Naxçıvan tarixinin öyrənilməsinə
həsr olunan ömür
Naxçıvan Muxtar Respublikasının tarixi,
arxeologiyası, etnoqrafiyası, ədəbiyyatı və təbii
sərvətlərinin öyrənilməsi istiqamətində
həyata keçirilən ardıcıl və məqsədqönlü
tədbirlərin nəticəsində formalaşmış
elmi məktəblərdən biri kimi Naxçıvan
tarixşünaslığının özünəməxsus
yeri və rolu var.
Naxçıvan Muxtar Respublikasında elmə göstərilən
qayğı elmi inkişaf etdirməklə bərabər, beynəlxalq
əhəmiyyətə və xüsusi geostrateji imicə malik
olan Naxçıvan Muxtar Respublikasının hərtərəfli
öyrənilməsinə də geniş imkanlar açıb,
Naxçıvan tarixşünaslığının
formalaşmasının təməlini qoyub. Razılıqla
demək olar ki, Naxçıvan tarixinin bugünə qədərki
vəziyyətdən fərqli olaraq geniş, əhatəli və
sanballı öyrənilməsinə görə müasir
tarixçilik daha böyük müvəffəqiyyətlər
əldə edib. Bu sahədə
ömrünü Naxçıvan tarixinin öyrənilməsinə
həsr edən və Naxçıvan
tarixşünaslığının ağsaqqalı kimi
şöhrətlənən görkəmli elm adamı akademik
İsmayıl Muxtar oğlu Hacıyevin adı xüsusi çəkiyə
malikdir.
Hörmətli
akademikin tərcümeyi-halından geniş danışmaq əvəzinə
sadəcə bir cəhəti xüsusilə vurğulamaq istəyirik
ki, bəlkə də İsmayıl müəllimin görkəmli
bir alim kimi yetişməyində bir tərəfdən
Əlincə qalası, digər tərəfdən
İlanlı dağla əhatələnən, Əlincə
çayının vadisində yerləşən və Fəzlullah
Nəimi kimi mötəbər tarixi şəxsiyyətin xatirəsinə
şahidlik çəkən Xanəgah kimi tarixi yurd yerində
doğulması az rol oynamayıb. Gözünü
açıb göylərə hünər və qürurla
sinə gərən Əlincə qalasının zirvəsini
müşahidə edən hörmətli alimin uşaqlıq
iddiası bu şanlı tarixin səhifələrini öyrənməklə
yaddaşında gizlənmiş sirləri açmaqdan ibarət
olub. Və bu gün hörmətli alimin
öyrənməyə aludə keçmişindən
bugünkü elmi rütbəyə çatmış indisinə
gəlib çatan keşməkeşli yolunda zəhmətkeşlik,
yorulmazlıq, yüksək mənəviyyat və halallıq
keyfiyyətləri dayanmaqdadır. Bəlkə də elə
buna görədir ki, İsmayıl müəllimin həmişə
insanı valeh və qibtə edəcək səviyyədə əxlaqı
və humanizmi onu tanıyanlar tərəfindən minnətdarlıqla
vurğulanır!.. Bu mənada
İsmayıl müəllimin əhatəli və sanballı
elmini həm də humanist keyfiyyətlərlə zəngin
şəxsiyyəti tamamlayır.
Tanınmış tarixçi alim, gözəl ziyalı
və mötəbər insan İsmayıl Hacıyevin həyatı
və taleyi xalqına xidmət səhifələrilə zəngindir. Ulu peyğəmbər
deyirdi ki, "alimin mürəkkəbi şəhid qanından
ağırdır". Bəli, alimlər
var ki, onların elmimizə verdiyi töhfə şəhidlərimizin
vətənə fədakarlıq nümunəsindən
heç də geridə qalmır. Şəhidlərimizin
fədakarlığı üzərində ucalan dövlət
müstəqilliyimizi, ölkəmizi məhz özünün
ağır və iti qələmilə alimlərimiz
yazdıqları əsərlərlə möhkəmləndirir,
gücləndirir və təbliğ edirlər. Bu baxımdan görkəmli elm adamı akademik
İsmayıl Hacıyevin əsərləri
tarixşünaslığın, eləcə də azərbaycanşünaslıq
və naxçıvanşünaslığın ən qiymətli
mənbələri kimi mühüm əhəmiyyət kəsb
edir.
"Ölkədə elmin regional inkişafının bu
mühüm istiqamətinin ilk növbədə blokada şəraitində
olan Naxçıvanda həyata keçirilməsinin həm də
dövlətçiliyimizin, ərazi
bütövlüyümüzün möhkəmləndirilməsi
baxımından da müstəsna əhəmiyyəti
vardır"- deyən akademik İsmayıl Hacıyev
Naxçıvan tarixşünaslığının
ağsaqqallarından biri kimi bu sahənin formalaşması və
inkişafına böyük zəhmət sərf edib.
Blokada şəraitində yaşayan Naxçıvan
Muxtar Respublikasının tarixinin onun strateji maraqlarına
uyğun şəkildə tədqiqi və təbliği həmişə
xüsusi əhəmiyyət kəsb edib. Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin:
"Naxçıvanın özünəməxsus təbiəti,
təbii sərvətləri, torpağı, təbii abidələri
də indiyə qədər lazımi dərəcədə
öyrənilməyib. Bunlara, mənim irəli
sürdüyüm məsələnin öyrənilməsinə
böyük ehtiyac var"- tezisinə, eləcə də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin:
"Ermənistanın apardığı təcavüzkarlıq
siyasəti nəticəsində Azərbaycandan qismən təcrid
olunmuş vəziyyətdə, blokada şəraitində
yaşamaq məcburiyyətində qalan... Naxçıvanın
tarixinin hələ tədqiq edilməyə ehtiyacı olan səhifələri
açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi
xalqımıza, habelə dünya ictimaiyyətinə
olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin
tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab
verilməlidir" - fikrinə uyğun olaraq
Naxçıvanın tarixi, mədəniyyəti, ədəbiyyatı,
yeraltı və yerüstü sərvətləri öyrənilib.
Naxçıvan tarixşünaslığı
işini məhz bu proqram-vəzifələr çərçivəsində
quraraq regionun arxeologiyası, etnoqrafiyası, madii-mənəvi
mədəniyyət nümunələri, tarixi və sairəni
tədqiq edib. Bu baxımdan 7 avqust 2002-ci il tarixli Sərəncamı
ilə yaradılan və Naxçıvanda elmin mərkəzi və məbədgahına
çevrilən, akademik İsmayıl Hacıyevin uzun illərdir
müvəffəqiyyətlə rəhbərlik etdiyi
AMEA-nın Naxçıvan Bölməsi də özünün
ciddi nailiyyətləri ilə Azərbaycanda uzaqgörən və
müdrik elm siyasətinin qələbəsini təzahür
etdirir.
Naxçıvanda
elmin inkişafı ayrı-ayrı elm sahələrində
Naxçıvan məktəblərinin formalaşmasına nail
olmağa imkan verib. Naxçıvandakı bu nailiyyətləri
nəzərə alan Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti akademik Akif Əlizadə də
razılıqla deyirdi ki, "bu gün Naxçıvanda nəinki
elm inkişaf edir, həm də elmi məktəblər
yaranmaqdadır. Bu, böyük əlamətdar
bir hadisədir. Çünki elmi məktəblər
olmasa, elmi mühit olmasa, elm inkişaf edə bilməz. Naxçıvanda isə belə bir elmi mühit
formalaşıb və elmi məktəblər yaranmaqdadır.
Bu, özü bir göstəricidir". Bütün bunlar da Naxçıvanda elmi mühitin
ciddi inkişaf yolu keçdiyi və sanballı nailiyyətlər
əldə etdiyinin rəsmi şəkildə
etirafıdır.
İndiyə
qədər akademik İsmayıl Hacıyevin uğurla öhdəsindən
gəldiyi ağsaqqallıq və rəhbərliyi ilə
naxçıvanlı elm adamlarının səyi nəticəsində
Naxçıvan Muxtar Respublikasının tarixi,
arxeologiyası, epiqrafiyası, etnoqrafiyası və sair sahələri
dərin araşdırmalara cəlb edilib. Tarix elmi sahəsində
naxçıvanlı alimlərin apardığı tədqiqatlar,
çap etdirilən çoxsaylı elmi əsərlər
Naxçıvan tarixçilik məktəbinin yaranması və
hərtərəfli inkişafını şərtləndirmiş,
həmçinin tarix elminin müxtəlif sahələrinin -
arxeologiya, etnoqrafiya, müasir tarix sahələrinin
inkişafı üçün geniş imkanlar açıb.
Bu tədqiqatların nəticəsində
Naxçıvanın tarixi və arxeologiyası sahəsində
daha sanballı nəticələr əldə edilib,
Naxçıvanda sivilizasiyanın yaranma tarixi 500 min il, şəhər
mədəniyyəti isə 5 min il olduğu müəyyənləşmiş,
ən qədim yaşayış məskənləri, əmək
alətləri, məişət və sənətkarlıq əşyaları
və sair aşkarlanaraq dünya elminə tanıdılıb.
Bu yorulmaz zəhmət tələb edən
sanballı tədqiqatlar içərisində AMEA-nın həqiqi
üzvü, tarix üzrə elmlər doktoru, professor
İsmayıl Hacıyevin adı iftixarla çəkilir.
Bu
görkəmli alimin qələmindən çıxan və
elmimizdə müxtəlif aktual məsələləri əks
etdirmək baxımından mühüm mənbə rolunu
oynayan "Tarixdə və günümüzdə
Naxçıvan" (türk dilində), "Naxçıvan
və naxçıvanlılar", "Heydər Əliyev və
milli-tarixi yaddaşın bərpası", "Mustafa Kamal
Atatürk və Naxçıvan", "Azərbaycan
Respublikasının ictimai-siyasi və mədəni həyatında
qadınların iştirakı", "Azərbaycan Xalq
Cümhuriyyəti və Naxçıvan", "Naxçıvan
Muxtar Respublikasının ictimai-siyasi həyatı,
sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər)",
"Ermənilərin Azərbaycana qarşı ərazi
iddiaları və qanlı cinayətləri", "Heydər
Əliyev siyasəti: tarixdə və günümüzdə",
"Naxçıvan Muxtar Respublikası-90. Quruculuq salnaməsi",
"Naxçıvan: qədim Şərq sivilizasiyaları ilə
sıx bağlı olan diyar" (Azərbaycan, rus və ingilis
dillərində) kimi
onlarla digər çoxsaylı fundamental əsərləri,
monoqrafiya və kitabları Naxçıvan tarixinin
ayrı-ayrı sahələrini öyrənmək
baxımından sanballılıq nümayiş etdirir. Alimin tədqiqatları
içərisində II Dünya müharibəsi illərində
Azərbaycan qadınlarının respublikanın ictimai-siyasi və
mədəni həyatında, idarəetmə orqanlarında,
istehsalın idarə edilməsində fəal iştirak etmələrinin
ilk dəfə sistemli şəkildə tədqiqi,
Naxçıvan Muxtar Respublika zəhmətkeşlərinin
Böyük Vətən müharibəsindəki
döyüş qəhrəmanlıqlarının, azərbaycanlıların
soyqırıma, deportasiya və repressiyaya məruz
qalmalarının planlı öyrənilməsi,
Naxçıvanın Azərbaycanın dövlətçilik
siyasətində tutduğu yer və oynadığı rolun
sistemli araşdırılması, Naxçıvan Muxtar
Respublikasının muxtariyyət statusu və ərazi taleyinə
qarşı erməni iddialarının əsassızlığının
tarixi qaynaqlara əsaslanaraq göstərilməsi, muxtar
respublikanın görkəmli şəxsiyyətlərinin
siyasi, hərbi, ictimai və elmi fəaliyyətlərinin
öyrənilməsi, tarixi və memarlıq abidələrinin
mədəniyyət tarixindəki rolunun tədqiqi xüsusi əhəmiyyət
kəsb edir və gəlinən nəticələr Azərbaycan
tarixşünaslığının zənginləşməsində
mühüm rol oynayır. Alimin
hazırlanması və nəşrində ciddi rol
oynadığı, digər çoxsaylı əsərlər
də Naxçıvan tarixinin öyrənilməsi
baxımından sanballı mənbələrdəndir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı
və baş məsləhətçiliyi ilə hazırlanan
"Naxçıvan tarixi" çoxcildliyi də alimin
böyük ağsaqqallıq və elmi redaktorluq, eləcə də müəlliflik
zəhmətləri sayəsində işıq üzü
görən ən sanballı əsərlər
sırasındadır.
Bu əsəri həm də inkişafına böyük
qayğı ilə yanaşılan Naxçıvan
tarixşünaslığının konkret uğurlu
hesabatı kimi qiymətləndirmək olar. Alimin bundan başqa bilavasitə
rəhbərliyi və müəllifliyi ilə nəşr edilən
2 cilddə "Naxçıvan ensiklopediyası", 2 cilddə
"Naxçıvan abidələri ensiklopediyası",
"Naxçıvan tarixi" atlası, 3 cilddə
"Naxçıvan folklor antologiyası",
Naxçıvanın flora və faunasına aid
"Qırmızı kitab"lar, "Naxçıvanın
teatr salnaməsi (1883-2008)" kimi çoxsaylı fundamental əsərlər
alimin elmi erudisiyası, zəhmətkeşliyi və xalqa xidmət
missiyasından xəbər verir.
Ümumiyyətlə, akademik İsmayıl Hacıyev 34
kitab və monoqrafiya, o cümlədən, 350-yə yaxın
elmi məqalənin müəllifidir. "Ulu Öndər Heydər
Əliyevin siyasi və dövlətçilik fəaliyyəti,
Heydər Əliyev siyasəti və Azərbaycan tarixi məsələləri,
Azərbaycanın milli dövlətçilik tarixində
Naxçıvanın yeri, Azərbaycanın Xalq Cümhuriyyətinin
Naxçıvanla əlaqələri, Araz-Türk
Respublikasının tarixi, Müharibə illərində
(1941-45) naxçıvanlıların ön və arxa cəbhədəki
fəaliyyətləri, Naxçıvan bölgəsinin ərazi
taleyi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri,
Ermənilərin Azərbaycana qarşı ərazi
iddiaları və soyqırım siyasəti, Azərbaycanın
itirilmiş tarixi torpaqları" kimi məsələlər
hörmətli alimin elmi tədqiqatlar zamanı gəldiyi əhəmiyyətli
nəticələrdir. Hörmətli alimin xaricdə, o
cümlədən, Rusiya, Türkiyə, İran, Cənubi
Koreya, Çexiya, Misir, Qazaxıstan, Türkmənistan, Tunis,
Gürcüstan kimi müxtəlif
ölkə və dillərdə çap olunan
çoxsaylı əsərləri həm Azərbaycan tarixini
milli mənafe və maraqlar baxımından uğurla təqdim
və təbliğ etmək baxımından diqqətə
layiq yer tutur, həm də alimin yayılan şöhrətinin
arealını nümayiş etdirir. Yorulmaz və
cəfakeş alim həm də elmi kadrların
hazırlığında da əsl vətənpərvər və
zəhmətkeş ziyalılıq nümunəsi göstərib.
Onun rəhbərliyi ilə çoxsaylı fəlsəfə
və elmlər doktoru hazırlığı üzrə edilən
müdafiələr və çap olunan əsərlər
ölkəmizin müxtəlif tərəfləri ilə
bağlı elmi həqiqətləri əks etdirmək
baxımından əhəmiyyətli rol oynayır.
Alimin nailiyyətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. Bu görkəmli alim bir çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə, iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əməkdar elm xadimi adına layiq görülüb. Alim həmçinin Nyu-York Elmlər Akademiyasının üzvü (ABŞ) və Bioqrafiya İnstitutunun akademikidir (ABŞ).
Elm əxlaqa xidmət edəndə daha qüvvətli olur. Bunu əxlaqı və yüksək mənəviyyatı elminin sanbalı və əhatəliliyinə xidmət edən akademik İsmayıl Hacıyevin simasında daha aydın görmək olur. Məhz bu görkəmli alimin timsalında elmin insanlığa xidmət etməsi və ucalığına şahid olursan. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: "Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən alim, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, elmləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim - onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəlidə getməsinə xidmət göstərir". Bu mənada özünün çoxşaxəli fəaliyyətilə Azərbaycan xalqına, dövlətinə və elminə uğurla xidmət göstərən görkəmli tarixçi alim, akademik İsmayıl Hacıyev məhz ulu öndərimizin fəaliyyətlərini yüksək qiymətləndirdiyi həmin ziyalılardandır.
Ramiz QASIMOV
AMEA
Naxçıvan Bölməsinin böyük elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru,
dosent
525-ci qəzet.- 2016.- 8 aprel.- S.4.