Orta məktəb dərsliklərinin dil mənzərəsinə dair qeydlər

 

 

Azərbaycan prezidenti cənab İlham Əliyevin 23 may 2012-ci il tarixli sərəncamından sonra son illər dövlət dilinin tətbiqinə nəzarətin gücləndirilməsi ana dilimizin inkişaf sferasını daha da genişləndirir, bu istiqamətdə ciddi addımların atılmasını və mövcud nöqsanların aradan qaldırılmasını daha da zəruri edir.

 

Bu mənada, orta məktəb dərsliklərinin monitorinqi xüsusi əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, orta məktəb şagirdləri ədəbi dili həm də dərsliklər vasitəsilə öyrənir, onda bu məsələnin nə qədər ciddi olduğunu görərik.

 

Şagirdin nitq mədəniyyətinə yiyələnməsində, onun şifahi və yazılı nitqinin inkişafında orta məktəb dərsliklərinin mühüm rol oynadığını hamımız yaxşı bilirik. Ancaq orta məktəb dərslikləri üzərində aparılan müşahidələr və araşdırmalar onu göstərir ki, dərsliklərin dil mənzərəsi heç də ürəkaçan deyil. Bəzi dərsliklərin məzmununun mövcud proqrama uyğun olaraq əvvəlki illərlə müqayisədə qısaldılması, bəzi fənlərin son illərdə meydana gəlməsi və digər məsələlər dərsliklərdə dil və üslub problemlərini gündəmə gətirir. Bizim iki dərslik: 7-ci sinif "Azərbaycan tarixi" (Bakı: Təhsil, 2014) və 8-ci sinif "İnformatika" (Bakı: Yaznəşr, 2015) dərslikləri üzərində apardığımız araşdırmalardan məlum olur ki, hər iki kitabda ədəbi dil normalarının pozulması ilə bağlı kifayət qədər faktlar var.    

 

7-ci sinif "Azərbaycan tarixi" dərsliyi, ümumən, şagirdin yaş psixologiyasına uyğundur, ancaq dərsliyin dili şagirdin yaş psixologiyasını əhatə etmək baxımından qüsurludur. Dərslikdəki mövzuların həcminin azaldılması məqsədilə aparılan "islahat" oxucuda fikir dolaşıqlığı və mücərrədliyi yaradır, hadisələrin haradan başlayıb-hardan bitməsi barəsində dəqiq təsəvvür formalaşdıra bilmir. 8-ci sinif "İnformatika" dərsliyi isə başdan-başa dilimizin lüğət tərkibində olmayan əcnəbi sözlərlə doludur: tərcümələr və transliterasiyalar yerində deyil, həmçinin mətnlərin sintaksisi mürəkkəb cümlələr və qarışıq fikirlərlə doludur.  

 

Hər iki dərsliyin dilində fonetik, leksik və qrammatik normaların pozulması hallarına isə tez-tez rast gəlinir.

 

"Azərbaycan tarixi" dərsliyində fonetik normanın pozulma halları, əsasən, mürəkkəb sözlərin yazılışında, mürəkkəb cümlələrin tərkib hissələri arasında, xitab və ara sözlərdən sonra vergüldən düzgün istifadə olunmamasında, mürəkkəb adların düzgün yazılmamasında müşahidə olunur. Nümunələrə baxaq: 

 

1. Əkilib becərilməsi çətinlik törədən torpaqlar isə sahibsiz qalırdı (s.7). -  Əkilib-becərilməsi çətinlik törədən torpaqlar isə sahibsiz qalırdı.

 

2. Beləcə qızılbaşlar müqavimətə rast gəlmədən Şamaxını tutdular (s. 117).- Beləcə, qızılbaşlar müqavimətə rast gəlmədən Şamaxını tutdular.

 

3. Paytaxtımızın ən görkəmli yerində Dədə Qorqud Parkı salınmış, məşhur Dədə Qorqud abidəsi ucaldılmışdır (s. 50). - Paytaxtımızın ən görkəmli yerində "Dədə Qorqud" parkı salınmış, məşhur "Dədə Qorqud" abidəsi ucaldılmışdır.

 

4. Burxan sinif yoldaşları və müəllimləri ilə birgə Şəhidlər Xiyabanını ziyarətə getmişdi  (s. 76). - Burxan sinif yoldaşları və müəllimləri ilə birgə Şəhidlər Xiyabanını ziyarətə getmişdi.

 

5. Avropa dövlətləri ilə münasibətləri davam etdirən Uzun Həsən Venesiya respublikası, Böyük Moskva knyazlığı, Kipr krallığı, Rodos dövləti  və başqa dövlətlərlə diplomatik əlaqələr yaratmışdı. (s. 108). Dövlət adlarının baş hərfləri böyük hərflə yazılmalı idi: Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Kipr Krallığı, Rodos Respublikası (dövlət sözü yersiz təkrardır).

 

 "İnformatika" dərsliyində isə fonetik norma əcnəbi sözlərin düzgün yazılmaması, transliteriyasının olmaması ilə bağlıdır:

 

1. Ədədlərin bir say sistemindən başqasına keçirilməsi Calculator proqramı vasitəsilə çox asanca yerinə yetirilir (s. 16). Dilimizidə kalkulyator sözü var: Ədədlərin bir say sistemindən başqasına keçirilməsi Kalkulyator proqramı vasitəsilə çox asanca yerinə yetirilir.  

 

2.  İxtiyari bir qovluğu seçin. Məsələn, Local disk (səh.60).  Birləşmənin bir tərəfi əcnəbi əslinə uyğun yazılıb: İxtiyari bir qovluğu seçin. Məsələn, Lokal disk.

 

3. File  Save As... menyu komandasını seçin. Save As dialoq pəncərəsi açılacaq (s. 19)

 

4. Bu oyunların əksəriyyəti qrafika ilə yanaşı, səs, animasiya və video effektlərlə zəngin olur (s. 22). - Bu oyunların əksəriyyəti qrafika ilə yanaşı, səs, animasiya və videoeffektlərlə zəngin olur.

 

"Azərbaycan" tarixi dərsliyində leksik normanın pozulması ilə bağlı kifayət qədər fakt tapmaq mümkündür. Burada yersiz təkrarlar, sözlərin yerində işlədilməməsi kimi hallar yazılı nitqin düzgünlüyünə və dəqiqliyinə xələl gətirmişdir: 

 

1. 7-ci sinif "Azərbaycan tarixi" dərsliyi qonşu ölkələrlə və Avropa dövlətləri ilə geniş iqtisadi-siyasi əlaqələr yaradan bu dövlətlərin dünya dövlətləri içərisində yerini və nüfuzunu müəyyən etməkdən ötrü sənin üçün maraqlı axtarışlara zəmin yaradacaqdır (s. 8).  - Cümlədə dövlət sözü 3 dəfə təkrar edilmişdir.

 

2. XVI əsrdə Azərbaycan dilinin böyük Səfəvi imperatorluğunun dövlət dilinə çevrilməsi Azərbaycan dilinin daha da inkişafına səbəb oldu  (s. 124). - Dil sözü cümlədə yersiz olaraq 3 dəfə təkrar olunmuşdur.

 

3. Bu dərslik Azərbaycanın V-XVI əsrlər tarixinin ən önəmli hadisə və proseslərini öyrənib tədqiq etməkdə sənə geniş imkanlar açacaqdır. (s. 8). İmkan açacaqdır ifadəsi yox, imkan yaradacaqdır işlənilməli idi.

 

4. Vergi və mükəlləfiyyətlərin ağırlığı xalqı var-yoxdan çıxarırdı (s. 115). - "Xalqın vəziyyətini daha da ağırlaşdırırdı" şəklində ifadə olunsaydı, daha düzgün olardı.

 

5. Şah İsmayıl görkəmli rəssam Kəmaləddin Behzadı saraya dəvət edərək, onu Təbrizin saray kitabxanasına rəis qoymuşdu (s. 126).  - "rəis təyin etmişdi" olmalıydı. 

 

6. Bu dövrdə ipəkçilik inkişaf etmişdi. Əhali Şəkidə, Şirvanda, Bərdə ətrafında, habelə ölkənin digər ərazilərində ipəkqurdu yetişdirmək məqsədilə tut ağacı bağları salmışdı (s. 43).  - tut bağları şəklində olmalı idi.

 

7. Gələn türklərlə yerli türklər birgə yaşayırdılar (s.74).   - gəlmə türk tayfaları ifadəsi işlənilməli idi.

 

Dərslikdə dövlət dilinin adının bir neçə formada verilməsi isə qeyri-dəqiqliyi ilə yanaşı, şagirdlərdə fikir dolaşıqlığına səbəb olacaq məqamdır. Nümunələrə diqqət yetirək:

 

"Kitabi-Dədə Qorqud" dastanı türk dilində, ərəb əlifbası ilə yazıya alınmışdır. Bu dastan Azərbaycan dilinin dünyanın ən qədim dillərindən biri olmasından xəbər verir  (s. 50).  Azərbaycan-türk dili Böyük Səfəvi imperatorluğunun ərazisində dövlət dili səviyyəsinə yüksəldildi. (s. 121). Beləliklə, ünsiyyət dili olan Azərbaycan türk dilinin təşəkkülü prosesi başa çatdı.(s. 62). XVI əsrdə Azərbaycan dilinin böyük Səfəvi imperatorluğunun dövlət dilinə çevrilməsi Azərbaycan dilinin daha da inkişafına səbəb oldu  (s. 124).

 

"İnformarika" dərsliyində leksik normanın pozulması isə daha çox tərcümə məsələsi ilə bağlıdır. Dilimizdə həmin sözlərin bəzilərinin qarşılığı olmasına baxmayaraq, nədənsə loru danışıqda işlədilən sözlərə üstünük verilmişdir:

 

1. Verilmiş kodlaşdırma cədvəlindən istifadə edərək "Əməksiz yemək olmaz" atalar sözünü kodlaşdırın (s. 10).  - Tərcümə yanlışdır: "İşləməyən dişləməz" atalar sözü şəklində verilməli idi.

 

2. Mətn redaktorunu qapadın və faylları saxladığınız qovluğa daxil olun (s. 20). - Mətn redaktorunu bağlayın olmalı idi.

 

3. Slaydın ortasında səs simgəsi yaranacaq (s. 30).  Dərslikdə Türkiyə türkcəsinə aid olan simgə sözü dəfələrlə işlədilir.

 

4. Son vaxtlaradək xəstəxanalarda kompüterlərdən uçot və qeydiyyat məqsədilə istifadə olunurdu (s. 90). - Eyni mənalı iki sözdən birinin rusca əslinə uyğun verilməsi düzgün hal deyil. 

 

5. Qanlı döyüş səhnələri olan oyunlar insanları bir-birinə qarşı daha da dözümsüz edir (s. 93). Cümlənin xəbərinin yerində işlədilməməsi ümumən cümlənin üslubuna xələl gətirir.

 

6. "Dağınıq masa dağınıq qafaya işarədirsə, boş masa nəyə işarədir?" aforizmini necə başa düşürsünüz?  - Bu cümlədə də qafa sözü dilimizin leksik normasını pozmuşdur.

 

7. Nərgiz özünə yubka və köynək seçmək istəyir (s.61). Adi danışıqda işlədilən yubka sözü don sözü ilə əvəz olunmalı idi.

 

"Azərbaycan tarixi" dərsliyində ədəbi dilin qrammatik norması ilə bağlı nöqsanlar daha çox cümlələr və mətnlər arası zaman uyuşmasının, həmçinin söz sırasının pozulması, leksik və qrammatik şəkilçilərin yerli-yerində işlədilməməsi, cümlələri əlaqələndirən məntiqi və qrammatik vasitələrdən düzgün istifadə edilməməsi ilə müşahidə olunur. Nümunələrə baxaq:

 

1. Sən artıq Azərbaycanın qədim dövr tarixini öyrənmisən. Bu dərslikdə isə Vətənimizin orta əsrlər tarixi ilə tanış olacaqsan. Tariximizin bu mərhələsi iqtisadi-siyasi inkişafla, mədəni yüksəlişlə səciyyələnir. Orta əsrlər dövründə yeni sosial-iqtisadi münasibətlər formalaşdı, mərkəzləşmiş dövlətimiz yarandı (s. 6). Verilmiş abzasda cümlələrin xəbəri ayrı-ayrı zamanlardadır. Cümlələr arası zaman uyuşması düzgün deyil.

 

2. 7-ci sinif "Azərbaycan tarixi" dərsliyi qonşu ölkələrlə və Avropa dövlətləri ilə geniş iqtisadi-siyasi əlaqələr yaradan bu dövlətlərin dünya dövlətləri içərisində yerini və nüfuzunu müəyyən etməkdən ötrü sənin üçün maraqlı axtarışlara zəmin yaradacaqdır" (s.6). -Sintaktik konstruksiyaların düzgün qurulmaması nəticəsində cümlənin mənasından heç nə anlaşılmır. 

 

3. Qara Yusifin qəflətən ölməsi Azərbaycanda siyasi vəziyyəti dəyişdi.  (s.103).  - Cümlə belə olmalı idi: Qara Yusifin qəflətən ölməsi ilə Azərbaycanda siyasi vəziyyət dəyişdi. Və ya; Qara Yusifin qəflətən ölməsi Azərbaycanda siyasi vəziyyəti dəyişdirdi.

 

4. Qədim türklərin təkallahlı dininin - Tanrıçılığın - tək Tanrıya sitayişin güclü olduğu bu yerlərdə əhali İslamı rəğbətlə qarşılayırdı (s.15). İfadə belə yazılmalı idi: təkallahlılıq dininin.

 

5. O öz iqamətgahını üsyançıların mərkəzinə yaxın olan Bərzəndə köçürdü (s.20).  918-ci ildə Şirvanşah Əbu Tahir əlverişli mövqedə yerləşən Şamaxını bərpa edib, paytaxtı bura köçürtdü (s.24).  - Dərsliyin bəzi yerlərində paytaxtı (və ya iqamətgahı) köçürdü, bəzi yerlərində köçürtdü kimi yazılmışdır. Cümlənin xəbərinin iki variantdan biri ilə yazılması fikrin məzmununa uyğun olmalı idi.

 

6. Şərti mülk sayılan tiyul ancaq şahın icazəsi ilə irsi keçə bilərdi (s. 122). İrsi sözü sifətdir, xəbərin qarşısında zərflik gəldiyi üçün "irsən keçə bilərdi" formasında olmalı idi. 

 

7.  Kəndlilərin istismar edilməsinin əsas forması vergilərin ödənməsi və mükəlləfiyyətlərin icrası idi (s. 8). Ödəmək feili cümlədə vergilərin ödənilməsi şəklində yazılmalı idi. 

 

"İnformatika" dərsliyində qrammatik normanın pozulması, əsasən, istinad olunmuş ədəbiyyatlardan tərcümələr zamanı cümlə sintaksisinin pozulması ilə müşahidə olunur.

 

1. Müasir mobil telefonlarda səs və qrafik fayllar hansı formatlarda saxlanılır? (s. 25) - Səs və qrafik fayllar ifadəsində səs faylları ikinci növ təyini söz birləşməsi olduğu üçün qrammatik əlaqə pozulub.

 

2. “Əgər sən hər şeyi bilirsənsə, onda hələ çox şey öyrənməlisən" ifadəsini daxil edin (s.19) - cümləsi "Əgər sən hər şeyi bildiyini düşünürsənsə, onda hələ çox şey öyrənməlisən" şəklində ifadə olunsaydı, daha anlaşıqlı olardı.

 

3. Əgər iş masasına əlavə olunan simgənin hər hansı xanada deyil, şəbəkənin başlanğıcından ilk boş xanada yerləşməsini istəyirsinizsə, Align icons to grid bəndinin qeydə alınmasına diqqət yetirin (səh.54). Burada başlanğıcından sözünə şəkilçi düzgün artırılmayıb. Söz yerlik halda (başlanğıcında) olmalı idi.

 

4. Dərslikdə tərkibində əcnəbi əslinə uyğun yazılmış və dilimizin lüğət tərkibində olmayan sözlərlə dolu cümlələr var ki, həmin sözlərin qrammatik əlaqlədə iştirakı dilimizin qanunlarına ziddir. Belə cümlələr orta əsrlərdə ərəb-fars sözləri ilə zəngin ədəbi-bədii dilimizi xatırladır:  Save as type siyahısından Microsoft Word 95 (.doc) variantını seçin (s. 19). Enhancements bölümündə Text animation sahəsinin oxunu çıqqıldadın, Letter by letter variantını seçin, sonra isə aktivləşən delay between letters sahəsinin qiymətini 15 edin və OK düyməsini çıqqıldadın. Effect Split bölümündə Start sahəsinin oxunu, sonra isə With previous variantını çıqqıldadın. (s. 28).

 

Dərsliklərin dilində norma və üslub problemləri, təbii ki, bu faktlarla bitmir. Digər dərsliklərdə də bu problemin olması qaçılmazdır. Bunun üçün dərslik müəlliflərinin, xüsusilə də ixtisas və dil redaktorlarının üzərinə ciddi məsuliyyət düşür. Öncə də qeyd etdiyimiz kimi, dərsliklər vasitəsilə şagirdlər təkcə bilik əldə etmir, həm də ədəbi dili öyrənir, ayrı-ayrı üslublarda danışmaq və yazmaq qabiliyyətini formalaşdırır. İnanırıq ki, Təhsil Nazirliyi təhsilin bir çox sahələrində uğurlu islahatlar apardığı kimi, dərsliklərin hazırlanmasında da mövcud problemlərin aradan qaldırılması üçün qəti addımlar atacaqdır.

 

Pərvin EYVAZOV

BDU-nun Türkoloji Araşdırmalar Mərkəzinin əməkdaşı

525-ci qəzet.- 2016.- 14 aprel.- S.5.