Xoreoqrafiya Akademiyasında “Qarabağa qayıdış” mövzusunda tədbir

 

 

Son günlər cəbhə xəttində baş verən hadisələri nəzərə alaraq, Bakı Xoreoqrafiya Akademiyasında rəhbərliyin müəllim-tələbə heyəti ilə "Qarabağa qayıdış" mövzusunda görüşü təşkil olunub.

 

Akademiyadan verilən məlumata görə, əvvəlcə cəbhə xəttində düşmənlə döyüşlərdə şəhid olan hərbiçilərimizin mülki şəxslərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra giriş sözü ilə çıxış edən akademiyanın rektoru, professor Timuçin Əfəndiyev qeyd edib ki, Ermənistanın 20 ildən artıq Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etmək hər bir vətəndaşın borcudur.

 

Prezident İlham Əliyev tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsində ordumuzun döyüş hazırlığı daha da yüksəlmiş, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunub.

 

Azərbaycan öz sülhsevər siyasətinə beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə sadiq qalaraq 20 ildən artıqdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar aparır. Lakin bu danışıqların nəticəsiz qalması Azərbaycana düşmən mövqe olanların maraqlarına xidmət etməsi bizlərdən, bütün Azərbaycan vətəndaşlarından nəyin bahasına olursa olsun Vətəni işğaldan qurtarmağı tələb edir.

 

Daha sonra çıxış edən Akademiyanın tədris işləri üzrə prorektoru Sevda Sadıxbəyova, Elm yaradıcılıq işləri üzrə prorektoru Sonaxanım İbrahimova, elmi katib Vəfa Əliyev, müəllim Bəşarət Hüseynova rektorla həmrəy olduqlarını bildirib erməni işğalçılarının son 25 il ərzində Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən danışıb.

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2016.- 6 aprel.- S.2.