"Dahinin tənhalığı: Fazil Hüsnü Dağlarca" təqdim olundu

 

PROFESSOR TOFİQ MƏLİKLİNİN BU ƏSƏRİ "AYB KİTAB" LAYİHƏSİ ÜZRƏ NƏŞR EDİLİB

 

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda professor Tofiq Məliklinin "AYB kitab" layihəsi çərçivəsində çap olunmuş "Dahinin tənhalığı: Fazil Hüsnü Dağlarca" kitabının təqdimat mərasimi keçirilib.

 

Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq kitab barədə fikirlərini bildirib: "Bir müddət əvvəl görkəmli alimimiz, türkoloq Tofiq Məliklinin rus dilində kitabının təqdimatı oldu. Bu gün isə Azərbaycan dilinə tərcümə olunmuş həmin kitabın imza gününə yığışmışıq".

 

Yazıçı-dramaturq Aqşin Babayev müəllifin ədəbiyyatımız və elmimiz üçün dəyərli bir sima olduğunu vurğulayıb:

 

"Mən onun ədəbi fəaliyyəti və çap olunmuş kitabları ilə həmişə fəxr etmişəm. Tofiq Məlikli uzun illərdən bəri Moskvada yaşayıb və orada Moskva Linqvistika Universitetinin professoru olub. Bu illər ərzində Türkiyə ilə də sıx əlaqələr yaradıb. Nazim Hikmətin "Romantika" əsərini dilimizə o tərcümə edib. Tofiq Məlikli çox yüksək bir ada - Əməkdar elm xadimi adına layiq görülüb. O, həm tərcümələrinə, həm elmi fəaliyyətinə görə bu ada layiqdir".

 

Tədbirdə professorlar Rüfət Rüstəmov, İmamverdi Həmidov, Vaqif Sultanlı, şair Oqtay Rza, iqtisad elmləri namizədi Namiq Murad, Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım, tərcüməçi Arifə Əliyeva və başqaları çıxış edərək Tofiq Məliklinin yaradıcılığından, təqdimatı keçirilən kitabdan söz açıblar. Sonda müəllifin imzalı kitabları oxuculara təqdim edilib.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 13 aprel.- .4