"Qarabağ
haqqında ən yaxşı roman Ali Baş Komandanın dəstəyi
ilə yazılmağa başlanıb"
Son günlər cəbhə
xəttində əldə
etdiyimiz uğurlar, vacib məntəqələrin
ələ keçirilməsi
cəmiyyətdə döyüş
ruhunu qaldırıb.
Azərbaycan cəmiyyətinin vaxtilə
dünyaya görk olan milli birliyi
uzun illərdən sonra bu günlərdə
yenə də cövlan etməkdədir. Ziyalısından tutmuş, əkinçisinə
qədər hamı bu gün yeni
ərazilərimizin azad
olunacağını gözləyir.
Tanınmış yazıçı Seyran Səxavət Moderator.az saytına
məlum və çox vacib mövzu ilə bağlı verdiyi müsahibədə maraqlı
fikirlər səsləndirib.
- Seyran müəllim, ön cəbhədə ordumuzun rəşadəti
ilə yanaşı arxa cəbhədə, cəmiyyətdə uzun illərdir arzulanan birlik də hiss olunmaqdadır. Əvvəlcə
bu birlik haqqında danışaq...
- Birlik hətta uşaqlara da məlumdur ki, xalq üçün, millət üçün
ən vacib, ən ümdə, ən həyati əhəmiyyət kəsb
edən bir keyfiyyətdir. İstər daxildə, istər
xaricdə bəzi ağzıgöyçəklər tapılırdı ki, bu birliyi zədələyən
sözlər deyib, bəyanatlar versinlər.
Amma görün onlar nə qədər yanıldı. O bəyanatları
verəndə elə bilirdilər ki, bunlar naxışdılar,
amma son iki-üç
gündə bəlli oldu ki, bu
naxış deyil, yanlışdı. Səmimiyyətimə inanın, özümü
tanıyandan, ağlım
kəsəndən azərbaycanlı
olduğum üçün
fəxr eləmişəm.
Xarici ölkələrdə soruşanda
ki, hardansan, fəxrlə azərbaycanlı
olduğumu deyirdim. Uzun müddət xaricdə
çalışanda da
Bakının, Azərbaycanın
adı üstümdə
olub. Son bir-iki gündə isə fərəhimdən
yerə-göyə sığışmıram.
Bayaq dediyim adamlar elə bilirlər ki, birlik idman-zaddı, bunlar deyən kimi xalq da
birləşib onların
ardınca getməlidi. Xalq dünyanın
ən həssas barometridir. Xalq özü bilir
nə zaman bir olmalıdı, birləşməlidir. Hər zaman
da bir olub. Böyük əksəriyyət bir olmasa idi,
bugünkü hadisələr
baş verməzdi.
Biz bu gün
haradasa 10 milyon nəfərik, düzdümü?
Hər birimizdə güc var. Amma biz bir olanda
o güc 10 milyon dəfə böyüyür.
Onun qabağını heç
kəs ala bilməz.
Sadə olduğu qədər də vacib hesablamadı.
Mən çox öyündüm.
Bilirsən nə arzulayıram?
- Nə?
- Son 4-5 ildə həmişə dediyim bir söz yadıma düşdü. Müsahibələrimdə də təkrar-təkrar səsləndirmişəm. Yaradıcılığımı izləyənlər də bilir. Bəlkə sənin də yadında olar, bir dəfə demişdim ki, bu Qarabağ məsələsi ədəbiyyatla-filanla, yazı-pozu ilə başa gələn məsələ deyil. Qarabağ haqqında ən yaxşı romanı bizim Ali Baş Komandan, müdafiə naziri yazmalıdır. İndi bax Seyran Səxavətin həmişə arzusunda olduğu o roman Ali Baş Komandan, Müdafiə Nazirliyi və xalqımızın böyük dəstəyi ilə yazılmağa başlanıb. Arzu edirəm ki, müəllifi Ali Baş Komandan, Müdafiə Nazirliyi olan o roman tezliklə yazılıb qurtarsın və Ermənistan o romanı oxusun. Mənim ən böyük arzum budur. Bizi qınayırdılar ki, niyə yazıçılar Qarabağ haqqında yazmırlar. Mən realist yazıçıyam. Real oduğuma görə də, deyirəm ki, haqqında bəhs etdiyim roman Qarabağ haqqında ən gözəl, ən mükəmməl, ermənilərin və ermənilərlə bərabər bütün dünyanın oxuduğu roman olacaq.
- Qarabağın hər hansı bir hissəsi, yaxud özü tamamilə azad olunsa Seyran müəllim, fikirlərini bir neçə kəlmə ilə necə ifadə edərdi?
- Əsas hesab etdiyim, qeyrət-namus məsələsi bildiyim o roman yazılandan sonra mən də çox güman ki, Qarabağ haqqında möhtəşəm bir əsər yaza bilərəm. Qəlbimin hökmü ilə! Ortada nəticə olandan sonra xalqın alimi də, yazıçısı da, dəmirçisi də, həkimi də işə daha ürəkli girişir. Ortada nəticə olacaq! Özü də çox ədalətli bir nəticə. Televizorda baxıram ki, artıq bütün dünyanın diqqət mərkəzindəyik. Uzaq Kanada ordan deyir ki, tərəfləri təmkinli olmağa çağırıram. Nə təmkin? Biz birtərəfli atəşkəs elan etmişik. Təmkinli olaq ki, düşmən gülləsi təpəmizdən girib arxadan çıxsın?! Amma AŞPA-dan tutmuş başqa təşkilatlar da bildirir ki, ermənilər Azərbaycan torpaqlarını tərk etməlidir. Müharibə mənim torpağımda gedir. Erməninin burada nə işi var?! Buna görə də dünya da bizi qınaya bilməz. Ən qəddar düşmənimiz belə bizi qınaya bilməz. Qardaş, evimin içinə girib, gəmidə gəmiçi ilə dava edir. Gəmi mənim, dəniz, matroslar mənim, dəniz mənim, amma mənimlə dalaşır. Yəni biz o qədər zəifik ki, səni gəmidən götürüb ayağına daş bağlayıb dənizə tullaya bilmirik?! Bilərik! Bugünkü hadisələr ermənilərə dərs oldu.
Sarkisyan deyib ki, biz kompromislərə hazırıq. Bizim Xarici İşlər Nazirliyi də çox vaxtında dedi ki, bu Sarkisyanın, külli halda Ermənistanın növbəti hiyləsidi. Xarici İşlər Nazirliyinin bu cavabını eşidəndə evdə televizora tək baxırdım. İnan ki, sevindiyimdən baş barmağımı qaldırdım. Biz artıq o səmimiyyətə inanmırıq. Haqqımız da var! Sarkisyanın dediyi kompramisə o zaman inanarıq ki, qoşunlarını, zir-zibilini çıxarıb rədd olsun getsin. Ondan sonra söhbət etmək olar. Bizim siyasi dairələrimizin tutduqları bu mövqe mənim çox ürəyimcə oldu. O Sarkisyan dünyanın bir nömrəli siyasi ləçəridir. İndi qoy getsin, öz xalqına cavab versin.
- Talış, Seysulan, Lələ Təpə kimi məntəqələrin azad olunduğu xəbərini eşidəndə nə kimi hisslər keçirdiniz?
- Hiss yox e, boynuma alıram, o qədər göylərdə uçurdum ki, Allahdan bir az aşağı olardım. Mən maşında yol gələ-gələ bir nəfər ağdamlı dostum bunu mənə dedi. Ondan sonra Mərdəkana necə gəlib çıxmışam heç xəbərim olmayıb. Elə bil, uçurdum e. Maşında övlad, nəvələr yox idi, tək idim. Amma onlar da, xanım da maşında olsa idi, mən yenə ağlamağımı saxlaya bilməyəcəkdim. Ağlamasaydım partlayardım.
- Bu cür birliyi cəmiyyətdən gözləyirdiniz?
- Xarici və daxili qüvvələr həmişə bizim birliyimizi zədələməyə çalışıb. Bu cəhd hər zaman uğursuz alınıb. Mən bizim xalqımıza həmişə inanmışam. Dünyanın heç yerində belə gözəl xalq görməmişəm. Atanın oğlu şəhid olur, deyir vətənin başı sağ olsun; deyir ki, şəhid olan övladım 18 yaşına qədər mənimki idi, bu gün isə vətənin balasıdı.
Mənim yadımdadı. Rəhmətlik Xəlil Rzanın oğlu Təbriz şəhid olanda biz onun evinə getdik. İnanırsan, Xəlil Rza özü-özünə gözaydınlığı verirdi. Oğlunu Fəxri Xiyabanda dəfn edəndə də Xəlil Rza özünə gözaydınlığı verdi ki, gözün aydın, ay Xəlil, Təbriz Qarabağ uğrunda şəhid oldu. Acı gülüşlə, kişi qeyrətilə kişi baxışıyla bunları dedi. Xalqımız da bu gün Xəlil Rzaya oxşayır.
- Qarabağın hər hansı bir rayonunun, şəhərinin, tutaq ki, Xankəndinin azad olunması xəbərini sizə ilk çatdırana nə muştuluq verərsiniz?
- İnsan üçün həyatından əziz heç nə yoxdu. O xəbəri mənə deyən adama muştuluq kimi həyatımı da versəm yenə o dünyada ona borclu qalaram. Bu xəbəri heç nə ilə ödəmək mümkün deyil. Gəncədən bir şair dostum var, Bahadur Fərman, zəng vurub deyir ki, ordumuzun bu qədər irəliləməsinə çox sevinirəm. Torpaqlar azad olunanda Bakıdan gələrsən Gəncəyə. Gəncədən də Füzuliyə 210 km-dir. Gedərik, Füzuliyə az qalmış dizin -dizin o torpağa tərəf sürünərik. Bahadur Fərman bu sözü, tək mənə yox, bütün Azərbaycan xalqına, Azərbaycan ordusuna dedi. Yenə təkrar edirəm, bugünkü Azərbaycan xalqı Xəlil Rzaya oxşayır.
Elmin Nuri
525-ci qəzet.- 2016.- 6 aprel.- S.3.