İşıqdan keçərək qaranlıqlara, özümü içimə sıxıb gedirəm

 

 

 

 

Kəpənəklər tikan üstə,

Qərib quşlar yem axtarır.

Fillərin üstə bülbüllər,

Səs vermə dəm axtarır.

Varlıq yoxluğa dirənir.

 

Ayılar qan iyi çəkir,

Qarğa-quzğun leşə gəlir.

Canavarlar parçalayıb,

Çeynəyir dişə gəlir.

Aclıq toxluğa dirənir.

 

Zəhər gəzdirib diş altda,

İlanlar çalmağa hazır.

Şirlər, pələnglər ovdadı,

Canları almağa hazır.

Azlıq çoxluğa dirənir.

 

Arılar balını qusur,

Öz oxunu itiləyir.

Cırcıramalar oxuyur,

Var-yoxunu itiləyir.

Dərə dağlığa dirənir.

 

Qarışqaların belindən,

Ən böyük yük yayınmır.

Bayquşlar xaraba gəzir,

Gözündən tük yayınmır.

Ölüm sağlığa dirənir.

 

Bu adamdan o adama,

Meymunlar atdanır-düşür.

Hələ sağ qalan insanlıq,

Qeyrətə atlanır... düşür...

Göz qaranlığa dirənir.

 

lll

 

Səslər itir göyün neçə qatında,

Ağrılar doğranır nəfəs altında,

Sınaq meydanının bathabatında,

yaşanır, doğulur, ölür,

Biçarələrdən eşit.

 

Gözlərin içində qorxu yetişir,

Həm sağdan, həm soldan həyat ötüşür,

Arada yer ilə göy bitişir,

bağlanır, ağlanır, gülür,

Qəmxanələrdən eşit.

 

Ağılsız qalanlar ağıl axtarır,

Körpəyə dönənlər noğul axtarır,

Əlacı kəsilən nağıl axtarır,

üzülür, uçulur, dönür,

Divanələrdən eşit.

 

Fırlanaraq susan şamın başına,

Qanadını çırpıb ömrün qışına,

Olanları yazıb öz yaddaşına,

alışır, odlanır, sönür,

Pərvanələrdən eşit.

 

lll

 

Kiməm ki - balaca yağış damlası,

Qoşulub sellərə axıb gedirəm.

Göydə n üzülmüşəm, yerə çırpılıb,

Ömrümü yollara yıxıb gedirəm.

 

Buluddan düşərək qonaqlıqlara,

Üzürəm yoxluğa sağlıqlara,

İşıqdan keçərək qaranlıqlara,

Özümü içimə sıxıb gedirəm.

 

Üstümdən maşınlar sürüşüb keçir,

Təpiklər üzümlə görüşüb keçir,

Damlalar gözümə ilişib keçir,

İtirəm... Harasa çıxıb gedirəm.

 

lll

 

Uçurumun kandarında,

Bir addımımla üzbəüz...

Yaddaşıma miras qalan

Xatirənin gözündə - söz...

 

Hər tərəfdə səslər uçur,

Şəkil-şəkil gəzir üzün.

Əlimdən tutmur ki əlin,

Uzaqlarda əsir sözün.

 

Yağışlar gözümü deşir,

Küləklər vurur üzə.

Səni göyə bağışladım,

Bir tutmadığın sözə.

 

O taydan bir xəbər yoxdu,

Bu tayın da nəmdi üzü.

Hisslər çarmıxa çəkilib,

Sağa-sola çırpır sözü.

 

dünyanın dibindəyəm,

həyat qalıb üzdə.

Hirsin içində azmışam,

Bir üsyan edən sözdə.

 

Ürəyimə sıxdığımı

Qoparmaq olmur ki, üzdən.

Özümü asıb gəlirəm

Sənə söz verdiyim sözdən.

 

lll

 

Xırda-xırda göz yaşları birləşir,

Dolu-dolu yağıntılar yaranır.

Kiçik-kiçik düyünlərin içində,

Böyük-böyük sıxıntılar yaranır.

 

Damla-damla süzülürəm dözümdən,

Hissə-hissə asılıram sözümdən,

Sıra -sıra çəkilirəm özümdən,

Asta-asta çıxıntılar yaranır.

 

Kəlmə-kəlmə pillələri sıxıram,

İlmə-ilmə nəfəsimdən çıxıram,

Susa-susa Allahıma baxıram,

Yavaş-yavaş dağıntılar yaranır.

 

lll

 

Vidalar - əllərindən qopan

bir udum nəfəsin yelləncəyidi,

Uzağı görünməyənlərin,

Salamsızlıqda

boğulan gələcəyidi.

 

Vidalar - sarmaşıq kimi

bədəninə daraşan giziltinin

çıxışı olmayan səsidi,

Çiyninə qonan bayquşun,

Beynini didməsidi.

 

Vidalar - yanına köçən kölgənin

ayaqlarına sərilməsi,

Doğulmayacaq arzunun

Həyatın üzünə çırtma vurması,

İçini kəsməsi,

Ümidlərini doğraması,

 

Bütün olanların ikiyə bölünməsi

dəli kimi sürünməsidi.

Əllər - vidalara çırpılmış kimi,

Özündən o yana asılmış kimi,

Sonuna uçmaq istəyən

Quş kimidi... Quş kimi...

 

lll

 

Bir az gecə düşür günün üzünə,

Bir az günəş qonur pəncərəmizə.

Bir az dirilən var, bir az da ölən,

Bir az duman çökür gözlərimizə.

 

Bir az küləkləri yola salırıq,

Bir az yağış yağır qərib nəfəsdə.

Bir az özümüzə səsimiz çatır,

Bir az quruyan var ayağı üstə.

 

Bir az quşlar belə nəğmə oxuyur,

Bir az bacalarda tüstü yorulur.

Bir az qapıların zəngi çalınır,

Bir az ömrümüzə oyun qurulur.

 

Bir az dünyamız da yazıya gəlir,

Bir az gəzən olur səhifəmizdə.

Bir az ruhumuzu köçürmək üçün,

Bir az düyün düşür əllərimiz ...

 

lll

 

Kim bilə bilərdi ki,

Dünya kimi daşıyar...

Bir adamlıq otaqda,

İki adam yaşayar...

 

Bir göz o biri gözə

İşığı söndürər ...

Yığıb olan-qalanı

İçinə gömdürər ...

 

Hər açılan səhərin

Pərdəsi bağlanar...

Qaranlığın üzündə

Kim var, kim yox - yoxlanar...

 

Kim bilə bilərdi ki,

Nələri daşımaq var...

Bu kimsəsiz otaqda,

Birlikdə yaşamaq var...

 

lll

 

Çox şey istəmirik ki...

Bir az əmin-amanlıq...

Adamlardan adamlıq...

Diriləcək insanlıq...

Çox şey istəmirik ki...

 

Çox şey istəmirik ki...

Göz görəsi uzaqlıq...

Əllər çatan yasaqlıq...

Bir azca da azadlıq...

Çox şey istəmirik ki...

 

Çox şey istəmirik ki...

Sığal çəkən havalar...

Rahat olan yuvalar...

Bitə bilən davalar...

Çox şey istəmirik ki...

 

Çox şey istəmirik ki...

Ürəyimizə təpər...

Kədərimizə çəpər...

Açıla bilən səhər...

Çox şey istəmirik ki...

 

Çox şey istəmirik ki...

Yaşamaq üçün həvəs...

Dolanmaq üçün nəfəs...

Səslərə səs verən səs...

Çox şey istəmirik ki...

 

Çox şey istəmirik ki...

Ölümü dayandırmaq...

Haqsızlığı yandırmaq...

Ruhları oyandırmaq...

Çox şey istəmirik ki...

 

 

Xanım İSMAYILQIZI

525-ci qəzet.- 2016.- 16 aprel.- S.23