Anam Azərbaycanım  

 

 

 

"Oğlum!" - dedi yurdumuz -

Oğlum lap səbrim daşdı.

Bəsdi boş danışıqlar

Sözün dadı qaçdı.

İndi söz səninkidir,

Əmr verdi yurdumuz!

Hücum etdi ordumuz

Oğullar atəş açdı!!!

Bu gün bu atəş səsi

Vətənin şərəfinə

Yer titrədən alqışdı -

Düşmən hər şeyi atdı,

Fəryad qopardı, qaçdı.

Ana gözlərin aydın

Hər oğlun qəhrəmandı.

Daha zaman yetişib

Zaman bizim zamandı.

 

lll

 

Yaxın-uzaq ölkələr

Səbr edin, bir vaxt gələr,

Düzələr, dözün deyir.

Daha bəsdir "bəlkələr".

Düşmən lap quduzlaşır,

Getdikcə həddin aşır,

Az qala Qarabağdan

Daha əl üzün deyir.

Zaman öz sözün deyir.

Hər silahdan güclüdür

Ordunun Vətən andı.

Bu gün dövran deyir ki,

Zaman bizim zamandı.

lll

Can Azərbaycan dedik...

Sənə can deyirik

Cənnətməkan Qarabağ.

Hər odlar övladının,

Canında can Qarabağ.

Candan ayrı yaşadıq

Bu vaxtacan Qarabağ.

Keçib getdikcə illər

Səbr eləyin deyirlər.

Bu uzun illər boyu

Səbrimizi çeynəyir,

Haqqımızı yeyirlər,

Daha bəsdi! - deyirik.

Bu boş-boş danışıqlar

Səbri kəsdi - deyirik.

Şuşaya sancılacaq

Bayrağımda al qanım.

Bütöv olacaq mənim,

Anam Azərbaycanım.

 

03.04.2016-cı il

 

Fikrət QOCA

525-ci qəzet.- 2016.- 7 aprel.- S.7