Allaha inam, od və büt
Çağdaş ədəbiyyatımızın
görkəmli simalarından sayılan, istedadlı
yazıçı Hüseynbala Mirələmovun
yaradıcılığına yaxından bələdəm.
Yazıçının onlarca, diqqəti cəlb edən,
həm müasir, həm də tarixi mövzularda
yazdığı roman, povest, dram və hekayələri, eyni
zamanda bioqrafik mövzulu əsərləri oxucuların qəlbinə
hakim kəsilib. Bu əsərlər təcrübəli qələm
sahibinin müqəddəs amalına çevrilib. O, həm
də kövrək xatirələrlə zəngin olan bir
çox sənəd əsərlərinin müəllifidir. Onun yazdığı əsərlərin çoxu
ulu xalqımızın, mənəvi dəyərlərimizin
ruhundan qopub cilalanan layiqli sənəd nümunələridir.
Bu əsərlər göstərir ki,
yazıçının mövzu dairəsi çox-çox
genişdir. O real həyat hadisələrinə söykənir.
Qələmə aldığı hər bir əsər
oxucu ruhunu silkələyir, mənəvi dünyamızın dərin
qatlarından xəbər verir. Zahiri effektdən
uzaq olan, yüksək talantlı yazıçının əsərlərinin
qanı içinə təpmiyib, nə varsa üzdədi, həyat
materialları ilə zəngin və dolğundur. Yazıçı seyrçi deyil, realistdir.
İstərdim, onun bu günə qədər
yazıb-yaratdığı kamil sənəd əsərlərinin
bir neçəsini diqqətə cəlb edim: “Yanar qar”,
“Güllələnmiş heykəllər”, “Durnalar
qayıtdı”, “Son arzu”, “Tənha durna uçuşu”, “Gəlinlik
paltarı”, “Qırxıncı otaq”, “Xəcalət”, “Cəza”,
“Gəncə qapıları”, “Qırmızı yumurtalar”,
“Sonuncu Fateh” və əsərləri var. Eyni zamanda “Heydər
Əliyev”, “Zərifə Əliyeva”, “İlham Əliyev” kimi
çox sanballı əsərləri milli ədəbiyyatımızın
xəzinəsini zənginləşdirir. Səfər
təəssüratları mövzusunda da bir neçə əsəri
vardır. Onun aydın nümunəsi
“Çində möhtəşəm on gün”dür. Nəhayət, xalqımızın böyük
oğlu, hökmdarı və şairi Şah İsmayıl Xətainin
həyat və yaradıcılığından bəhs edən
“İki şah, iki sultan” tirogiyası da tezliklə oxucu
dünyasının mənəvi incisinə çevriləcəkdir.
Biz
yazıçının təzəcə çapdan
çıxmış “Od və Büt” əsərini,
qısa da olsa, təhlilə cəlb etmək istərdik (“Azərbaycan”
jurnalı, 2016, ¹2). Əsər poetik bir deyimlə
başlayır, yanan dağ parçası göyləri
qarsır, yer-göy ot tutub yanır, sanki məşər
alovu dünyanı yandıracaq, kül edəcək. Həran
şəhəri od içində ilan kimi
qıvrılır. Lut iki qızı - Aliyə
və Saliyə ilə birlikdə arvadı Valiyənin əlindən
tutub hay-həşirlə, təlaş içində şəhərdən
çıxıb qaçmağa üz qoyurlar. Lut tez-tez
dillənir: “Geriyə baxmayın, ardımca gəlin” - deyir. Bütün şəhər Allahın qəzəbinə
gəlmişdi. Valiyə qaça bilmirdi,
inadkarlıq edirdi, Lutun “arxaya baxmayın” sözü ona səthi
təsir bağışlayırdı. Ev-eşiyi,
doğma yurd-yuvası od-alov içində
qıvrılırdı. Alov onu arxadan qarsırdı,
o çığırırdı. “Lut, məni
xilas edin” - deyirdi. Xilas ola bilməzdi,
çünki o dönüb arxaya baxmışdı.
Bəri başdan deyim ki, mən əsərdə cərəyan
edən hadisələrə dərindən nüfuz etmirəm. Bu kiçik
bir məqalədə təhlil edilən hadisə deyil. Hadisələr dinamik şəkildə inkişaf
edir. Məmləkətin və Həran
şəhərinin hökmdarı Nəmrud şah bütpərəstdir,
qaniçən, başkəsən bir cəlladdır. Sarayında mindən artıq büt-heykəl var. Bu
bütlər şahın obrazıdır, ona sitayiş edir,
bütlərin hesabına vergi yığır, Allahı
tanımır, sanki firon kimi göylərə qanlı ox
atır. Əsər iki istiqamətdə cərəyan
edir. Bir tərəfdə Azər baba, onun
oğlu İbrahim, qardaşı oğlu Lut dayanır. Nəmruddan fərqli olaraq Azər nəsli Allaha ibadət
edirlər, Allahın varlığına inanırlar. Digər qütbdə Nəmur və onun əsabələri,
tərəfdarları dayanır. Onlar Allah əvəzinə
cansız bütlərə sitayiş edirlər, Allah
görür, susur, səbr edir... Hadisələrin
necə inkişaf edəcəyinə göz qoyur.
Əsərin qəhrəmanı İbrahimdir. O, açıq
gözlü, aydın fikirli, Allaha ibadət edən, təkallahlılığa
varlığı qədər inanan bir insandır. Allah öz
hökmünü verir, dinsizləri od
selindən keçirir, onları alovlar içində kül
edir. Şəhər yerlə-yeksan olur. Bu əsl möcüzə idi. Bu
faciə İbrahimə görə idi. Nəmrud
İbrahimi imtahana çəkir, şəhərin mərkəzində
iri, dairəvi tonqal qalatdırır. Göstəriş
verir ki, İbrahim yandırılmalıdır. Haraya şəhərin bütün allahsevərləri
yığışmışdır. Allah
İbrahimin inam və etiqadına görə yenə görk
eləyir. Artıq Azər baba bu cəhənnəm
mənzərəsini seyr eləyirdi, dözürdü,
ümidli və inamlı idi. Artıq Nəmrud
öz cəzasına çatır, kükrəyən alovlar,
odlar Nəmrudun şəhərini yerlə-yeksan edir. İbrahim xilas olur və şəhərdən
çıxır. Bundan sonra, fövqəl-sirlər
başlayır.
Əsərdə hadisələrin sürətlənməsi
Lutla Nəmrudun mübahisəsi əsasında törənmiş,
şiddətlənmişdir. Nəmrud Luta deyir: “Sənin dediklərini
əmin İbrahim öyrədir, siz onu başa salın”. Lut isə “əmim sizə nə deyir ki, o, sizi
başa salır ki, daşdan-kəsəkdən Allah olmaz, Allah
təkdir, şəriki yoxdur”.
Bundan sonra Nəmrud cəhənnəm alovundan sovuşan
tək-tük tərəfdarlarını da qoyub
qaçır.
İbrahim yanmır. Bütün
əhli-əyalı ilə Nəmrudun qan
çanağından çıxıb sakit bir ölkəyə
üz tutur. Yaşamaq üçün
ata-baba yurduna bənzəyən yer axtarır. Uzun səhra yolları, ağır fəlakətlər
onu yormur. Nəmrud təqibindən
qaçan İbrahim Hərandan uzaqlaşır. Nəmrudun
oğlu Mərud bu müthiş hadisələri heyrətlə seyr edir və
duyğular əsirinə çevrilir.
Əsərin ən dəyərli yerlərindən biri
İbrahim və onun ətrafının yolunda yaradılan əngəllər,
çətin keçilməzliklərdir. Çünki
Nəmrud yenə namərdliyə əl atmışdı.
Ölkədən asan çıxış
yollarını bağlatmışdı. Məcbur
olan İbrahim tayfası “İlanlar vadisi”ndən keçməli
idi. Ancaq bura ölüm yüklü dəhşətli
və amansız bir yoldur. İbrahim bu yolu
qətiyyətlə keçməli idi. Ətrafının
etirazlarına baxmayaraq İbrahim inadından dönmür,
Allahın inamına söykənir. Bu vadi əfi
ilanlarla dolu idi, onların qarşısını almaq, zəhərlərindən
qurtulmaq hər insana nəsib olmazdı. İbrahim
əmr edir ki, yağlı qoçlardan kifayət qədər
kəsin, əyninizi soyunun, onu yağla isladın, məşəl
düzəldin, hətta qoyun quyruqlarını
ayaqlarınıza dolayın. İşığın
və alovun təsirindən vahiməyə duşən ilanlar
bir-birinə dolaşa-dolaşa qayaların, kol-kosların dibinə
sığınırlar. İşıqlardan
ilanların gözləri qamaşır. İnsanlar
sağ-salamat “İlanlar vadisi”ndən keçirlər. Bu da qüdrətli Allahın mərhəməti sayəsində
baş tutur. Bu zülm və cəhalət
çox çəkmir. Bir neçə il
sakit bir ölkədə - Validə həyat sürən
İbrahim tayfası ölüm-dirim sınağından cəsarətlə
keçir. Lakin vətəndən gedərkən
bu çətin və amansız səfərdə ölənlər
və xəstələnənlər çox olur.Nəmrud bu
ölkə ilə dəfələrlə qanlı müharibələr
aparmışdı.
Ölkədən çıxmazdan öncə İbrahim
Nəmrud tərəfindən “Cəsədlər dərəsi”ndə
ölümlə üz-üzə qalmışdı. Məqsəd
bu dərədəki Nəmrud tərəfindən
öldürülmüş, quzğunlar tərəfindən
gözləri çıxarılmış, canavarların
qanlı dişində didim-didim olan ölü insanları
İbrahimə göstərmək, onun ürəyinə xof
salmaq idi. Nəmrud burda İbrahimi
öldürə bilərdi, İbrahim daxili əzablar çəkirdi
və yenə də, yenə də Allaha
sığınır, ona dualar edir ki, bu məkrli niyyətdən
qurtulsun və haqqın qalib gəlməsinə
inanırdı. Büt Allahlar onu qəzəbləndirirdi.
Əmin idi ki, gec-tez bütlər tar-mar olacaq.
Əsərdə Lut obrazı çox qabarıq verilib. İbrahimin əmisi
oğlu acıq edib ondan aralanır, yayda soyuq, qışda isti
qarşı tərəfində təbii göl olan kahada uzun
illər qızları Aliyə və Saliyə ilə
ömür sürürlər. İnsanlardan
uzaq, vahiməli bir yerdə yaşamaq, həm də mənəvi
cəhətdən korlanmaq dərəcəsinə gəlirlər.
Bazardan qayıdarkən Aliyəni hovuzda çimən
görür. Aliyə misilsiz gözəldi,
suyun üzündə ay parçası kimi görünür,
qeyri-adi dərəcədə sanki suya da yaraşıq verirdi.
Onun lüt bədənindən hovuz
işıqlanır. Qız mələk
simalıdır. Şərabın və
gözəlliyin təsirindən Lut birdən-birə elə
bil ağlını, huşunu itirir, ikinci qız Saliyə
yatmışdı. Ehtiras ona güc gəlir.
Hər ikisi bir-birinə sarılır. Aliyənin bakirəliyi pozulur. İlk
öncə bu hadisə oxucunun başını
fırladır, ikrah hissi doğurur. Lut ata
kimi gözdən düşür. Ancaq
yazıçı mahircəsinə bu qeyri-adi səhnəni rəssam
tablosu kimi çəkir, özünəməxsus boyalarla insan
həyatının bu ziq-zaqlı anlarını sənətin
dili ilə rəng-rəng cilalayır. Düzdür,
bu hadisə çirkablı suya bənzəyir, lakin mifik cəhətdən
bu realdır. Yazıçı
reallığa, o dövrün əxlaqi məzmunsuzluğuna əmin
olub bu ağrılı səhnəni oxucu ilə
bölüşür.
Nəmrud zülmündən qurtarmaq üçün
ölkədən baş götürüb tərki-vətən
olan İbrahim və onun sədaqətli tayfası çox əzablar
çəksə də nəticədə tayfası Hərana
qayıdır.
Ölkədən gedərkən yolda susuz, fəlakətli
səhralarda bir çox ailə və tayfa üzvlərini,
şəxsən arvadı gözəl Saranı itirir, ancaq
ümid və inamını itirmir. Bir daha
Allaha sığınır, niyyətinə nail olur. Sara ölüm ayağında İbrahimə vəsiyyət
edir. Bu son dərəcə təsirli bir səhnədir.
Sara ölüm ağayında olduğunu bilir.
Buna görə də, İbrahimə vəsiyyət
edir ki, cavan xadimə Hacərlə ailə qursun. Bu səhnə bədii cəhətdən gözəl
işlənib, oxucu təsirlənir, vəfalı Saraya rəhmət
oxuyur.
Azər babanın, Elzarın, Əyalın, Vavil hakiminin obrazları kamil işlənib. İbrahimin xeyir-duası ilə Sədduma gedən, orda qayda-qanun yaradan Lutun obrazı zərgər dəqiqliyi ilə qələmə alınıb, yazıçı bu obrazları sevə-sevə yaradıb. Nəmrud Lutu öz sarayında saxlamaq, onu ram etmək istəyirdi. Lut baş əymədi, saraydan baş götürüb qaçdı. Nəmrudun məqsədi Lutu büdpərəstliyə cəlb etmək idi.
Cazibədar gözəl olan Əyalın və Lutun, Nəmrudun sevgi səhnəsi də poetik şəkildə işlənib. Əyal Lutun sevgilisidir. Ona atəşin bir məhəbbətlə sevir, əyala görə ölüm belə onları ayıra bilməz. Fəqət, Nəmrud alçaqlığı, hiyləsi, ehtirası, əyyaşlığı onların bu məhəbbətinə qılınc çalır. Əyalı özünə məşuqə etmək, onu hərəmxanasına qatmaq istəyir. Hətta ona əl atır, ehtirasdan pal-paltarını dartıb cırır, lakin Əyal əyilmir. Təmiz və müqəddəs eşqini ləkələməkdən uzaqdır. Əyalı hər vəhş ilə qolları arasına alıb onu özünə tabe etmək istəyən Nəmrud istəyinə nail ola bilmir. Əyal üst başı cırılmış halda sarayı qurd kimi dövriyyə alan keşikçilərin arasından çıxa bilir. Əyal qeyrətlidir, mərddir, ölümün gözünə dik baxır. Lut və onun məhəbbəti əlçatmazdır, alidir və həqiqidir. Əyal öz müqəddəs sevgi hisslərini sinəsinə sıxıb özünü sarayın qülləsindən atır. Bu vaxt Lut Əyalın başı üstündə görünür. Onun qanlı əllərini sinəsinə sıxıb: “Sən niyə belə etdin, Əyal? Mən səni qurtaracaqdım” - deyir. Ölüm onları ayırır.
Əlbəttə, əsərdə belə təsirli, ruhu silkələyən hadisələr və obrazlar çoxdur. Bunların hamısı haqqında müfəssəl danışmaq olmur. İbrahim ata-baba yurduna, Hərana qayıdır, yeni bir həyat başlayır. Yeri gəlmişkən, belə bir rəvayət var ki, Həran şəhəri Türkiyənin indiki Urfa şəhərinin yerində olub. Vaxtilə yuxularda görülən hadisələr indi çin çıxıb. İbrahimin köçü Hərana çatır. Allah onun istəklərini çiçəkləndirmişdi. Onun və ətrafının Allah inam və etiqadları həqiqət idi, Allah var, o şəriksizdir. O külli kainatın memarı, nəfəs və can verənidir. Bütlərdən Allah yaradan hər kəsin axırı Nəmrud ömrü kimi puç olacaqdır.
Əsər nikbin sonluqla bitir. Həran ölkəsi Nəmrudun oğlu Məruda qismət olur. Şəhərdə bütlər qırılır. Bütlərə pərəstiş edənlər pərən-pərən olub dağılırlar. Nəmrud öldürülür, Allah hər şeyi görk eləyir.
Mən sadəcə olaraq əsərin bəzi məqamlarına toxundum. Tələbkar oxuculara bələdçilik etmək istədim və dedim ki, əziz oxucular “Od və Büt” romanını oxuyun. Peşman olmazsınız. Mənəvi dünyanıza yeni duyğular hakim ola bilər. Mən əsərdən, az da olsa, faydalandım. Siz də əsəri oxuyun. Mənəvi zövq alaraq, əsərin müəllifi talantlı yazıçımız Hüseynbala Mirələmovu xatırlayın, ona yeni yaradıcı uğurlar arzulayın!
Ənvər
ƏHMƏD
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2016.- 9 aprel.- S.19