Böyük ədibin taleyindən keçən unudulmaz insan

 

MİRZƏ CƏLİL BİR MÜDDƏT HƏYAT YOLDAŞI OLMUŞ NAZLI XANIMI ÖMRÜ BOYU EHTİRAMLA YAD EDİB

 

(Əvvəli ötən sayımızda)

 

Mirzə Cəlilin öz xalqına bağlılığını göstərən və onun "zəhmətkeş adamların hüquqlarını axıradək müdafiə  etmək imkanlarından" istifadə edən (İ.Həbibbəyli), heç olmasa, "bir yetim uşağın göz yaşını silən" (Ə.Şərif), "ədalətsizliyi bu və ya başqa dərəcədə azaltmaq istəyən" (Ə.Mirəhmədov) obrazını canlandırmaq üçün bu fikir və mülahizələrdə həqiqət payı az deyil. Lakin C.Məmmədquluzadənin bu etirafını da unutmaq olmaz: "Bir az vaxt naçalnikin divanxanasında mütərcim oldum və hətta polis məmuru da oldum. Ancaq gördüm ki, bu, mənim işim deyil. Buradan çıxdım..."

 

Sual olunur: Mirzə Cəlil  bilə-bilə ki, "bu, mənim işim deyil", nə üçün həmin işə qol qoymuşdur?

 

Bizim bu suala cavabımız belədir: Mirzə Cəlilin öz iradəsinin əleyhinə olaraq bu işə qol qoymasının, yəni "naçalnik divanxanasında mütərcim... və hətta polis məmuru" işləməsinin əsas səbəbi Nazlı xanımla evlənmək arzusu olmuşdur.

 

Bu fikrin doğruluğunu əlimizdə olan faktlar tam təsdiq edir. Hadisələrin ardıcıllığına diqqət edək:

 

10 iyun 1897 - Nehrəm kənd məktəbinin nəzarətçisi vəzifəsindən azad olunub Naxçıvana gəlir. Dostu Məmmədqulu bəy Kəngərlinin evində onun şəxsi kitabxanasında Hüquq fakültəsinə daxil olmağa hazırlaşır. Burada Nazlı xanımla tanış olur. Onların arasında qarşılıqlı məhəbbət yaranır. Məmmədqulu bəydən başqa ailə üzvləri "mülkiyyətsiz... hətta müəyyən xidməti vəzifəsi" olmayan bir adama qız vermək istəmir.

 

12 avqust 1897 - Ailənin etimadını qazanmaq və razılığını almaq üçün birdən-birə Hüquq fakültəsinə hazırlığı atıb İrəvan Qəza Polis İdarəsində tərcüməçi kimi işə başlayır və həmin ilin 1 martınadək bu vəzifədə çalışır. Görünür, elə bir səlahiyyəti olmayan tərcüməçi vəzifəsi ailəni razı salmaq üçün kifayət etmir. Ona görə də Mirzə Cəlil polis məmuru olmağa cəhd edir. Onun bu niyyəti tarix üzrə elmlər doktoru F.Cəfərovun aşkara çıxardığı bir arxiv sənədində öz əksini tapmışdır: "İrəvan Quberniya İdarəsinə. İrəvan Qəza Polis İdarəsinin tərcüməçisi Mirzə Cəlil Məmmədquluyevdən məlumat məktubu. Mən on il xalq müəllimi kimi qulluq edib 1897-ci ildə İrəvan Qəza Polis İdarəsinə tərcüməçi kimi o məqsədlə gəldim ki, gələcəkdə daxili polis xidmətinə keçim... İndi Naxçıvanda açılan polis pristavının köməkçisi yerinin boş olduğunu nəzərə alıb Əlahəzrət cənab İrəvan qubernatorundan acizanə xahiş etməyi özümə şərəf hesab edirəm ki, Əlahəzrət mənim bu vəzifəyə yerimi dəyişsin. Mirzə Cəlil Məmmədquluzadə. 18 fevral 1899".

 

Mirzə Cəlil həm də ona görə polis məmuru olmaq istəyirdi ki, ailə üçün bir təskinlik olsun. Axı Nazlı xanımın birinci əri mərhum Heydər ağa da polis məmuru idi!

 

1 mart 1899 - Naxçıvan şəhər ikinci dairə polis pristavının köməkçisi təyin olunur. Beləliklə, ailə üzvləri, necə deyərlər, yumşalır və Nazlı xanımı Mirzə Cəlilə ərə verməyə razılıq verir.

 

13 iyun 1900 - Nəhayət, Mirzə Cəlil üç ilədək çəkən mücadiləsi nəticəsində məqsədinə çatır - Nazlı xanımla evlənir.

 

23 yanvar 1901 - Tutduğu vəzifədən istefa verib "dava vəkili və advokat olmaq" məqsədilə Nazlının ailəsinin razılığını almaq üçün vaxtilə yarımçıq saxladığı "mülki hüquq qanunlarından və qeyri hüquq kitablarından" mütaliəsini davam etdirməyə  başlayır. "Gördüm ki, bu, mənim işim deyil" etirafına gəldikdə isə, Mirzə Cəlil həmin cümləni belə işlətsəydi, daha dəqiq olardı: "Bilirdim ki, bu, mənim işim deyil". Əslində bunu təkcə onun özü yox, münasibətdə olduğu müasirləri də yaxşı bilirdi. Məhz buna görə də onlar Mirzə Cəlilin "polis idarəsindəki vəzifəsi ilə razılaşıb ona qarşı öz münasibətini dəyişmədilər". 

 

Bizcə, Nazlı xanımın Mirzə Cəlillə izdivacına ailəvi razılıq verilməsinin bir səbəbi də Nazlı xanımın qardaşı Məmmədqulu bəyin Mirzə Cəlilin bacısı Səkinə xanımla ailə qurması idi. Çox maraqlıdır ki, Mirzə Cəlil - Nazlı və Məmmədqulu bəy - Səkinə cütlüyünün kəbini eyni gündə - 13 iyun 1900-cü ildə kəsilmişdir. Lakin təəssüf ki, çox qısa bir zamanda Məmmədqulu bəylə Səkinənin münasibətləri gərginləşmiş və onlar boşanmaq səviyyəsinədək gedib çıxmışlar. Mirzə Cəlilin dostu M.T.Sidqi Q.Şərifzadəyə ünvanladığı 6 avqust 1900-cü il tarixli məktubunda bu məsələyə işarə edərək yazır: "Bu günlərdə Məmmədqulu bəy İrəvana getməyə hazırlaşır. Onların (Mirzə Cəlillə Məmmədqulu bəyin - F.X.) arası bir qədər dəyibdir. Deyəsən, Mirzə Cəlilin bacısını boşamaq istəyir. İndi Mirzə Cəlilin bacısı atasının yanında, yəni öz evində olur. Məmmədqulu bəy onu öz yanına qoymur, bundan da Mirzə Cəlilin ovqatı təlxdir".

 

H.Məmmədquluzadənin verdiyi məlumata görə isə evlənəndən "bir ildən sonra onlar (Məmmədqulu bəy və Səkinə - F.X.) boşanırlar. Bu məsələ Mirzə Cəlillə Məmmədqulu bəyin münasibətini bir qədər korlayır".

 

"Ovqatının təlxliyi" və Məmmədqulu bəylə münasibətlərinin "korlanması" Mirzə Cəlil-Nazlı məhəbbətinə heç bir xələl gətirə bilməmişdir. Çünki Nazlı xanım Mirzə Cəlili "çox sevirmiş", hətta iş o yerə çatmışdı ki, Nazlı xanım onu qısqanmağa başlayır, sinirləri pozulur, özünə qapılır, evdən kənara çıxmır və vaxtından əvvəl ölü uşaq doğur... əsəb xəstəliyinə tutulur.  Mirzə Cəlil də onu ürəkdən sevir və qayğısına qalırmış. Yaxşı olar ki, bunu Mirzə Cəlilin öz dilindən eşidək: "Övrətimin dərdi məni elə almışdı ki, nə gələcəkdən və nə də gedəcəkdən xəbərim var idi".

 

Əlimizdə olan məlumatlar Nazlı xanımın xəstələnməsindən vəfatınadək olan dövrü tam mənzərəsilə təsvir etməyə imkan verir.

 

Xəstəliyi:

 

C.Məmmədquluzadə: "Tarixi-miladinin 1903-cü ilinin dekabr ayında İrəvanda övrətim şiddətli azara mübtəla olmuşdu".

 

M.Şahtaxtlı: "Mirzə Cəlil ağa Məmmədquluyev cənablarının hərəmi nadir və əndər görünən bir naxoşluğa düçar olub...Cəlil ağanın hərəminin naxoşluğu o idi ki, xörək yemək istəmirdi" H.Məmmədquluzadə: "Nazlı xanım yeməkdən qəti imtina edir, heç kəsi görmək istəmirdi".

 

Müayinəsi və müalicəsi:

 

M.Şahtaxtlı: "Əvvəl Naxçıvanda, sonra İrəvanda uzun müddət haziq zənn olunan təbiblərə müalicə etdirmişdir".

 

C.Məmmədquluzadə: "Təbiblərin əmrinə görə azarlını Tiflisə gətirməyə məcbur olduq".

 

H.Məmmədquluzadə: "Mirzə Cəlil  sonunda Məmmədqulu bəylə birlikdə xəstəni Tiflisə aparır və həkimlərin tövsiyəsi ilə əsəb xəstəlikləri üzrə Mixaylovski xəstəxanasında yerləşdirir".

 

M.Şahtaxtlı: "Bunların (Naxçıvan və İrəvan həkimlərinin - F.X.) müalicələrindən səmər görünmədiyindən mərizənin əri ilə qardaşı bir çox zəhmətlə binəvayi Tiflisə gətirib... Mixail mərizxanasına qoydular".

 

C.Məmmədquluzadə: "Varid olduq Tiflisə və... haman gün də azarlını apardıq Mixailovski müalicəxanasına ki, orada ona müalicə olunsun".

 

Vəfatı:

 

H.Məmmədquluzadə: "Nazlı xanım... günü-gündən şam kimi əriyir... Tezliklə dünyasını dəyişir".

 

M.Şahtaxtlı: "Ay yarıma qədər biçarə təsəvvürəgəlməz əziyyət və zəhmət çəkib və nəhayət, keçən şənbə günü... dünya əziyyətindən xilas olub rəhməti-ilahiyə vasil oldu".

 

Dəfni və təziyəsi.

 

M.Şahtaxtlı: "Təziyəxanalığı şiə məscidində üləmayi-giram, başlarında şeyxülislam həzrətləri, Hacı, Axund, Qazi və Axund Molla Abbasqulu olduğu halda təziyənin... ikramına bəzli-məsaye buyurdular. Təşyeyi-cənazə və təziyədarlıqla şərakət edən cəmiyyət həm firavan, həm əhalinin mümtaz siniflərindən idi.  

 

Məmmədqulu bəy Kəngərlinin Qafqaz Şeyxülislamına teleqramı: "Qərib vilayətdə vəfat edən bacım Zeynəbağa xanımın təziyəsini müşərrəf buyurduğunuz üçün həmzat islamiyyan pənahgınızdan və həm sair üləmayi-giramdan artıq rizaməndlik edirəm".

 

C.Məmmədquluzadənin atası Məşədi Məmmədqulu: "Nuri-çeşm! Bacın qara libası əyninə geysin. Gələn qurban bayramına kimi mərhum Nazlı xanıma biz təziyə hesabında təziyə tutduq... İlaxır çərşənbədə həme vilayət əhli ki... plov bişirdilər, şadyanalıq etdilər... Biz plov bişirmədik və yemiş almadıq, ocaq yandırmadıq".

 

Məşədi Məmmədqulunun bu sözləri həm də onu göstərir ki, Məmmədqulu bəy bu ailənin qızını boşamasına baxmayaraq, onun bacısının xatirəsi onlar tərəfindən əziz tutulmuş, Novruz bayramında bütün vilayət "şadyanalıq" etsə də, bu ailə "ocaq yandırmamışdır". Bu, Mirzə Cəlil-Nazlı məhəbbətinə böyük bir ehtiramın təzahürü idi.

 

Əlimizdə olan faktlardan aydın olur ki, Nazlı xanımın vəfatı Mirzə Cəlilin əhvali-ruhiyyəsini pərişan etməklə yanaşı, yaradıcılığında da müəyyən bir durğunluğa səbəb olmuşdur. Diqqət edək: Nazlı xanımın vəfatından əvvəl Mirzə Cəlilin "Şərqi-Rus" qəzetinin 4 fevral 1904-cü il 13-cü nömrəsində "Ədəbiyyat" sərlövhəsi ilə bir yazısı çap olunub. Nazlının vəfatından sonra isə düz dörd ay, yəni 1904-cü ilin iyun ayının 4-dək onun nəinki əməkdaşı olduğu "Şərqi-Rus" qəzetində, ümumiyyətlə, heç bir mətbuat orqanında yazısı dərc olunmayıb. Susub, səsi heç yerdən gəlməyib. Bu susqunluğun səbəbi şübhəsiz ki, həyat yoldaşı Nazlı xanımın vəfatından sarsılaraq keçirdiyi ağır psixoloji gərginlik - depressiya olmuşdur. Çox maraqlıdır ki, bu məsələ barəsində başqası yox, C.Məmmədquluzadənin Nazlının vəfatından   3 il, 4 ay, 11 sonra ailə qurduğu Həmidə xanım məlumat vermişdir: "Mirzə Cəlil bu itkidən uzun müddət özünə gələ bilmir, qəm dəryasına qərq olur, demək olar ki, 3 il müddətində hər gün Nazlı xanımın məzarını ziyarət edir... Müsəlman qəbiristanlığında dəfn edilmiş Nazlı xanıma başdaşı qoydurur".

 

(Ardı var)

 

Fərman XƏLİLOV

Filologiya üzrə elmlər doktoru, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri

525-ci qəzet.- 2016.- 6 aprel.- S.4