Böyük ədibin taleyindən keçən
unudulmaz insan
MİRZƏ CƏLİL BİR MÜDDƏT HƏYAT YOLDAŞI OLMUŞ NAZLI XANIMI ÖMRÜ BOYU EHTİRAMLA YAD EDİB
(Əvvəli
ötən sayımızda)
Nazlı
xanımın vəfatından dörd ay sonra bir qədər
özünə gələn Mirzə Cəlilin "Şərqi-Rus"
qəzetinin 1904-cü ilin 65-ci nömrəsində (həmin qəzetin
13-cü nömrəsində axırıncı
yazısının dərcindən 61 nömrə sonra) "4
iyun Tiflis" və 77-ci nömrəsində (61-ci nömrədəki
yazısından 11 nömrə sonra) "Diqqət etməli"
adlı məqalələrinin məzmunu ilə
tanışlıq isə güman etməyə əsas verir
ki, bu yazılar Nazlı xanımın vəfatının onda
doğurduğu acı təəssüratların təsiri
altında yazılmışdır. "4 iyun Tiflis" məqaləsində
müəllif müsəlman qızlarının
"mamalıq məktəbxanasında təhsil etməməsi"
və bu "mamasızlığın bərəkətindən"
"neçə-neçə balaların vaxtsız ölməsi...
cürbəcür və ölümcül mərəzlərə
mübtəla olması"nın, törətdiyi faciələrdən
ürək ağrısı ilə bəhs edir. Həmin vaxt Mirzə Cəlilin bu mövzuya müraciət
etməsini təsadüfi hesab etmirik. Axı onun sevimli həyat
yoldaşı Nazlı xanım da vaxtilə ölü uşaq
doğmuşdu! Bizcə, vəfat etmiş
xanımı haqqında aylarla
düşünüb-daşınarkən və birgə
yaşayış günlərinin acılı-şirinli
günlərini xəyalında canlandırarkən
Nazlının ölü uşaq doğmasını da
xatırlamış və bunun həmin məqalənin
yazılması üçün müəyyən təsiri
olmuşdur.
"Diqqət etməli" məqaləsinin mövzusunu
da Mirzə Cəlilə Nazlı xanım
"vermişdir". Belə ki, hər gün Nazlının qəbrini ziyarətə
gedərkən Mirzə Cəlil "Tiflis müsəlman qəbiristanlığına
gedən yolda" müşahidə etdiyi "müsəlman
uşaqları" və "saqqallıların" "cəm
olub günlərini oynamaq, söyüşmək,
çığırışmaq, savaşmaq və yoldan
keçənlərə sataşmağı"nı
müşahidə etmiş və onları belə "biədəbanə
hərəkətlərini" məqaləsinin tənqid hədəfinə
çevirmişdir.
Nazlı
xanımın vəfatından sonra Mirzə Cəlilin atası
oğluna yazdığı məktubunda ondan soruşur:
"Yaz görək öz əhvalından, Tiflisdə
qalmalısan, ya İrəvana (qayıtmalısan). Bu sualın
cavabını vaxtilə Mirzə Cəlildən eşidən
H.Məmmədquluzadə yazır:"Arvadının
ölümündən sonra Mirzə Cəlil həmişəlik
Tiflisdə qalmağı qərara almış və öləndə
Nazlı xanımın yanında dəfn edilmək arzusunda
olubmuş".
Mirzə Cəlil bu iki arzusundan birini həyata keçirə
bildi. Uzun illər Tiflisdə yaşadı. Bu illərdə o, Azərbaycan mətbuatının
şah əsəri olan "Molla Nəsrəddin"
jurnalının nəşri məsələləri ilə məşğul
oldu. "Öləndə Nazlı
xanımın yanında dəfn olunmaq" arzusu isə
çin çıxmadı. 15 iyun 1907-ci
ildə Əhməd bəy Cavanşirin qızı Həmidə
xanımla ailə qurdu. 4 yanvar 1932-ci ildə
isə vəfat etdi və Bakıda Fəxri Xiyabanda dəfn
olundu.
Mirzə Cəlil 25 ilədək Həmidə xanımla
birgə yaşamış, övladları üçün
qayğıkeş və diqqətli bir ata olmuşdur. Lakin onun
Nazlı xanımı unutmadığı, ömrünün
sonunadək xatirəsini əziz tutduğunu təsdiq edən
faktlar da vardır.
1.
"Xatiratım"da Nazlı xanıma xüsusi səhifələr
ayırmışdır.
2. Həmidə
xanımla söhbətləri zamanı vaxtaşırı
Nazlı xanımla tanışlığının tarixi, onun
gözəlliyi, əzəməti, qüruru,
qısqanclığı, xəstəliyi, vəfatı, dəfni,
ölümündən sonra özünün keçirdiyi
psixoloji gərginlik haqqında ətraflı məlumat
vermişdir.
3.
Ömrünün sonunadək Nazlı xanımın fotoşəklini
ailə albomunda əziz bir xatirə kimi saxlamışdır.
Həmin fotoşəkil hazırda AMEA M.Füzuli adına Əlyazmaları İnstitutunda C.Məmmədquluzadənin
şəxsi arxivində saxlanılır.
Mirzə Cəlil Nazlı xanımdan əvvəl 1895-ci
ildə Nehrəmdə "evində mənzil tutduğu
Nağı adlı bir yerli kəndlinin" qızı Həlimə
xanımla evlənmişdi. Mənbələrin
verdiyi məlumata görə, Həlimə gözləri zəif
və "səhhəti möhkəm olmayan" (Ə.Şərif)
bir qız imiş. İlk həyat
yoldaşı olmasına baxmayaraq, indiyədək Mirzə Cəlilin
nə vaxtsa şifahi, yaxud da yazılı şəkildə
onu xatırlamasına dair məlumata rast gəlinməmişdir.
1897-ci ildə vəfat edən Həlimədən Mirzə Cəlilə
qalan yeganə yadigar qızı Münəvvər
xanımdır ki, onun haqqında da həm atasının, həm
Həmidə xanımın, həm də digər şəxslərin
məqalə, məktub və xatirələrindən xeyli məlumat
almaq mümkündür.
Mirzə Cəlilin birinci izdivacını
xatırlatmağımız təsadüfi deyil. Bu xatırlatmanın əsas
səbəbi bir suala cavab axtarmaqla bağlıdır: Nə
üçün Mirzə Cəlil heç bir yerdə Həlimə
xanımı xatırlamamış, Nazlı xanımdan isə
kifayət qədər bəhs etmişdir? Bu suala belə cavab
vermək olar: Mirzə Cəlil seminariyanı bitirdikdən
sonra təyinat üzrə Nehrəmdə kənd müəllimi
işləyərkən bütün həmyaşıdları
kimi yerli ənənəyə uyğun olaraq evlənməli
idi. Hələ yubanmışdı, yaşı
25-i keçirdi. Bu səbəbə görə
o, evində mənzil tutduğu kişinin qızı Həlimə
xanımla ailə qurmağa məcbur olmuşdu. Ona
görə "məcbur olmuşdu" yazırıq ki, hər
halda Mirzə Cəlili tanıyanlardan heç kim
həmin izdivacın qarşılıqlı sevgiyə əsaslandığını
dilə gətirməmişdir. Beləliklə, aydın olur
ki, Nirzə Cəlilin sonralar Həlimə xanım haqqında
söz açmamasının əsl səbəbi bu ailənin
məhəbbət üzərində qurulmaması idi.
Mirzə Cəlilin 1895-ci ildə evlənməsinə təkan
verən bir amilin də üzərində dayanmaq istəyirik. Həmin vaxt Mirzə Cəlil
Nehrəmdə qızğın pedaqoji və ictimai fəaliyyətlə,
həmçinin "Danabaş kəndinin əhvalatları"
kimi dəyərli bir əsər yazıb onun məzmunu ilə
kəndliləri tanış etməklə
yaşadığı mühitə yeni bir ab-hava gətirmək
istəsə də, gerilik və cəhalətin
qatılığından məqsədinə nail ola bilmirdi.
İrəvan Quberniyası Xalq Məktəbləri
Direktorluğuna yazdığı 1895-ci il 26 may tarixli raportunda
"yerli şəraitə dair mübarizədə
gücsüz olduğunu" diqqətə çatdırmaqla
"başqa bir iş yeri tapmaq" üçün ona
"üç ay məzuniyyət götürməyə icazə
verilməsi" haqqında inspektordan xahiş etməsi
faktını xatırladır. Raportdan aydın olur ki, Mirzə
Cəlil "əleyhinə mübarizə aparmaqda öz
gücsüzlüyünü hiss etdiyi bu zülmət və cəhalət
dünyasından qaçıb qurtarmağa can atır,
özü üçün başqa elə bir iş, elə
bir sahə axtarırdı ki, o zamankı cəmiyyətin qara
qüvvələri ilə daha səmərəli mübarizə
aparmaq üçün imkan əldə etsin".
Raport İrəvan Quberniyası Xalq Məktəbləri
Direktorluğunun inspektoruna təqdim olunur. O isə raportun arxasına
yazdığı xülasədə Mirzə Cəlilin vəziyyətdən
çıxış yolu axtararkən keçirdiyi bu təlaşı
və narahatçılığı, necə deyərlər,
qulaqardına vuraraq tövsiyə edir ki, "Məmmədquluyev
lazım gəldikdə... asanlıqla, məsələn, həmin
məktəbdəki ikinci müəllim, öz təvazökar
vəzifəsinə zəhmətkeş bir münasibətlə
yanaşmağı yerli şəraitə qarşı səmərəsiz
mübarizədən üstün tutan Səfiyevlə
(Tağı bəy Səfiyev - F.X.) əvəz edilə bilər".
Özünə
qarşı belə sərt münasibətin
olacağını ya əvvəlcədən eşidən,
yaxud hiss edən Mirzə Cəlil güzəranının
yeganə təminatçısı olan mövcud iş yerini
itirməmək üçün "peşman olub" İrəvana
- inspektor A.İoakimovun yanına getməli olur. Bu barədə
inspektor raportun arxasındakı xülasədə yazır:
"Bu günlərdə C.Məmmədquluyev İrəvana -
mənim yanıma gəlib xahiş etdi ki, onu işdən
çıxartmasınlar, çünki yoxsul bir adam olduğu üçün öz vəzifəsi
onun üçün qiymətlidir".
Buradan belə
nəticə çıxarmaq olar ki, "Danabaş kəndinin
əhvalatları"nın çarəsiz qəhrəmanı
Zeynəbi Xudayar bəyə ərə getmək məcburiyyətində
qoyan "yumruq gücünə yaradılmış və zəhmətkeş
kəndlilərə qarşı çevrilmiş
qanunsuzluğun hökm sürdüyü" mühit Mirzə
Cəlili də çıxılmaz bir vəziyyətə
salmış, onu taleyin hökmü ilə barışmağa
vadar etmişdir. Beləliklə, o, "yoxsul bir adam olduğu üçün" öz təbəqəsindən
olan Həlimə ilə evlənib bəlkə də həmişəlik
Nehrəmdə yaşamaq və işləmək qərarını
vermişdir. ("Evində mənzil
tutduğu" bir şəxsin qızı ilə evlənməsi
həm də onu kirayə haqqından azad edirdi!). Lakin Həlimənin ölümü Mirzə Cəlilə
həyatının Nehrəm mərhələsi ilə həmişəlik
olaraq vidalaşması üçün yeni şans və əsas
verir.
Həlimənin
vəfatından sonra 1897-ci ilin iyun ayında Nehrəm kənd
məktəbinin nəzarətçisi vəzifəsindən
azad olunub Naxçıvana qayıtdığı vaxt tezliklə
onu unudub Nazlı xanıma vurulması da Mirzə Cəlilin Həlimə
ilə "ailə qurmaq xatirinə" ailə qurduğunu
bir daha təsdiq edir.
Mirzə Cəlil Nazlı xanımdan sonra Həmidə
xanımla evlənmişdir. Bu vaxt onun 38
yaşı var idi. Gənclik
şövqü ilə nə sevməli, nə də dul bir
xanım tərəfindən sevilməli vaxtı idi. Bu ailə Mirzə Cəlilin evlənmə təklifini
Həmidə xanım qəbul edəndən sonra
qarşılıqlı ehtiram, inam və gələcəyə
hesablanan ölçülüb-biçilmiş arzular əsasında
qurulmuşdu. Bunu həm Mirzə Cəlillə
Həmidə xanımın bir-birinə yazdığı əlimizə
çatan məktubları, həm də Həmidə
xanımın "Xatirələrim"i
açıq-aşkar şəkildə təsdiq etməkdədir.
Fikrimizi əsaslandırmaq üçün Həmidə
xanımın bir cümləsini xatırlatmaq yerinə
düşər: "Mirzə Cəlilin ona "yoldaş və
arxa" olmağım fikirləri ilə razılaşıb
evlənmə təklifini qəbul etdim".
Mirzə
Cəlilin bir səmimi etirafı da fikrimizin doğruluğunu təsdiq
etməkdədir: "Mən burada (Tiflis nəzərdə
tutulur - F.X.) bir qıza aşiq olmadım".
Deməli, Mirzə Cəlilin həyatı boyu
üç evliliyinin yalnız biri - Nazlı xanımla evliliyi
qarşılıqlı məhəbbətin bəhrəsi
olmuşdur. Təəssüf ki, məlum səbəblərə
görə Mirzə Cəlil Nazlı xanımla xoşbəxt
həyat sürməyə macal tapmamışdır. Lakin onların bu izdivacının Mirzə Cəlilin
gələcək ədəbi-ictimai karyerası
üçün təsadüfən də olsa, çox
böyük rolu və əhəmiyyəti olmuşdur. Bu təsadüf Mirzə Cəlilin xəstə
arvadı Nazlını Tiflisə apardığı vaxt orada məşhur
jurnalist və naşir M.Şahtaxtlı ilə
rastlaşması idi. Məhz həmin "təsadüfi
şansla əlaqədar C.Məmmədquluzadə vəkilliklə,
hüquq idarələri ilə ömürlük
vidalaşmışdır", yəni
M.Şahtaxtlının təkidi ilə Tiflisdə qalıb
özünün etiraf etdiyi kimi "Şərqi-Rus"da "qəzet
dünyasına" daxil olmuş, burada "Molla Nəsrəddin"ə
aparan yolun "baş məşqini" keçmişdir.
Vaxtilə Mirzə Cəlil Qori Seminariyasını bitirib Naxçıvana qayıdarkən burada rast gəldiyi "özündən artıq huşyar dostu" E.Sultanova 1925-ci ildə ünvanladığı bir məktubunda yazırdı: "O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da maarif aləminə daxil etdin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri-sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım". Bu sözlər xoş bir təsadüf haqqında səmimi etirafın ən gözəl nümunələrindən biri sayıla bilər. Bu gün ədəbiyyatşünaslığımızda yekdilliklə qəbul edilən həqiqət budur ki, həmin təsadüf, yəni Mirzə Cəlilin o vaxt E.Sultanova rast gəlməsi, "huşyar dostunun" dilindən "rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər" eşitməsi onun dünyagörüşü və fəaliyyətinin yeni istiqamətə - "maarif aləminə" yönəlməsi üçün güclü bir təkan vermişdir.
Mirzə Cəlilin həyatında rast gəldiyi ikinci xoş (həm də həlledici) təsadüf isə 1903-cü ilin sonunda Tiflisdə M.Şahtaxtlı ilə rastlaşması idi. Qətiyyətlə demək olar ki, əgər Mirzə Cəlil Nazlı xanımı müayinə və müalicə üçün Tiflisə aparmasaydı və orada M.Şahtaxtlı ilə rastlaşmasaydı, ən yaxşı halda İrəvanda "məşqinə düşdüyü" ədliyyə idarələrində "dava vəkili və advokatlıqdan" uzağa gedə bilməyəcəkdi.
Nəhayət, buraya qədər
deyilənlərdən belə qənaətə gələ
bilərik ki, Mirzə Cəlilin şəxsi həyatının
Nazlı xanım mərhələsində baş verənlər
bir tərəfdən bu böyük şəxsiyyətin bir
insan kimi ülvi duyğuları, nakam məhəbbəti, sonsuz kədəri, intəhasız təəssüfü,
müəyyən hədd tanıyan dözümü və nəhayət,
sarsılmaz iradəsi haqqında dolğun təsəvvür
yaradırsa, digər tərəfdən onu vaxtılə təbiətinə
uyğun olmayan bir işə - polis orqanlarında işləməyə
vadar edən və indiyədək tədqiqatçılar tərəfindən
diqqət yetirilməyən səbəblərdən biri
haqqında da söz açmaq üçün əsas verir.
Fərman
XƏLİLOV
525-ci qəzet.- 2016.- 7 aprel.- S.6