Giləzinin ilk şəhidi
- Ravil Novruzov
Vətəni qibləgah edən şəhidlər
Bugünlərdə Xızının Giləzi
kəndində də bir igid balamızın
şəhid olduğunu
dedilər.
Toy çadırı qurulmalı olan Ravil Elman oğlu Novruzovun yas çadırına gəldik. Həyətində musiqi səsləri çalınmalıykən, mərsiyələr,
bayatılar oxunurdu.
Üç qardaşın bir
bacısı
Əvvəlcə Ravilin bacısı Aygün ilə söhbət etmək istədim. "Danışa
bilmərəm deyib"-
göz yaşını
qoşa bulaqdan axıdar kimi axıtdı. Xalası köməyimizə
gəldi. Əvvəl
o danışdı:
- Ravil hamımızın fəxri idi. Görürsən bu kəndi,
hamı bir-birinə çox mehribandır.
Qohumcanlı bacım balası,
hansımızın bir
problemi olurdu özünü verirdi irəliyə. Çox kasıb
yaşayan bir bacım da var. Ravil Novruz bayramı
günlərində getmişdi
onunla görüşməyə.
Görüb ki, qızı
qızdırmanın içərisində
yanır. Tez təcili yardım çağırtdırıb, həkimin
pulunu verdi.
Söhbətimizin bu yerində bir balaca toxtayan Aygün, hıçqırıqlarla
danışmağa başladı:
üç qardaş bir bacıyıq. Ravil mənim həm qardaşım, həm dostum idi. Nə vaxt gəlsə,
ev üçün
bir yeni nəsə alıb gətirirdi. Bayram günlərini bizimlə
keçirdi. Cəbhəyə yola düşməmişdən
əvvəl gəldi evə. Dedi ki, yol çantamı
yığ. Hərbçi çantasına sabun, şampun, təmiz paltarlar qoydum. Üst-başını
dəyişdirəndə, cibindəki
xırda pulları çıxarıb , mənə verib dedi ki,
bunları saxlayarsan. Ağlıma hardan gələydi ki... Soruşduq hara gedirsən, dedi 3-4 günə qayıdacam, təlimlər başlayıb.
Qardaşım həmişə sürprizlər etməyi sevirdi. Ötən il ad günümdə
mənə qızıl
boyunbağı və
üzük hədiyyə
etdi.
Qəhrəmanlıq kökdən gəlir...
Böyük qardaşı Elçin kənarda durub, məlul-müşkül gəlib gedənlərə baxır. Boynunu qucaqladım.Səbr diləmək istədim. Hönkürdü. Dedi ki, Ravil kimi hər qardaş ola bilməzdi. Ravil və Mirzə qardaşım məndən kiçikdirlər. Aramızda pərdə var idi. Böyük-kiçik yeri bilərdi. Az danışardı. Bütün sözü-söhbəti bacım Aygünlə idi. Bizim babalarımız da, əmilərim də hərbçi olublar. Qəhrəmanlıq nəsil şəcərəmizdə var. Atamın atası Ağaverdi baba 1941-45-ci ildə müharibə başlayanda 70-dən artıq yaşı olub. Nənəm deyərdi ki, o heç vaxt evdə oturmazdı. Giləzidə Dəmir yolu vağzalında vəzifə sahibi olub. Müharibə illərində Vətənə xidmətlərinə görə Qızıl medal və Lenin ordeni ilə mükafatlandırılıb. Atamın atası, Mirzə Salman oğlu Novruzov da Böyük Vətən müharibəsi iştirakçısı olub. O müharibədə 7 il vuruşub. Berlinə qədər gedib çıxıbmış. Ancaq boğazından bir dəfə faşist gülləsi ilə yaralanıb. Lakin müharibədən qayıdıb gəlmişdi. Təsadüfə baxın ki, Ravil də bu döyüşlərdə elə babam kimi boğazından yaralanıb, snayperin atdığı güllə nəticəsində həlak olub. Əmilərimdən biri Sovetin Polşada və Əfqanıstanda apardığı absurd müharibələrin iştirakçısı və veteranı idi. "Uşaqlığınızı necə xatırlayırsan?"- deyə soruşdum. Səsi tətrəyə- titrəyə, məndən balaca idi deyə onu həmişə döyərdim,- dedi və gözlərindən yaş sel kimi süzüldü. Gördüm ki, o uşaq şıltaqlıqlarının ağrısını çəkdi, Elçin.
Dost-dosta tən gərək...
Elvinin yas məclisinə gələn dostları da elə özü kimi boylu, buxunlu, qamətli, dəmir iradəli gənclərdirlər. Kimisiylə əsgər yoldaşı olub, kimisiylə təlim məşqlərində tanış olub... Kimisi ilə də can sirdaşı, yol yoldaşı olub, kimisiylə də bir kənddə böyüyüblər. Hamısının da ürəkləri doludur, Elvindən, onun mərdliyindən, sədaqətindən, etibarından danışırlar. Onu da öyrəndim ki, Giləzi kənd cavanları ətrafda iş yerlərinin olmaması ucundan, əksəriyyəti ailəsini dolandırmaq, bu ağır zəmanəmizdə güzəranlarını qurmaq üçün hərbidə işləməyə üstünlük veriblər. Ravil kimi Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Dəstələrində xidmət edirlər. Dostu Xəyyam Həsənov: " Ravilin yoxluğuna heç inana bilmirəm. Ön cəbhəyə getməmişdən iki gün qabaq evlərinə gəlmişdi. Məni çağırdı, balıq qızartdırmışdı. Heç yeməyini tək yeməzdi, süfrəsini tək açmazdı. Onunla oturub bir stəkan çay içmək də adama zövq verirdi.Ümumiyyətlə, işinin xırdalıqları,keçirdikləri əməliyyatlar haqqında heç nə danışmırdı. Silahlı Qüvvələrdə Müddətdən artıq Xidmət keçirdi. Onun özü bir Ordunun qarşısına çıxacaq qədər qüdrətli-güclü, hazırlıqlı idi. Ancaq Müdafiə Nazirliyinin təltif etdiyi Fəxri Fərmanlar, medalları haqqında sevinclərini həmişə bizimlə bölürdü. O həmişə birinci olmağı sevirdi".
HAŞİYƏ: Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Səmti Müəyyən etmə birinciliyi yarışları 20 ilə yaxındır ki keçirilir. Səmti Müəyyən etmə yarışları dağ, meşə, düzənlik, oyalıq və başqa təbii coğrafi relyeflərdə keçirilir. Yarış iştirakçıları həmin ərazilərdə kiçik miqyaslı xəritənin və kompasın köməyi ilə məntəqələri ardıcıllıqla tapmalıdır. Bu yarışın əsas cəhəti odur ki, hərbi qulluqçular ilk növbədə xəritədən və kompasdan istifadə etməyi yaxşı bilməli və yüksək fiziki hazırlığa malik olmalıdırlar. Yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılar fərdi, qrup və iki-iki patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparırlar. Ravil Novruzov da bu yarışların ən bacarıqlı və güclü iştirakçılarından olur və birinci, ikinci yerləri qazanırdı.
Dostu Elvin
Mustafayev: " Onun necə
dost olmasını sözlə ifadə edə
bilmirəm. Onunla
dost olanlar bilir ki, Ravil necə
vətənpərvər, igid
bir oğlan idi. Hamımız anamızı çox
sevirik. Onun anasına sevgisi,
qayğısı bir başqa idi. Deyirdi ki, ağır əməliyyatlarda adamın
gözünün qabağına
ilk əvvəl ana, bacı, doğmalar gəlir. Sonra hərəkətə keçəndə unudulur
bir müddət.
Silahlı Qüvvələrdə iştirak etdiyi gündən bir dəfə də təlim sirlərini, keçirdikləri əməliyyatları
barədə söhbət
açıb, özünə
güvənməyib, hər
zaman Vətənə
güvənirdi. Öz peşəsi
ilə fəxr edirdi. Həmişə hərbçi paltarı
geyinirdi".
Anama deyin...
Aprelin 2-nə keçən
gecə cəbhədə
gedən döyüşlərdə
qəhrəmancasına şəhid
olan Ravil Elman oğlu Novruzov 1986-cı ildə sentyabrın 5-də
Xızı rayonunun Giləzi kəndində doğulub. Ailənin ikinci oğludur.
Anası
Nargilədən soruşuram.
Sızıldayır, yanır, qovrulur
Nargilə ana. Nargilə ana ağlayanda, bir anda 1991-ci illərdən başlayaraq
Sumqayıt şəhərində
Şəhidlər Xiyabanında
dəfnlərində iştirak
etdiyim Şəhidlərimizi
xatırladım. O zaman
anaların birindən
oğlunu soruşanda,
mənə belə demişdi:
Əzizim
bala dağı,
Bağ dağı,
bala dağı.
Hər dərddən betər olur,
Anaya, bala dağı.
Mən aşiq bağlamaqla,
Qan durmaz bağlamaqla.
Oğul
dağı böyükdü,
Sağalmaz bağlamaqla.
Bir bilsəniz,
yaraları isti olan bu şəhid
analarından söz soruşmaq nə qədər çətindir. Ağırdır. Onların göz yaşları ürəyimə axır və o ağrılardan, o
acılardan, o dərdlərdən
ürəyimdə 25 ildir
ki, əriş-arxac izlər açılıb.
Qara köynək...
Nargilə bacıdan oğlunu
soruşuram:
- Ravilin 30 yaşı var idi. Toyuna hazırlaşırdım.
Fikirləşirdim ki,
daha bu il məcbur da olsa evləndirəcəyəm.
Balalarıma fərq qoymuram.
Kənd adamıyıq. Uşaqlarımın hamısı zəhmətkeşdir.
Ravil lap zəhmətkeş
olub. Əsgəri xidməti başa vurandan sonra iki il Sumqayıtda şirkətdə
mühafizə xidmətində
işlədi. Bütün qazancını
evə xərcləyirdi.
Onun əli iş tutandan bəri, güzəranımız
az-az yaxşılaşırdı.
Bu həyətdə gördüyün daş hasarı, evin qabağındakı artırmanı
onun zəhməti hesabına başa gətirmişik. Bağçada
- bağda, o əkilən
ağacların hər
birində balamın əl izi, zəhməti
var. Bu il martın 19-u bir də gördük ki, qonaq otağı
və mətbəx üçün stol və stul dəsti
alıb gətirdi. Dedim ay bala, niyə əziyyət çəkirsən. Həmin mebellərini
yasında işlətdim.
Sonuncu dəfə onların hərbçi dəstəsini yaxınlığımızdakı
hərbi hissəyə
gətirmişdilər.İki gün keçmədi evə gəldi, dedi ki, 3-4 günlüyə
bizi dərs keçməyə aparırlar.
Dedim, ay bala, nə çox dərs keçirlər. Həmin gün dostunun maşınını özü
sürüb gətirdi
həyətə. Onu heç
vaxt rol arxasında görməmişdim.
Maşının qapısını açıb düşəndə,
maşın açarları
da əlində idi. Gördüm ki, balama maşın elə gözəl yaraşır
ki, gözümə şirin gəldi. Dedim, ay oğul, sənə maşın nə qəşəng yaraşdı. Birini də sən
al. Dedi, alacağam.
Balamın çox arzuları
var idi. Bizim hamımızın könlünü görürdü.
Atasının, qardaşlarının, bacısının əyin-baş
paltarlarını alırdı.
Hamını sevindirirdi. Bir
dəfə də hərbidən gəlib dedi ki, ana
gözlərini yum, sənə
sürpriz edəcəm.
Bir də hiss etdim ki, boğazıma
boyunbağı bağlayır.
Qızıl boyunbağı almışdı
mənə. Sonuncu
dəfə görüşümüzdə
isə mənə iki köynək gətirmişdi: biri xına rəngində, biri qara. Dedim,
ay Ravil, bu qaranı niyə almısan. Dedi ki, istəmirsənsə, aparıb verim xalama. Həmin köynəyi balamın
yasında geyindim.
Aprelin
2-si Aygün dedi ki, ana, Qarabağda müharibə
başlayıb. Ürəyim qırılıb ayaqlarımın
altına düşdü.
Ravilə zəng vurduq,
zəng çatmadı.
Kəndimizdən olan xüsusi
təyinatlı dəstədə
təlim keçən
bütün cavanların
evinə gedib soraqlaşdım. Dostu Xaliqgilin
də qapısını
döydüm. Dedilər Xaliq
yaralanıb qospitalda yatır. Xaliqə zəng vurdum,sən
demə ayağından
yaralanan Xaliqi döyüş meydanından
çıxarıb, sonra
yenidən mövqeyə
qayıdıb. Xaliq dedi ki, Ravil
döyüş meydanındadır...
Həmişə onunla fəxr
edirdim. İndi lap çox fəxr
edirəm. Hamı gələn
onun şücaətindən
danışır. Nə qədər
dostları var imiş oğlumun.
- Nargilə bacı, Mehriban xanım Əliyeva şəhid analarına başsağlığı verdi. O məclisdə Siz də var idinizmi?
- Elin, obanın, Vətənin bu ağır günündə Mehriban xanım biz şəhid analarını başına topladı. Məni düz Mehriban xanımın yanında otuzdurdular. Əlimdən tutub, ovurdu, ovundururdu məni, neçə dəfə üzümdən öpdü. Elə ağlayırdı ki... Gör oğlum məni hansı mərtəbəyə qaldırdı. Heç yatsam, yuxuma da girməzdi ki, nə vaxtsa Mehriban xanımla üz-üzə gələcəyəm. Necə sadə xanımdır, vətənini, xalqını sevəndir. Hamımızı inandırdı ki, Vətən torpaqlarını azad edəcəyik, şəhid övladlarımızın qanı yerdə qalmayacaq.
Şəkli sinələrə qonan Ravil
Onu da öyrəndim ki, Ravil Elman oğlu Novruzovu Giləzidəki kənd qəbristanlığında torpağa əmanət edəndən sonra, onun təhsil aldığı Mikayıl Müşviq adına orta məktəbin şagirdlərini sinif-sinif gənc şəhidin bahar çiçəkləri ilə bəzənmiş məzarı üstünə gətirib, onun qəhrəmanlığından danışırlar. Mikayıl Müşfiq yurdunun balaca məktəbliləri hətta Ravilə həsr etdikləri şeirlərini də onun məzarı üstündə səsləndiriblər. Məktəbin bütün şagirdləri Ravilin şəklini sinələrinə vurublar, axı, Giləzi kəndinin ilk şəhididir Ravil Novruzov.
lll
Ravil Novruzovun
30 yaşı var idi. O, ailə həyatı
qura bilərdi. Ancaq görünür fikirləşirmiş
ki, Vətən torpaqlarını azad edəndən sonra, ailə quracaq ki, onun övladı
müharibə görməsin.
Ravilin savaşı müqəddəs savaşa
çevrildi, o bizə
qələbə sevincini
yaşadanlardan oldu...
Xızı, 8-9 aprel, 2016.
Aida Eyvazlı
525-ci qəzet.- 2016.- 12 aprel.- S.8