“Anama zəng etmək istəyirəm ki,
Ağdamı qaytarıblar...”
Zəruri
ön söz: Bu, ənənəvi
jurnalist yazısı deyil. Azərbaycanın media əhlinin
yaxşı tanıdığı jurnalist, “1news.az”ın əməkdaşı
Alyona Salayevanın aprelin 5-də, Qarabağda qanlı
savaşın getdiyi, qəhrəman əsgərlərimizin
işğalçılara qarşı rəşadətlə
döyüşdüyü və zəfərlə irəlilədiyi
saatlarda yazdığı Feysbuk statusudur.
Mən
Alyonanın keçmiş iş yoldaşı və indiki
sosial şəbəkə dostu kimi bu mətni oxumağa
başlarkən, bir azdan necə təsirlənəcəyimi,
kövrələcəyimi, xəyalən yenə öz
doğma Ağdamıma qayıdacağımı heç
ağlıma da gətirmirdim. Amma bir də gördüm ki,
Alyona məni də özü ilə birgə hələ də
yuxularımızın ünvanı olan o unudulmaz məkana
aparıb...
Elə
bildim ki, 6 nömrəli məktəbdə, unudulmaz və
sevimli rus dili müəllimimiz Svetlana İvanovnanın dərsindəyəm...
Sonra həmin təəssüratla da bu mətni tərcümə
etməyə çalışdım...
Allah Sveta
müəlliməyə də, Alyonanın anasına da rəhmət
eləsin!
Sağ
ol, Alyona!
Elşən
Əliyev
“Azərbaycan
işıqları” qəzetinin baş redaktoru
Mən - rus qızıyam. Azərbaycanın
paytaxtı Bakıda dünyaya göz açmışam.
Dəfələrlə də Qarabağda
olmuşam.
...Hər
şey ötən əsrin 20-ci illərinin sonu - 30-cu illərinin
əvvəllərində başlayıb. O zaman mənim ana
babam və nənəm Gürcüstanda yaşamağa gəliblər,
sonra Azərbaycana köçüblər. Birinci seçdikləri
şəhər Gəncə olub, ikincisi və sonuncusu
Ağdam...
Babam - əslən Tambovdan, nənəm - Krasnodar vilayətinin
Otradnoye rayonunun Spokoynoye stanitsasındadır. Biri rusdur, o biri kubanlı kazak qızı... İmkanlı
olublar, Rusiyanı məlum hadisələrə, xüsusən,
qolçomaq məsələsinə görə tərk ediblər.
O vaxt imkanlı kəndlilərin torpaqlarını, mülklərini
əllərindən alır, özlərini də
sürgün edirdilər. Anamgilin ailəsi qərara gəlir:
hər hansı zorakılığa məruz qalmadan inqilabdan
sonrakı Rusiyanı tərk edirlər. Və Azərbaycanda,
Ağdam şəhərində sığınacaq
tapırlar.
Babam mühəndis işləyib, yol çəkib, nənəm
evdar qadın olub, dörd övlad böyüdüb. Ağdamın
lap mərkəzində, o vaxtkı avtovağzalın
yanında yaşayıblar. Şəhərdə
indi nömrəsini xatırlamadığım rus məktəbi
də vardı. O illərin fotoşəkillərindən
görünür ki, anamın və bacılarının
oxuduqları həmin məktəbin şagird və müəllim
heyəti çoxmillətli olub: azərbaycanlılar, ləzgilər,
ruslar, ukraynalılar, ermənilər...
1960-cı illərdə anam əmtəəşünaslıq
texnikumuna daxil olmaq üçün Bakıya gəlir. Texnikumu, sonra isə ali məktəbi bitirdikdən sonra da burada
qalıb işləyir. Ərə gedir, işə
düzəlir. Böyük bacılar
Ukraynaya köçüb gedirlər. Belə ki, Janna
xalam (bacıların ən böyüyü) Kiyevdə ali məktəbə daxil olur, sonradan Nelya xalam
da onun yanına gedir.
Amma bacıların ən kiçiyi - Svetlana Bakıda təhsilini
başa çatdırdıqdan sonra Ağdama qayıdır. Özü
deyirdi ki, Bakıda yaşamağı heç ağlına gətirməyib,
şəhər havasını götürə bilməyib.
Sveta xala Ağdamdakı texnikumlardan birində
işləyirdi, rus dili və ədəbiyyatından dərs
deyirdi. Orada da yaşayırdı, köhnə
avtovağzalın, təzə ticarət mərkəzinin
yanında, 28 Aprel küçəsində...
90-cı
illərin əvvəllərində, Azərbaycan-Ermənistan,
Dağlıq Qarabağ münaqişəsi alovlananda Sveta
xalaya Rusiya ucqarlarında yaxşı bir iş təklif edirlər.
O da gedir (həmin vaxt ərindən boşanıbmış). Hər bir çətinliyi göz önünə
alır. İki övladını - oğlunu və
qızını da götürür... O vaxt xalamın anama
yazdığı məktublar hələ də məndədir.
Yazır ki, Rusiyada yaşaya bilmir, ilin 10 ayı
qışdır, günəş - nadir hallarda
görünür, vitamin çox azdır. Vətən üçün, Azərbaycan
üçün, doğma Ağdam üçün
darıxdığını yazır.
1992-ci ildə xalam Ağdama qayıdır. Ermənistan silahlı
qüvvələrinin işğalından bir il
əvvəl... Müharibə vəziyyətində
olan bir ölkəyə, özü də
işğalçıların dəfələrlə
hücum etdiyi bir şəhərə qayıdır. Heç nəyi pis olmayan evini, kartof, kök,
çuğundur əkilmiş böyük həyətyanı
sahəsini, münasib işini atıb geri dönür.
Rusiyada da o, məktəbdə dərs deyirdi...
O vaxt,
1992-ci ildə anam ilk dəfə iflic keçirir. Xalam və uşaqları Ağdamda, bomba altında
olduqlarına görə. Hər dəfə
“Qrad” zərbələri olanda onlar zirzəmiyə
qaçarmışlar. Evdən nadir
hallarda, yalnız zəruri halarda çıxarmışlar.
Bununla belə... Bakıya da gəlmək istəməyiblər
(!!!). Onlardan gec-gec xəbər
tutardıq, anam çox təşviş keçirirdi, nəticədə
də iflic oldu...
93-cü ilin iyulunda hərbçilərimiz xalamı və
uşaqlarını zorla maşına mindirirlər ki,
döyüş əməliyyatları olduğu yerdən
uzaqlaşdırsınlar. Ağdamın alınmasına bir
sutkadan da az qalıbmış...
Xalam, rus
qadını - Yevdokimova Svetlana İvanovna doğma şəhərdən
getmək istəmirmiş... Ağdam onun üçün
HƏR ŞEY demək idi..
Bakıda
bizim evin kandarında onun dediyi sözləri
xatırlayıram: “Çadırda, palçıqda ol, suyun,
yeməyin olmasın, amma öz doğma torpağın olsun”. Həmin
an xalamoğlu Ruslan isə “pis əsgərlərin
nəyə görəsə götürüb gətirmədikləri”
itinə görə göz yaşı tökürdü.
Xalam çox idealist idi. Maksimalist və inadkar, həm də
çox işıqlı və xeyirxah adam
idi. Hədsiz vətənpərvər idi.
Əsl müəllim necə olmalı idisə, o cür...
2003-cü ilin avqustunda dünyasını dəyişdi. 48 yaşı
vardı. Cəmi 48 yaşı.. Bakıda, Xəzər rayonunun Buzovna qəsəbəsində
vəfat etdi. Heç vaxt xoşlamadığı,
yaşamaq istəmədi şəhərdə... Ağdamı
o qədər sevirdi ki!.. Çoxsayı
xəstəliklərdən, məcburi köçkün kimi
(DOĞMA TORPAĞINA!!!), öz ev-eşiyi olmadan
köçdü dünyadan.
Ölməyinə
az qalmış deyirdi: “Daha yaşamaq istəmirəm.
BELƏ yaşamaq istəmirəm...”
Xalamqızı ilə mən əminik ki, yaşamamaq
arzusu olmasaydı, müharibə, gülləboran altında
çəkdikləri, çoxsaylı mərhumiyyətlər
olmasaydı... o hələ uzun illər yaşaya bilərdi.
Anamla xalamın söhbətlərini xatırlayıram. Ağdama gedə
bilməmələri barədə. Öz valideynlərinin
- babamın və nənəmin Ağdamla Əsgəran
arasında yerləşən qəbiristanlıqdakı məzarlarını ziyarət
edə bilməmələri barədə...
Anam həmişə
soruşardı: “Alyona, qəbiristanlığın salamat
qalıb-qalmadığını göstərən video yoxdur
ki? Evimizin yox a, qəbiristanlığın... Ev mərkəzdədi,
qalmaz o... Jurnalist dostlarından maraqlan, bəlkə kimsə
oradan keçib, görüb... Kaş biləydik, ata-anamın
qəbirləri dururmu...”
O,
işğaldan sonra Ağdamda aparılmış videoçəkilişlərə
baxardı. Əldə edə bildiyimiz çəkilişlərin
hamısına. Mənim Ağdamdan olan həmkarlarımla
danışardı. Amma qəbiristanlıq artıq
yoxdu... Məzarlar, abidələr məhv edilib, vəhşilər
tərəfindən yer üzündən silinib...
Anam 2010-cu ildə vəfat etdi. İkinci iflicdən
sonra.
İki bacı dünyadan köçdülər. Vaxtından əvvəl.
Əslində, günahkar müharibədir.
Əgər 80-ci illərin sonu - 90-cı illərin əvvəlindəki
ağrılı hadisələr, amansız müharibə
olmasaydı... çoxları sağ qalardı... ÇOXLARI.
Ağdama necə getdiyimi xatırlayıram. Həmişə
bütün yayı xalamın yanında keçirirdim. İlk dəfə ora gedəndə qızdırmam
qalxmışdı. Həkimlər
demişdilər ki, havasını dəyişdiyindəndir,
bir-iki günə keçib gedər. Keçib-getmişdi.
Hətta yayda da ora aramsız yağışların
yağdığını xatırlayıram. Ağdam -
yağışlı yerdir...
Xalamgilin evinin yanındakı bazarın
hay-küyünü xatırlayıram. Az qala hər
gün oraya təzə meyvə-tərəvəz almaq
üçün baş çəkərdik. Mənim balaca
hörmə zənbilim vardı, çiyələk,
qarağat almaq üçün götürərdim onu...
Satıcıların qışqırtısını,
danışığını, qalaylanmış qabların -
qazanların, səhənglərin, ləyənlərin...
parıltısını xatırlayıram. Bu qablar yaman
çox olurdu, hər yerdə də var idi.
Oradakı meyvələrin, ətin dadı hələ də
damağımdadır. Zoğal və alça, özü də duzla,
qovrulmuş günəbaxan tumu - xalamın həyət qonşusu
satırdı bunları... Hələ xalamın mənim
üçün qızartdığı çox dadlı, ətirli
kartof - sonralar heç yerdə beləsini yeməmişəm...
Ağdamda xalamın qonşularının toyuğu necə
kəsdiklərini görmüşəm. Dəhşətə gəlirdim,
başı kəsilmiş toyuqların qanlı-qanlı həyətdə
ora-bura vurnuxduğunu, özüm də istəmədən,
seyr edəndə... Axı niyə belə olur,
anlamırdım. Qan tökülən yerdən uzaq
keçirdim...
Ağdamda mən Azərbaycan dilini öyrəndim. İlk dəfə
“mağar toyu”nda oldum. Xalamın yanında
qulağımı deşdirdim. Qaraçı
iynəsi ilə. İri, çox iri idi... Qonşudakı qəddar
“cərrah” qadının bolluca qulağıma
sürtdüyü zəhər-zəqqumun iyi indiyədək
burnumdan getmir. Amma Aleksandr Royun “Ölməz
Kaşşey” nağılına baxanda dəhşətdən
hövllənib evdən çıxıb qaçarkən mənə
qucaq açan da elə həmin qəddar qonşu “cərrah”
olmuşdu. Onda xalam həyətə
düşmüşdü və mənə elə gəldi
ki, həmin o Kaşşey bu dəqiqə mənim də
canımı alacaq... Ağdamda ilk dəfə
saçımı da qısa kəsdilər. Yox, əvvəlcə xına yaxdılar, sonra
qırxdılar. Kürəyimə də banka qoydular..
Uşaqlarla gizlənqaç da oynayardıq.
“Gizdənpaç oynayırsan, Alyona? Gəl,
oynayaq!”
Oynayaq.
“Hələ
yox, hələ yox...”
“Tapdım! Ura!”
Ağdamlı
dostlarımın səsləri hələ də
qulağımdadır...
Orada mənim adımı yumşaq “yo” ilə deyə
bilmirdilər.
Və çox vaxt da cırnadırdılar: “Alyona girdi balona”.
Xətrimə dəyirdi ilk vaxtlar. Sonra buna da öyrəşdim.
Xalamın yaşadığı ikinci mərtəbədə
əsl “təxribat”la da məşğul olurdum. Əlüzyuyanlardan
suyu axıdıb boşaldırdım. Dörd
əlüzyuyan vardı. Mənə ləzzət
eliyirdi... Amma xalama və qonşularına yox... Onlar suyu vedrələrlə
daşıyırdılar - mərkəzləşdirilmiş
su təchizatı yox idi. “Təxribatçı”nı
tez aşkar etmişdilər. Amma təəccüblü
də olsa, heç bir cəza vermədilər.
Xalamın ərinin qohumları Şuşada
yaşayırdılar. Bura tər-təmiz, ecazkar havası olan,
torpağı adi otlarla deyil, reyhan və kəklikotuyla
örtülü bir cənnət idi. Gedirsən, hər
yandan bu otların ətri gəlir... Hər yerdən...
Belə
otlarla və ağaclarla örtülü, bapbalaca ağac
qapıcıqlarla dolu bir yarğan da yadımda qalıb. Onda mənə deyirdilər ki, bu yerdə xanlar
yaşayıblar. Mən oraya düşmək,
“kukla ağaclar”dan birinə əl vurmaq istəmişdim, amma
qoymamışdılar. Ağlamışdım.
Azərbaycan
şəhəri olan Şuşa mənim
yadımda belə möhtəşəm və əlçatmaz
qalıb.
Məni yayda Ağdama, xalamın yanına göndərib,
“başdan elədiklərinə” görə valideynlərimdən
küsmüşdüm. Yalnız ilk dəfə... Sonralar hətta
onların da varlığını unutmuşdum. Anam
deyirdi ki, bir dəfə mən hətta Bakıya qayıtmaq belə
istəməmişəm...
...Bir neçə ay əvvəl Ağdamı yuxumda gördüm. Beşmərtəbəli ağ-qırmızı rəngli yeni evlər (mərtəbəsi 3-dən yuxarı evlər o vaxtlar Ağdamda çox az idi), ideal biçimli çəmənliklər, buludsuz mavi səma... Əynimdə ağ rəngli, çox gözəl, yaraşıqlı gödəkçə avtobusla gedirəm. İstilənmişəm. Qış da olsa, bayırda günəş parlayır. Bəs niyə gödəkçədəyəm? Anlamıram...
Gülümsəyən xalamı görürəm.
Pəncərədən mənə əl eləyir. Amma bu, hansı evdir? Onunkudurmu?..
Anlaya bilmirəm...
Fikirləşirəm ki, Ağdamdakı qalaylı
qabların olduğu o xoş qoxulu bazar dururmu? Çətin ki... Yəqin
ki, hər şey dəyişib, hətta qablar da
başqadır... Plastikdir. Maraqlıdır,
xalam mənə həmin Ağdam kərə yağında əsl
Ağdam kartofu qızardacaqmı?
Telefonu götürüb anama zəng etmək istəyirəm
ki, Ağdamı qaytarıblar, üstəlik, yeni
yaşayış məhəllələri salıblar, hər
cür abadlıq işləri aparıblar, xalam da ölməyib,
sağdır.
Kaş tez bu xəbəri çatdıra biləm!!! Amma nədənsə,
nömrəni yığa bilmirəm...
Avtobusdan
düşüb, harasa gedirəm... Xalamın
evinin xarabalıqlarını axtarıram. Oranı tapmaq,
eşələyib xalamın əşyalarından
hansınısa görmək istəyirəm... Onu xatırladan
nəyisə... Xarabalıqlar isə yoxdur.
Hər yerdə təzə evlərdir. Bir addım da atıram və bu evlərdən
hansında xalamın yaşadığı mənə əyan
olur. İçəri girirəm və biz
kartof qızartmağa başlayırıq.
Qəlbim fərəhlənir və rahatlanıram. Çünki
hamı sağdır. Ağdam yenə də
bizimdir.
Alyona SALAYEVA
525-ci qəzet.- 2016.- 9 aprel.- S.8-9