"Mən zamanın içindəyəm..."
- Seyran Səxavət-70
YAXUD "YOLDAŞLAR, BU UŞAĞIN BÖYÜK GƏLƏCƏYİ VAR!"
Seyran Səxavət 1946-cı ilin bir ilk bahar
günündən - 23 martdan bəri qaçhaqaçdadı,
elə qaça-qaça, o sarışın oğlan gəlib
70 yaşına (vallah, heç inanılası deyil)
çatdı.
Amma lap sonuncu (hələlik sonuncu) romanı
"Qaçhaqaç"da dediyinin əksinə olaraq, nə
düz sözdən, nə vicdandan, nə qeyrətdən, nə
namusdan, nə insafdan, nə övladdan, nə valideyndən, nə
ölkədən, nə də Allahdan qaçdı.
"Gözündən
bal axan" Əsgərxan bulağının suyundan içə-içə,
Savalan müəllimin ədəbiyyat haqqında
"mühazirələrini" dinləyə-dinləyə,
məşhur Azıx mağarasının yeddi-səkkiz
kilometrliyində - doğma kəndi Yuxarı Yağlıvənddə
- var-dövləti başından aşan, işlək, təpərli
camaatı, camış ferması, inək ferması,
ilxısı, arpa-buğda zəmiləri,
bağı-bostanı, günəbaxan tarlaları bol olan bu kənddə
"Sarı" ləqəbi ilə tanına-tanına on səkkiz
il heç yerə qaçıb eləmədi.
Atası
Əsgər kişinin, babası İsmixan oğlu Bəylərin,
nənələri Zibanın və Tükəzbanın,
anası Zərif müəllimin, adları gül qoxuyan kənd
qızlarının, gəlinlərinin, Bilal müəllimin,
Savalan müəllimin, Sona müəllimənin, kəndin
sözü keçən kişilərinin gözünün
önündəcə uşaqlıq və gəncliyini
yaşadı. İlk şeirlərini də o
vaxtlar yazır və günlərin bir günündə
"bənəviş eşşəyini pəyədən
çıxardıb, "toş-toş" deyə-deyə, təndir
çörəyini gəvələyə-gəvələyə
üz tutur şəhərə (Füzuliyə)".
Soruşa-soruşa "Qızıl Araz" qəzetinin
redaksiyasını tapır, qəzetin redaktoru Feyruz
Atakişiyevlə (özünün ifadəsincə "Fehruz
əmiylə") görüşür, uşaqlıqdan
canına hopmuş məzəgirliklə, əl-qolunu
ölçə-ölçə ilk "şeirini" ona
oxuyur:
Sizdən
bir cavab istədim,
Rusca mənə "net" dediniz.
Saf
eşqimi lağa qoyub,
Hərdən "privet" dediniz.
Ancaq
düşünmədin, ay qız,
Gördüyün
iş necə işdi.
Mən biləni
anan sənə,
Rusca layla deməmişdi.
"Fehruz
əmi" ona məsləhət görür ki, pariyaydan, vətəndən,
Qızıl meydandan, Lenin babadan, Əzcəzairin qəhrəman
qızı Cəmilədən, Sona müəllimədən,
bir may bayramından şeirlər yazsın və ustufca məktəbli
Seyranı başından eləyir. Amma "Sarı"-Seyran
şeir yazmağı başından qova bilmir və bir gün
də şəhər klubunda Mirzə Fətəli Axundova həsr
olunan tədbirdə yenə əl-qolunu ölçə-ölçə,
özündən çıxa-çıxa, bircə
qırnıq da karıxıb eləmədən yubiley
şeirini oxuyur:
Yazıb-yaratmaq
üçün gecə-gündüz
çalışdın,
Sənətin göylərində tonqal kimi
alışdın.
Qələmini
bircə an sən əlindən qoymadın,
Əsərlər
yaratmaqdan yorulmadın,
doymadın.
"Camaat
çəpik çalmağında davam eləyirdi, mən
Savalan müəllimin yanına gəlməmiş təzədən
taxta pillələrlə səhnəyə qalxıb şeir
dediyim yerdə dayandım, alqışlar lap ərşə
dirəndi, sonra camaata baş əydim və qayıdıb pillələrlə
salona düşmək istəyəndə gördüm ki, kimsə
qolumdan yapışdı, çönüb gördüm ki,
Bakıdan gələn nazir əmidi (Qurban Xəlilov). O məni
qucağına alıb göyə qaldırdı, sonra yerə
qoyub üzümdən öpdü, əlimdən tutub
üzünü camaata tutdu:
-
Yoldaşlar! Bu uşağın böyük gələcəyi
var..."
Şair
Seyran
Seyran Səxavət ədəbiyyata şeirlə gəlib-altmışıncı
illər onun yaradıcılığının şair
dövrüdür.
Mən belə
düşünürəm ki, Seyran Səxavətin şeirləri
olmasaydı, onun yaradıcılığında mütləq
bir çat yaranardı. Çünki
Seyranın görkəmli bir nasir kimi formalaşmasında, ədəbiyyata
bu qədər cani-dildən bağlanmasında bu şeirlərin
mütləq mənada böyük rolu var.
Şeir yazmaq
o deməkdir ki, sən sözün sehrinə düşürsən,
hər adilikdə bir qeyri-adilik axtarırsan, ritm, ahəng,
musiqi-şeirin bu ecazkar qüvvələri səni öz əsarəti
altına alır, sən dünyanın rənglərini,
işığın gözəlliyini, yaşamağın,
varlığın, həyatın, sevginin şeiriyyətini
yaratmağa can atırsan. Seyranın şeirlərində də
o illərin ürəyində işıqları
sayrışan cavan bir şairinin dünya ilə
harmoniyasını hiss etdim. Onun şeiri ilə
sonrakı illərdə yazdığı nəsr əsərlərini
müqayisə etdim, təbii ki, şeirlərindəki o sadə
və səmimi notlar, bədii təsvir vasitələrindəki
rəngarənglik nəsrində də davam edir, amma bu
yalnız zahiri oxşarlıqdır. Nəsrindəki
o təhkiyeyi-kəlam, obrazların danışıq tərzi,
müxtəlif hadisələrin yaratdığı emosional
çalarlar, kolorit, Qarabağ ləhcəsindən gələn
o şirinlik şeirlərində qətiyyən nəzərə
çarpmır.
Seyran Səxavətin şeirləri öz
yaşıdlarının (Nüsrətin, Çingizin, Sabirin)
yazdıqlarından seçilirdi və bu da poetik fərdi
düşüncənin əlamətiydi. O, bir kimsəni təqlid eləmək
ya bir kimsədən hansısa təşbihi, ya obrazı
götürüb istismar etmək fikrində olmayıb və ola da bilməzdi. Seyran Səxavət
bir insan kimi səmimiyyəti və şəxsiyyəti ilə
heç kimə bənzəmədiyi kimi, şeirində də,
nəsrində də özü oldu. İndi
gəlin, onun bir neçə şeirinə nəzər salaq.
Seyranın sevgi şeirlərində səmimiyyətin və
bu səmimiyyətdən doğan təbiiliyin qədərini
ölçmək mümkün deyil. Hər cür yalançı pozadan,
süni pafosdan, zahiri görünüşdən uzaq olan bu
şeirlər dünyada əsl sevginin varlığını nişan verir.
İlk sevgi əksərən vüsala aparmır, amma
"Eşqi də, müharibə kimi, başlamaq asan, bitirmək
çətindi" (Mark Tven) və bir də "Ümidsiz də
olsa, sevmək gözəldir" (O.Balzak). Seyranın "İlk məhəbbət-son
məhəbbət" şeiri bu hikməilərin
doğruluğunu bir daha təsdiq edir:
Sən nə istəyirdin, nələr itirdin?
Qorxma kül olmaqdan, yan, məhəbbətim.
Sən mənim
başıma nələr gətirdin,
Ay ilk məhəbbətim,
son məhəbbətim.
O parlaq
sevgimdən çox utanıb dan,
Ulduzlar eşqimdən qızartı dərmiş.
İnsanlar
bir dəfə doğulduğundan,
Elə bir dəfə də sevə bilərmiş.
Burda tənhalıqdan
lap iyrənmişəm,
Qoy meh sığallasın telini sənin.
Gedib
yetmiş iki dil öyrənmişəm,
Hələ tapmamışam dilini sənin.
Sən
bir soyuq ulduz, mən gözləri nəm,
Eybi yox, mənimçün həmişə varsan.
Sıxma
ürəyimi, ürək cəhənnəm,
Axı sən ordasan, sən sıxılarsan.
Heç bir tərəddüd eləmədən S.Səxavətin
bu şeirini "Azərbaycan sevgi lirikası"
antologiyasının ilk iyirmiliyinə daxil etmək olar.
Azərbaycan
dağlarına saysız şeirlər həsr olunub, birini də
Seyran yazıb və bu şeirdəki təşbihləri
yan-yana düzsən, gözəl bir mənzərə
alınar: "Buludlar boynuna dolaşan zaman, Sanki səmalardan
asılıb dağlar". "Yaşıl
yamaclara dırmanıb çıxan, Başında dincələn
ayın gözəldir". "Əgər
xalçadırsa döşündə çəmən,
Çiçəklər ən gözəl ilmələridir".
"Qayalar buynuzu, çiçəklər teli
- Bu yer kürəsinin maralı dağlar".
Seyran Səxavət təbiətdən qopub gələn
və təbiət sevgisini şeirlərinin canına hopduran
şairdir.
Ancaq onun şeirlərində sırf peyzaj lövhələri
ilə çox az rastlaşarsan. Təbiət haqqında o, insandan
danışdığı kimi danışır.
Metaforalardan ustalıqla istifadə edir. "Payız" şeirində
deyir ki: "Sən Molla İbrahimxəlil kimi kimyagərsən...
Sən
qazanmamısan bu yarpaqları, Bəs niyə səpirsən
sola-sağa?!". Dənizin azadlıq həsrətini
belə ifadə edir:
"Dalğalar-ümidlərin, Dəyib sahillərə
parçalanacaq. Eh yazıq dəniz... Sən də çaylar kimi axmaq
istəyirsən...
Çaylar
da bir tərəfdən axır sənə... Vallah
başım çıxmır, Bəlkə belə
lazımdır: Kənizə kəniz azadlığı?! Dənizə dəniz azadlığı?! Hə?!".
Seyran o
illərdə "Fehruz əmi"nin sözünə qulaq
assaydı, Lenindən, partiyadan, 1 May bayramından da şeirlər
yazardı, amma yazmadı, tənhalıqdan, uşaq
arabasından, ölən günlərinin qəbristanlığından,
xəstəxana pəncərəsindən, Əsgərxan
bulağından, kimsəsiz və yetim adalardan, gəmilər
və limanlardan, küləklər və dalğalardan, yollar və
ayaqlardan, qış gecəsindən, küçə
telefonlarından şeirlər yazdı. Gəncliyin
və tələbəlik illərinin romantikası doldu
şeirlərinə.
İki
şeir kitabından sonra susdu... Məmməd
Araz bir məqaləsində şeirdən
uzaqlaşmağını Seyrana irad tutdu.
Ancaq Seyran müvəqqəti olaraq şeirdən
uzaqlaşdısa, Ədəbiyyatdan, Sözdən
uzaqlaşmadı. Qarşıda ona şöhrət
qazandıracaq hekayələr, povestlər, romanlar yazılacaqdı.
Nasir
Seyran
Seyran Səxavət adı gələndə istedadlı
bir nasir yada düşür və müasir Azərbaycan nəsrini
onun yaradıcılığı olmadan təsəvvür eləmək
mümkün deyil. Ona görə mümkün deyil ki, Seyran
nəsr yaradıcılığında heç kimə bənzəmir
və onun istər yazı tərzi, istər fərdi
üslubu, istərsə də yaratdığı obrazlar qayət
özünəməxsusdu.
Onun çağdaş Azərbaycan ədəbiyyatında
öz yeri, öz məkanı var-həmin bu "ərazi"
yalnız Seyrana məxsusdur.
O, ilk
hekayələrini yetmişinci illərdə qələmə
aldı, ilk hekayələr kitabı ("Hamı elə
bilirdi ki...") isə 1982-ci ildə işıq üzü
gördü.
Seyranın nəsri bir neçə özəlliyinə
görə seçilir. Birincisi; bu nəsr dil baxımından (istər
müəllif təhkiyəsində, istərsə də təsvir
olunan obrazların nitqində) çox koloritli bir məzmuna malikdir.
Bu dil səni öz arxasınca çəkib
aparır. Onun təhkiyəsində sadəlik
və yığcamlıq qabarıq nəzərə
çarpır. Uzun cümlələrə
nadir hallarda rast gəlirsən. "Müharibədən
sonra bu kəndə birinci dəfə yaz gəlmişdi. Günəşin istisi adamların iliyinə işlədikcə
onların qanı qızırdı. Bütün
kənd çöldə-bayırda idi. Kənd
nəhəng qarışqa yuvası kimi qaynayırdı.
Hərə bir işin qulpundan
yapışmışdı. Qədimalı kişi
də həyətinin həndəvərinə çəpər
çəkirdi. Səhər tezdən durmuşdu... Yorulub oturdu. Sonra göy otun
üstünə uzandı. Gərnəşdi.
Heç vaxt gərnəşməkdən belə
ləzzət almamışdı" ("Yaz oğrusu").
Seyran nağıl poetikasına yaxşı bələddir
və əsərlərində də nağıl təhkiyəsinə
çox meyl edir. İkincisi; S.Səxavətin təqdim
etdiyi obrazlar təbii davranışları, məişət
xüsusiyyətləri, ata-baba ənənəsinə sadiqliyi
ilə seçilirlər. Hər bir obraz həm
öz keçmişi ilə yaşayır, nəsildən,
soydan gələn yaxşı ya pis nə varsa, onların hərəkət
və davranışında da bu, hiss edilir. Lakin bu obrazlar həm də müasir dövrün
adamlarıdır, həyatdan, cəmiyyətdən təcrid
olunmamışlar. Üçüncüsü: S.Səxavət
kəndi, orada yaşayan adamların hər birinin fərqli və
oxşar xüsusiyyətlərini çox gözəl bilir. Onu kənddə baş verən hər bir hadisə
maraqlandırır, özü də daha çox mənəvi
tərəfi. Kənd onun üçün
açıq qapıdır. O, bu qapıdan içəri
girib müxtəlif insan tiplərini bizə göstərir. Amma Seyran kəndli obrazlarını şəhərə
də gətirir. Bəzən bu obrazlar
gülməli, hətta lap ağlamalı situasiyalardan
keçirlər, amma kənddən gətirdikləri
saflığı, təmizliyi ürəkləri kimi itirib eləmirlər,
hətta bu saflığı şəhərdəkilərə
də aşılaya bilirlər.
Əgər diqqət yetirsək, Seyran Səxavətin kənddən
yazdığı əsərlər xronikallıq
baxımından da bir-birini tamamlayır. "Ağrı" povesti
müharibə illərindən söz açır, "Ocaq
daşı" müharibədən sonrakı illərin kəndini
və adamlarını təsvir edir, "Gözü
işığa düşmüş adam"
əllinci illərin sonları-altmışıncı illərin
əvvəllərini gözlərimizin önünə gətirir.
Yetmişinci-səksəninci illərin kəndi
də Seyranın bir çox hekayələrinin və povestlərinin
mövzusuna çevrilir. Dördüncüsü;
Seyran Səxavət adətən öz hekayə, povest və
romanlarında cəmiyyət hadisələrinə dar, lokal bir
məkandan qiymət verməyə çalışır,
sanki hadisələr və insan xarakterləri bir prizmadan
işıqlandırılır. Ancaq burada
"dar" sözü nisbi məna daşıyır,
çünki S.Səxavət dar və xırda məkanı
BÖYÜK MƏKANın bir parçası kimi ümumiləşdirə
bilir. Məsələn, onun "Sanatoriya" povestində
belə bir fikirlə qarşılaşırsan: "Elə
dünyanın özü də sanatoriya kimi bir şeydir. Əməlli-başlı fikirləşəndə
görürsən ki, dünya xəstəxanaya oxşayır.
Lap dərindən fikirləşəndə görürsən
ki, dünya qəbristanlığa da..." Beşincisi;
Seyran Səxavət yumoru çox sevir, elə bir nəsr əsəri
yoxdur ki, oraya yumor damcılanmasın. Təkcə
obrazların danışıq tərzində yox, həm də
hərəkətlərində, davranışlarında bu
yumor hiss ediləcək dərəcədə
güclüdür. Amma yumorun onun nəsrində
lağlağıya çevrilmək qorxusu da yox...
Altıncısı;
Seyran Səxavətin qəhrəmanlarının heç biri
Sovet ədəbiyyatının "müsbət qəhrəmanları"na oxşamır.
Əksinə, o, bəlkə də "müsbət qəhrəmanlar"a
parodiya səviyyəsində qələmə alınan
obrazlara daha çox meyllidir.
Ən
çox yadda qalan hekayələri bunlardır:
"Çayçı Rəşid", "Paravozsürən",
"Bioloqun yazı masası", "Yüz ilin
kişisi", "Bir kisə kartof", "Madonnanın əri
Fərəməz kişi", "Qaçay müəllim",
"Boynu əyri kişi", "İt intervüsü",
"Cəhənnəm". Povestlərindən
"Ağrı", "Sanatoriya", "Qızıl
teş", "Ocaq daşı", "Dar köynək",
"Gözü işığa düşmüş
adam", "Qapıların o üzündə qalan
dünya", romanlarından "Daş evlər",
"Nekroloq", "Yəhudi əlifbası",
"Qaçhaqaç" onun mövcud gerçəkliyin, yaşadığımız
dövrlərin, cəmiyyətdə baş verən
ictimai-siyasi hadisələrin, mənəvi münasibətlərin
bədii əksi baxımından son dərəcə uğurlu
əsərləridir.
Məncə, S.Səxavətin "Nekroloq" romanı
onun şah əsəridir. Romanda
çağdaş Azərbaycan mənzərəsi əks
olunub. Mənzərə bütöv və
genişdir, cəmiyyətin bütün zümrələrini əhatə
edir. Romanda sanki zaman anlayışı da
şərtidir. Əsərdə təsvir olunan Məkan
da bizə tanışdır: "Buraların ərazisi
indikindən qat-qat böyük olub: əvvəl qeyri-bərabər
şəkildə iki bölüblər - Quzeyə və Güneyə.
Qonşular bölüşdürüb, alışma eləyiblər,
"uf" da deməyiblər, dillənməmişik,
ufuldamamışıq, ağrımamışıq,
ağrıya bilməmişik, çünki sağlam can
ağrıyar... Ölmüş adamı
şaqqalasan da, xəbəri olmaz-ölüdü. İki yerə bölünəndən sonra da
ağılları başına gəlməyib, elə yeyib
yatığlar, düşməni süfrələrinin
başına keçiriblər, düşmən də
düşmənçiliyini eləyib, girib bunların
qılığına ki, bəs qardaşıq. Elə o
vaxtdan da evləri yıxıldı, düşmən üstlərinə
ayaq açdı: xanlıqlar, mahallar, kəndlər asta-asta əldən
getdi. Torpağı torba ilə
daşındı. Dedilər: "bir torba torpaq nədi
ki..."
Bilmədilər ki, bir torba torpağı göylər
kişnəyib, buludlar ağlayanda, qərib eldə
canını tapşıran qəribin gözünə
tökmək olar. Hardan biləydilər".
Romanda kədərli səhnələr bir-birini əvəz edir. S.Səxavət çadır şəhərciyində adiliyə çevrilmiş vərdişləri, yaşayış tərzini daha qabarıq vermək üçün, ən başlıcası isə bu vərdişin və psixologiyanın gələcəkdə daha qorxulu bəlaya çevrilməməsi üçün bədii sözün bu çalarına üz tutur. İndi məmləkətimizdə çadır şəhərcikləri yoxdu, amma Seyranın romanı o illərin acınacaqlı mənzərələrini bizə unutdurmayacaq dərəcədə əhəmiyyətlidir, bədii bir sənəddir. Uydurma deyil.
Seyran Səxavəti elmi-tənqidi fikrimizdə "altmışıncılar" adlandırdığımız ədəbi nəslin ardıcılı kimi səciyyələndirirlər. Təbii ki, davam təkrar deyildir. "Yeni Azərbaycan nəsri" dünya ədəbi prosesində başlanan bu hərəkatın Azərbaycan nəsrindəki özünəməxsus, milli səciyyəli inikası idi. "Yeni Azərbaycan nəsri"nin ən istedadlı nümayəndələrindən olan Anarın "Nəsrin fəzası" məqaləsinin sonluğunu xatırlayıram. Anar öz ədəbi nəsli (Y.Səmədoğlu, Elçin, İ.Məlikzadə, İbrahimbəyov qardaşları, Ə.Əylisli) haqqında, onların nəsri barədə çox səmimi elmi-publisistik söhbətini beləcə tamamlayır: "Əlbəttə, Azərbaycan yazıçılarının son nəsli - Vaqif Nəsib, Mövlud Süleymanlı, Ramiz Rövşən, Şahmar, Afaq Məsud, Baba Vəziroğlu, Məmməd Oruc, Seyran Səxavət, Natiq Rəsulzadə və onlardan da gənc olan Saday Budaqlı kimi orijinal nasirlər haqqında söhbət bu məqalənin hüdudlarından kənarda qaldı". Deməli, Anar sonrakı ədəbi nəsli də "Yeni Azərbaycan nəsri"nin sıralarında görür. Bu,təsadüfi deyil. "Altmışıncılar"ın başqa bir istedadlı nümayəndəsi Elçin isə 1983-cü ildə "Literaturnaya uçeba" jurnalının oxucularına Seyran Səxavətin "Madonnanın əri Fərəməz kişi" hekayəsi haqqında səmimiyyətlə söz açmış, onun bir nasir kimi özünəməxsusluğunu qeyd etmişdi.
"Qaçhaqaç" romanının sonu (söhbət ikinci kitabın birinci hissəsindən gedir-V.Y.) S.Səxavətin "Nekroloq" romanına görə Yazıçılar Birliyinin "Yusif Səmədoğlu adına ilin ən yaxşı romanı" mükafatını alması səhnəsi ilə bitir. "Anar Yazıçılar Birliyində bu mükafatı mənə təqdim eləyəndə elə bildim ki, Yusif Səmədoğlunun əlindən aldım".
Bu, istedadlı bir Azərbaycan yazıçısının ustad bir sənətkara - Yusif Səmədoğluya böyük ehtiramının ifadəsidir və Seyran Səxavət öz milli ədəbi kökünə son dərəcə sədaqətli bir yazıçıdır və oxuculara məsləhət görərdim ki, bu romanı ("Qaçhaqaç"ı) oxusunlar, Seyran Səxavəti və ədəbi dünyamızı onun gözləriylə seyr eləsinlər...
Və mən bütün Azərbaycan oxucuları adından Seyran Səxavətin 70 yaşını təbrik edirəm.
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2016.- 15 aprel.- S.4.