Azərbaycan – multikulturalizm
məkanı: BMT Sivilizasiyalar
Alyansının VII Qlobal Forumu
ölkəmizə nə vəd edir?”
Dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri sayılan Azərbaycan minillikləri adlayaraq, zəngin və qədim dövlətçilik təməlinə söykənən multikulturalist cəmiyyəti formalaşdırıb. Məhz buna görə, Azərbaycan bugün dünyanın dini və irqi çaxnaşmalar, müharibələrlə çalxalandığı bir dövrdə bərabər hüquqlarla birgə yaşam diyarına çevrilə bilib. Getdikcə artan dözümsüzlük, islamafobia, antisemitizm və rasizm meylləri təəssuf ki, nəticə etibarilə müxtəlif ölkələrdə çoxsaylı ölüm, soyqırım, zorakılıq, dini təqib, eləcə də qarşıdurmalara gətirib çıxarıb. Bəzən dini, bəzən ideoloji və bəzən də siyasi-sosial və ya irqi-etnik məsələ kimi özünü biruzə verən bu təhlükəli tendensiyalar, bir sözlə bu dözümsüzlüklərin hər bir təzahürü, insanlıq üçün faciəvi olub, ağrılı izlər buraxıb. Dünyanın demək olar ki hər yerində rast gəlinən belə münaqişələrdə multikulturalist dəyərlərin qorunması unudulur.
Multikulturalist dəyərlər dedikdə çoxmədəniyyətlilik başa düşülür, və “mədəniyyət” sözü adət etdiyimiz mənanı deyil daha geniş məna çalarlarını əhatə edir. Burada fərdin yaxud sosial qrupun daşıdığı, yaxud mənsub olduğu etnik, tarixi, əxlaqi, dini, irqi, sosial, və s. dəyərlər sistemi başa düşülür. Bu dəyərlərin bir məfhumda birləşdirilməsinin səbəbi isə cəmiyyətdə surətli fərdiləşmə prosesinin getməsi və artıq hansısa cəmiyyət üzvünün konkret parametrlər üzrə qruplaşdırılmasının mümkünsüzlüyü ilə bağlıdır. Bugün isə demək olar ki, bir çox Avropa ölkələri multikulturalizm ideyasından imtina edir, və bunu özlərinin sosial və mədəni yaşayışı, sosial durumu və gələcəyi üçün təhlükə kimi təqdim edir. Avropa özündə multikulturalizmin iflasa uğradığını qəbul və bəyan edir, və bu səbəbdən müəyyən natamamlıq kompleksləri duyur.
Günümüzdə multikulturalizm tədricən ümumavropa probleminə çevrilməkdədir ki, bu da imiqrasiya və inteqrasiya üzrə aparılan siyasətlə bağlıdır. İmiqrasiya problemi iqtisadiyyatın yenidənqurulması, məşğulluq sahəsində böhran, rasizmin təzahürləri və s. kimi analoji ümumavropa problemləri ilə bir sırada durur. Multikulturalizm bütün bu problemlər üçün özünün, mübahisəsiz və tam olmasa da müəyyən həlli yolunu təklif edir.
Multikulturalizm dəyərləri bugünkü dünyada bəşəriyyətin ortaq gələcəyi naminə dialoqu nəzərdə tutur, multikulturalizm özü isə qarşılıqlı əlaqənin yeni fəlsəfəsi kimi qiymətləndirilir. Ancaq eyni zamanda multikulturalizm adı altında xalqlara zidd olan, milli mentalitetə xas olmayan dəyərlər aşılanmamalıdır. Bütün bu mürəkkəblik, artan nifrət cinayətləri və qarşıdurmalar fonunda Azərbaycan dünyaya tam başqa bir yaşam tərzi təqdim edir.
Burada, mədəniyyətlərarası və dinlərarası dialoqun qoruyucusu və dünyəvi dövlət olan Azərbaycanın paytaxtı Bakıda və ya uca dağların ətəyində yerləşən və ən qədim insan məskənlərindən olan Xınalıqda insanlar “multikultirilizm” sözünün mənası barədə qayğılı deyillər, beləki onlar dostluqlar qurub, həyatlarını bölüşdükləri zaman irqi, dini və ya hər hansı bir digər müxtəlifliklərə fikir vermirlər. Burada insanlar öz sevinc və kədərlərini bölüşürlər, burada xristianlar, yəhudilər və ləzgilər 90-cı illərdə Azərbaycanın azadlığı üçün çiyin çiyinə vuruşub, Xocalıda yaşanan insanlıq faciəsinin ağrı və acısını birgə bölüşüb. Onlar həmçinin milli tərəqqini, iqtisadi dirçəlişi, idmançılarımızın Olimpiya Oyunlarındakı uğurlarını sevinc və qürurla birgə qeyd edib.
Bugün siyasətçilər dünyanın hər hansı bir yerində dini, irqi və ya cinsi məsələləri müzakirə edərkən çıxış yolu axtarmaqdan çox, “qəbul etmək” və ya “dözmək” deyə mübahisə edirlər. Heç kim və heç bir millət mədəniyyət və din müxtəlifliyin dəyərini Azərbaycan qədər aydın və düzgün görə bilməz...
Azərbaycanlılar müasirlik, islam, türkçülük və zərdüştlük, prinsiplərini özündə birləşdirərək öz milli kimliyini qoruyaraq Asiya və Avropa arasında "körpü" kimi tarixi funksiyanı daşıyırlar. Məhz burada malakanlar, almanlar və daha sonralar isə yəhudilər ayrıseçkilik, intiqam, və ya qarşıdurmalar qorxusu olmadan yüzilliklər boyu yaşayıb və yaşayır. Həmçinin, müsəlman Şərqində ilk respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qadın və kişilərin bərabərhüquqluluğu, qadınların seçki hüququ, söz və fikir azadlığı elan edərək, senzuradan azad mətbuat yaratmışdı. Hal-hazırda Azərbaycan əhalisinin 50,2 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışır, həm idarəetmədə, həm də qərarqəbuletmədə təmsil olunurlar. Yuxarıda sadalananlar deməyə əsas verir ki, adət-ənələlərdəki bu müxtəliflik əslində Azərbaycan cəmiyyətini misilsizləşdirməklə yanaşı, bu dünyəvi, çoxmədəniyyətli və tolerant cəmiyyəti digərləri üçün nümunəyə çevirir.
Azərbaycan üçün fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyi bəsləmək əlbəttə ki, təbiidir. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibət azərbaycanlıların mentalitetinə xasdır. Azərbaycanda mövcud olan mədəni simbioz (müştərək yaşama) və müxtəlif ənənələr əsrlərdən gəlir.
Dövlət başçısı Prezident İlham Əliyev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı da qeyd etmişdi ki, Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər və bu, bizim ən böyük sərvətlərimizdəndir. Ölkələri, sivilizasiyaları və dinləri daha da yaxınlaşdırmaq üçün hansı işlərin görülməli olduğunu açıq və səmimi müzakirə olunmalı, gərginliyin və nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindən olmalıdır deyə vurğulamışdı.
Azərbaycanda etnoslararası münasibətlərin inkişafı nümunəsi həmçinin etnik əsasda gərginliyin yaranma riski olan cəmiyyətlər üçün də nümunə ola bilər.
Son illərdə Azərbaycanda dövlət səviyyəsində multikulturalizm siyasəti yürüdülməyə başlandı. Məhz multikulturalizm siyasətinin qurulması üçün prezident sərəncamı ilə 2014-cü ildə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Multikulturalizm siyasəti yürüdülərkən bir tərəfdən mədəniyyətlərə azadlıq təmin edilsə də, əslində dövlətin əsas məqsədi mədəniyyətlərin inteqrasiyasına nail olmaq və vahid çətir altında monolit cəmiyyət qurmaqdır. Məhz buna görə qloballaşşan dünyada birgə yaşamanın yolları Azərbaycandan keçir...
Bu il ölkəmiz BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edəcək və bu forum “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” mövzusuna həsr ediləcəkdir.
Hal-hazırda müxtəlif ölkələrdən olan, dünya siyasətində və iqtisadiyyatında baş verən proseslərə fərqli yanaşmaları olan nüfuzlu siyasətçi və politoloqların bir araya gələrək məhsuldar dialoq qura biləcəyi, vəziyyətin mürəkkəbliyinə baxmadan böhranı aradan qaldırmaq üçün ümumi yanaşma və mövqelərin ortaya qoymaq üçün platformaların, diskussiya meydançalarının sayı həddən artıq azdır. Forum yalnız yaranan konfliktlərin səbəblərini, yaranan düşmənçiliklərin köklərini araşdırmayacaq, əksinə onların həll olunması yollarını axtaracaq. Burada səslənəcək təklif və məsləhətlər siyasi dairələr tərəfindən mütləq ələ alınacaqdır.
Forum müxtəlif siyasi və dünyəvi dairələri bir araya gətirmək və mədəni simbioz (müştərək yaşama) üçün innovativ həll yolları tapmaq üçün misilsiz fürsət verəcək. Bakıda forumda irəli sürülən təkliflər, son dərəcə faydalı olacaqdır və qərar qəbul edən siyasi dairələr tərəfindən diqqətə alınacaqdır.
Eyni zamanda ölkədə aparılan islahatlar ilə yanaşı, ölkə rəhbərliyi Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya bir daha çatdıracaq.
Belə bir foruma ev sahibliyi etməklə Azərbaycan ilk növbədə daxilində olan mədəniyyətlərin təbii yolla davamlı inteqrasiyasına nail olacaq. Bu ölkəni ayrı-ayrı mədəniyyətlərarası ziddiyyətlərə qarışmaqdan və hər hansı bir sosial sabitliyi poza biləcək risklərdən qoruyacaq. Daha da önəmlisi xarici qüvvələrin etnik və dini zəmində dövlətə təzyiq imkanları zəifləyəcək və get-gedə tamamilə tükənəcək.
Azərbaycan həmişə çağırış edib ki, hökümətlər daha praqmatik yanaşma göstərsin və vətəndaş cəmiyyətləri ilə birgə daha müxtəlif və tolerant dünya qurmağa yardımçı olsun, və eyni zamanda müxtəliflik əsasında mədəniyyətlərarası dialoqu yaratmaq istəyini qeyd edib.
Cəmiyyətlər yalnız azadlıq, rasionallıq, hüquq prosesinin aliliyi, insan hüquqları, fərdi ləyaqət, bərabərlik üzrə maarifləndirmə aparılmamalı, həmçinin qəlbin səsini duymağa, ədalət, mərhəmət, sevgi, qayğı, və ahəngdar cəmiyyətin fikirlərini tərənnüm etməlidir. Mərhəmət hissi olmayan, məsuliyyət hissi olmayan, vicdan olmayan yerdə insan hüquqları cəmiyyətə gələcək verə bilməz.
Mədəni relativizm və tolerantlıq əsrlər boyu sivilizasiyaların üstünlük əldə etmələri uğrunda törətdikləri faciələri aşmağa imkan verib. Ancaq nə zamanki konflikt baş verir, passiv tolerantlıq baş qaldıran zülmün qarşısında aciz qalır. Passiv tolerantlıq əvəzinə isə biz müxtəliflikləri nəinki qəbul etməli, əksinə qiymətləndirməli və fərqlilikləri dəyərləndirməliyik.
Fərqlilikləri mənfi yox müsbət cizgi kimi dəyərləndirmək gərəkdir. Məhz bunun üçün mədəniyyətlərarası dialoq digər tərəfin düşüncə tərzini dəyişmək cəhdi və ya təktərəfli bir fikrin dəstəklənməsi cəhdləri ilə məhdudlaşmamalıdır. Əksinə, dialoqda, biz dinləməli və dinləmə ilə, özümüzü inkşaf etdirməli və özünüdərketmə, özünü anlama və özünü tənqidi gücləndirməliyik. Biz insanlıq uğrunda bu keyfiyyətləri birləşdirməliyik. Bu ideyanın reallaşdırılması uğrunda Azərbaycan öz gücünü daha gərəkli və effektiv yollarla BMT və UNESCO kimi təşkilatların beynəlxalq fəaliyyətinə dəstək olması və töhfə verməsi ilə göstərir.
Azərbaycanın beynəlxalq sülhə etdiyi töhfələrdən danışarkən, İSESKO-nun Baş Katibi qəzetimizə ekslüziv müsahibəsində qeyd etmişdi ki, Azərbaycan birlikdə İslamın dəyərlərini təşkil edən və islam tərəfindən təbliğ edilən, ortaq mövqe, qardaşlıq sevgisi, tolerantlıq, sülh və müxtəlifliklərə hörmət kimi məfhumların təşviqinə böyük səylər sərf edir. Bu sahədə görülən ən böyük işlərdən biri də məhz, onun fikrincə, Bakı Beynəlxalq Humanitar Forumu olub.
Bakı beynəlxalq platformalara ev sahibliyi etməklə bu platformaları ahəngdar cəmiyyət, birgə yaşam və tərəqqi naminə atılacaq addımların əsası kimi qəbul etməyə öz səylərini bu format ətrafında cəmləşdirməyə çağırır.
Politoloqlar əmindirlər ki, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu nəinki dünya siyasəti tarixində iz buraxacaq həmçinin ölkəmizə davamlı iqtisadi və siyasi bir miras qoyacaq, və həmçinin ölkənin beynəlxalq arenadakı adına böyük töhfə verəcək.
Keçən yay Bakı ilk Avropa Oyunları ilə dünyanı heyrətləndirdi, və indi o möhtəşəm idman bayramının keçirildiyi tarixdən bir il sonra Bakı bu dəfə daha böyük və əhəmiyyətli bir tədbirə ev sahibliyi edəcək.
Keçən ildən bəri paytaxt Bakıya və həmçinin ölkənin regionlarına milyonlarla manat həcmində investisiya qoyulub və hətta ən ucqar rayonlarda belə böyük dəyişimlər qeydə alınıb. Bu böyük dəyişim, qoyulan investisiya və yaradılan infrastruktur nəinki Bakını, həmçinin ölkənin ayrı-ayrı regionalrınım tanınamsına, həm biznes həm turizm məkanına çevrilməsinə imkan verir.
Bütövlükdə, tədbir
çərçivəsində bütün
platformalarda nümayəndə heyətinin
aktiv iştirakı həm ölkəmizin
təqdimatı, həm də Azərbaycan ilə BMT ölkələrinin
iqtisadi əməkdaşlığını
möhkəmləndirmək baxımdan oldquca
faydalı olacaqdır.
Ceyhun
Abasov
525-ci qəzet.- 2016.- 9 aprel.- S.15