“Molla Nəsrəddin” -
milli kimliyimizin yaddaş kitabı
Azərbaycan
mollanəsrəddinşünaslığı XX əsr Azərbaycan
ədəbiyyatşünaslığının mühüm istiqamətlərindən birini təşkil edir.
Təkcə
milli mətbuatımızın deyil, ümumiyyətlə
Şərq, türk-islam mətbuatının ən möhtəşəm
dərgisi olan “Molla Nəsrəddin” yarandığı gündən
- 1906-cı ildən etibarən ədəbi-tarixi fikrin diqqət
mərkəzində olmuşdur. Bunun bir neçə
səbəbi var idi. Birincisi jurnalın ilk
sayında yazılan “Sizi deyib gəlmişəm, ey mənim
müsəlman qardaşlarım” bəyanatında ifadə
olunmuş böyük və müqəddəs məram idi.
Xalq elə ilk gündən maraqlandı ki, “Molla Nəsrəddin”
ona nə demək istəyir. Tezliklə məlum
oldu ki, jurnal cümlə “müsəlman qardaşların” dərdi
- sərindən yazır. Elə bu bəyanatla
da o, ədəbi-tarixi fikrin diqqətini cəlb etdi.
Mollanəsrəddinçi ədib Ə.Haqverdiyev yazır:
“Birinci nömrə may ayının əvvəllərində əlimizə
keçdi. Bu nömrə şəhər əhalisi
arasında bomba kimi partladı... Jurnalın
Şuşa əhalisinə təsirini qələm təsvir
etməkdə acizdir”. İkinci səbəb bu idi ki,
böyük yazıçı Y.V.Çəmənzəminli
demişkən, “Molla Nəsrəddin” “Böyük bir ədəbi
dövr yaratdı... ədəbi dövrün
başçısı” na çevrildi. Bu
Molla Nəsrəddin ədəbi məktəbi idi, məhz bu məktəbin
nümayəndələri - C.Məmmədquluzadə,
M.Ə.Sabir, Ömər Faiq, Ə.Haqverdiyev, Əli Nazim,
Əliqulu Qəmküsar və başqaları Azərbaycan ədəbiyyatında
bədii metod və ədəbi cərəyan olaraq tənqidi
realizmin əsasını qoyub, əsərləri ilə onun
poetika və estetikasını formalaşdırdılar. Mirzə Cəlil etiraf edir ki, “Molla Nəsrəddin -
tək bir nəfər müəllifin əsəri deyil. “Molla
Nəsrəddin” bir neçə mənim əziz
yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir
ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”.
Bu etirafda təkcə tarixi həqiqət yox, həm
də böyük bir vətəndaş ziyalının səmimiyyəti
vardır.
Üçüncü
səbəb bu idi ki, “Molla Nəsrəddin” Azərbaycan tarixinin ən
mühüm dövründə - dünyanı lərzəyə
gətirmiş 1905-1907-ci illər xalq inqilabi dövründə
yaranmışdı. Mirzə Cəlil tarixin
gedişatını doğru təyin etmiş, XX əsrin
önlərində başlanan milli intibahın belə bir
jurnala ehtiyacı olduğunu duya bilmişdi. Bunu da yenə məhz Mirzə Cəlil
özü hamıdan əvvəl, hamıdan dəqiq ifadə
edərək yazırdı: “Molla Nəsrəddin”i təbiət
özü yaratdı, zəmanə özü yaratdı... Onun birinci nömrəsi nəşr olunan gündən
mənim bir az vaxtın müddətində nəinki tək
bircə Qafqaz müsəlmanlarının içində, bəlkə
Yaxın Şərqdə şöhrət tapdı”.
Milli mətbuatımızın başçısı
olmaq uğrunda jurnal çətin bir mübarizə yolu
keçməli oldu. Onun səhifələrində Azərbaycan
haqqında ən böyük milli-tarixi həqiqətlər əks
olunurdu. O, ana dili uğrunda mübarizənin
başında dayandı, ana dilində yazmağın və
danışmağın canlı klassik nümunəsinə
çevrildi. Azərbaycanın münəvvər
ziyalıları hələ ilk saylarından başlayaraq bu dərginin
ədəbi-tarixi əhəmiyyətini yüksək qiymətləndirirdilər.
Azərbaycan
professional ədəbiyyatşünaslığının
banisi Firudin bəy Köçərli yazırdı: “Molla Nəsrəddin”
jurnalı ilk
nömrələrindən başlayaraq bizim ölkənin
müsəlmanları arasında canlı maraq
oyatmışdır... Jurnalı bir qrup ziyalı müsəlmanların
əməkdaşlığı ilə savadlı və mədəni
azərbaycanlı Cəlil Məmmədquluzadə nəşr
edir...
“Molla Nəsrəddin”
nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini
islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir”.
XX əsrin Əlibəy Hüseynzadə, Üzeyir Hacıbəyli,
Əhməd Ağaoğlu, Nəriman Nərimanov, Məhəmmədağa
Şaxtaxtlı, M.Ə.Rəsulzadə, F.B.Köçərli
kimi şəxsiyyətləri “Molla Nəsrəddin”
haqqında çox dəyərli mülahizələr söyləmişlər.
Lakin mollanəsrəddinşünaslığın bir elm kimi təşəkkülü
XX əsrin 30-cu illərinə aiddir. Bu
illər ümumən yeni ədəbi tənqidin və ədəbiyyatşünaslığın
təşəkkülü dövrü idi. Həmin illərdə
“Molla Nəsrəddin” jurnalı 25 illik əzəmətli, əzablı
və şərəfli
tarixi missiyasını artıq başa çatdırmışdı.
Xalqın və ictimai fikrin yaddaşına “Molla Nəsrəddin”
Cəlil Məmmədquluzadə ilə vəhdətdə həkk
olunmuşdu. Məhz bu dövrdən etibarən
yeni proletar diktaturası dövrünün başa düşmədiyi
“çığırdaş ədibi” Mirzə Cəlili ədəbi-nəzəri
fikir Molla Nəsrəddin deyə təhlilin və tənqidin mərkəzinə
gətirirdi. Görkəmli ədib və etnoqraf alim,
bacarıqlı diplomat Y.V.Çəmənzəminli “Ədəbi
dövrün başçısı” məqaləsində
(“Ədəbiyyat qəzeti” 30 yanvar 1934) onun ədəbi-tarixi qiymətini verərək
yazırdı: “Böyük bir ədəbi dövr yaradan,
ictimai həyatımızda inqilablar törədən, 25 il
populyar məcmuəyə rəhbərlik edən bu
böyük sima... bu gün aramızda yoxdur. Lakin
əsərləri yaşayır. Həm
mövzusu və tipləri, lətifələri əsərlərinin
böyük bir qələmə mənsub olduğunu
açıqcasına ifa edir. Molla böyük bir orijinallıqdır”.
Mirzə
Cəlil və “Molla Nəsrəddin” yeni quruluşun eybəcər
təşkilatı olan “Mübariz Allahsızlar
İttifaqı”nın orqanı olmaqdan
imtina edərək, 1921-ci ildə Təbrizə getmişdi. Azərbaycan
Maarif Komissarı D.Bünyadzadənin I Ümumazərbaycan
şuralar qurultayındakı (1921-ci il, fevral)
çıxışında deyilir: “Yəqin sizlərdən çoxunun xatirində qalır. Bir neçə il bundan qabaq, hələ
Nikolay vaxtında “Molla Nəsrəddin” jurnalı nəşr edilirdi. O
jurnalın redaktoru İrandadır. Biz onun
Bakıya qayıtması üçün tədbirlər
görmüşük. Və az sonra
Mirzə Cəlil Bakıya qayıtdı. Fəqət
bu qayıdışdan sonra, necə deyərlər, onun
günü qara oldu. Əgər 1933-cü ildə vəfat
etməsəydi, onun mübarək adı 1937-ci il
repressiya qurbanlarının siyahısında birinci yerdə
dayanacaqdı...
30-cu illərdə Mirzə Cəlil haqqında ilk
böyük monoqrafiyanı dövrün gənc və görkəmli
tənqidçisi Əli Nəzmi yazdı. Əli Nazim 1933-cü ildə
yazdığı
tərcümeyi-halında göstərir ki, o, “Molla
Nəsrəddin bir sənətkar kimi” adlı 6 müəllif
vərəqi həcmində monoqrafiya
planlaşdırıb. Bu ilk Sovet alimlərindən
olan Ə.Naziminin namizədlik dissertasiyası idi. Bu monoqrafiya 1936-cı ildə M.Hüseynin
redaktorluğu ilə bir neçə siqnal nüsxəsi olaraq
çap olunur. Bu vaxt Ə.Naziminin başının
üstünü 37-nin qara buludları almışdı. Ona görə
də əsərin kütləvi tirajla çapı
dayandırılır. Həmin monoqrafiyanın yeganə nüsxəsi, AMEA-nın
müxbir üzvü, mərhum
professor Abbas Zamanovun şəxsi arxivindəndir. O, “Cəlil Məmmədqluzadə
(Molla Nəsrəddin)” adlanır. Bu talesiz
monoqrafiya mollanəsrəddinşünaslığın əsasını
qoymuşdur. Çünki bu əsərdə
Mirzə Cəlil və “Molla Nəsrəddin” sinonim adlar,
bütöv bir vəhdətin hissələri kimi ədəbi-tarixi
düşüncəyə daxil edilir. Ə.Nazim həm də “Molla Nəsrəddin”
i - Mirzə Cəlili Azərbaycan realizminin müstəqil mərhələsi
kimi tədqiqata cəlb edir. Müəllif realizmin bu mərhələsini
Molla Nəsrəddinin gülüşü ilə izah edərək
yazırdı: “Onun gülüşünün bir xüsusiyyəti
də, bu gülüşün göz yaşları ilə
yoğrulmuş acı bir gülüş olmasıdır. Bu
gülüş ağlamağını gizlətməyə çalışanların qəhqəhələrini
özündə daşıyır... Lakin bu gülüş hər zaman
belə qalmır kinə keçir, nifrətə keçir, kəskin
silah olur, məhvedici güllə olur, yandırır”.
1939-cu ildə artıq Əli Nazim həbsdə olanda Azərbaycan
mollanəsrəddinşünaslığının təşəkkülünü
bir elmi sistem kimi tamamlayan ikinci monoqrafiya- Mirzə İbrahimovun
“Böyük demokrat” əsəri çap olunur. Bu əsər
artıq Sovet rejiminin istədiyi tərzdə onun ideoloji
doktrinası olan marksist-leninçi metodologiya ilə
yazılmışdı. Müəllif burada Mirzə Cəlilin
və “Molla Nəsrəddin”in ədəbi-tarixi dəyərini
Azərbaycanda demokratik-ictimai fikrin M.F.Axundzadədən vüsət
alan kontekstində verməyə səy
göstərir. Öz zamanı üçün qiymətli
olan bu monoqrafiyanın “Molla Nəsrəddin”ə qədər
Azərbaycan mətbuatı, “Molla Nəsrəddin”, “İki
üslubun mübarizəsi” fəsillərində jurnalın
ictimai-fəlsəfi mövqeyini əks etdirməyə
çalışır. Marksist-leninçi metodologiya mövqelərində
dayanaraq kitabın “İki üslubun mübarizəsi”
fəslində “Molla Nəsrəddin” və “Füyuzat”ı
üz-üzə qoysa da
M.İbrahimov “Molla Nəsrəddin”in və Mirzə Cəlilin
demokratizmini doğru müəyyənləşdirirdi.
Monoqrafiyada oxuyuruq: “Molla Nəsrəddin” ilk nömrəsindən
başlayaraq burjua-feodal həyatının yaramazlıqlarına atəş açır. Jurnalın birinci nömrəsindən o özünə
məxsus sadə xalq dili ilə yazmağa
başlamışdır. Cəlil Məmmədquluzadə
demokratik ideyalar təbliği üçün demokratik
üsullara müraciət edirdi... Hər şeydən
vacib, xalqın anlayacağı dildə başa salmaq, onun
öz düşüncəsi ilə öz həyatının
dözülməzliyini ona dərk etdirmək lazım idi.
“Molla Nəsrəddin”
qaranlıq və
pozğun həyatı işıqlandıran, təmizləyən
günəş kimi idi.
... Mollanəsrəddinçilər
xalq kütlələrinin iştirakı olmadan milli intibah təsəvvür
etmirdilər.
... “Molla
Nəsrəddin” bizim inkişaf tariximizdə,
xalqımızın ictimai həyatında çox
mühüm və
iftixara layiq bir hadisədir”.
“Molla Nəsrəddin” və mollanəsrəddinçilik problemi Azərbaycan ədəbiyyatşünaslığında bütün XX əsr boyu diqqət mərkəzində olmuşdur. Həm mətbuat tariximizdən tədqiqatçılar, həm nəsrşünaslar, həm ictimai fikri araşdıran filosoflar, həm də dilçi və ədəbiyyat nəzəriyyəçiləri bu möhtəşəm abidəyə müxtəlif yönlərdən yanaşmış, onun milli-tarixi taleyimizdəki əhəmiyyətini təsdiq etmişlər. M.S.Ordubadi, Əziz Şərif, Mir Cəlal, Abbas Zamanov, M.Cəfər, M.Arif, Əli Sultanlı, Q.Məmmədli, Əziz Mirəhmədov, K.Talıbzadə, X.Əlimirzəyev, M.Məmmədov, F.Hüseynov, Y.Qarayev kimi görkəmli yazıçı və ədəbiyyatşünaslar XX əsrin 50-80-ci illərində “Molla Nəsrəddin” haqqında xüsusi elmi-monoqrafik araşdırmanın predmet ola biləcək dəyərli fikirlər söyləmişlər.
Akademik M.C.Cəfərov yazırdı: “Cəlil Məmmədquluzadənin və onun 1906-cı ildən başlayaraq ətrafına topladığı mollanəsrəddinçilərin kəşf edib mətbuat aləminə, döyüş meydanına çıxardığı Sabirlərin, Əli Nəzmilərin qələminin gücü ilə Azərbaycan satirik ədəbiyyatının şöhrəti ölkə sərhəddini aşaraq, bütün Şərqdə rəğbət, məhəbbət qazanmış, Şərqin müxtəlif ölkələrində qoca Mola Nəsrəddinin neçə-neçə istedadlı davamçıları, məfkurə və sənət dostları yetişmişdir”.
Azərbaycan mollanəsrəddinşünaslığında öz yeri olan ciddi tədqiqat əsərlərindən biri mərhum professor X.Məmmədovun “Əkinçi” dən “Molla Nəsrəddin”ə qədər” (1987) monoqrafiyasıdır. Bu əsərdə Azərbaycan ədəbi-tarixi və nəzəri-estetik fikrinin az öyrənilmiş XIX əsrin son dövrü və XX əsrin əvvəlləri - iki jurnalarası mərhələ nəzərdən keçirilir, Azərbaycan mətbuatının “Molla Nəsrəddin”ə gələn maarifçilik yolu araşdırılır.
Azərbaycan mollanəsrəddinşünaslığının nəzəri-tarixi monoqrafiyanı xüsusi qeyd etməliyik: Yaşar Qarayev. “Realizm: sənət və həqiqət (Azərbaycan realizminin mərhələləri)” (1980), Əziz Mirəhmədov. “Azərbaycan Molla Nəsrəddini”(1980) və İsa Həbibbəyli “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” (1997). Y.Qarayev və Ə.Mirəhmədovun əsərləri mollanəsrəddinşünaslığının 60-80-ci illər mərhələsini, İ.Həbibbəylinin monoqrafiyası isə ümumən XX əsr mollanəsrəddinçiliyini və cəlilşünaslığı yekunlaşdıran sanballı tədqiqatlardır.
Y.Qarayevin “Azərbaycan realizminin mərhələləri” monoqrafiyasında Mirzə Cəlilin və ümumən “Molla Nəsrəddin” ədəbi məktəbinin tənqidi realizmin mərhələ kimi formalaşmasında həlledici rolu nəzəri-fəlsəfi baxımdan əsaslandırılır. O yazır: “Mirzə Cəlil XX əsr Azərbaycan bədii fikrində yeni realizmin başçısı və böyük nümayəndəsi sayılır. Ümumən Azərbaycan realizmi Zakirdən Sabirə qədər keçdiyi yolda Mirzə Cəlildən yüksək zirvə tanımır: Bizdə tənqidi realizm Mirzə Cəlillə kamala çatır. O M.F.Axundov realizminin sadəcə davamçısı deyildi, bu realizmin inkişafında tam yeni mərhələnin “baneyi-kari” idi. Mirzə Fətəlidən sonra Azərbaycan nəsrində, dramaturgiyasında, ədəbi və ictimai fikrində böyük islahatlar Mirzə Cəlil yaradıcılığında baş verir”.
Ə.Mirəhmədovun “Azərbaycan Molla Nəsrəddin” monoqrafiyasında C.Məmmədquluzadənin dünyagörüşünün təşəkkülü və inkişafı, əbədi mühitə və mətbuata gəlişi, demokratizm uğrunda mübarizəsi zəngin faktlarla araşdırılır və əsaslandırılır. Monoqrafiyanın xüsusilə “Molla Nəsrəddin” in banisi və redaktoru adlanan dördüncü fəslində jurnalı yaratmağın fədakarlıqları ilə bərabər C.Məmmədquluzadə və mollanəsrəddinçilik problemi xüsusi araşdırmanın predmetinə çevrilir.
Akademik İ.Həbibbəylinin fundamental monoqrafiyası tamamilə yeni materiallar və arxiv sənədləri əsasında yazılmış orijinal tədqiqat əsəridir. Burada Mirzə Cəlilin mühiti, uşaqlıq dövründən tutmuş ömrünün son dövrünə qədərki, ədəbi, jurnalistik və ictimai fəaliyyətinin bütün mərhələləri, şərəfli və ağrılı tale dönümləri nəzərdən keçirilir. Molla Nəsrəddinçilik və füyuzatçılıq problemlərinin obyektiv tarixi qoyuluşu və həlli bu əsərin dəyərli cəhətlərindəndir. Müəllif ədibin təhsil illəri ilə bərabər müasirləri haqqında geniş məlumat verir. Əsərin son fəsli başdan-başa Mirzə Cəlilin nəsi şəcərəsinə həsr olunur. Bu nəhəng tədqiqat əsəri yeni tapılmış zəngin materiallardan ibarət “Əlavələr”lə tamamlanır ki, bu da əsərə elmiliklə bərabər, həm də əyanilik gətirir. Və ən başlıcası, İ.Həbibbəyli “Molla Nəsrəddin” və “Mirzə Cəlilin” mühitini sadəcə faktların və sənədlərin tarixi sırası kimi vermir. Burada mühit həm də fəlsəfi-estetik problem kimi işlənilir ki, bu da monoqrafiyanın dəyərli elmi-nəzəri keyfiyyətlərindəndir.
Azərbaycan mollanəsrəddinşünaslığı
ciddi nəzəri-metodoloji problemlərə malik bütöv
elmi bir sistemdir. Yüz ildir ki, Azərbaycan tarixi-ictimai
düşüncəsində “Molla Nəsrəddin” adı əbədiləşib,
yüz ildir ki, mollanəsrəddinşünaslıq adlanan elm
formalaşıb. Bu elmi Azərbaycan ədəbiyyatşünaslığı
kontekstində monoqrafik hüdudlarda araşdırmaq bu gün
aktual tarixi zərurətə çevrilib.
Gülşən
ƏLİYEVA-KƏNGƏRLİ
Filologiya
elmləri doktoru, professor
525-ci qəzet.- 2016.- 9 aprel.- S.18