Qələbəyə aparan
yol
Son günlər dünya
KİV-i diqqətini Dağlıq Qarabağda baş verən hadisələrə yönəldib. Ermənistan ordusunun
təxribatları sayəsində
münaqişə zonasında
yenidən hərbi əməliyyatlar başlayıb.
Milli.Az
newtimes.az-a istinadən
bildirir ki, dəfələrlə edilən
müraciətlərə baxmayaraq,
Ermənistan atəşkəsə
əməl etmək istəmədi. Döyüşlərdə itirdiyi əraziləri
geri qaytarmaq adı ilə dinc azərbaycanlı əhalini atəşə
tutdu. Azərbaycan
Ordusunun cavab tədbirləri ilə düşmən xeyli itki verdi
və geri çəkildi. Bu prosesə dünyanın müxtəlif ölkələri
fərqli yanaşdı.
Lakin reallıq birdir - Azərbaycan öz torpaqlarını işğaldan
azad etmək haqqına sahibdir. Bu barədə Prezident
İlham Əliyevin dəqiq fikirləri var və Ali Baş Komandan qətiyyətli addımlar
atır. Azərbaycan əsgəri
öz qanı bahasına doğma torpaqları rəşadətlə
işğalçılardan azad edir. Proses başlayıb...
Sadə
həqiqət: bəziləri
etiraf etmək istəmir
Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması
sözün həqiqi
mənasında bir sıra dairələrdə
şok effekti yaratdı. Burada həm qəribəlik,
həm də müəyyən məntiq
vardı. Qəribəlik ondadır ki, onlar nəyə görə Azərbaycanın
qətiyyətli davrandığını
anlaya bilmirlər.
Məntiqiliyin səbəbi isə
ondadır ki, uzun illərdir Qərbdə münaqişə
ilə bağlı elə yanlış təsəvvürlər formalaşdırılıb
ki, Azərbaycanın öz haqqını tələb etməsini qeyri-adi hal kimi
qəbul etməyə
meyllidirlər.
Əslində, baş verənlərin
çox sadə və real izahı var - Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün təbii haqqa sahibdir! Bunu müxtəlif bəhanələrlə
əlaqələndirmək və hansısa qərəzli izahlar axtarmaq tamamilə yersizdir. Burada atəşi kimin
birinci açdığının
da elə bir əhəmiyyəti yoxdur, çünki Azərbaycan Ordusu öz Vətənini qorumağa və ona olan təcavüzü
aradan qaldırmağa
borcludur. Şübhəsiz, dünyanın hər bir dövlətinin ordusu da öz
ölkəsini qorumaq haqqına sahibdir. Bu səbəbdən Azərbaycana bununla bağlı verilən bütün suallar əsassızdır və
konkret məqsədlər
güdür. Eyni zamanda,
Dağlıq Qarabağda
cərəyan edən
hadisələrin geosiyasi
təhlili də olduqca vacibdir.
Etiraf edilməlidir
ki, bu gün
baş verənlərin
əsası Ermənistanın
Azərbaycanın ərazisinin
20 faizini işğal etməsi ilə qoyulub. Həmişə sülh tərəfdarı
olan rəsmi Bakı danışıqlar
yolu ilə işğalçıların ərazilərimizdən
çıxmasını tələb
edib. Beynəlxalq təşkilatlar Ermənistanın işğal
etdiyi ərazilərdən
çəkilməsini tələb
edən sənədlər
qəbul ediblər.
BMT bununla bağlı
4 qətnamə qəbul
edib. Lakin indiyə qədər
həmin sənədlərdə
qoyulan tələblərə
İrəvan əməl
etməyib. Bu aspektdə əminliklə
deyə bilərik ki, Azərbaycan hər şeydən əvvəl BMT-nin qəbul etdiyi qətnamələrin yerinə
yetirilməsinə başlayıb.
Bakının atdığı addımlar beynəlxalq hüququn bütün müddəalarına tam uyğundur.
Bunlarla yanaşı,
hesab edirik ki, hadisələrin məhz indi başlamasının konkret
geosiyasi konteksti vardır. Məsələ ondan ibarətdir
ki, erməni silahlı birləşmələri
Azərbaycan mövqelərini
aprelin 1-dən 2-nə keçən
gecə, Vaşinqtonda
IV Nüvə Təhlükəsizliyi
Sammiti başa çatar-çatmaz atəşə
tutmağa başlayıb.
Təsadüfdürmü? Bəzi faktlar bu suala mənfi cavab verməyə meylləndirir. Məsələ bundadır ki, Vaşinqtonda Azərbaycan Prezidenti ABŞ-ın rəhbərliyi ilə çox səmərəli
danışıqlar aparıb.
Bu zaman Dağlıq
Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması şərti ilə həll edilməsi yekdilliklə vurğulanıb. Amerika Prezidenti, vitse-prezidenti və dövlət katibi bununla bağlı açıq fikirlərini bildiriblər.
ABŞ-ın ATƏT-in Minsk qrupundakı təmsilçisi
Ceyms Uorlik də dəfələrlə
işğal altında
olan 7 rayondan erməni ordusunun çıxarılmasının vacibliyini vurğulayıb.
Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti fonunda Serj Sarkisyanın faktiki olaraq heç bir şey edə bilməməsi rəsmi İrəvanın diplomatik
potensialının və
arqumentlərinin tükəndiyini
göstərirdi. Belə şəraitdə yeganə yol kimi İrəvanın münaqişədə təxribatlara
əl atması qalırdı. Burada da
məqsəd Azərbaycanı
günahkar kimi göstərib, ermənilərin
onlarla bir yerdə yaşaya bilməyəcəyi təəssüratını
yaratmaqdı. Guya azərbaycanlılar
dinc erməni əhalini qırır və bu səbəbdən
ona qarşı sanksiyalar tətbiq edilməlidir.
Digər
tərəfdən, İrəvan
və onun havadarları hesab edirlər ki, müharibənin getdiyi bir yerdə danışıqları əvvəlki
məcrada aparmaq çətin ola
bilər. Belə ki, bu halda Helsinki Yekun Aktı və Madrid prinsipləri əvəzinə,
"yeni şəraitə"
uyğun müddəalar
hazırlamaq gərəkdir.
Bir sözlə, "Azərbaycanın
hərbi əməliyyatları"
vəziyyəti tamamilə
dəyişib və diplomatiya müstəvisində
hər şeyi "yenidən başlamaq" lazımdır.
Ali Baş Komandanın əmrləri: Azərbaycan
əsgərinin qələbə
əzmi
Reallıq isə tamamilə bu cəfəngiyatdan fərqlidir və onu, maraqlıdır ki, Ermənistanın özündə belə bir sıra ekspertlər dərk edirlər. Məsələn, İqor Muradyan yazır: "...Rusiyanın vassalı və marionetkasını (yəni Ermənistanı - Newtimes.az) niyə qorusunlar?" (bax: Игорь Мурадян. Куда ж девалась Россия? / "Lragir.am", 4 aprel 2016). Erməni ekspert bu kontekstdə baş verənlərdə Türkiyəni günahlandıranlara da maraqlı cavab verir. O vurğulayır: "Türkiyə nə dərəcədə bu müharibəyə qarışmaqda maraqlıdır...? Türklərə sabit qalmaq gərək olduğu bir vaxtda daha bir hay-küy nəyə lazımdır? Bu şayiələri yaymaqda məqsəd nədir?" (bax: Игорь Мурадян. Есть шанс остаться в дураках / "Lragir.am", 4 aprel 2016).
Bu suallara cavab olaraq İ.Muradyan Ermənistanın çox gülünc bir vəziyyətdə qalacağını bildirir. Yəni Dağlıq Qarabağda baş verənlərin səbəbini müxtəlif ölkələrin paytaxtlarında hazırlanan planlarla izah etməyə çalışmaq erməni axmaqlığının bariz nümunəsidir. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmayana qədər Azərbaycan Ordusu hərbi əməliyyatlar aparmaq hüququna malikdir. Məhz Ermənistanın dinc əhalini atəşə tutması qarşıdurmanın sülh yolu ilə həllinə imkan vermir. Bu hərəkətləri ilə Ermənistan dövləti Azərbaycan xalqına qarşı soyqırımı siyasətindən əl çəkmədiyini sübut edir.
Bütün bu həqiqətləri əsas tutaraq, dünya ictimaiyyəti və beynəlxalq qurumlar Ermənistanın təcavüzkar siyasətinə biganə qalmamalıdır. Bu siyasətə son qoymaq üçün təcili tədbirlər görülməlidir. O cümlədən BMT və ATƏT-in növbədənkənar toplantıları çağırılmalıdır. Orada qəbul edilən qətnamələrin yerinə yetirilməsi üçün təzyiq vasitələri işə salınmalıdır. Bunların əvəzinə, uydurulmuş arqumentlər əsasında uzun-uzadı və səthi analizlər aparmaq səmərəsiz fəaliyyətdir.
Burada məsələnin başqa mühüm tərəfinə də mütləq diqqət yetirmək lazımdır. Azərbaycan Prezidenti Təhlükəsizlik Şurasının son toplantısında açıq bildirib: "Ermənistanda hökm sürən kriminal diktatura rejimi öz ölkəsini uçuruma aparır. Ermənistanda demoqrafik vəziyyət kritik həddə çatıbdır. İqtisadiyyat dağılıb, bütün azadlıqlar tapdalanır, diktatura hökm sürür. Kriminal rejim ilk növbədə erməni xalqının qənimidir" (bax: Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası / AZƏRTAC, 3 aprel 2016).
Deməli, əslində, Ermənistan hakimiyyəti daxili problemlərdən qaçmaq üçün müharibə kartına əl atıb. Erməni təxribatının kökündə bu məqam dayanır. Məsələnin digər tərəfi isə rəsmi İrəvanın mövcud status-kvonun dəyişməz qalmasına çalışması ilə əlaqəlidir. Dövlət başçısı İlham Əliyev bu aspektdə dəqiq vurğulayıb: "Ermənistanın əsas məqsədi status-kvonun dəyişməz qalmasıdır... Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçılar işğal edilmiş torpaqlardan çıxmalıdır. Ermənistan rəhbərliyi bunu istəmir. Əsas məsələ bundan ibarətdir. Onlar istəyirlər ki, bu, sonu olmayan prosesə çevrilsin. İstəyirlər ki, danışıqlar bundan sonra da iyirmi il davam etsin" (bax: əvvəlki mənbəyə).
Bu fikirlərdə Dağlıq Qarabağla bağlı bütün həqiqətlər öz əksini tapıb. Ermənilər status-kvonu saxlamaq üçün bütün alçaqlıqlara gedirlər. Onları indi daha çox narahat edən məqam isə Prezident İlham Əliyevin atdığı uğurlu addımlardır. Ölkə başçısı geniş əfv fərmanları imzaladı, QHT-lərin fəaliyyəti üçün bütün mümkün maneələr aradan qaldırıldı, liberal iqtisadi islahatlar həyata keçirilməkdə davam edir. Bundan başqa, "Cənub qaz dəhlizi"nin reallaşması üçün İlham Əliyev böyük qətiyyət göstərir və konkret addımlar atır. Görünür, bu kimi müstəqil addımlar ermənilərin havadarlarından hansınınsa xoşuna gəlmir. Ancaq son nəticədə erməniləri bəlaya salırlar.
İndi Azərbaycan Ordusu qəhrəmanlıqla
torpaqlarımızı azad edir. Əsgərlərimiz qətiyyətlə
irəliləyirlər. Ali Baş
Komandan böyük türk sərkərdəsi şücaəti nümayiş etdirir. Tarix sübut edir ki, qələbə
haqqın tərəfində olandadır. Azərbaycan öz haqqını tələb edir. Onu heç
kəs bu yoldan
döndərə bilməz. Prezidentin
başçılığı ilə Xankəndinə bayraq sancacağımız gün
uzaqda deyil!
525-ci qəzet.- 2016.- 7 aprel.- S.5