Kəndimizin ruhu
(hekayə)
Qarabağ müharibəsi zamanı Laçında
doğma kəndini tərk etməyən və orada qalıb
sona qədər döyüşən Kamran bəyin xatirəsinə
həsr edirəm.
Dağlara səs düşmüşdü. Elə bil
ağır-ağır qayalar yerindən qopub aşağı
yuvarlanırdı. Göy üzünün
buludları qaralmışdı. Bir himə bənddir
sanki... Get-gedə yaxınlaşan atəş səslərinə
kəndin itləri hürürdü və elə bil ürəyimin
içindən bir sap qırılmışdı, ürəyim
də o sapdan asılı qalmışdı. Gecəni
də rahat yata bilməmişdim. Səhərə qədər
çarpayımda o qədər o yan-bu yana
çevrilmişdim ki, yuxusuzluq ağrısı gözlərimin
kökünə saplanmışdı. Hə, indi də səhərin
gözü açılmamış güllə səsləri...
Dedilər bir azdan kəndə hücum olacaq. Düşmən
lap yaxındadı. Kəndimizin
özünümüdafiə qüvvələrinin də bir
neçə avtomatdan başqa iriçaplı silahı yox
idi, onlar ov tüfəngləri ilə silahlanmış və
kəndimizin ətrafında mövqe tutmuşdular.
Axşamdan bəri kəndimizin bütün itləri
ağız-ağıza verib ulaşırdılar. Elə bil
onların komuna canavar soxulmuşdu. Hə, canavar
demişkən, kəndimizin aşağı məhəlləsində
yaşayan Köçəri kişi bir
neçə il qabaq səkkiz-doqquz dənə canavar
balasını yuvadan çıxardıb gətirmişdi.
Onları tövləyə salıb qulluq edirdi ki, bir az böyüsünlər. Hər
gün də gecələr ana canavar gəlib kəndimizin
başının üstündəki təpədən səhərə
qədər yanıqlı-yanıqlı ulayırdı və
kəndin itlərinin də ancaq hürməyə gücü
çatırdı. Bir neçə ay
sonra əniklər də böyümüşdülər və
onlar da Köçəri kişinin həyətindəki o
tövlədən analarına sarı ulayırdılar.
Hətta bir dəfə kəndimizin ağsaqqalları
yığışıb Köçəri kişiyə
demişdilər ki, a kişi, bu
dilsiz-ağızsız heyvanları burax meşəyə, qoy
anaları gəlib onları tapsın. Heyvan
olanda nə olar ki, ananı baladan ayırmaq günahdı.
Axşama yaxın kəndə bir dəstə yük
maşını gəldi və xəbər yayıldı ki,
kəndə hücum olacaq, əhali daha təhlükəsiz
yerə köçürülməlidir. Kəndin
özündə olan yük maşınlarının
sürücüləri isə olacaqlardan xəbər
tutduqlarına görə bir neçə gün öncədən
öz qohum-əqrabalarını və ailələrini hara isə
köçürmüşdülər. Kənddə
böyük canfəşanlıq var idi, hər evin
qarşısında duran yük maşınına bir neşə
evin adamlarını və ələ keçən
yükü yığılırdı. Toyuq-cücə,
it-pişik, insanların ağlamaq səsi ətrafı
bürümüşdü. İki sutka ərzində
kənd boşaldılmalı idi və kənddə də
ancaq özünümüdafiə dəstəsi
qalmalıydı.
Artıq gecədən xeyli keçmişdi və həmişə
səs-küylü, sərt hürüşlü Qara itimiz də
evin yanındakı balaca hinin qabağında çömbəlib
tövşüyürdü. Dünəndən bəri canavar kimi
ulayan Qara itin bugünkü sükutu məni təəccübləndirdi:
- Nə
olub sənə, Mastan, (ənik vaxtından ona Mastan deyirdik) niyə
keyfin yoxdu? - dedim. Mastan başını tərpədib
quzuldadı, qabaq əllərini yuxarı qaldırıb
havanı cırmaqladı. Olanlardan xəbəri
varmış kimi, gözlərinin altı yaş idi. Elə bil Mastan bütün gecəni
ağlamışdı. Mən itlərin
ağlamağını heç vaxt görməmişdim.
Həmişə itlər insanlara gələn bəlanı
qabaqcadan duyurlar. Mastanı açıb
buraxdım, o bir anda evin dörd yanını dolandı və
sonra zəngildəyə-zəngildəyə kəndin içərisinə
doğru cumdu. Mastanın pişiklərlə
arası yox idi. Əlinə keçən
pişiyi boğub öldürürdü. Bir
axmaq xasiyyəti də var idi. Kənddə
hansı evin qarşısındakı paltar şəritində
açıq halda sərilmiş qadın alt paltarı
görürdüsə tullanıb onu dişi ilə
götürür və gətirib kəndin ortasında
açıq bir yerə atardı.
Bir dəfə kənddə toy idi. Gündüzki
toyun ardından axşam da kənd camaatı toy mağarına
gələr və gecəyə qədər çalıb
oynayardılar, saz aşıqları da nağıl deyərdilər.
Atam musiqiçi idi. Kənd
toylarını da onun dəstəsi çalardı. Axşam biz də ailəvi toya getmişdik. Mastanı da açıb məhləyə
buraxmışdıq. Toyun sonuna yaxın
hardansa Mastan peyda oldu və adamların başının
üstündən sıçrayaraq toy mağarının
düz ortasına düşdü. Sonra da
ayaqları üstə qalxıb əllərini oynatdı.
Deyəsən Mastanın da sümüyünə
oynamaq düşmüşdü. Çaşqınlıqdan
toya gələnlər hərə bir tərəfə
dağıldı. Bu hadisəyə görə
toy sona çatdı və hamı çıxıb evə
getdi. Biz evə qayıdanda hardansa Mastan yenə
gəldi və yol boyu bizimlə məzələnməyə
başladı. Bizə hücum edir,
ayaqlarımızı qucaqlayır, qarşımızda
yumalanır, bilmərsən nə oyun
çıxardırdı. Sonra birtəhər
astandan canımızı qurtarıb evə çatdıq.
Qardaşım onu tutub bağladı. Bu Mastanın cəzası idi və o sonrakı gecəyə
qədər zəncirdə qalası oldu.
Hə, Mastanın son günlərdəki
narahatlığı da başadüşülən idi. Kəndə
yayılan səs, müharibənin bir addımlıqda
olması, camaatın dərdi, narahatçılığı
heyvancığazın gözündən yayına bilməzdi.
Artıq gün qüruba doğru əyilmişdi. Yavaş
-yavaş kölgələr kəndin evlərini, məhəllələrini
ağuşuna alırdı. Kəndə gələn
maşınlar iki gün idi ki, kənd sakinlərinin olan-olmazından
yığıb sakinlərlə birlikdə hara isə
daşıyırdı. İt, pişik,
toyuq-cücə, mal-qara səsləri ətrafı
bürümüşdü.
Deməli belə, min illərlə bu kənddə məskunlaşan
babalarımızın qəbirlərini qoyub hara gedir bu
insanlar. Əlbəttə, müharibənin öz
qanunları var. Hər insanın taleyi olduğu kimi, kəndlərin,
şəhərlərin, dağların, bulaqların da taleyi
var. Alın yazısı doğruymuş. Elə
əvvəllər də bu kəndin başından qovğalar
əksik olmayıb. Yüz illərdir bizim
torpaqlarda məskunlaşan qonşu ermənilər dəfələrlə
torpaqlarımıza göz dikiblər. Andranikin
qoşunları da bizim kəndlərimizə çox həmlələr
edib, lakin igid babalarımız onların hücumunu dəf edib
və layiqli cavablarını da veriblər. İndi isə
neyləmək olar?.. Yaxşı
deyiblər, arxalı köpək qurd basar. Arxalarında da o ruslar durur. Heç eyib etməz,
artıq onların da divarı çat verib.
Axşam düşmüşdü. Axırıncı
maşın da kəndi tərk elədi. Kənddə
qalan it-pişik və toyuq cücələr də gözə
dəymirdi. Araya ölü bir sükut
çökmüşdü. İlahi, bu boyda kənddə
bir inni-cinni qalmadı ki... Adamsız da kənd
olarmı? Elə bil bu kəndin adamları
göyə çəkilib. Ara-sıra
köçdən qalan itlər ulayırdı.
Bir azdan döyüş səsləri lap yaxında
eşidildi, qızğın döyüş başlandı. Düşmən
ordusu ilə qeyri-bərabər döyüşdə itki verən
özünümüdafiə dəstəsi də meşəyə
çəkildi.
... Gecəyarıdan keçmişdi. Atamın qoyub getdiyi qoşalülə tüfəngi
və patrondaşı divardan götürüb çiynimə
saldım, sonra kəndin yanındakı yaşıl taladan
keçib yuxarı meşəyə sarı qalxdım. Qaranlıq idi. Yaşıl
kolların arası ilə kəndin ən uca zirvəsi olan Dik
meşəyə qalxdım. Kənd oradan
çox gözəl görünürdü.
Mən
heç yana getməyəcəm. Qalacam burada. Ölmək ölməkdi,
bəs xırıldamaq nə deməkdi? Yəqin
mənim də alın yazım beləymiş. Bu kənd öldü. Bir
anlığa elə təsəvvür etdim ki, mən bu kəndin
ruhuyam. Axı ruhlar sağ qalır. Bunu babamdan eşitmişdim. İndi
də burada buludlardan yuxarıdayam. Orada,
göy talada babalarımız uyuyur. Onların
da ruhu sağdır. Kəndimizin də ruhu
mənəm. Mən də
babalarımızın, əcdadlarımızın ruhuna
qoşulmuşam. İndi onlarla birlikdəyəm.
Qayıdıb aşağı baxdım. Ağ duman
topaları arasından qırmızı dəmirli evlər
görünürdü.
Hə, bu kənd ölüb. İndi bu kəndin ölüm xəbəri
hər yana çatıb. Hardasa
bu kənddən uzaqlarda onu ağlayırlar. Və bu ağlaşma səsləri də mənim
qulağıma gəlir. Mən ağlaya
bilmirəm. Elə bil dilim də tutulub.
İçimdəki qisas hissindən
dodaqlarımı gəmirir, qəhərdən boğazım
quruyurdu. Bəs necə olacaq, bu dağlar,
bulaqlar, bu gözəlliklər düşmənəmi qalacaq?
O murdarlara... Axı onlar bizim kənddə qul
kimi işləyirdilər. Demək olar ki,
kəndin bütün evlərini erməni ustaları
tikmişdi. Ona görə də bizə gic müsəlman
deyirdilər.Yaxşı yadımdadı, o vaxt mən on
dörd-on beş yaşımda olardım. Kəndin aşağı hissəsində
Xanış oğlu Əlinin evini ermənilər tikirdi.
Soruşdum ki, nə gözəl ev
tikirsiniz, erməni bənna cavab verdi ki, ara özümüzə
ev tikirik də, onsuzda bizə qalacaq. O vaxt erməninin belə
sözlərini hər kəs zarafat kimi başa
düşürdü. Mən sonradan başa
düşdüm ki, bu nə demək imiş.
Hə, bəs Mastan hanı? İstədim dönüb kəndə qayıdam, Mastanı axtaram. Birdən ayağım nəyəsə isti bir bədənə ilişdi. Aşağı əyilib diqqətlə baxdım. Ah, bu bizim Mastandı ki... O hələ ölməmişdi, tövşüyürdü.
- Sənə
nə olub, Mastan, dedim. İstədim əlimlə
onu başından tutıb qaldıram. Lakin
edə bilmədim, Mastan gözlərini hərləyib
üzümə baxdı və canını
tapşırdı. Demə yazıq
heyvancığazın ürəyi partlayıbmış.
Gözlərinin altı hələ də
yaş idi.
Ürəyimdən dəli bir
çığırtı keçdi. Səsim qarşı qayalara toxunub əks-səda
verdi. Elə bil dağlar
uçdu, buludlar şaqqıldadı, ildırım
çaxdı. Sellər-sular hər
yanı basdı.
İndi mən nə edim... Bu
ölmüş kəndin ölmüş iti və mən...
-Yox, mən
döyüşəcəm. Qayıdım kəndə.
Yəqin sağ qalan döyüşçülərimiz də
gələr. Axıra qədər
döyüşəcək və mütləq qalib gələcəyik.
Ulduzlar görünmürdü. Hər yanı qatı
duman bürümüşdü. Kəndə
sarı boylandım. Qatı dumanın
arasından yad dildə danışıq səsləri gəlirdi.
Yuxarıda, göy üzünün bir
parçası açıq idi. Açıq
üfüqün o biri başında bir topa bulud
qızarmışdı. Deyəsən səhərə az qalırdı.
Meşəyə sarı yollandım. Mastanın cəsədi
otların arasında qalmışdı. Gözlərindən
süzülən yaş üzünü örtən
qaramtıl tüklərin arasında səhər şehini
xatırladırdı.
9 mart, 2016
Nazim
ƏHMƏDLİ
525-ci qəzet.- 2016.- 16 aprel.- S.22