“Vətən sevgisi
milləti ayaqda tutan
başlıca gücdür”
ŞAHİN MUSAOĞLU: “DÖVLƏTİMİZİN, ORDUMUZUN, XALQIMIZIN BİRLİYİ TORPAQLARIMIZIN TEZLİKLƏ AZAD EDİLMƏSİNƏ YOL AÇACAQ”
Vətənpərvərlik mahnılarının
müəllifi kimi tanıdığımız, ixtisasca
həkim olan Şahin Musaoğlu Qarabağ savaşının
qızğın vaxtlarında
Müdafiə Nazirliyi
ilə ciddi əməkdaşlıq edib
və əsgərlərə,
zabitlərə məxsus
ilk hərbi- tibbi arxivi yaradıb. Ancaq onun yaradıcılığı
qəhrəmanlıq mahnıları
ilə daha yaddaqalan izlər buraxıb.
“İgid əsgər, möhkəm dayan”,
“Cənab leytenant”, “Vətən çağırır”,
“Bozqurd harayı” kimi mahnıları ilə xalqımıza milli ruh, vətənpərvərlik
duyğuları aşılayıb.
Ş. Musaoğlu bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyi
(AYB) Katibliyinin qərarı
ilə qurumun Hərbi Vətənpərvərlik
Komissiyasının sədri
seçilib.
Söhbətimizə də elə komissiyanın fəaliyyəti
barədə sualla başladıq.
- İctimaiyyətin bildiyi
kimi, mənə qədər bu vəzifəyə mərhum
Xalq şairimiz, söz ustadı Zəlimxan Yaqub rəhbərlik edib.
Hərbi Vətənpərvərlik Komissiyasının
indiki tərkibi AYB-nin son qurultayında formalaşıb. Azərbaycan ictimai və
ədəbi mühitində
kifayət qədər
tanınan qələm
sahibləri bu komissiyada təmsil olunur. Sədr müavini bizim
ağsaqqal yazıçımız,
Yasif Nəsirlidir.
Bu gün də cəbhə bölgələrində
öz qələmi ilə döyüşən
Azərbaycan ordusunun zabiti Abdulla Qurbani, Mərkəzi Zabitlər Evinin əməkdaşı
Zəminə Xınalı,
Sərhəd Qoşunlarının
zabiti Qardaşxan Əziz, şeirlərinə
mahnı bəstələdiyim,
təpədən-dırnağa qədər vətənpərvər
ruhlu Nizami Saraclı, universitet illərində hərbi müəllimim olmuş şair Ramiz Duyğun, ictimaiyyətimizin
çox gözəl tanıdığı Orxan
Fikrətoğlu və
başqaları olmaqla,
iyirmiyə yaxın sənət adamı, qələm əhli bu komissiyanın üzvüdür.
Məqsədimiz hərbi vətənpərvərlik
mövzusunu gündəmdə
saxlamaq və bu səpkidə yazılan əsərlərin,
şeirlərin təbliğatını
gücləndirməkdir. Bundan başqa
biz güc nazirliklərinin
müvafiq qurumları
ilə sıx əməkdaşlıq etmək
fikrindəyik. Dövlət tədbirlərində, bayramlarda,
hüzn günlərində
onlara qoşulmaq, dəstək olmaq istəyirik. Dövlət
və qeyri-
hökumət təşkilatları
ilə, səfərbərlik
idarələri ilə
əməkdaşlıq, hərbi
hissələrdə, təhsil
müəssisələrində, məktəblərdə görüşlərin
keçirilməsi və
bu kimi bir
sıra məsələləri
qarşımıza məqsəd
qoymuşuq.
- Ümumiyyətlə, ədəbiyyat
və musiqi müharibə vaxtı xalqın həyatında nə kimi rol
oynayır?
- Çox önəmli rolu var, çox.
Çünki musiqi incəsənətin
elə bir növüdür ki, özü qədər azad və özgür
ikinci bir sahə yoxdur. İnsan anadan olduğu gündən musiqi onunla birgə yaranıb. Bu yaxınlığın nəticəsidir
ki, insana psixi və emosional
təsiri heç nə ilə ölçülmür. Sözsüz ki, hərb tariximizdə
də həmişə
musiqiyə və sözə böyük önəm verilib. Bəzən bir kəlmə, yaxud bir mahnı
orduları ayağa qaldırıb. Bu baxımdan hərbi marşların yazılmasının,
vətən mövzusunda
musiqilərin yaranmasının
vacibliyi şübhəsizdir.
Musiqi hətta insanın ən ağrı-acılı
vaxtlarında belə,
bunları unutdurmağa
qadirdir. Musiqi elə
bir incəsənət
sahəsidir ki, insan öz xoşbəxtliyini,
sevincini mahnı vasitəsi ilə dilə gətirir, paylaşır və onun sevinci çoxalır,
xoşbəxtliyi artır.
Yaxud da əksinə. Öz kədərini, həsrətini,
dərdini yenə musiqi ilə dilə gətirir, paylaşır və onlar azalır. Ona görə mən düşünürəm ki,
müharibələrdə sözün
və musiqinin böyük önəmi
var.
- Bəstələdiyiniz musiqilər
çox təsirlidir.
“Cənab leytenant”a
dəfələrlə qulaq
asmışam. Maraqlıdır, necə yaranıb bu musiqilər?
- Bunların yaranma tarixi müharibə dövrünə - 91-94-cü illərə
təsadüf edir. Həmin dönəm qanlı-bəlalı
illər idi. Hər gün cəbhə xəttindən şəhid
xəbərləri gəlirdi.
Xəstəxanalar, hospitallar yaralılarla
dolu idi. Qələbənin sevincini və
məğlubiyyətin acısını
bir yerdə dadırdıq. Mən onda
Müdafiə Nazirliyinin
Hərbi Tibb İdarəsinin əməkdaşı
kimi fəaliyyət göstərirdim. Demək olar
ki, bütün mülki həyatımı
dondurmuşdum və
tam hərbi-tibbi fəaliyyətlə
məşğul olurdum.
Daha sonra Müdafiə Nazirliyinin Hərbi Sənədli Filmlər Kinotelestudiyasında işimi
davam etdirdim. Həmin studiyanın yaradıcı heyəti ilə tanış
oldum. Ardınca Müdafiə Nazirliyində
hərbi-elmi tədqiqatlar
sahəsində işləməyə
başladım. Yəni, belə
bir mühitdə - hərbi ezamiyyətlər,
səngər həyatı,
müharibənin qanlı-qadalı
illərində həmin
musiqilər yarandı.
İlk əsərim “İgid əsgər, möhkəm dayan”
olub.
- Elə təəssürat
yaranır ki, musiqiləriniz şeirlərinizdən
daha populyardır...
- Səbəbi yenə musiqinin özündədir.
Çünki insan öz hisslərini, həyəcanlarını
tam ifadə edə bilməyəndə musiqi onun köməyinə gəlir. Yəni, mən musiqiyə,
bəstəkarlığa bu
cür gəlib çıxmışam. Yaşantılarımı, ovqatımı musiqi ilə ifadə etməyə çalışmışam.
Anlatmaq istədiklərimi onunla izah etmişəm.
- Həm həkim, həm şair, həm də bəstəkar... Bunların hansı daha
doğmadır sizə?
- Həkimlik artıq 30 ilə yaxındır ki, ixtisasımdır. Bu 30 ildə boşuna
keçən bircə
günü belə xatırlamıram. Maddi durumumdan,
vəziyyətimdən asılı
olmayaraq işimi - həkimlik peşəmi sevə-sevə icra etmişəm. Həkimlik mənim
professional sahəmdir. Ancaq şeir yazmasaydım, musiqi bəstələməsəydim, yəqin ki, yaxşı həkim ola bilməzdim.
İncəsənət, musiqi, şeir
həkimlik sənətimdə
mənə çox kömək olub. Və mən bunların tam ittifaqında özümü
bütünlüklə ifadə
edə bilmişəm.
- Musiqiləri ilə bizə təqdim etdiyi, insanları duyğulandırdığı “Azərbaycan əsgəri”
və “Vətən” anlayışları Şahin
Musaoğlu üçün
nə deməkdir?
- “Azərbaycan əsgəri”
- mənim qürur yerim, ümid, inam ünvanımdır. O, məni,
ailəmi və ümumiyyətlə, bizi qoruyur. Ən böyük siyasətçilər
“mən vətənin
əsgəriyəm” deyərək
qürur hissi keçirirlər. Hətta
bizdə belə bir deyim də
var: filankəs filan işin əsgəridir. Yəni, əsgər sözün
həqiqi mənasında
böyük bir addır. Vətən isə, Mirzə
Cəlilin sözü
ilə desək, vətəndaşlardan ibarətdir.
Biz elə ailədən,
məktəbdən başlayaraq
vətən sevgisi ilə böyümüşük.
Vətən bizim üçün
müqəddəs və
toxunulmazdır. Vətən sevgisi
milləti ayaqda tutan başlıca gücdür.
- Son günlər cəbhə bölgələrində atəşkəs
yenə də pozuldu, qızğın döyüşlər getdi,
qurbanlar verdik. Bununla bağlı cəmiyyətimizdə
hərbi-vətənpərvərlik ruhunu necə dəyərləndirərdiniz?
- Biz əslində sülhsevər
bir dövlətik. Yəni, millət olaraq, xalq olaraq, daha
çox sülh tərəfdarıyıq. Biz
haqq tərəfindəyik
və savaşımız
haqq savaşıdır.
Ancaq bizdən asılı olmayan səbəblərdən
bu münaqişəyə
cəlb olunmuşuq.
Bu mənada, mənfur
qonşularımızın savaşı əsl cinayətdir. Haqlı
olduğumuz üçün
inanıram ki, bu savaş bizim
qələbəmizlə sonlanacaq.
Biz öz torpaqlarımızı
almalıyıq. Bu, həm mənəvi, həm dini nöqteyi-
nəzərdən, həmçinin
ortada bir ədalət məsələsi
olduğundan, haqq öz yerini tutacaq. Bəzən bugünlərdəki milli ovqat 1990-cı illərlə müqayisə
edilir. Onda biz yenicə müstəqil
olmuşduq, uzun illər müharibə görməmiş bir respublikada hərbi sahədə təcrübəsizlik
xeyli çətinlik yaradırdı. Bu da insanlarımıza mənfi mənada təsir edirdi. Ancaq keçən illər ərzində müstəqil
Azərbaycanın elə
bir ordusu yarandı ki, bu, regionun ən
güclü ordularından
biridir. Azərbaycan ordusuna ayrılan
vəsait, qayğı
və diqqət nəticəsiz qalmadı.
Ordumuzun gücü xalqımıza sirayət etdi, milli birliyə
təkan verdi.
Bu gün xalqımız
illərdən bəri
arzuladığı halları
gördü və öz birliyini, iradəsini ortaya qoydu. Ordumuzun uğurlu əməliyyatı
insanlarımızda görünməmiş
ruh yüksəkliyi yaratdı. İnanıram ki, beləcə
də davam edəcək, dövlətimizin,
ordumuzun, xalqımızın
birliyi torpaqlarımızın
tezliklə azad edilməsinə yol açacaq.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.- 9 aprel.- S.9