Sadəcə, "Kərimov"

 

 

Təkcə dostları yox, bütün kənd ona "Kərimov" deyə müraciət edirdi. Hamı onu adıyla deyil, soyadıyla çağırırdı. Sənətinə olan məhəbbəti peşəkarlığı onu çox gənc yaşlarından bütün Qarabağda tanıtmışdı. 

 

Sənət dostları - Rəmiş, Qədir Rüstəmov, uşaqlıq dostu, yazıçı Aqil Abbas da ona həmişə "Kərimov" deyə müraciət edərdilər. Təkcə atası Müzəffər müəllim, anası Validə xanım onu öz adıyla - Eldar - çağırardılar. Bu sadə müəllim ailəsində həm mühəndis, həm jurnalist, həm hüquqşünas var idi. Eldar isə bütün ömrünü musiqiyə bağlamış, tarzən kimi yetişmişdi. O, gitaranı xüsusi ustalıqla ifa edirdi. Kəndimizdə keçirilən bütün el şənliklərində, toylarda həmişə onu görmək olardı. Uzaqdan gələn musiqi sədalarını eşidəndə bu barmaqların məhz ona məxsus olduğunu bilirdik. Eldar ifa etdiyi musiqiyə qarışıb özü əriyirdi. Elə bil başını söykəyib sinəsinə çaldığı gitarasında Qarabağın yanıb talan olmuş, dağılmış el-obasının dərdlərini, müsibətlərini o zamanlardan duyubmuş. Ona görə Eldarın belə dərdli, qəmli ifası var idi. Görəsən Vətən bağındakı bağrı qan olmuş sarı bülbülün matəmini duyururdu Eldar?! Bəlkə Ərzurumda qara, çovğuna düşən Kərəmin dərdinə ağlayırdı. Bilmirəm, lakin o musiqinin təsiriylə sehrlənmiş hər kəs bu havaları dinlədikcə, bu segahlara qulaq asdıqca onlar da bu dünyaya qarışıb əriyirdilər. Elə Eldar kimi.

 

Bu gün bu xatirə yazısını yazarkən mən xəyalən Qarabağa, doğma kəndimizə qayıtdım. Eldarı hələ uşaq vaxtlarından, orta məktəbin birinci sinfində oxuduğum zamanlardan tanıyırdım. Hər səhər məktəbə gedəndə yolda qarşılaşırdım onunla. O bütün uşaqlara xüsusi diqqətlə, qayğıyla yanaşırdı. Nədənsə əvvəllər çox utanırdım ondan. Bu yaraşıqlı, son dərəcə səliqəli geyinmiş oğlana həmişə həsədlə baxardım. Ondan da daim özümə qarşı hörmət diqqət görərdim. Onun bu qayğıkeşliyi sonralar böyük dostluğa çevrildi. Ona görə Eldarın nəyi sevib, nəyi sevmədiyini mən bilirdim. Təbiətə, doğulduğu kəndinə, elinə çox bağlıydı Eldar. Bəlkə onun musiqi dünyası, musiqi sevgisi elə bu bağlılıqla başlayırdı: uşaqlıqda çimdiyi Kötəl arxı, gəzdiyi Çuxurməhlə bağları, Mərək, Mantar dağı, Qarqar çayı, Şelli bağı, Xatın arxı... Eldarın uşaqlıq dünyası bu yerlərlə bağlıydı. Aradan illər keçsə , yaşa dolsa da, hər il yazda payızda o yerləri qarış-qarış gəzərdi. Sanki, o yenidən uşaqlıq illərinə qayıdardı. Hər bir koluna, dağına, daşına bələd olduğu bu məkan çox doğmaydı, əziziydi Eldar üçün. Elə bil vaxtsa bu yerlərdən birdəfəlik ayrılacağını duyduğu üçün bu məkana tez-tez baş çəkərdi. Tarixlərin şahidi olan Xan çinar ona daha əziz idi. Eldar çox zamanlar Kötəl arxının kənarında bitmiş, yaşı əsrlərdən xəbər verən bu qoca çinar ağacının görüşünə gələrdi. Aylı-ulduzlu yaz gecələrində Kötəldən axan suyun şırıltısı ana laylası tək doğma gələrdi ona. Çox dərdini elə o çinarla bölüşərdi. Sevincini, qəmini Kötəlin aşıb-daşan sellərinə danışardı...

 

Deyirlər, zaman insafsız olur. Elə ona görə də ötən günləri bir daha geri qaytarmaq olmur. Eldar da Qarabağsız yaşadığı qalan ömrünü sanki yaşamadı. Yalnız keçən o illərin xoş xatirələriylə nəfəs aldı. Qarabağın işğalı onun qəlbini də viran etdi. Əsir düşmüş Şuşası, yaralı Laçını, dərdli Xocalı faciəsi az imiş kimi, Ağdam, Kəlbəcər, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl dərdləri də onun çiyinlərinə ağır yük qoydu. Özündən çox sevdiyi gitarasından da uzaq düşdü. Elə bil, hər şeydən inciyib küsmüşdü. Uzun müddət toxunmadı barmaqları o simlərə. İfa etdiyi nəğmələri dağılmış el-obasının, Vətənsiz yaşamağın, şəhid olmuş el oğullarının yasına batdı.

 

Bir axşam Eldar özü də bilmədən gitarasını bağrına basaraq neçə illərdir ürəyində qalaq-qalaq yığılmış dərdlərini boşaltdı. "Segah"la, "Bayatı-Şiraz"la, "Çahargah"la əkizləşdi, qoşalaşdı. Bu sehrli musiqinin səsinə Xaçmazda yaşadığı məktəbin həyətinə gecənin bir aləmində axın-axın gələn insan kütləsindən xəbərsiz ifa edirdi Eldar. Bu, adi bir gitara səsi deyildi. Onun varlığını gecə-gündüz didən bir Vətənin göynərtisiydi, Qarabağı xilas edəcək xilaskar əllərin harayıydı. Sinəsi oğul dağlı anaların fəryadı, ata nisgilli körpələrin göz yaşı, milyonlarla yurdsuzların yurd həsrətiydi ki, Eldarın ürəyindən gitaranın simlərinə qarışıb gecənin bu dərinliyində onu nəfəs çəkmədən dinləyən insanların da qəlbini parçalayırdı.

 

Bu yaz axşamında pəncərə önündə oturub tumurcuqlayan ağacları döyəcləyən yağışa baxa-baxa yenidən Qarabağı xatırladım. Bu yaz axşamında sənin narahat ruhunun Qarabağda necə çırpındığını düşündüm. Sənin Kötəl arxının yanında bitmiş Xan çinarını yada saldım. Yəqin indi o çinar da yarpaqlayır, əsən külək, yağan yağış o çinarı da üşüdür... O da qəribsəyir bizlər üçün...

 

Əlizamin YELMAROĞLU

525-ci qəzet.- 2016.- 12 aprel.- S.8.