirsəniz görərsiniz ki, hətta islam dini özü də insanların həftədə bir dəfə, cümə namazı zamanı bir araya gəlməsini məsləhət görür. Daima bir araya toplaşmaq dində vacib əməl sayılmır. Əksinə iman sahibləri vaxtlarını öz ailələrinə, qayğılarına, Allah ilə özü arasında başa düşdüyü, lazım bildiyi şəkildə qarşılıqlı əlaqə yaratmağa sərf etməlidir. Hər kəs Allahı istədiyi şəkildə dərk etməkdə, Onun haqda həqiqətləri qavradığı kimi qəbul etməkdə, öz etiqad səviyyəsini arzu etdiyi kimi müəyyənləşdirməkdə sərbəstdir. İslam nəinki Allahla bəndə arasında vasitəçinin olmasını təqdir edir, əksinə bunu rədd edir. Bəndə ilə Tanrı arasındakı əlaqə olduqca şəxsi, fərdi və sirli xarakter daşıyır.

 

İslamı xristianlıqdan fərqləndirən başlıca cəhət də elə budur. Bildiyiniz kimi, xaçpərəstlərdə iman sahibi ilə Müqəddəs Ruh - Allah arasında çoxlu vasitəçilər var. Yaradanla bəndə arasındakı vasitəçiliyi tamamilə inkar edən islam dini isə insana Allahla əlaqə yaratmaqda sərbəstlik verir. Cümə namazı zamanı icra olunan ümumi ayinlərdə moizəçilər ilk növbədə bu həqiqəti insanlara çatdırmalıdırlar. Təəssüf ki, onların bir çoxu Allahla bəndə arasında əlaqənin sərbəst şəkildə yaradılmalı olduğunu belə izah etmirlər. Hətta bəziləri açıq-aşkar dinin fərdiliyi deyil, kütləviliyi təbliğ etdiyini söyləyirlər. Məhz buna görə, düşünürəm ki, dinlə bağlı əsl həqiqətləri dərk etmiş və kamilliyin zirvəsinə yüksəlmiş alimlərdən savayı, kimsə moizə oxumağa layiq deyil. Məscidlərimizdə moizə oxuyanlar isə müqəddəs kitabımız Qurani-Kərimin başlıca prinsiplərindən tamamilə fərqli ideyalara əsaslanırlar. Müsəlmanları birliyə səsləyərkən onların hərəsi "birlik" anlayışını bir cür izah edir. Bu izahatda onların gizli arzu və istəkləri də əks olunur, siyasi baxışları da...

 

Dinlə, ibadətlə, hədislərlə bağlı kifayət qədər məlumata malik olmayan müsəlman qardaşlarımız bu cür xütbələri dinlədikdə həmin moizəçi kimi düşünməyə başlayırlar. Deməli, natiqlik qabiliyyəti olan moizəçi çox asanlıqla kütləni öz istədiyi istiqamətə yönəldə bilər. Ən əsası isə onun kimi düşünməyənlərə qarşı insanların qəlbində kin-küdurət, ədavət toxumu səpə bilər. Beləcə, tamamilə dindən uzaq fikirlər güdən, siyasi məqsədlər daşıyan və ya başqasının göstərişlərini yerinə yetirən natiq moizəçi bu yolla öz çirkin əməllərini həyata keçirməyə müvəffəq olur. Onların oxuduqları xütbələr bir növ həmkarlar ittifaqlarının toplantılarını, komsomol iclaslarını xatırladır. Partiya ideologiyası sistemi məhz belə yığıncaqların əsasını təşkil edən kollektivizm sayəsində formalaşıb. Bu prinsiplərdən tamamilə uzaq olan islam dini hər kəsə Allahı öz başa düşdüyü qədər dərk etmək sərbəstliyi verir. Kommunizm və ya digər siyasi ideologiyalardan fərqli olaraq, islamda iman sahibləri üçün sistemli davranış qaydaları, onların pioner salyutu və ya komsomol marşının sədaları altında birgə addımlaması nəzərdə tutulmayıb. Belə bir birlik yalnız Həcc ziyarəti zamanı reallaşır. İmanlı müsəlmanlar bu ibadətin bütün qaydalarına birgə əməl edir, onun əsasını təşkil edən ritualları yerinə yetirirlər.

 

Digər hallarda müsəlman öz imanını reallaşdırmaqda sərbəstdir, azaddır. Bu, islamı digər dinlərdən köklü surətdə fərqləndirir, onun etnik, milli məzmuna yox, bəşərilik xüsusiyyətinə əsaslandığını sübut edir. İslamda yalnız "ümmət" (ümumi müsəlman icması) məfhumu var və müsəlmanlar ildə bir dəfə Həcc ziyarəti zamanı bir araya gəlirlər, Məkkədə toplanırlar, vacib əməlləri həyata keçirirlər. Diqqət yetirsək görərik ki, hətta orada da fərdiliyə üstünlük verilir. Hər bir zəvvar özünü təmsil edir, öz ziyarət arzusunu gerçəkləşdirir.

 

Odur ki, bu gün Yaxın Şərqdə baş verən olaylar, bəzilərinin xilafət yaratmaq xülyası və bunun üçün müharibə aparıb insanları, qadın, qoca və uşaqları amansızcasına qətlə yetirmək, dünya ictimaiyyəti gözü qarşısında heç bir günahı olmayan müsəlmanları edam etmək, onların başlarını kəsmək, hətta gənc işə yeniyetmələri cəlb etmək islam və onun qaydaları, Qurani-Kərimin məzmunu və qayəsi ilə tam ziddiyyət təşkil edir. Uydurma xilafət yaratmaq istəyənlərin əslində heç bir dini mənsubiyyətləri yoxdur. İslamın adından istifadə etmələri isə tamamilə küfr sayılır. Onların əməlləri islamda öz yerini əzəldən tutmuş "Mən və mənim Allahım" prinsipinin üstündən xətt çəkmək deməkdir. Buna heç dini siyasiləşdirmək adı da vermək olmaz. Çünki orada dindən, islamdan heç bir əlamət  yoxdur. Qərb dövlətləri tərəfindən zombiləşdirilib təlim keçmiş başkəsənlərin islamla əlaqələndirilməsi isə məkrli siyasi xarakter daşıyır.

 

 

Rafiq Əliyev

525-ci qəzet.- 2016.-5 aprel.- S.5.