Bilik Fondu “Azərbaycan
multikulturalizminin qaynaqları”
kitabı təqdim edildi
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun təşkilatçılığı
ilə Xəzər Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan
multikulturalizminin qaynaqları”
seriyasından akademik Kamal Abdullayevin elmi redaktorluğu ilə nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları” kitabının
təqdimatı keçirilib.
Fonddan
525.az-a verilən məlumata
görə, tədbiri
giriş sözü ilə açan rektor, fəlsəfə doktoru Həsən Niknafs “Multikulturalizm ili”ndə xalqın həyat tərzinə çevrilmiş və dövlət siyasəti kimi qəbul edilən çoxmədəniyyətliliyin
tədqiqi və təbliğinin müasir dövrdə mühüm əhəmiyyət kəsb
etdiyini və Bilik Fondunun bu istiqamətdəki fəaliyyətini yüksək
dəyərləndirdiyini qeyd
edib.
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Fondun həyata keçirdiyi layihələr barədə
məlumat verərək,
2016-cı ilin “Multikulturalizm
ili” elan edilməsinə dair ölkə rəhbəri tərəfindən təsdiqlənmiş
Tədbirlər Planının
icrası ilə bağlı Fondun qarşısında duran vəzifələr, universitet
müəllimlərinin lektoriyalarda
və tələbələrin
layihələrdə iştirakı
imkanlarından söz
açıb.
Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi
adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu
“Azərbaycan multikulturalizminin
ədəbi-bədii qaynaqları”
kitabını auditoriyaya
təqdim edərək,
nəşrin xalqımızın
milli-mənəvi dəyərlərinin
qorunub saxlanmasında,
əsrlər boyu milli ədəbiyyatımızda
dolğun əksini tapmış çoxmədəniyyətlilik
prinsiplərinin geniş
təbliğ olunmasında
mühüm rol oynayacağına əmin olduğunu bildirib.
Auditoriyanın suallarını cavablandıran qonaqlar “Azərbaycan multikulturalizminin
ədəbi-bədii qaynaqları” kitabını universitet kitabxanasına hədiyyə ediblər.
525-ci qəzet.- 2016.- 6 aprel.- S.2.