Səfir İtaliya
televiziyasına Qarabağdakı hadisələrdən
danışdı
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin əsas xəbər kanalı “RaiNews24” kanalının xəbərlər proqramına müsahibə verib. Verilişin aparıcısı Emma Farnenin sullarına cavab olaraq M.Əhmədzadə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, təmas xəttindəki son durum, münaqişənin həllinə dair ölkəmizin mövqeyi kimi mövzularla bağlı danışıb. Bu barədə Musavat.com-a səfirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, M.Əhmədzadə münaqişəyə dair BMT TŞ qətnamələri və digər beynəlxalq sənədlərə istinad edərək, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu qeyd etmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qalmasını münaqişənin həlli üçün ən başlıca maneə kimi qiymətləndirmişdir. Ermənistandakı hakim rejimin Azərbaycan torpaqlarının işğalı ilə hakmiyyətə gəldiyini vurğulayan M.Əhmədzadə əlavə etmişdir ki, bu rejim apardığı daxili siyasətinə görə sərt tənqidlərə məruz qaldığı və Ermənistanın dərin sosial-iqtisadi böhran keçirdiyi bir şəraitdə hakimiyyəti əldə saxlamaq üçün təmas xəttində vəziyyəti gərginləşdirir.
Daha sonra erməni tərəfinin İŞİD üzvlərinin Azərbaycan tərəfdən döyüşməsi ilə bağlı iddialarına dair verilmiş suala cavab olaraq M.Əhmədzadə bunun erməni tərəfinin növbəti dezinformasiyası və Azərbaycana qarşı qarayaxma kampaniyası olduğunu, Azərbaycanın nizami orduya malik olduğunu və ordumuzun öz vəzifəsini beynəlxalq humanitar hüquqa uyğun yerinə yetirdiyini, əksinə Ermənistan ordusunda ASALA erməni terrorçu təşkilatının üzvlərinin iştirakına dair çoxsaylı sübutların olduğunu deyib.
Bundan əlavə, M.Əhmədzadə erməni tərəfinin münaqişəyə dini don geyindirmək cəhdlərinin qəbuledilməz olduğunu, münaqişənin əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının dayandığını bildirib. Azərbaycanın çoxmədəniyyətli dövlət olduğunu və ölkəmizin multikulturalizm modelinin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Veriliş boyu
Ermənistanın Azərbaycana qarşı təcavüzü,
xəritə üzərində işğal
olunmuş ərazilərimiz və təmas
xəttindən kadrlar göstərilib.
525-ci qəzet.- 2016.- 13 aprel.- S2.