Hökumət sosial-iqtisadi
islahatları genişləndirir
ƏSAS VƏZİFƏ HƏR BİR RAYONUN SOSİAL-İQTİSADİ İNKİŞAFIDIR
Xəbər verdiyimiz kimi, aprelin 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2016-cı ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclası keçirilib.
Müşavirədə ölkə başçısı
ölkədə aparılan
iqtisadi islahatlar, icra olunan sosial
proqramlar barədə
ətraflı məlumat
verərək, bu istiqamətdə aparılan
fəaliyyətin davamlı
xətlə inkişaf
etdiriləcəyini, ilin
sonuna qədər ölkə qarşısında
duran bütün vəzifələrin icra olunacağını bildirib.
Dövlət başçısı qeyd edib ki,
2016-cı ilin birinci rübündə iqtisadi islahatlar daha da sürətlə aparılıb: "Azərbaycan
dünya iqtisadiyyatının
bir parçasıdır,
ancaq dünya iqtisadi böhranından ən az itkilərlə
çıxan ölkələrdən
biridir. Azərbaycan iqtidarının ilin ilk rübündə atdığı operativ addımlar, davam etdirdiyi dərin iqtisadi islahatlar və düşünülmüş
xarici siyasət nəticəsində bütün
risklər minimum səviyyəyə
endirilib. İlin
birinci rübündə
Azərbaycanda qeyri-neft
sənayesi beş
faizdən çox artıb. İqtisadi islahatlar daha
da sürətlə aparılıb, bu məqsədlə bir çox sərəncamlar,
qanunlar imzalanıb.
İlham Əliyev deyib ki, biznes mühitinin
yaxşılaşdırılması, ixrac potensialımızın
artırılması, xarici
sərmayənin Azərbaycana
cəlb edilməsi, yerli istehsalın artırılması üçün
çox ciddi qərarlar qəbul edilib. Prezidentin sözlərinə
görə, regional inkişaf
istiqamətində də
böyük layihələr
icra edilməlidir:
"Nəzərdə tutulmuş
layihələrin icrası
üçün təqribən
2 milyard manata qədər vəsait lazım olacaq. Bu işdə özəl
sektor aktiv rol oynamalıdır.
Ölkə iqtisadiyyatına,
qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha
da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib
çıxaracaq və
yeni ixrac məhsullarımız da olacaq. Yerli icra orqanlarının
rəhbərlərinin fəaliyyətini
ilk növbədə o bölgələrdə,
o rayonlarda iqtisadi inkişafın templəri
müəyyən edəcək.
Çünki indi əsas
vəzifə hər bir rayonun sosial-iqtisadi
inkişafıdır".
Ölkə rəhbəri həmçinin
qeyd edib ki, birinci rübdə
nəqliyyat sektorunda, xüsusən Şimal-Cənub
nəqliyyat dəhlizinin
yaradılması üçün
çox fəal iş aparılıb:
"Bu dəhliz Azərbaycan,
İran və Rusiya arasında ticarəti sürətləndirəcək,
Pakistan, Hindistan, Şimali
Avropa ölkələri
bu dəhliz vasitəsilə birləşəcəklər.
Bu dəhliz həm
iqtisadi, həm təhlükəsizlik, həm
turizm baxımından
Azərbaycana çox
lazımdır".
Prezident
əlavə edib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üçün
də üçtərəfli
- Azərbaycan-Gürcüstan-Türkiyə
formatında bütün
işlər görülür:
"Şərq-Qərb dəhlizinə
böyük həcmdə
yükləri cəlb
etmək üçün
Azərbaycan qonşu ölkələrə vahid
tarif siyasəti aparmağı təklif edib".
"Cənub Qaz Dəhlizi"nin icrasının
cədvəl üzrə
getdiyini deyən İlham Əliyevin sözlərinə görə, "Cənubi Qafqaz Boru Kəmərinin
Genişləndirilməsi" layihələri üzrə
tikinti işlərinə
15 mindən çox insan cəlb olunub ki, onların
da 85 faizindən çoxu Azərbaycan vətəndaşlarıdır.
2016-cı
ilin birinci rübündə iqtisadi sahədə görülən
işlərlə bağlı
fikirlərini bildirən
iqtisadçı ekspert
Nicat Hacızadə qeyd edib ki,
İlham Əliyev tərəfindən ölkədə
çox şaxəli,
mütərəqqi iqtisadi
siyasət aparılır:
"Neftin dünya bazarında qiymətinin düşməsi fonunda Azərbaycanda ümumi daxili məhsul manat ifadəsində artıb. Bütün bunlar son 5 il
ərzində Azərbaycan
iqtisadiyyatının möhkəmlənməsindən
xəbər verir. İqtisadi diversifikasiya nəticəsində
qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 60 faizə çatıb ki, bu da
qeyri neft sektorunda aparılan son islahatlar nəticəsində
formalaşıb. Əhalinin sosial
maddi rifah halında da artım müşahidə
olunur. Adam başına düşən
ümumi daxili məhsul və əhalinin gəlirləri
manat ifadəsində artıb. Bundan əlavə dövlət
büdcəsinin gəlirlərinin
azalması fonunda əhalinin aztəminatlı
hissəsinə ayrılan
müavinətlərdə də
artım müşahidə
olunur.
N.Hacızadə bildirib ki, ölkə prezidentinin siyasi iradəsi nəticəsində formalaşan
TANAP layihəsinin Avropanın
enerji təhlükəsizliyi
ilə bağlı xüsusi əhəmiyyəti
var: "İlk növbədə qeyd edək ki, TANAP layihəsi üçün
biz bir sıra borclanmalara getmişik, istiqraz emisiya etmişik və bunun əvəzində milyardlarla dollar pul cəlb etmişik. Risklərin idarə edilməsi tərəfdən
məsələyə baxsaq
ən azı 5-7 il sonra
biz yatırdığımız pulla çəkdiyimiz xərci bərabərləşdirə
biləcəyik. Ona görə
Azərbaycan dövləti
bu layihə üzərində ciddi işləməli və ehtiyatı qorumalıdır".
"Ekonomiks" Beynəlxalq
İqtisadi Araşdırmalar
Birliyinin sədri, iqtisadçı ekspert Fikrət Yusifov qeyd edib ki,
birinci rübün ümumi iqtisadi yekunları gözlənildiyi
kimi müsbət olmayıb. O
"SİA"ya bildirib
ki, dünya bazarlarından neftin qiymətlərinin 3-4 dəfə
aşağı düşməsindən
sonra, bir neft ölkəsində belə bir nəticə
gözlənilən idi:
"Lakin heç kim buna
faciə kimi baxmamalıdır. Hökumətin son 5-6 ay ərzində ölkədə
qeyri-neft sektorunun sürətli inkişafının
təmin edilməsi istiqamətində atdığı
qətiyyətli addımlar,
birinci rübdə iqtisadiyyatın neftdən kənar sahələrində
əldə edilmiş
pozitiv nəticələr
deməyə əsas verir ki, biz doğru
yoldayıq".
Onun sözlərinə görə,
bu müşavirədə
Prezident 2016-cı ili dərin iqtisadi islahatlar ili adlandırdı: "İlin başlanğıcında
iqtisadi, maliyyə və sosial islahatların dərinləşdirilməsi
istiqamətində atılan
qətiyyətli addımlar
deməyə əsas verir ki, bu
il biz həqiqətən
real sektorun inkişafı
istiqamətində indiyə
qədər görə
bildiyimizdən daha kordinal addımların şahidi ola biləcəyik. Ali məqsəd, ilk öncə
Azərbaycanda normal biznes
mühitini formalaşdırmaqdan
və bu hesaba iqtisadiyyatın real sektoruna həm daxili və həm də xarici investisiyaların cəlb olunmasını təmin etməkdən ibarətdir. Son bir neçə ay ərzində bu istiqamətdə kifayət
qədər ciddi qərarlar qəbul edilib. Azərbaycan hökuməti qeyri-neft
sektorunun sənaye, aqrar, tikinti, nəqliyyat, turizm kimi sahələrinin hər biri üzrə
konkret tədbirlər
planı ortaya qoyub".
F.Yusifov
bildirib ki, bu, yerlərdə sənaye zonalarının
yaradılması və
aqrar sektorda taxıl, pambıq və barama kimi strateji məhsul
növlərinin istehsalının
bir neçə dəfə artırılması
hesabına ölkənin
ixrac potensialının
əsaslı şəkildə
genişləndirilməsini, tranzit yükdaşımaların
və ölkəyə
turist axınının
artırılması hesabına
ölkəyə valyuta
axınının kifayət
qədər artırılmasını
nəzərdə tutan
bir plandır: "Məqsəd, yaxın bir neçə ilə ölkə iqtisadiyyatının neftdən
asılılığına son qoymaqdır. Bu məqsədə
çatmaq yolunda ölkədə aparılan
institusional islahatların
və struktur islahatlarının rolu kifayət qədər böyük olacaq".
Ekspert əlavə edib ki, aparılan islahatlar yaxın illərdə ölkəmizin
iqtisadi gücünün
daha da artırılmasını
təmin edə biləcək: "Dünyanın
siyasi müstəvisində
ölkəmizin gücünün
artması və Qarabağ məsələsinin
istədiyimiz şəkildə
həlli də məhz iqtisadi cəhətdən daha güclü olmağımızı
bizdən tələb
edir. Bütün görülən işlər buna istiqamətlənməlidir. Güclü iqtisadiyyat həm siyasi güc, həm hərbi güc və həm də Azərbaycan vətəndaşının
sosial durumunun güclənməsi deməkdir".
İqtisadçı ekspert Emin Əliyev isə "SİA"ya bildirib ki, 2015-ci ilin ikinci yarısından dünyada neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycanın gəlirlərini azaldıb: "Lakin 2016-cı ilin başlanğıcı və xüsusiyyətlə, ölkədə aparılan dərin iqtisadi islahatlar onu deməyə əsas verir ki, qeyri-neft sektorunun yeni impuls ilə inkişaf etməsi məmləkətimizin ÜDM-nun artmasını təmin edəcək. Geridə qalan 3 ay onu göstərdi ki, neft gəlirlərinin aşağı düşməsinə baxmayaraq Azərbaycan ÜDM artımı 5 faiz təşkil edib".
Onun sözlərinə görə, 2016-cı il nəhəng regional layihələrin başlanğıc ili kimi yadda qalacaq: "Azərbaycan regionda karbohidrogen ölkəsi kimi tanınmaqla yanaşı, tranzit ölkəsi kimi də mövqeləşəcək. Əgər əvvəllər tranzit dedikdə mənbə olaraq və üzərimizdən resursların nəql olunması kimi tanınırdıqsa, gələcəkdə mənzərə tam dəyişəcək. Belə ki, Şimal Cənub tranzit koridoru Pakistan və Hindistan kimi ölkələri Şimali Avropa ölkələri ilə Azərbaycan üzərindən birləşdirəcək. 2016-cı il xarici investisiyaların Azərbaycana axınının təmin olunması ili olmalıdır. Prezidentin anons etdiyi xarici kapitalın büdcəyə və iqtisadiyyata pul yatıracaqları ideyası yaxın gələcəkdə reallaşacaq. Bunun üçün investisiya təşviqatı konsepsiyası qəbul olunaraq, xarici investorlar üçün cəlbedici biznes mühitinə məxsus ölkəyə çevrilməyimizə şərait yaradılıb.
Məhz buna görə 2016-cı ilin 90 günü ərzində Azərbaycanda 37 min yeni iş yeri açılıb. Onların 31 mini daimi iş yeri olub, regionlara il ərzində layihələrin implementasiyası üçün 2 milyard manata yaxın vəsait ayrılacaq və bununla da daxili investisiyalar yeni iş yerlərinin açılmasını və ÜDM-un daha da artmasını təmin edəcək".
Ceyhun ABASOV
525-ci qəzet.- 2016.- 13 aprel.- S.3.