Ögeyliyi doğmalığa çevirən...
UNUDULMAZ SƏNƏTKAR CEYHUN MİRZƏYEVİN NURLU XATİRƏSİNƏ
Deyirlər, zaman hər şeyi unutdurur insana. Dünyasını dəyişmiş əzizlərimiz belə, illər ötdükcə
xatirələrimizdə yalnız
sakit və uzaq xəyal kimi yaşayırlar.
Amma hansısa gün yaşadığımız
sevinc və ya kədər təkcə bizim deyil,
həm də
vaxtın yaddaşına
yazılaraq qalır.
Güllərin belə rənginə, ətrinə hopur. Bir də görürsən, kiminləsə
bağlı unutduğumuz
bir söhbət, mərhəm bir xatirə düşüncəmizə
hakin kəsilir. Birdən də qiymətli nə isə tapmış kimi, “söz vaxtına çəkər,
elə ilin bu çağları idi”- deyə xatirələri haraylayıb
başımıza yığmaq,
əziz bir insanı yenidən yaşatmaq istəyirik: sözümüzdə, söhbətimizdə...
Baharda dünyadan
nakam gedənlərin ruhlarına şam yandırar, xatirəsinin işığına yığışarlar. İllər
öncə mart ayının ilk günlərində Ceyhun Mirzəyevlə bağlı
bir yazı yazacağımı qərarlaşdırdım.
O vaxt belə internet imkanları yox idi. Ona görə də
faktları toplamaq üçün yaxın dostları, sənət yoldaşları ilə görüşməli oldum. Sən demə, mart ayında
Ceyhun Mirzəyevin bu fani dünyanı
əbədi ruhlar məkanına dəyişdiyi
günün gözlə
görünməyən ovqatı
yaşayırmış. Söz vaxtına çəkibmiş.
...Rollarını, çəkdiyi
flimləri nəzərə
almasaq, Ceyhun Mirzəyev ekranda az-az görünərdi.
1993-cü ilin martın
7-də AzTV kanalında
onun haqqında “Anaya ögey deməzlər” verilişi getməli idi. Bu, sevimli aktyorumuzun həm keçdiyi sənət yoluna, həm də
son yaradıcılıq işlərinə
işıq tutmaq istəyindən yaranmışdı.
(O vaxt Ceyhun Mirzəyev haqqında yazı hazırlayanda
“Anaya ögey deməzlər”
verilişinin müəllifi
olan dəyərli diktorumuz rəhmətlik Hicran Hüseynovla görüşmüşdüm. O gün montaj zamanı Ceyhun Mirzəyevin qəfildən
halının pisləşməsindən,
evə bir getdiklərindən, həkim
çağırsalarda bir
anın içində
baş verən o vaxtsız ölümün
acısından danışmışdı.
Ceyhun Mirzəyevin ölümündən
sonra hazırladığı
verilişdə Hicran Hüseynov bütün bunları qəhər içində, gözləri
yaş dolu danışdığını yaxşı xatırlayırdım.
Amma nədənsə mən yazıda nə bunu qeyd etmişdim,
nə də onun adını çəkmişdim. Yazı qəzetdə
çıxandan sonra işə gələrkən
Hicran Hüseynovla rastlaşdıq. Məni görüb
ayaq saxladı, salamlaşdıq. Yazını oxuduğunu, bəyəndiyini
bildirdi. Bu, həm
də Ceyhun Mirzəyevi yad etdiyimə görə sanki bir dost təşəkkürü idi.
Amma nədən onunla olan söhbətimizi qeyd etmədiyimi soruşdu və gülümsünərək bunu
mənə irad tutdu. Cox təəssüfləndim.
İndi isə artıq özü də bu həyatda yoxdur. Ceyhun Mirzəyevin yaxın
dostu, yaxşı insan kimi tanıdığım
Hicran Hüseynovun ruhuna hörmət olaraq bu qeydləri
etdim. Allah hər ikisinə rəhmət eləsin.
Amin.)
Hə, harada qalmışdıq; “Anaya ögey
deməzlər” verilişinin
son montaj işlərində. Amma ağlına
da gəlməzdi ki, bu verilişə
həm də ömrünün son anları,
son ağrıları hopacaqdı.
Verilişin montajından sonra
evlərinə qədər
uzanan yolsa, sadəcə, ömründən
ona qalan son fürsət idi.
“Ögey ana” filmindən
“Anaya ögey deməzlər”
verilişinə qədər
sənətdə deyə
bildiyi sözünü
-filmlərini, rollarını,
“Mozalan” satirik telejurnalındakı böyük
inam və sevgiylə hazırladığı
süjetləri onu həmişə sənətdə
görmək istəyənlərə
əmanət qoyub bu dünyanı birdəfəlik tərk edəcəkmiş.
Ceyhun Mirzəyevin
televiziyaya gəlişi
beşinci sinifdə oxuyarkən uşaq verilişlərindən başlayıb.
“Görüş” filmində
epizodik rola çəkilən 7 yaşlı
oğlan kinoya marağı, sualları ilə rejissorların diqqətini cəlb edir. Kinorejissor rəhmətlik Tofiq
Tağızadə Ceyhun
haqqında danışarkən
deyirmiş ki, mən elə o vaxtlar onun nəinki
bir aktyor, hətta rejissor olacağına inanırdım.
Uşaqlıqdan tanınan və
sevilən Ceyhun Mirzəyev “Ögey ana” filmindən “Fəryad”a qədər
yaşadığı yaradıcı
ömründə bu inamı doğrulda bildi. Çətinliklərin məngənəsindən sıyrılıb çıxaraq
oynadığı rolların,
çəkdiyi filmlərin,
“Mozalan”dakı rejissorluq
fəaliyyətinin yaddaqalan
cizgiləri ilə istedadını, ən başlıcası sənətə
məhəbbətini göstərə
bildi. Komik, satirik,
tragik janrlarda
sözünü deməyi
bacaran sənətkar kimi seçildi, yadda qaldı. “Yenilməz batalyon”da faytonçu Teymur, “Dəli Kür”də Osman, “Lətifə” filmində Məmmədov obrazları ilə Ceyhun Mirzəyev müxtəlif xarakterlərin özünəməxsus
cizgilərini çox
gözəl yarada bilmişdi.
Sənət dostu, uzun illər Ceyhun Mirzəyevlə çiyin-çiyinə
çalışmış səs operatoru Əsəd Əsədov söhbətlərinin birində:
“Mən Ceyhun haqqında saatlarla susa bilərəm” - deyib. Bu, əslində sahilini tapmaqda çətinlik çəkdiyin
xatirə dəryasında
əl-qol atmadan dərinliklərə getmək,
ölümün özündə
gizlətdiyi insan taleyini görmək
arzusudur.
Sənət dostlarının, onu
yaxından tanıyan hər
kəsin xatirəsində
Ceyhun Mirzəyev daha çox səmimiyyəti ilə yadda qalıb. Onun özünəməxsus şən
dünyası vardı.
Kimisə qanı qara,
sıxıntılı görsəydi, şux zarafatla məlhəm olmağı
bacarırdı. Sənətdə
isə özünə
qarşı həmişə
ögey münasibət
hiss edib. Aylarla işsiz qalıb,
çəkiliş meydançalarından
uzaq düşüb.
Sənət acı olan ruhuna təsəlli verəcək işlərə
əli yetməyəndə
isə ağrısını
ürəyinə yükləyib.
Fəxri
adın, mükafatların
həsrəti ilə yaşamasa da, laqeydliyin soyuğundan üşüyüb. Bir
vaxtlar “Mozalan” telejurnalının rəhbəri
olmuş Ziyafət Abbasov səhət dostu haqqında danışarkən: - “Ceyhun
Mirzəyev Azərbaycan
xalqına kinonu sevdirib”-
demişdi. Əslinə
qalsa, Ceyhun Mirzəyev bircə rolu ilə belə
çoxlarının uzun
illər sənətdə
deyə bilmədiyi sözü deyə, ucala bilmədiyi zirvəyə ucala bilmişdi. İsmayıl obrazı ekranla
tamaşaçı arasındakı
uzaqlığı əritdi,
ögeyliklə doğmalıq
arasındakı uçurumlu
yolları hamarladı.
Ceyhun Mirzəyev sənətdən nakam getdi. Çünki həm rejissor, həm aktyor kimi yarımçıq işi qaldı. Vətənin ağrısını, dərdini ürəyindən keçirərək yaratdığı “Fəryad” filminin son işlərini tamamlamamış dünyasını dəyişdi. Bir vaxtlar hamının sevimlisi olmuş İsmayılın uşaq dünyasına məxsus inadkar, mübariz xarakterini vətənin dar günündə bir başqa mövzuda göstərmək istəmişdi. O, balaca İsmayılın yüz sözdən daha kəsərli dərin baxışlarında qığılcım kimi parlayaraq doğan ana məhəbbəti ilə ögey ananı doğmalaşdırdı hər kəsə. Son illərsə xəyanətin, haqsızlığın toruna düşmüş vətənə ögey münasibəti də əridib yox etmək istəyi ilə “Fəryad” filminin əzab-əziyyətini ağrılı ürəyindən keçirirdi. Amma nə torpaqlarımızın azadlığının, nə də çəkdiyi filmin sevincini yaşamağa ömür vəfa etmədi. “Fəryad” filmində fiziki işgəncələrə məruz qalan baş qəhrəmanın gözlərindəki intiqam hissi, torpaqlarımıza, sərvətimizə qənim kəsilənlərə nifrəti qəlbdən və yanaraq yaratmış Ceyhun Mirzəyevin sənətdən uca olan vətəndaş təəssübkeşli bu gündə filmi izləyən hər kəsi qəhərləndirir.
Bu gün Dağlıq Qarabağın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda savaş gedir. Təəssüf ki, şəhid övladlarımızın itkisi Azərbaycanın dostu olan başqa dövlətlərdə də ürək ağrısı ilə qarşılanır. Qüdrətli Azərbaycanın uğurları bir həqiqəti diqtə edir: Qələbə Günü yaxındadır. İnanıram ki, o zaman azadlıq uğrunda canlarından keçmış hər bir Azərbaycan övladı kimi Ceyhun Mirzəyevin də ruh şad olacaq.
1946-cı ildə dünyaya gəlmiş Ceyhun Mirzəyev bu dünyada cəmi 47 illik ömür yaşadı. Aprelin 9-u sevimli sənətkarın doğum günüdür. Bu da onun taleyinə yazılmış qeyri-adiliklərdən biridi. Ölüm tarixindən bir ay keçməmiş, doğum günü qeyd olunur. Sanki təzədən doğulur, yenidən sənətdə, ailədə yolunu, arzularını yaşadanların əməllərində yaşayır. Bəlkə elə ona görə də, biz ölümün qarşısına gözüyaşlı çıxsaq da, xatirələrin işığında dünyasını dəyişmiş insanları, əzizlərimizi xoş bir təbəssümlə anırıq.
Günəş RƏCƏBQIZI
525-ci qəzet.- 2016.- 9 aprel.- S.11