Böyük şairin
xatirəsinə ehtiram nümunəsi
“AZƏRBAYCAN” JURNALININ BAŞ REDAKTORU İNTİQAM QASIMZADƏYƏ AÇIQ MƏKTUB
Hörmətli İntiqam müəllim!
İlk Xalq şairimiz Səməd Vurğunun 110
illiyi münasibəti
ilə yeni forma tapıb görkəmli şairimiz Ramiz Rövşənə ünvanladığınız
yeddi sualınıza şairin yeddi cavabını abunəçisi
olduğum “Azərbaycan”
jurnalının son sayında
(N 3, 2016) oxudum.
Yazınızın yığcamlığı, xüsusən
də sual və cavablar məni çox-çox qane etdi. Bu yazıda
da poeziyasına və şəxsiyyətinə
hörmət etdiyim, heç vaxt ağa qara deməyən,
həyat həqiqətini
poeziyasında da, yaşamında da saxlayan, həmişə səmimi
olan Ramiz Rövşənin bu dəfəki səmimiyyəti
də məni həddən artıq sevindirdi. Gün kimi aydın
həqiqətdir ki, ölümündən 60 il
keçməsinə baxmayaraq
ədəbi-ictimaiyyəti ən
çox məşğul
edən, şair Hüseyn Kürdoğlunun
Səməd Vurğunun
90 illiyinə
həsr
etdiyi misralarla:
Zaman səni bulandıra bilmədi,
Büllur qaya bulağısan yenə sən.
Boz təpələr vüqarına
ah çəkir,
Şeirimizin Şahdağısan yenə
sən
- deyə vəsf
etdiyi, xalqın iftixarı olan şairin şöhrətinə
həsəd aparan “boz təpələr” çox təəssüf
ki, indi də vardır. Təəccüblü cəhət
odur ki, onların bəzisinin poeziya haqqında
anlayışı belə
yoxdur, bir misra da şeir
yazmayıblar. Məhz buna
görə də Ramiz Rövşən və başqa nüfuzlu söz sahiblərinin, yaradıcılığı
ilə poeziyamızın
inkişafına təkan
verən ustadların Səməd Vurğunla bağlı yazılarına
ehtiyac duyulur. Ulu öndərimiz Heydər Əliyev XX əsrin böyük şairləri Süleyman Rüstəm, Səməd
Vurğun və Rəsul Rzanın yaradıcılığında
müəyyən nüanslar axtarıb, onları tənqid etməyə çalışanlara
cavab olaraq göstərirdi ki, bu ən azı
mənəviyyatsızlıqdır.
Başqalarının dəyirmanına su tökən, “sapı özümüzdən olan
baltalar” - bədxahlar indinin özündə belə bəd əməllərindən əl
çəkmirlər. Belə bədxahların
arzusuna xilaf çıxaraq həqiqəti
gənc nəslə çatdırmaq vacibdir.
“Niyə Müşfiq, Cavid, Əhməd Cavad öldürüldü,
Səməd Vurğun
sağ qaldı”, - deyənlərə cavab olaraq bu yanaşmanın
çox səhv, ədalətsiz yanaşma olduğunu Ramiz Rövşən tutarlı
dəlil-sübutlarla bəyan
edir.
Səməd Vurğun A.Səhhət,
M.Hadi, H.Cavid, C.Cabbarlı kimi romantik Azərbaycan şairlərini dərindən oxuyub
dəyərləndirirdi. Qanlı-qadalı günlərdə H.Cavidə
“Günlər ötüşsün”
adlı bir qoşma da həsr
etmişdi.
Həmin şeirdə şair “Gəlin çıxaq seyrə, günlər ötüşsün” deyərək
pis günlərin tez keçib getməsini arzulayır.
Bu da Cavid-Səməd münasibətlərinə ayrı
bir məcradan
yanaşmaq istəyənlərə
cavab.
Bəziləri Səməd Vurğunu
folklordan, aşıq yaradıcılığından bəhrələndiyinə, sadə
dildə yazdığına
görə qınayırdılar,
elə indi də belələrinə rast
gəlmək olur. Ramiz Rövşən bu məsələyə
də aydınlıq gətirir: “Səməd Vurğun danışdığı
kimi də yazırdı. Təəssüf ki, ona qədər də, ondan sonra da, lap elə
bu gün də bir çox
şairlərimizin, hətta
istedadlılarının da
bədbəxtliyi danışdığı
kimi yazmamaqlarındandır”.
Onu da deyək ki,
XX əsr Azərbaycan
dilinin hansı poetik səviyyədə
poetik gücə malik olduğunu S.Vurğun poeziyası qədər dəqiq ifadə edən örnəklər çox
deyildir. Elə götürək
“Azərbaycan” şeirini.
Dahiyanə sadəliklə
yazılmış bu şeirin cazibə və təsir gücünü hesablayacaq bir cihaz yoxdur. Dövlət himnimizin sözləri ürəkləri
fəth edən, dillər əzbəri olan bu şeir olmalı idi.
Vətəni canından daha çox sevən, bədxahların arzusuna xilaf çıxaraq, ilahidən gələn, bitib-tükənməyən enerjisini
Azərbaycan xalqının
işıqlı gələcəyinə
həsr edən Ulu öndərimiz Heydər Əliyev “Azərbaycan” şeirini əzbər deyəndə
necə kövrəldiyinin şahidi
olmuşuq.
Yeri gəlmişkən
şair bu şeirini qanlı-qadalı
1935-ci ildə yazıb. Əhməd Cavadı
“Göygöl” şeirinə
görə gedər-gəlməzə
göndərdikləri kimi,
Səməd Vurğunu
da göndərə bilərdilər. Mənə
belə gəlir ki, Səməd Vurğunu Ramiz Rövşənin sadaladıqları
inandırıcı faktlarla
bərabər, bu şeirdə yer alan iki
misra da xilas edib. Heç
şübhəsiz şair
bu misraları düşünərək yazmışdı:
Qonaq gəlir bizə quşlar,
Zülm əlindən qurtulmuşlar.
Ramiz Rövşən şairin
məşhurluğundan danışarkən
bunu haqlı olaraq onun istedadında və şeirlərinin keyfiyyətində görür.
1937-ci ildə yazılmış “Vaqif” dramından “Şair, hökmdarın hüzurundasan”
misralarını və
“Şair, nə tez qocaldın sən” şeirlərini misal gətirir.
İntiqam müəllim, sualınıza
cavab olaraq sevimli şairimiz Ramiz Rövşən Səməd Vurğunun ilk
dövr yaradıcılığından
söz açır, şairin özünün
1931-ci ildə yazdığı
“Ölən şeirlərim”
şeirindən çıxış
edərək, onları
ölən şeirlər
adlandırır. Maraqlıdır
ki, həmin şeirlər yalnız şairin ölümündən
bir il sonra,
1957-ci ildə
“Çiçək” adlandırılan kitabında işıq üzü görmüşdü.
Ramiz Rövşən sizin maraqlı bir sualınıza da köklü-köməcli cavab vermişdir:
“Bir ocaq Azərbaycana üç xalq yazıçısı
verib: iki xalq şairi və bir xalq
yazıçısı. Lakin
bir-birindən fərqli üç
sənətkar, üç
şəxsiyyət. Bu məşhur üçlüyün
ən maraqlı cəhəti elə bir-biri ilə fərqliliyindədir. Arabir mətbuatda
qəribə fikirlərə
rast gəlirəm.
Guya Səməd Vurğun gənc şairlərin inkişafına mane olur, onları təsir altında saxlayırmış.
Azərbaycan poeziyasında Səməd
Vurğunla Vaqif Səmədoğlu
qədər fərqlənən
ikinci bir şair yoxdur.
Bir şair kimi öz doğma balasına
mane olmayan Səməd
Vurğun başqalarına
necə mane ola bilərdi?!”
Hədəfə düz dəyən cavabdır.
Sual verirsiniz ki, Səməd Vurğun daha 20 il artıq
yaşasaydı, şeirlərinin
çox fərqli imkanları üzə çıxa bilərdimi?!
Şair Ramiz Rövşən bu suala cavab verməkdə çətinlik çəkir: “Əgər yaşasaydı, bu onun xoşbəxtliyi olardımı, yoxsa bədbəxtliyi? Bilmirəm” - deyir.
İntiqam müəllim şair yaradıcılığının son illərində Ramiz Rövşənin xüsusi qeyd etdiyi “Şair, nə tez qocaldın sən” şeiri ilə bərabər, “Mən tələsmirəm”, “Komsomol poeması”ndan “Dünya”, “Tək məzar”, “Ölüm sevinməsin qoy” kimi yalnız ona xas, həyat və sənət eşqinin fəlsəfi-poetik ifadəsi olan şeirlər yazmışdı.
Bu şeirlər çox mətləblərdən xəbər verir:
Ölüm sevinməsin qoy,
ömrünü vermir bada,
El qədrini canından
daha əziz bilənlər.
Şirin
bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək
ölənlər.
Dahi Üzeyir
bəyi son mənzilə
yola salarkən oxuduğu bu misraları tərəddüd
etmədən şairin
özünə də
aid etmək olar.
Səməd Vurğun da Üzeyir bəy kimi sevərək yaşadı, sevilərək
əbədiyyətə qovuşdu.
İntiqam müəllim, XX əsr poeziyamızın Şahdağı, “şeir
bağçamızın bağbanı” haqqında çox yığcam şəkildə oxuculara təqdim etdiyimiz
yazıya görə vurğunsevərlər adından görkəmli
şair Ramiz
Rövşənə və ədəbiyyatımıza uzun illərdən
bəri təmənnasız
xidmət etdiyinizə
görə sizə minnətdarlığımı bildirirəm.
Qəzənfər Paşayev
professor
525-ci qəzet.- 2016.- 9 aprel.- S.13