Ədəbiyyatşünaslığımıza
böyük töhfə
PROFESSOR TEYMUR ƏHMƏDOVUN 5 CİLDLİK "SEÇİLMİŞ ƏSƏRLƏRİ" HAQQINDA
(Əvvəli
ötən sayımızda)
Professor Teymur Əhmədov N.Nərimanovun
dramaturgiyasını təhlil edərkən bu əsərlərin
milli dramaturgiyamızın yeni, orijinal keyfiyyətlərlə
zənginləşdirdiyini üzə çıxarmaqla
yanaşı, dramatik konflikt və bədii həllini şərtləndirən
amillərə də nəzər yetirir.
Eyni zamanda N.Nərimanovun dramaturgiya ilə bağlı nəzəri
görüşlərinin təhlili onu bir nəzəriyyəçi
kimi təqdim etməyə imkan verir. Filologiya üzrə fəlsəfə
doktoru Allahşükür Qurbanovun cildə yazdığı
"Ziyalılıq məsuliyyəti" adlı ön
sözdə professor T.Əhmədovun həyatına, yaradıcılığına
(elmi, ədəbi, bədii və s.) hərtərəfli nəzər
salınır. Ümumiyyətlə, cildin hər
birinə ön söz əvəzinin yazılması
kitabın içindəkilərini və tədqiqatçının
yaradıcılığını qiymətləndirmək
baxımından maraq doğurur.
Nəriman Nərimanov mövzusu yalnız birinci cildlə
məhdudlaşmır, üçüncü cilddə də
davam edir. Bu, bir tərəfdən professor Teymur Əhmədovun
onun şəxsiyyətinə nə qədər önəm
verdiyini göstərirsə, digər tərəfdən bu
böyük dramaturq və yazıçının
yaradıcılığının fasiləsiz
araşdırma obyekti olduğunu, daim tədqiq olunma zəruriliyini
göstərir. "N.Nərimanovun yaradıcılıq
yolu" monoqrafiyasının daxil edildiyi cildin ön
sözü yerinə akademik Cəmil Quliyevin "Zəhmət
və istedadın vəhdəti", professor Xeyrulla Məmmədovun
"Ədəbiyyatşünas alimin
yaradıcılığı" adlı yazıları da dərc
edilmişdir. Professor X.Məmmədov həmkarı haqqında
yazdıqları onun yaradıcılığının
xarakterini və mahiyyətini ifadə edir: "Teymur
böyük həyat təcrübəsinə, geniş
intellektə və zəngin mənəviyyata malik bir insan,
ziyalı və vətəndaşdır. Bu qəbildən
olan bütün şəxsiyyətlər kimi, o da təvazökar,
son dərəcə sadə və səmimidir. Onun simasında ilk növbədə nəzərə
çarpan da elə budur".
"Seçilmiş
əsərləri"nin
üçüncü cildinə müəllifin vaxtilə ədəbiyyatşünaslığımızın
ən yaxşı nümunələrindən biri hesab olunan
"Nəriman Nərimanovun yaradıcılıq yolu"
monoqrafiyası və tənqid və ədəbiyyatşünaslıq
sahəsindəki məqalələri daxil edilmişdir. Monoqrafiyada professor Teymur Əhmədov
yazıçı və dramaturqun bütün əsərlərini,
eləcə də publisistik fəaliyyətini
araşdırmaya cəlb edir. Tədqiqatçının
N.Nərimanov haqqında bu cür geniş, sistemli və
davamlı araşdırma aparması çağdaş elmi
fikrimizin üstünlüklərindəndir.
Onun elə bir əsəri yoxdur ki, ədəbiyyatşünasın
tədqiqatlarında özünün elmi dəyərini
almamış olsun. Bu əsərlər çağdaş ədəbiyyatşünaslığımızda
N.Nərimanovla bağlı mötəbər tədqiqatlar
hesab olunur. Tədqiqatda N.Nərimanovun
yaradıcılıq fəaliyyətinin çoxşaxəliliyi,
çoxqatlılığı, zənginliyi bir daha üzə
çıxır. Bu cəhətdən N.Nərimanovun
teatrla, publisistika ilə bağlı fəaliyyəti çox az hallarda araşdırma obyekti olmuşdur.
Cildə daxil edilən tənqid və ədəbiyyatşünaslıq
məqalələri aktuallığı, elmiliyi və funksionallığı
ilə fərqlənir.
Vaxtilə müxtəlif mətbuat orqanlarında dərc
edilmiş bu məqalələrdə ədəbiyyatşünaslığın
müxtəlif problematikası təhlilə cəlb edilir. Bu məqalələr
içərisində, heç şübhəsiz,
M.İbrahimovun ədəbi, ictimai fəaliyyətilə
bağlı yazdıqları ədəbi, elmi camiə
üçün də yeni olduğu kimi, həm də qiymətlidir.
1920-1950-ci illərdə Azərbaycanda ana dili
uğrunda mübarizənin tarixini izləyən T.Əhmədov
N.Nərimanovla M.İbrahimovun bu sahədəki fəaliyyətindən
çox doğru olaraq yan keçə bilmir.
Maraqlıdır ki, bunlardan biri T.Əhmədovun tədqiqat
obyekti, digəri isə müasiri və tənqid və ədəbiyyatşünaslıq
sahəsindəki ideyaların həyata keçirilməsində
birgə hərəkət etmişlər. Bu mənada
T.Əhmədovun böyük yazıçı, alim
M.İbrahimovun dil uğrunda apardığı mübarizəni
bütün detalları ilə çatdırır.
T.Əhmədovun
bu tədqiqatına qədər çox az
adamlar yazıçının Azərbaycan dili uğrunda
apardığı mücadilədən bu qədər məlumatlı
idi. Məlumdur ki, M.İbrahimovun dil uğrunda
mübarizəsi yalnız bir yazıçı kimi dilin
saflığı uğrunda çalışması ilə məhdudlaşmamışdır,
həm də Sovet dönəminin 50-ci illərində Azərbaycan
dilinin sıxışdırılmasına qarşı təkbaşına
mübarizə aparan bir mücahid obrazını
yaratmışdır. Məlum olduğu
kimi, 50-ci illərə qədər Azərbaycanda ana dilinin
dövlət dili olması Konstitusiyada təsbit
olunmamışdı. 1936-cı ildə qəbul
olunan SSRİ Konstitusiyasının qəbulu zamanı Ermənistan
və Gürcüstanda ana dili dövlət dili olduğu və
idarələrdə işlənildiyi halda Azərbaycanda rus
dili işlənilirdi. M.İbrahimovun təşəbbüsü
ilə Azərbaycan dilinin dövlət dili olması
haqqında da bir mücadilə başlamışdı.
M.İbrahimovun "Azərbaycan dili" (1957) məqalələr
toplusu müəllimlər və ziyalılar arasında
geniş yayılmışdı. Lakin bundan narahat olan
antimillətçi qüvvələr Moskvanın göstərişilə
M.İbrahimova qarşı böyük kampaniya
başlatdılar. Bu, əslində M.İbrahimov
üçün 1937-ci il demək idi. Azərbaycanın yüksək vəzifəli şəxslərinin
M.İbrahimovu meydanda tək qoymaları da işi bir qədər
çətinləşdirirdi. Bütün
bunlar professor T.Əhmədovun tədqiqatlarında
özünün həqiqi qiymətini alır. Tədqiqatçı
Azərbaycan dili, daha doğrusu, M.İbrahimova hücumlara, Ana
dili haqqında qanunun nahaq qaldırılmasına həsr
edilmiş plenumun materiallarını tədqiqata gətirərək
mövcud mənzərəni təhlil edir və belə bir qənaətə
gəlir: "Mirzə İbrahimov rus şovinist siyasətinin
mahiyyətini dərk edirdi. Onun plenumda etiraf
etdiyi sözlər millətini, vətənini təmsil edən
böyük şəxsiyyətin mənəvi zənginliyini,
bütövlüyünü, öz əqidəsinə sədaqətini
aydın təsəvvür etməyə imkan verir".
Professor T.Əhmədovun M.İbrahimovla bağlı
ikinci məqaləsi "Mirzə İbrahimovun şeir
yaradıcılığı" adlı
araşdırması bu böyük ictimai fikir adamının
çoxşaxəli ədəbi, bədii
yaradıcılığını tamamlayır. Belə ki,
M.İbrahimovun ötən əsrin 80-ci illərində bir
neçə şeir yazması ədəbi mühiti bir qədər
də təəccübləndirmişdi.
T.Əhmədov isə bu şeirləri tədqiqata cəlb
etməklə həm M.İbrahimovun böyük
yazıçı, ictimai xadim kimi qəlbinin dərinliklərində
gizlənən poetik bədii düşüncələrin mənbəyini
araşdırır. Bu tədqiqatlardan məlum olur ki, böyük
yazıçı kimi tanınan M.İbrahimov nəinki gəncliyində
şeirlər yazmışdır, həm də bu şeirlərin
bir çoxunu mətbuatda çap etdirmişdir.
Tədqiqatçı keçmişə gedərək
M.İbrahimovun "Gənc işçi", "İnqilab və
mədəniyyət", "Hücum" jurnallarında dərc
edilən şeirlərini təhlil edərək, əslində
80-ci illərdə yazılmış şeirlərin mənbəyinin
gənclik illərinə getməsini əsaslandırır. Əgər
30-cu illərdə yazdığı şeirlərdə gəncliyin
ruhuna uyğun olaraq quruculuq işlərini təsvir edirdisə,
ömrünün sonlarına yaxın yazdığı
şeirlərdə cəmiyyətin təzadlarını, həddini
aşan insanların xudbinliyini, kəmfürsətliyini təsvir
edirdi. Bu, M.İbrahimovun həmin vaxt ruhuna
tamamilə uyğun idi. Çünki həyata,
tarixə dar gözlə baxan insanlar, hətta sənət
adamları yazıçıya qarşı bəzi əsası
olmayan iftirada və ittihamda bulunurdular. 80-ci
illərin sonlarında Azərbaycanda baş verən
ictimai-siyasi hadisələr, ermənilərin torpaq iddiaları
da əsas mövzulardan biri idi. Vaxtilə
yazıçını Ana dili uğrunda mübarizəsini
beynəlmiləlçiliyə böyük zərbə hesab
edərək onu ittiham edən ermənilər indi Azərbaycandan
torpaq iddiası ilə çıxış edirdilər.
M.İbrahimov da məhz onların bu həyasızlığını
poetik şəkildə təsvir edərək yazırdı:
Riyakarlar,
xainlər aça bilməz
qol-qanad!
Kor olar
göz dikənlər
özgə torpaqlarına,
Xəbis,
xain olanlar çıxa bilməz qapına!
Evimdə
yer verdiyim
qonaq həyasızlaşmaz
Adam kimi tərpənər,
heç
vaxt həddini aşmaz!
Sülh
Allahı əbədi hakim olar cahana,
Torpaq onda
çevrilər
solmaz
bir gülüstana.
"Seçilmiş
əsərləri"nin ikinci cildinə
professor Teymur Əhmədovun ədəbi-bədii fikir tarixindən
yazdığı ədəbi portret və oçerkləri
daxil edilmişdir. Demək lazımdır ki, tədqiqatçının
bu oçerkləri Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrinin əksəriyyəti
yer alır. Cənubi Azərbaycan ədəbiyyatına
da yer verilməsi, kitabın əhəmiyyətini
artırdığı kimi, ədəbiyyatı bütövləşdirməyə
xidmət edir. A.Bakıxanov, İ.Qutqaşınlı,
M.Ş.Vazeh, M.F.Axundzadə, H.Zərdabi, N.Vəzirov,
M.Ə.Sabir, A.Şaiq, M.S.Ordubadi, S.Mümtaz, C.Cabbarlı,
B.Talıblı, S.Vurğun və başqa onlarla
yazıçı və şairlərlə bağlı
yazılan portret-oçerklər yığcamlığı,
sənətkar yaradıcılığının bədii dəyəri
və xüsusiyyətlərinin açılması
baxımından olduqca maraqlıdır. Tədqiqatçı
bu oçerklərdə sənətkarın ömür yolunu,
Azərbaycan ədəbiyyatı tarixində tutduğu yeri və
mövqeyini özünəməxsus şəkildə
açmağa nail olur.
Tədqiqatçının
klassik Azərbaycan şair, yazıçı və
dramaturqlarının həyatı, ömür yolu və əsərləri
ilə bağlı məqalələri ilə əvvəllər
də tanış idim, lakin müasirlərinin
yaradıcılığı haqqında araşdırmalarla
ilk dəfə tanış olurdum. Müasir yazıçı
və şairlərdən Qılman İlkin, Xəlil Rza
Ulutürk, Vəli Məmmədov, Zəlimxan Yaqub
yaradıcılığına həsr olunmuş
portret-oçerklərdə müasirlərinin
yaradıcılığı müxtəlif mövqelərdən
dəyərləndirilir.
Bu cəhətdən
Xalq şairi Z.Yaqub yaradıcılığının təhlili
diqqət çəkir: "Xalq şairi, görkəmli
ictimai xadim Zəlimxan Yaqub özünün fitri
istedadı, poetik, güclü yaddaşı, çoxcəhətli
yaradıcılığı və ictimai fəaliyyəti ilə
ümumxalq məhəbbəti qazanmışdır. Onun Azərbaycan ədəbiyyatı xəzinəsini
zənginləşdirən orijinal, təravətli mənzum əsərləri
milli müstəqilliyimizin əbədiyaşar poetik səlnaməsidir".
İkinci cilddə Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Əndəlib Qaracadaği, Mirzə Əbdürrəhim Talıbov, Mirzə Əli Möcüz, Şəhriyar, Hökumə Billuri, Həbib Sahir, Aşıq Hüseyn Cavan haqqında oçerklər verilmişdir. Onu da qeyd etmək lazımdır ki, T.Əhmədov ömrünün demək olar ki, böyük bir hissəsini Cənubi Azərbaycan ədəbiyyatının öyrənilməsi məsələlərinə həsr etmişdir. Otuz ilə yaxındır ki, professor Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik edir, onun tədqiqat istiqamətlərini müəyyənləşdirir.
Bir sözlə, bu şöbənin bütün ağırlıqları M.İbrahimovla T.Əhmədovun çiyinlərində durmuşdur. Cənub mövzusunun məhz bu adla işlənilməsində və formalaşmasında onların hər ikisinin böyük əməyi vardır. Bunu nəzərdə tutan ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru Elçin Cabbarov tamamilə doğru yazır ki:
"...Mirzə İbrahimov bu qəlibə sığmayan (Sovet qəlibi nəzərdə tutulur-B.Ə.) mövzuya müdaxilə etməyə ictimai-siyasi-ədəbi nüfuzu çatan şəxsiyyət, üstəlik də Sovet dövlətinin hörmətini saxlamağı bacaran və ondan hörmət də görən mötəbər fikir sahibi idi. Quruluş və zamanın sınağından alnıağ çıxan Mirzə İbrahimov həm də onu şəxsiyyət edən dövlətdən aldığı ictimai-siyasi imtiyazları Azərbaycan anlayışına sərf etməyi bacaran bir el ağsaqqalı idi. Ona görə də Şimali Azərbaycanda-sovetlərdə milli ədəbiyyat tarixini bütövlükdə, Cənubla birgə tədqiq etmək fikrini dövlət səviyyəsində həll etmək təşəbbüsü gündəmə gələndə "Mirzə İbrahimov nüfuzu və Teymur Əhmədov sədaqəti"ndən ibarət cütlüyü həlledici rol oynamışdı".
(Ardı
var)
Bədirxan
ƏHMƏDOV
525-ci qəzet.- 2016.- 13 aprel.- S.4.