Köç
Gün keçir, aylar ötüşür,
Daha nə qalıb biçinə.
Həmyaşlarım bir-bir düşür,
Soyuq məzarın içinə.
Gəzdik, dolandıq cahanı,
Qurban etdik şirin canı,
Tərk
edirik bu dünyanı,
Bədxahların nə vecinə?
Ağlar buluda tuş olum.
Qəmdən, kədərdən boşalım.
Son sətri yazıb qoşulum,
Həmyaşlarımın köçünə.
Saxla
Dilindəki bal sözü
Ata-anana saxla.
Qabındakı o suyu
Odda yanana saxla.
Dostun səni atanda,
Aralığı qatanda,
“Gəmin suda batanda”
Dərdi qanana saxla.
Hıçqır, boğ nəfəsini,
Duymasınlar səsini.
Ömrün pak sevgisini,
Eşqi duyana saxla.
Həyatın ağrısını,
Sözünün doğrusunu,
Qəlbinin duyğusunu,
Gözəl Sonana saxla!
Arzu
İlahi,
dərd ağır şeydir,
Onu ancaq çəkənə ver.
Səbri,
dözüb gözləməyi,
Torpağa dən əkənə
ver.
Dadlı-şirin məhəbbəti,
Tər çiçəyi,
təravəti.
İnsanlığı, ləyaqəti,
Qarşında diz çökənə
ver.
İşıqlandır gəl bu yolu,
Qoy nurlansın
sağı, solu.
Xoş sözünü
ürək dolu.
Nur, bərəkət
tökənə ver.
Haqqı
danan düşsün
oda,
İmkan vermə nankor yada.
Xoş günləri bu dünyada,
Bir qəlb evi tikənə
ver!
Yaz gəldi
Yaz gəldi,
Meynələr ağladı.
Qətrə-qətrə,
Damcı-damcı.
Görəsən,
Kim ovudacaq
Bu kolu,
Bu ağacı?
Yaz gəldi,
Alçalar çiçəklədi
Qar kimi ağappaq,
Tər-təmiz.
Görəsən,
Bu xoş günlərdə
Sevinəcəkmi ürəyimiz?
Yaz gəldi,
Gəlişiylə
Səni saldı yadıma.
Görəsən,
Yetə
biləcəyəmmi
Qəlbindəki
Arzuma, muradıma?..
Oyun
Sirr dolu bir ürəksən,
De bunları
Kimə
açıb,
Kimə söyləyəcəksən?
Sahilsiz bir dənizsən,
Nə qədər uzanacaq,
Torpaqları udacaq,
Haranı fəth edəcəksən?
Dağ başında dumansan,
Çən olub
Dərələrə çökərək,
Nələri udacaqsan?
Sən həzin bir küləksən,
Gün gələcək,
Bu dünyadan
Çəkilib gedəcəksən...
Sən şirin bir nağılsan,
Duyuram insanları
Bu ömür yolunda
Hələ çox oynadacaqsan!
Ümid
Bu da bir ağrı,
Bu da bir ayrılıq.
Yaddaşımdan
Sözlər keçir
Qırıq-qırıq.
Hələ pozulmayıb
Qum üstəki izlərin.
Hələ mənimlədir
Yalançı istəklərim.
...Ümidsiz bir insan
Oturub daş üstə.
Qəmli-qəmli
Baxır dənizə.
Sahildən uzaqlaşan
Və dayanmadan üzən
Gəminizə...
Bir az da
Getmək
istəyirəm,
Uzağa getmək.
O qərib məkanda,
O qərib yurdda,
Qalmaq istəyirəm,
Tək-tənha qalmaq.
Çəkilmək istəyirəm
Adamların içindən.
Bir körpə ağac olub
Bitmək
istəyirəm
Bu kolların içində.
Nə vaxt böyüyərəm,
Nə vaxt boy ataram
Heç
kimsə bilməz
Bilirəm,
Arxamca, dalımca
Səndən başqa
Bir kimsə
gəlməz.
Bu mənim bəxtimdir,
Bəd taleyimdir.
Bu başım,
Bu gözüm,
Bu da əlimdir.
Qorxma.
Nə qədər diriyəm
Yapış əlimdən.
Bu bəd taleyimdən
Gəl qoru məni,
Gəl qopar məni.
İstədiyin məkana
Gəl apar məni,
Heç
olmasa,
Qoy bir az da
İnsan
kimi yaşayım!
Atasızlıq ağrısı
Uşaqlığımdan
Bir neçə an qalıb içimdə.
Onları
duyan gəzirəm,
Həmin ölçüdə, biçimdə.
Xoşbəxt idim
On yaşına kimi.
Həmin gün.
Həmin
saatda
Atam köçdü
həyatdan.
Ətrafımda
anam, qardaşım,
bacım,
ancaq
tükənmədi ağrı-acım.
Təkləndim,
Tək qaldım.
Tez-tez xəyala
daldım.
İndi
62-nin içindəyəm,
Yenə
də
Atasızlıq ağrısı
Sazaq kimi dolaşır içimdə.
Elə həmin ölçüdə,
Həmin biçimdə.
Son nəfəs
İçimdə bir
Yalqızlıq var.
Didir məni
Yeyir məni.
Canımda bir
Halsızlıq var
Ağrılar incidir məni.
Tabım
yoxdur
Çatım sənə,
Güc istəyəm.
Elə bil ki,
Can üstəyəm
Bir quru nəfəsim qalıb
Bir də,
Bir də,
Boğazımdan
Çıxmayan,
Çıxa bilməyən,
Qırıq-qırıq,
Xırıltılı səsim qalıb.
Ələddin ƏZİMLİ
525-ci qəzet.- 2016.- 9 aprel.- S.23