Cavanşir Feyziyev: "Fransada Ermənistanın
təxribatını qəti şəkildə pisləyirlər"
Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində baş verən, o
cümlədən, mülki əhali arasında insan tələfatına
səbəb olan erməni təxribatı və Azərbaycan
Milli Ordusunun düşmənə layiqli cavabı bütün
dünya ictimaiyyətinin diqqətini yenidən
"dondurulmuş" hesab edilən Qarabağ münaqişəsinə
cəlb etdi.
Hadisələrin gedişi Azərbaycanın beynəlxalq
aləmdəki nüfuzunu da təsdiq etdi. Ölkəmizə
dəstək verən dövlətlərin sayının
çoxluğu bir daha Prezident İlham Əliyevin rəhbərliyilə
həyata keçirilən fəal diplomatiyanın və xarici
siyasətin praqmatikliyini və səmərəliliyini ortaya
qoydu.
Türkiyə,
Pakistan, Belarus, Ukrayna kimi ölkələrin birmənalı
olaraq Azərbaycanın haqlı mövqelərinə dəstək
verdi. Ermənilərin təxribatları
Avropada da həyəcanla qarşılandı.
Parlamentlərarası işçi qruplarının
Almaniyadan, Böyük Britaniyadan olan üzvləri Azərbaycanın
haqlı mövqeyini dəstəkləyən bəyanatlarla
çıxış etdilər.
O cümlədən,
Fransada bir sıra senatorlar-Andre Reyxard, Bob Bləkmən, Natali
Qule kimi Avropada tanınmış siyasi xadimlər öz
ölkələrinin hökumətlərinə və ictimaiyyətinə
müraciətlər edərək Ermənistanın təxribatını
qəti şəkildə pislədilər və Ermənistanın
təcavüzkar hərəkətlərinin
dayandırılmasını tələb etdilər.
Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər
Komitəsinin üzvü Cavanşir Feyziyevlə söhbətimiz
bu barədədir.
-Cavanşir müəllim, ölkəmizin
hüdudlarından kənarda ermənilərin təxribatına
reaksiyalar adekvatdır demək olarmı? Siz Milli
Məclisin beynəlxalq Komitəsinin üzvü kimi və həm
də Fransa-Azərbaycan parlamentlərarası işçi qrupun
üzvü kimi bu barədə nə deyə bilərsiniz?
- İlk növbədə onu deməliyəm ki, son
günlərdə ermənilərin törətdiyi təxribatların
ölkə xaricində, xüsusilə Avropada həyəcanla
qarşılandığını müşahidə edirik. Həmişəkindən
fərqli olaraq bir çox Avropa ölkələrində, eləcə
də həm MDB məkanında və həm də
türkdilli ölkələr də səslənən bəyanatlar
daha obyektiv və daha kəskin şəkildə ifadə
olundu. Bu beynəlxalq ictimaiyyətin
Qarabağ münaqişəsi haqqında artıq yetərincə
obyektiv məlumata malik olduğunu göstərir. Parlamentlərarası işçi qrupların
Almaniyadan, Böyük Britaniyadan, Fransadan olan üzvlərinin
- həmkarlarımızın demək olar ki, hamısı Azərbaycanın
haqlı mövqeyini dəstəkləyən bəyanatlarla
çıxış etdilər. O cümlədən,
Fransada da "Azərbaycanın Dostları
Assosiasiyası", eləcə də bir sıra
senatorlar-Andre Reyxard, Bob Bləkmən, Natali Qule kimi Avropa da
tanınmış siyasi xadimlər öz ölkələrinin
hökumətlərinə və ictimaiyyətinə müraciətlər
edərək Ermənistanın təxribatını qəti
şəkildə pislədilər və Ermənistanın təcavüzkar
hərəkətlərinin dayandırılmasını tələb
etdilər.
Bütün
ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz,
diplomatlarımız fəal və çevik bir şəkildə
baş verən hadisələrlə bağlı yerləşdikləri
ölkələrin mediasına dəqiq məlumatlar çatdırır. Azərbaycanın Fransadakı səfiri cənab
Elçin Əmirbəyov da səfirliyin mədəniyyət mərkəzində
mətbuat konfransı keçirmək haqqında elan
yayımlayıb və Fransa media orqanlarını bu konfransa dəvət
edib. Mətbuat konfransında Ermənistan
silahlı qüvvələri tərəfindən Azərbaycanın
Dağlıq Qarabağ regionunda qoşunların təmas xəttində
törədilmiş təxribatla bağlı Fransa mətbuatına
açıqlamalar veriləcək və jurnalistlərin
sualları səfirimiz tərəfindən ətraflı
cavablandırılacaq.
Eyni zamanda, Parisdə fəaliyyət göstərən
"Azərbaycan Evi" Fransa ictimaiyyətinə
çağırış ünvanlayıb. Bu
çağırışda "Azərbaycan evi" Fransa
ictimaiyyətini Ermənistanın təcavüzkar siyasətinə
qarşı öz etirazını bildirmək
üçün səfərbər olmağa, aprelin 9-da Ermənistan
səfirliyi qarşısında keçiriləcək
nümayişdə iştirak etməyə
çağırıb. Nümayiş 9 aprel 2016-cı il tarixdə, saat 16:00-da Paris şəhəri,
Vyet küçəsi, 9 ünvanında yerləşən Ermənistan
Səfirliyi qarşısında keçiriləcək. "Azərbaycan
Evi"nin Müraciətində deyilir: "Aprelin 1-dən 2-ə
keçən gecə Ermənistan hərbi qüvvələri
atəşkəsi pozmaqla Azərbaycan
Respublikasının işğal olunmuş əraziləri ilə
həmsərhəd bölgələrdə çoxsaylı
itkilərə, o cümlədən, mülki əhali
arasında ağır itkilərə səbəb olmuşdur.
Atəşkəsin elan olunduğu vaxtdan Ermənistan cəbhəboyu
kəndlərdə yaşayan mülki əhaliyə mütəmadi
olaraq hücumlarını davam etdirir və beynəlxalq təşkilatlar
tərəfindən təklif olunan sülh təkliflərini qəbul
etmir.
Azərbaycan
Respublikasına qarşı apardığı təcavüzkar
siyasətin beynəlxalq ictimaiyyət tərəfindən
qınanmasına baxmayaraq Ermənistan beynəlxalq təşkilatların
qətnamələrini və
çağırışlarını qulaqardına vurmaqda
davam edir.BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının
qeyd-şərtsiz azad olunmasını tələb edən 822,
853, 874 və 884 saylı qətnamələri bu günədək
Ermənistan tərəfindən yerinə yetirilməyib. Beynəlxalq missiyaların hazırladığı
hesabatlar təsdiq edir ki, Ermənistan Azərbaycan
xalqının öz torpaqlarındakı tarixi və mədəni
irsini dağıtmaqla və bu torpaqları qeyri-qanuni yolla məskunlaşdırmaqla
Azərbaycanın işğal olunmuş ərazilərində
qeyri-qanuni fəaliyyətlər həyata keçirir.
Hər bir köçkün azərbaycanlının
arzusu öz doğma torpaqlarına qayıtmaqdır və
işğal faktı artıq davam edə bilməz. Azərbaycan cəmiyyəti
adından biz ATƏT-in Minsk
qrupunun həmsədri kimi vətənimiz Fransadan və eləcə
də, beynəlxalq ictimaiyyətdən bu işğala
etirazını bildirməyi və Azərbaycanın ərazi
bütövlüyünün sülh yolu ilə bərpa
olunmasına öz töhfələrini
verməyini tələb edirik".
"Azərbaycanın
Dostları Assosiasiyası"nın prezidenti, Fransa Milli
Assambleyasının deputatı cənab Jan Fransua Mansel baş verən
hadisələrlə bağlı
Fransanın xarici işlər nazirinə Dağlıq
Qarabağda baş vermiş toqquşmalarla bağlı bəyanat-müraciət
ünvanlayıb. Öz müraciətində cənab Mansel öz ölkəsinin
xarici siyasət idarəsini təxirəsalınmaz tədbirlər
görməyə, həm BMT səviyyəsində, həm də
ATƏT və onun Minsk qrupu səviyyəsində davamlı atəşkəsə
nail olunması üçün təşəbbüs göstərməyə
çağırıb. Cənab Mansel həmçinin BMT-nin Təhlükəsizlik
Şurasının 822, 854, 874 və 884 saylı qətnamələrinin
Ermənistan tərəfindən indiyədək yerinə
yetirilmədiyini diqqətə çatdırmış və
bu qətnamələrə əməl olunmadan bölgədə
davamlı sülhə nail olmağın mümkün
olmayacağını vurğulayıb.
Cənab Mansel həmçinin "Azərbaycanın
Dostları Assosiasiyası" adından Bəyanat
yaymış və bu bəyanat Fransa KİV-lərində yer
alıb. Bəyanatda
deyilir: "Azərbaycanın dostları Assosiasiyası"
aprelin 1-dən 2-ə keçən gecə Ermənistan hərbi
birləşmələri tərəfindən Azərbaycan ərazilərinə
qarşı həyata keçirilmiş və çoxsaylı
insan tələfatına, o cümlədən, Azərbaycanın
mülki əhalisi arasında tələfatlara səbəb
olmuş təxribatçılıq fəaliyyətini qətiyyətlə
pisləyir".
Assosiasiyanın üzvləri Ermənistan tərəfindən
işğala məruz qalmış Dağlıq Qarabağ ərazisində
yeni qarşıdurma zəminində həyatlarını
itirmiş qurbanlar qarşısında baş əyir,
onların ailələrinin və eləcə də
bütün Azərbaycan xalqının dərdinə şərik
olduğunu bildirirlər. Təəssüflə qeyd edirlər ki,
Minsk qrupuna daxil olan dövlətlərin yarıtmaz fəaliyyəti
ədalətsiz status-kvo vəziyyətinin saxlanmasına səbəb
olmuşdur ki, bu da yalnız faciəli qarşıdurmalara gətirib
çıxarır. Onlar aidiyyatı dövlətlərin
ən qısa müddətdə baş vermiş təxribata
münasibət bildirməsini və BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə əməl
olunması üçün sülhə məcbur etmə tədbirləri
görülməsini arzulayır.
Eyni
zamanda "Azərbaycanın dostları Assosiasiyası" Azərbaycan
hakimiyyəti tərəfindən faciəvi toqquşmalara son
qoymaq üçün birtərəfli
qaydada atəşkəs elan edilməsini
alqışlayır.Tarixi həqiqətlərin tam əksinə
olaraq Dağlıq Qarabağı erməni torpağı kimi təqdim
etməyin və qeyri-qanuni
işğalı sonsuz olaraq davam etdirməyin
mümkün olmadığını nəzərə alaraq
Ermənistanı məsuliyyətli davranmağa, Azərbaycandan
nümunə götürərək öz tərəfindən
atəşkəs elan etməyə çağırır.
-Xarici mətbuatın
icmalından və elə sizin dediklərinizdən də belə
görünür ki, Avropada, ümumiyyətlə, dünyada
Dağlıq Qarabağ münaqişəsinə və münaqişə
tərəflərinin mövqeyinə münasibət dəyişib.
Sizcə, bu
nə ilə bağlıdır?
-Tamamilə
haqlısız. Münasibətin dəyişdiyi
göz qabağındadır. Bunun səbəbləri
çoxdur. İlk növbədə, bu,
ulu öndərimiz Heydər Əliyevdən başlayaraq bu
gün də Azərbaycan prezidenti İlham Əliyev tərəfindən
səbrlə, təmkinlə və böyük əzmkarlıqla
aparılan ardıcıl xarici siyasət kursunun uğurudur.
Buna bənzər hadisələr əvvəllər
də baş verirdi, lakin dünya birliyinin laqeyd münasibəti
və bəzən də Azərbaycana qarşı qərəzli
mövqeyi həmişə bizi təəssüfləndirirdi.
Lakin son 20 il ərzində həm dövlət
başçısı tərəfindən, həm Heydər
Əliyev Fondu tərəfindən, eləcə də müxtəlif
ictimai təşkilatlarımız, diasporamız və hətta
ayrı-ayrı vətənpərvər
soydaşlarımız tərəfindən Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
fəal şəkildə aparılan işlər beynəlxalq
rəyə öz təsirini göstərə bildi və nəhayət,
dünya kimin haqlı, kimin haqsız olduğunu anlamağa
başlayıb. Bir tərəfdən, Ermənistanın
xalqımız və dövlətimiz haqqında onilliklər ərzində
dünya çapında yayımladığı saxta
informasiyalar, eləcə də özləri haqqında
dünya ictimaiyyətinə təlqin etdikləri "əzabkeş
xalq" mifi dağılmağa başlayıb.
Digər tərəfdən, Azərbaycan dövlətinin
apardığı müstəqil xarici siyasət kursu
dünyanın bir sıra aparıcı dövlətlərində
ölkəmizə qarşı etimadı yüksəldib. Azərbaycanın iqtisadi, mədəni,
sosial sahələrdə əldə etdiyi nailiyyətlər,
ildən-ilə artan hərbi
gücü, təkcə özünün deyil, digər
ölkələrin də mənafeyini ədalətli şəkildə
nəzərə almaqla regional və qlobal iqtisadi layihələrin
təşəbbüsçüsü kimi
çıxış etməsi və ən
başlıcası, dünyanın Multikulturalizm Mərkəzi
imicini möhkəmləndirməsi Azərbaycana qarşı
inamı və rəğbəti kifayət qədər
artırıb. Azərbaycan beynəlxalq siyasətdə
özünün ədalətli mövqeyini sübut edib.
Cənab prezidentin də dəfələrlə qeyd etdiyi kimi,
biz son 20 il ərzində öz dövlətimizi
kifayət qədər gücləndirə bilmişik və
iqtisadi gücümüz artdıqca dövlətimizin siyasi
çəkisi də artır və artıq bizimlə
hesablaşmağa başlayırlar.
Bunun tam əksinə olaraq, Ermənistan kimi xəyanətkar, terrorçu və dilənçi bir dövlət nə öz vətəndaşları üçün, nə də region və dünya birliyi üçün əhəmiyyət kəsb edir. Bütün bunlara görə nəhayət ki, Azərbaycanın haqq işi beynəlxalq səviyyədə müdafiə olunmağa başlayıb.
-Sizcə, Azərbaycana qarşı formalaşmaqda olan bu ədalətli münasibət davam edəcəkmi?
- Buna inanmaq istərdim və inanmamağa da heç bir əsas yoxdur. Torpaqlarımızın işğal olunmasından artıq 30 ilə yaxın vaxt keçir. Bütün bu müddət ərzində beynəlxalq güclər birtərəfli qaydada əsasən Ermənistanın mənafeyini müdafiə edib. Lakin münaqişənin səbəbləri, ermənilərin çirkin niyyətləri aydınlaşdıqca beynəlxalq birliyin ən azı bir qismi real vəziyyəti düzgün və obyektiv dəyərləndirmək imkanı əldə ediblər.
Digər tərəfdən, bu münaqişənin həllində Azərbaycan prezidentinin öz xalqının iradəsini, milli maraqlarımızı dönmədən, israrla müdafiə etməsini, ərazi itkisinin Azərbaycan tərəfindən heç zaman qəbul edilməyəcəyini anlayan güc sahiblərinin də ədalətə tərəfdar çıxmaqdan başqa yolları qalmır. Əks təqdirdə, bu münaqişə nəinki Azərbaycana, eləcə də regional və qlobal təhlükəsizliyə daimi təhdid kimi qalmağa məhkumdur.
Bütövlükdə bəşəriyyətin harmonik inkişafını təmin etmək üçün belə bir təhlükə mənbəyi dünya birliyinə də lazım deyil. Ona görə də inanıram ki, bu dəfə dünya dövlətlərinin münasibəti daha ciddi olacaq və nəhayət ki, işğal altında qalmış torpaqlarımız tamamilə azad olunacaq.
525-ci qəzet.- 2016.- 7 aprel.- S.4