Gədəbəyin Şınıx zonasının tarixindən bəzi qeydlər

 

 

Aşağıda qeyd olunan əhvalatlar Hacılar kənd sakini, tarix müəllimi, uzun müddət Hacılar kənd orta məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərmiş Əli Nağı oğlunun (1922 - 2008) söylədikləridir.

 

Əli müəllimlə hər dəfə görüşəndə Şınıxdakı kəndlərimizin tarixi barədə söhbət edərdik. Gədəbəy rayonu Şınıx zonasının ermənilərdən qorunmasında polkovnik Cahangir Rüstəmov Əli Nağı oğlunun böyük fəaliyyəti olub. Əhalinin Şınıxdan köçürülməməsinin səbəbi kimi hər iki şəxsin adı həmişə ehtiramla anılır.

 

Haşiyə. Bu rayonun adı - "Gədəbəy" sözü haqqına indiyədək bir sıra fikirlər söylənilib. Heç biri inandırıcı görünmür. Bizcə, həmin ərazinin adı Dədə bəyin adı ilə bağlı ola bilər. Dədə bəy Şah İsmayılın dövründə yaşayıb. Yazıçı Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanında Dədə bəy haqqında müfəssəl danışılmışdır.

 

Əli müəllimin söylədiyinə görə, Şınıxın Zamanlı Tağılar kəndlərinin tarixi o zamanlar Tovuz rayonunun Öksüzlü (Öysüzlü deyirlər) kəndində yaşamış Nəsib Soltanlının bəyliyi dövrü ilə bağlıdır.

 

Deyilənə görə, Nəsib bəy Soltanlı ilə Gəncə xanı Cavad xan arasında ixtilaf baş verir. Günlərin birində Nəsib bəy Tiflisdə səfərdə olarkən Cavad xanın adamları Öysüzlüyə gəlib Nəsib bəyin sarayından Cavahir xanımı zorla Cavad xanın sarayına qaçırırlar. Nəsib bəy evinə qayıdıb hadisədən qəzəblənir. Cavahir xanımın getri qaytarılmasını Nəsib bəy qoçaqlığı ilə ad-san qazanmış Qızıllı ləqəbli Alı adlı (ona Qızıl Alı da deyirmişlər) cəsur bir adama tapşırır. Alının döyüş sursatları - silahı, dəbilqəsi kəməri qızılla bəzədilibmiş. Ona görə bu igidə Qızıl Alı deyərlərmiş. Alı Gəncəyə gedir, şəhər kənarında bir qarının evində qonaq olur həmin qarının köməyilə Cavahir xanımı Cavad xanın sarayından gizlicə çıxardıb Öysüzlüyə çatdırır. Göstərdiyi şücaətinə görə Nəsib bəy Qızıl Alını mükafatlandırmağı qərara alır. O zamanlar Nəsib bəy yaz-yay aylarını Şınıxın səfalı guşələri olan dağ yerində keçirərmiş. Nəsib bəyin yaz-yay evi Gədəbəyin Sərkərli kəndindən bir qədər aralıdaymış. Bəyin evini bolşevik inqilabı zamanı dağıdıblar. Həmin evin özülü ötən əsrin 50-60-cı illərinə qədər qalırdı. Nəsib bəyin evindən təxminən bir kilometr aralıda, Til adlanan dağın ətəyində onun mal-qara tövləsi varmış. Bolşeviklər mal-qaranı tövlədə od vurub yandırırlar. Danışırdılar ki, yanan malların böyürtüsü uzaqlardan eşidilirmiş. Bu işə rəhbərlik edən Q.Ə. adlı biriymiş. Həmin ərazinin bir hissəsi olan indiki Zamanlı kəndi yerini Nəsib bəy Qızıl Alıya bağışlayır. Qızıl Alının Zaman adlı oğlu var imiş. İndiki Zamanlı kəndi Qızıl Alının oğlu Kərbəlayı Zamanın adını daşıyır. Kərbəlayı Zamanın üç oğlu olur. Onlardan birinin adı Alıymış. Kərbəlayı Zaman Alı adlı oğlunu indiki Hacılar kəndində o zaman yaşamış Hacı Tanrıqulunun qızı ilə evləndirir. Hacı Tanrıqulu göyü (kürəkəni) Alını ailəsiylə öz yaşadığı yerə - indiki Hacılar kəndinə köçürür. Alının iki oğlu olur: birinin adı Tağı, o birininki isə Nağı imiş. Tağı ilə Nağı uşaq ikən bir gün Alı Tiflis bazarına atla səfərə hazırlaşırmış. Alının həyat yoldaşı atın arxasından keçəndə at təpiklə onu vurur. Zərbədən Alının xanımı ölür. Çox çəkmir ki, Alı da dünyasını dəyişir. Tağı ilə Nağı Tanrıqulu kişinin himayəsində qalır. Qardaşlar böyüyüb boya-başa çatırlar. Tağı ilə Nağı indiki Tağılar kəndində məskunlaşırlar. Onlar zəhmətsevər insanlar imiş. Qardaşlar firavan yaşayıb var-dövlət sahibi olurlar. Günlərin birində Tağı Kərbəla ziyarətinə, Nağı isə Məkkəyə Həcc ziyarətinə gedir. Həcc ziyarətindən qayıtdıqdan sonra da Hacı Nağı getdikcə varlanır, xeyriyyə işinə başlayır. Hacı Nağı Murğuz çayının Şınıx çayına qarışan yerində, Təndirqaya adlı yerdə, coşqun dağ çayının qarşısını kəsən böyük bir qayanı öz xərcinə partlatdırıb çayı keçənlər üçün keçid açdırır. Buna Nağı xeyli qızıl pul xərcləyir. Həmin keçid indi Hacı Nağının adını daşıyır. O vaxtlardan Murğuz çayının sahillərində, Tək Pəyə adlanan yerlərdə Almərdanlı, Səmədbəyli, Öysüzlü camaatı məskunlaşıb maldarlıq əkinçiliklə məşğul olmuşlar. Murğuz çayının sahilində Almərdanlı Məşədi Bəşirin dəyirman yeri indi bəllidir. Ermənilərin Qaraqaya adlanan kəndinin yaxınlığında Ala-Tala adlı yerdə, Almərdanlı camaatı - Məşədi Bəşirgilin kəndi yerləşirmiş. Qaraqayalı Gəlis adlı bir erməni ermənilərdən ibarət böyük bir quldur dəstəsiylə gecə vaxtı Ala-Tala kəndini mühasirəyə alır kənd camaatını son nəfərinə kimi qırır. Xoşbəxtlikdən həmin vaxt Məşədi Bəşir kişi oğlu Qədir Almərdanlı kəndindəymiş. Məşədi Bəşir oğlu Qədirə erməni Gəlisi öldürməyi, onun sağ qolunu kəsib gətirməyi tapşırır. Qədir erməni Gəlisi axtarmağa başlayır. Bir gün Tovuz bazarında Qədir Gəlislə rastlaşır. Qədiri görən kimi Gəlis əli silahlı atəş aça-aça qaçmağa başlayır. Qədir onun dalınca düşür, Qazqulu kəndinin yaxınlığında, Nuralı çinarının yanında Gəlisi gülləynən vurur, sağ qolunu kəsib Məşədi Bəşirin yanına aparır. Kəsilmiş qolu Məşədi Bəşir görünən bir yerdə qoydurur. Bundan sonra Qədir Ala-Talada ermənilərin qırdığı adamların sayından qat-qat çox ermənini Ceyrançöl yolunda öldürüb Kür çayına atır. İgid Qədir sonralar 1937-ci il repressiyasının qurbanı olur.

 

Alatala qırğınından sonra burada Qaraqaya erməniləri məskunlaşırlar.

 

Həmin dövrün qəhrəman oğulları olan Əşrəf Əşrəf oğlu, Qasım Qəhrəman oğlu, Kərəm Cəfər oğlu, Mansır Səməd oğlu, Hümbət Avıl oğlu, Talıb Məşədi Rüstəm oğlu, Muxtar Bacca oğlu, Məmməd Leyli oğlu, Dəzər kişi Musayev Mərdandan ibarət bir qrup Azərbaycan igidləri 1932-ci ildə Ala-Tala kəndinə hücum çəkib erməniləri oradan qovurlar.

 

Bütün tarix boyu ermənilər Azərbaycan əhalisinə qarşı amansız olub. Bir çox hallarda ermənilərə layiqincə cavab verə bilən oğullarımız yaşayıblar.

 

XX əsrin əvvəllərində ermənilərə qarşı mübarizə aparan Abuzər Cəfərqulu Orucov qardaşları olub. Böyük qardaş Abuzər Orucovu erməni pristavı Levon Qazax pristavı Şahniyar tutub Sibirə gedər-gəlməzə göndəriblər. Kiçik qardaş Cəfərqulu əli silah tutan gündən ermənilərdən qisas almağa başlayıb. Cəfərquludan bərk qorxan ermənilər o vaxtları Şınıx zonasına toxuna bilməmişlər. Cəfərqulunun qardaşları Abbasəli, Məhəmmədəli, əmiləri oğlu Paşa ermənilərin bəd əməllərinə qarşı həmişə mübarizə aparmağa məcbur olmuşlar. 1926-cı il mart ayının 18-də çekistlər Cəfərqulunu onun öz evində hiylə qurmaqla gülləynən vurublar. Cəfərqulunun ələ verilməsində, deyilənə görə, azərbaycanlı İ.A.-nın rolu olub. O, Cəfərqulunu dilə tutub, aldadaraq evə çağırıb çekistlərə verib. Ermənilər Cəfərqulunun öldürüldüyü xəbərini eşidib şadlıq ediblər.

 

Ermənilərin azərbaycanlılara qarşı düşmənçiliyi həmişə onların torpaqlarımıza iddialarıyla əlaqədar olmuş bundan başlamışdır. Elə Tağılar kəndinin təməli qoyulduğu gündən ermənilər bu kəndi köçürməyə oranı tutmağa çalışmışlar.

 

Uzun müddət Şınıx zonası Qazax uyezdinə baxırmış. Həmin vaxtlar Şınıxa ciddi nəzarət varmış. Sonralar Şınıx zonası Tovuz rayonunun tərkibinə verilib. 1935-ci ilədək Hacılar meşəsi və Tağılar kəndi Tovuz rayon meşə işçilərinin nəzarətində olub. 1935-ci ildə şınıxlı savadsız bir kənd sakini olan P.Q. adlı biri və firqə özək katibi S.H. ilə birgə Azərbaycan Ali Sovetinə camaatdan xəbərsiz ərizə veriblər ki, Tovuz Şınıxdan çox uzaqdadır, ona görə də biz Gədəbəy rayonuna baxmaq (tabe olmaq) istəyirik. Şübhəsiz ki, bu əməldə erməni hiyləsi öz işini görüb. Azərbaycan SSR Ali Soveti həmin vaxtdan Şınıxın Gədəbəy rayonu tabeliyinə verilməsi haqqında qərar qəbul edib.

 

1965-ci ilin mayında Gədəbəy RİK sədri, Şınıxın kənd sovet sədri, Hacılar kənd sovet sədri ermənilər yaşayan Qalakəndə göndəriliblər. Onların bu səfərindən iki il keçmiş, 1967-ci ilin mayında Tağılar kəndinə erməni nümayəndəsi gəlib bəyan edib ki, əllərində olan sənədə - akta əsasən gəliblər. Həmin sənəddə yazılıb ki, Tağılar kəndi ərazisi meşə ərazisidir. Bu meşə Gədəbəy rayon mərkəzindən uzaqda olduğuna görə biz (azərbaycanlılar) meşəyə yaxşı nəzarət edə bilmirik. Bu səbəbdən də həmin meşəyə Ermənistan nəzarət edir.

 

Elə bununla da Tağılar kəndi yerləşən talalarmin hektarlarla ərazini tutan meşənin ermənilərə peşkəş edilməsinin əsası qoyulmuş oldu. Bu işdə ermənilərə kömək edən sapı özümüzdən olan baltaların canfəşanlığı öz bəhrəsini verdi.

 

O vaxtın böyük məmurlarından biri deyibmiş ki, ermənilər Naxçıvanı istəyir. Tağılar kəndində beş-on ailə yaşayır. Onların istədiyi yerdən torpaq sahəsi ayırarıq, gedib orada yaşasınlar. Bəlkə ermənilər sakitləşələr.

 

Əli müəllimin söylədiklərini çapa hazırladı Həsən Q.

 

 

525-ci qəzet.- 2016.- 7 aprel.- S.8