Səməd Vurğun
20 il də yaşasaydı...
RAMİZ RÖVŞƏNƏ İNTİQAM QASIMZADƏNİN 7 SUALI
- Bu il mart ayında XX əsr Azərbaycan
poeziyasının ən görkəmli simalarından biri Səməd
Vurğunun anadan olmasının 110 illiyidir. 50 yaşında
dünyasını dəyişən şairin
ölümündən 60 il keçir. Çox sular axıb, dünya dəyişib. O,
XX əsrin birinci yarısının,Sizsə
- ikinci yarısının və artıq həm də XXI əsrin
şairisiniz. Bax, bu əsrdən, 2016-cı ildən
Səməd Vurğun necə görünür?
- Bu
gündən baxanda Səməd Vurğunun
yaşayıb-yaratdığı dövr, yəni, 1930-cu,
40-cı, 50-ci illər necə görünürsə, onun
öz həyatı və yaradıcılığı da eynən
o cür görünür. 1930-cu illərin
sonlarında çəkilmiş sənədli filmləri,
kinoxronikaları yada salın. Bayramlarda,
paradlarda hamısı bir ağızdan “ura”
qışqıra-qışqıra, əllərində
tutduqları bayraqları, şarları, uşaqları
başlarının üstündə yellədə-yellədə
meydanlardan keçən minlərlə insanın xoşbəxt
sifətlərini xatırlayın.
Halbuki, o illərdə, demək olar, hər gecə
yarısı qara maşınlarda gələn
çağırılmamış qonaqlar günahlı,
günahsız adamları zorla evlərindən
çıxarıb gedər-gəlməzə
aparırdılar. Odur ki, adamların çoxu səksəkəli
yatırdı. Amma o xoşbəxt
gündüzlərlə bu səksəkəli gecələr qətiyyən
bir-birinə zidd deyildi. Əksinə,
qoşa relslər kimi yan-yana uzanırdı və o
dövrün bir çox adamları, o cümlədən də
sənətkarları öz ömürlərini bu qoşa
relsin üstüylə sürürdülər. Təbii ki, qəza baş verənəcən.
Səməd Vurğun Müşfiqdən, Caviddən, Əhməd
Cavaddan fərqli olaraq, öz ömrünü qəzasız
başa vura bildi. Bunu onun günahı, hətta
cinayəti sayanlar da var. Məncə, bu çox səhv və
ədalətsiz yanaşmadı. Əslində, o
dövrün ən antisovet əsərini nə Müşfiq,
nə Cavid, nə də Əhməd Cavad yox, məhz Səməd
Vurğun yazmışdı və bu, məşhur “Komsomol
poeması”ydı.
Təbii ki, o poemanı yazanda Səməd Vurğunun məqsədi
bu deyildi, amma alınan nəticə budu. Deyilənə görə,
Əhməd Cavadın həbsinə səbəb olan “Göygöl”
şeirini inqilabın dəhşətli
dağıdıcılıq gücünü göstərən
“Komsomol poeması”yla müqayisə etmək olarmı? Əlbəttə yox. Amma Səməd
Vurğuna dəymədilər. Məncə,
bunun əsas səbəbi Səməd Vurğunun 1936-cı ildə,
Kremldə Stalinin hüzurunda şeir oxumasıydı. Onu elə-belə aradan götürmək olmazdı.
Çünki Səməd Vurğun, yəqin ki, Stalinin
yadındaydı. Ya da, ən azı bu,
Bağırova belə gəlirdi. İkinci
səbəb, yəqin ki, şairin böyük şöhrətiydi.
Amma mən Mircəfər Bağırovun
özünün Səməd Vurğunu bir şair kimi
xoşladığını da istisna eləmirəm. Ümumiyyətlə, bir çox tiranlar romantik
poeziyanı sevir, hətta yüksək pafoslu patetik şeirlərdən
arabir sitat gətirməyi də xoşlayırlar. Bir də ki, hansısa şairi ölməməkdə,
hətta öldürülməməkdə
günahlandırmaq ayıbdı. O ki qaldı, Səməd
Vurğunun böyük şair olub-olmamağı ilə
bağlı mübahisələrə... Bircə şeyi deyim
ki, “Komsomol poeması”nın qiyməti təkcə
onun antisovetliyində deyil, bu əsər Füzulinin “Leyli və
Məcnun”undan sonra yazılı ədəbiyyatımızda ən
gözəl sevgi poemasıdı. Bu əsərin
bir cüt qəhrəmanı Cəlalla Humay isə, milli
poeziyamızda Leyliylə Məcnundan sonra ən məşhur
bir cüt nakam sevgili obrazıdı. Belə
xoşbəxtlik isə, hər böyük şairin bəxtinə
düşmür.
- Səməd Vurğun bir şair kimi çox erkən
parlayıb.
1933-cü ildə “Komsomol poeması”nı,
onun ardınca daha neçə irihəcmli poemalarını,
1937-ci ildə, 31 yaşında “Vaqif” mənzum pyesini yazıb.
Artıq o zaman çox məşhur bir şair
kimi tanınıb. Bu məşhurluq bəzilərinin
dediyinə görə, yalnız dövrünün nəbzini
tutduğuna görə idi, yoxsa istedadına görə?
- Məncə,
Səməd Vurğunun bir şair kimi məşhurluğunun,
populyarlığının əsas səbəbi onun şeirlərinin
keyfiyyətində idi. Bizə “şair xalq”
deyirlər. Bilmirəm, bu tərifdi ya
töhmətdi, amma hər halda, rəsmi
çıxışlardan tutmuş, çayxana söhbətlərinəcən,
öz danışığında bizim qədər şeir
sitatları gətirən ikinci xalq tapmaq çətindi.
Səməd Vurğunun poetik istedadı kifayət qədər
konseptualıydı və onun şeirlərində sitat gətiriləsi
aforizm xarakterli misralar da az deyildi. Onu öz dövrünün başqa istedadlı
şairlərindən, hətta Müşfiqdən də fərqləndirən
bu idi. Müşfiqi niyə xüsusi qeyd
eləyirəm? Bir vaxtlar məni (və elə
bilirəm ki, təkcə məni yox) düşündürən
bir sual vardı; görəsən, Müşfiq sağ
qalsaydı, Səməd Vurğunun o dövrdəki
şöhrətinə şərik çıxmazdı ki?
Məncə, yox. Müşfiq sağ qalsaydı
da, yenə o dövrün ən məşhur şairi, Azərbaycan
Sovet poeziyasının bayraqdarı Səməd Vurğun
olacaqdı. Böyük alman şairi Novalis
poeziyanı təsviri sənətlə musiqi arasındakı
“aralıq sənət” adlandırırdı. “Söz
musiqi olmağa can atır”. Bu məşhur ifadə
yəqin bizim şairlərdən ən çox
Müşfiqin şeirlərinə yaraşır. “Yenə
o bağ olaydı”, “Küləklər”, “Yaşa,
könül”... Bu cür şeirləri adam
təkcə başqalarına yox, həm də ovqatının
hansı məqamlarındasa öz-özünə demək,
pıçıldamaq, hətta mızıldamaq istəyir. “Tərlansan,
göydən enməzsən, Torpaqlarda sürünməzsən,
Mən dönsəm də sən dönməzsən, Yaşa
könül, yaşa könül!”. Gəncliyimdən bu günəcən,
ömrümün ən çətin və
sarsıntılı anlarında dəfələrlə
öz-özümə dediyim bu misralardan nə qədər
güc və təskinlik tapdığımı bir
özüm bilirəm. Əslində,
Müşfiqin bir lirik sevgi şeirindən olan bu misralar, nədənsə
mənə həmişə şair taleyi,
bütövlüyü, dönməzliyi haqqında deyilmiş
ən təsirli misralar kimi görünüb. Amma içi mən qarışıq bizim “şair
xalqın” yaddaşında şairə xitabən deyilmiş ən
məşhur misralar Müşfiqin yox, Səməd
Vurğunundu. “Şair, hökmdarın
hüzurundasan!” və bir də “Şair, nə tez qocaldın sən!”
Xüsusən, repressiyaların tüğyan etdiyi 1937-ci
ildə yazılmış “Vaqif” pyesində, Qacarın dilindən
səslənən “Şair, hökmdarın hüzurundasan”
misrası təkcə o dəhşətli dövr
üçün yox, bir çox zamanlar üçün
ağrılı olan “şair və hökmdar” münasibətinin
bütün dramatizmini qəribə bir yığcamlıqla
ifadə edirdi.
Ümumiyyətlə, “Vaqif” pyesindəki dialoqların bir
çoxu zərb-məsəl gücündəydi və həmin
dialoqları bir vaxtlar, az qala, hamı əzbər
bilirdi. İndi oxucu zövqü nisbətən dəyişsə
də, amma hər halda, ənənəvi Azərbaycan oxucusunu
poeziyada didaktik-fəlsəfi ümumiləşdirmələr
sırf poetik obrazlılıqdan daha çox cəlb edir.
Və təsadüfi deyil ki, Səməd
Vurğundan sonrakı ən populyar şairimiz Bəxtiyar
Vahabzadənin yaradıcılığında fəlsəfi
ümumiləşdirmələr, aforistik deyimlər hətta Səməd
Vurğundakından da çoxdu.
- Səməd Vurğun şeirimizin ənənəvi
şəkillərində, milli vəznimizdə - hecada
yazırdı.
Gənclik illərində vəzni sərbəst
şeirlər də yazıb, amma qısa bir müddət,
sonra yenə də hecaya keçib, milli formalara
üstünlük verib. Ənənə
üstündə köklənməklə, şeirimizə bəs
necə yeniliklər gətirib? Və gətirə
bilibmi?
- Səməd Vurğunun ədəbiyyata gəldiyi
inqilabdan sonrakı illər bütün Sovet poeziyasında
yeniliklə köhnəliyin mübarizə illəriydi. Əslində,
hər iki sözü dırnaq arasında da yazmaq olardı.
Yeniliyin carçısı Mayakovski, köhnəliyin
nəğməkarı isə, Yesenin sayılırdı.
“Uşaqların ölməyinə
baxmağı sevirəm mən” deyən Mayakovski ilə,
sahibinin aparıb çayda boğduğu küçüklərinin
dərdinə dözməyib ölən bədbəxt itə
nəğmə qoşan Yesenin, təbii ki, çox fərqli
şairləriydi. Səməd Vurğuna həm
tərcümeyi-halıyla, həm də ruhən kəndçi
balası Yesenin daha doğmaydı. Bu doğmalıq
şairin sonralar “ölən şeirlərim” adlandırdığı
ilk yazılarının intim, bir az da bədbin
ab-havasında daha aydın duyulur. Əsasən fərdi,
şəxsi xarakter daşıyan, bir növ, şairin oxucuyla
təkbətək dərdləşməsinə oxşayan o
yazılarda ictimai məzmun, demək olar ki, yoxuydu. İctimai məzmun Səməd Vurğunun şeirlərinə
bir qədər sonra, özü də, sel kimi gəldi. Artıq təklərə yox, milyonlara ünvanlanan
bu yüksək pafoslu şeirlər formaca nə qədər fərqlənsələr
də, məzmunca Yesenindən daha çox Mayakovskiyə
yaxınıydı. Sanki, mikroskopu
çevirib teleskop etmişdilər.
Bu çevrilmə təbii baş vermişdimi? Yoxsa o
dövrün siyasi ab-havasının təsiriyləmi
olmuşdu? Yəqin hər ikisi vardı.
Amma Səməd Vurğunun siyasi şeirlərində
də şəxsi başlanğıc çox qabarıq idi.
Şairin lirik “mən”i heç vaxt “biz” əvəzliyinin
arxasında daldalanmırdı. Hətta Stalinin 70 illiyinə
həsr etdiyi şeirdə də “andım olan (“andımız
olan” yox. - R. Rövşən) o günəşin
yaşı yetmişdir” deyirdi. Doğrudu,
Səməd Vurğun arabir bu adətini pozurdu. Məsələn, “Zamanın bayraqdarı”
poemasını yazanda. Amma bu haqda sonra... O ki qaldı
yenilik məsələsinə, Səməd Vurğunun poetik
istedadı, təbii ki, ənənə üzərində
köklənmişdi və onun şeirlərində oxucu milli
poeziyadan, folklordan gələn doğma kodları hiss eləyirdi.
Onun populyarlığının bir səbəbi
də yəqin bundaydı. Səməd
Vurğun danışdığı kimi də yazırdı.
Təəssüf ki, ona qədər də, ondan sonra da, lap elə
bu gün də bir çox şairlərimizin, hətta
istedadlılarının da, bədbəxtliyi
danışdığı kimi yazmamaqlarındadı. Amma bu artıq başqa söhbətin mövzusudu.
- Səməd
Vurğun şeirində bir mövzu zirvədir,
yaradıcılığının ana xəttidir: Vətən
- Azərbaycan. Yeni nəsillər gəlir
dünyaya, amma “Azərbaycan” şeiri yenə dillərdədir.
Bunun sirri nədədir?
- Qəribədi,
Sovet İttifaqında millətçilik cinayət sayılsa
da, Azərbaycan poeziyasının bayraqdarı Səməd
Vurğunun şeirlərində milli ruh, azərbaycançılıq
hissi çox güclüydü. Yəqin o vaxt
mühacirətdə olan Məmməd Əmin Rəsulzadənin
çağdaş ədəbiyyatdan danışanda Səməd
Vurğunun yaradıcılığına yüksək qiymət
verməsi də bununla bağlıydı. (Baxmayaraq
ki, Səməd Vurğunun şeirlərində
Müsavatın ünvanına sərt ifadələr də səslənmişdi.)
O vaxt Səməd Vurğunun ən dillər əzbəri olan
şeiri “Azərbaycan” idi. Bu günəcən
milli poeziyamızın ən populyar nümunəsi olan bu
şeirin milli ruhumuzun, vətən hissinin, duyğusunun qorunub
saxlanmasındakı rolu danılmazdı. Və 1950-ci illərin
ikinci yarısında, SSRİ-də bir balaca siyasi
yumşaqlıq olan kimi, Azərbaycanda başlayan və sonu ana
dilimizin Konstitusiyaya salınmasıyla bitən milli
oyanışın beşiyi başında duran
yazıçıların birincisi Mirzə İbrahimov idisə,
şairlərin birincisi, heç şübhəsiz ki, o vaxt
özü artıq Fəxri Xiyabanda yatan Səməd Vurğun
idi...
- Şair və zaman. Bu, çox
böyük və geniş bir mövzudur. Bu
mövzu daxilindəki bütün başqa məsələləri
bir kənara qoyub, şairin öz zamanının səddini nə
vaxt aşa bilməsi ilə bağlı fikir söyləyəsi
olsanız nə deyərdiz Səməd Vurğun haqqında;
O, zamanının səddini aşa bilibmi?
-Həzrət
Əli “insanlar valideynlərindən çox, öz zəmanələrinə
bənzəyirlər” deyirdi. Bu fikir şairlərə
də aiddi. Təbii ki, öz zəmanəsiylə
döş-döşə gələn, kəsişən, buna
görə boynu vurulan, dərisi soyulan şairlər də
olub. Səməd Vurğun belə şairlərdən
deyildi. O, zamana qarşı yox, zamanın axınıyla
gedən şairiydi. Və
yaşayıb-yaratdığı o allahsız zəmanənin,
o bulanıq axının təsiri onun taleyindən və
yaradıcılığından da yan ötməmişdi.
Onun öz zəmanəsinin sərhədlərini aşıb
keçən, bu gün də öz bədii dəyərini
itirməyən gözəl şeirləriylə
yanaşı, nə qədər ilhamla yazılsa da, öz
dövrünün yalançı ideyalarıyla zədələnmiş,
köhnəlmiş, unudulmuş şeirləri də var. Bəlkə
də, bir şair kimi bu, onun günahı yox, faciəsidi.
Uşaq vaxtı tez-tez eşitdiyim, Səməd Vurğunun adına çıxılan bir məşhur kəlam
vardı: “Bizdə partiya kimi sevirsə, xalq da onu sevir”. Bu gün də öz gücünü itirməyən
bu ironiyalı kəlama misal olaraq, Səməd Vurğunun
öz taleyilə bağlı Vaqif Səmədoğlunun bir
vaxtlar mənə danışdığı bir əhvalatı
xatırlayıram. Stalinin ölümündən bir az qabaq, 1952-ci ildə SSRİ-də
repressiyaların yeni dalğası başlayanda, qələm əhlindən
hədəfdə olanların ən birincisi Səməd
Vurğun idi. Görünür, Səməd
Vurğunun böyük şöhrəti, hər halda, Mircəfər
Bağırova rahatlıq vermirmiş. Mətbuatda
şairin ünvanına kəskin tənqidlər, ittihamlar səslənirdi.
Çoxuna elə gəlirdi ki, bu gün-sabah onu
tutacaqlar. Şairin ailəsi də böyük təşviş
və narahatçılıq içindəydi. Vaqif danışırdı ki, belə günlərin
birində atam səhər tezdən tüfəngini
götürdü, mindi maşına, rayona ova getdi. Ov etməkdən də çox, fikrini
dağıtmaq üçün. Amma elə
o gün, gecə yarısı qayıtdı. Sifəti qapqara qaralmışdı, iynə vursan,
qanı çıxmazdı. Sən demə, rayonun mərkəzində
maşından düşəndə, həmişə onun
üstünə cumub qucaqlayan, öpən camaatın
içindən
bir nəfər
də olsun, qorxusundan ona yaxınlaşıb salam verməyə
ürək eləməmişdi. Şair də
elə ordaca maşına minib evə qayıtmışdı.
Vaqif deyirdi ki, o gecə yarısı atam bizimlə
bir kəlmə də kəsmədi. Səssizcə
girdi kabinetinə və bir gün sonra, əlində
“Zamanın bayraqdarı” poeması, kabinetindən
çıxdı. Deməli, Kommunist
partiyasını tərənnüm edən bu poemanın
kökündə partiyaya böyük sevgi yox, şairin
keçirtdiyi dəhşətli sarsıntı dururmuş.
Maraqlıdı, görəsən, o
sarsıntını şair sözə çevirsəydi, nə
alınardı? Yəqin bu fikir təkcə
mənim yox, rəhmətlik Vaqifin də beynindən dəfələrlə
keçmişdi. Və hər ikimizin Səməd
Vurğunun bu faciəsindən aldığımız dərs
də eyniydi; həmişə özünlə səmimi ol, nə
duyursansa, onu yaz. Sevincdisə - sevinci, qəmdisə
- qəmi, sarsıntıdısa - sarsıntını.
- Bir ocaq
Azərbaycana üç xalq yazıçısı verib: iki
xalq şairi və bir xalq yazıçısı - Səməd
Vurğun, Yusif Səmədoğlu və Vaqif Səmədoğlu.
Biri-birindən fərqli üç sənətkar,
üç şəxsiyyət; ata və oğulları.
Sizin fikrinizcə, ata - Səməd Vurğunla oğulları -
Yusif və Vaqif arasında ziddiyyət varmı? Varsa,
nədədir? Və oxşarlıq, daha
doğrusu, mənəvi doğmalıq necə, o da varmı?
- Məncə,
ədəbiyyatımızda təkrarı olmayan bu məşhur
üçlüyün ən maraqlı cəhəti elə
bir-biriylə fərqliliyindədi. Təkcə
atanın oğullarıyla yox, oğulların da bir-biriylə
fərqliliyində. Yusif atasından 13 il, Vaqif 25 il
çox yaşasa da, onların hər ikisi Səməd
Vurğunun övladları olaraq axıracan “əbədi
oğul” statusunda qaldılar. Mənim atam
üçün də evimizin əziz qonaqları olan o bir
cüt qardaş, hər şeydən əvvəl, Səməd
Vurğunun oğullarıydı. Yusiflə
Vaqif də bunu bilirdilər və deyəsən, bundan
böyük ləzzət alırdılar. Amma
bu “oğul” statusu onların hər ikisinin sənətdə
müstəqilliyinə, bənzərsizliyinə qətiyyən
mane olmadı. Arabir mətbuatda qəribə
fikirlərə rast gəlirəm. Guya Səməd
Vurğun gənc şairlərin inkişafına mane olur,
onları təsir altında saxlayır. Azərbaycan
poeziyasında Səməd Vurğundan Vaqif Səmədoğlu
qədər fərqlənən ikinci bir şair yoxdu. Bir
şair kimi öz doğma balasına mane olmayan Səməd
Vurğun başqalarına necə mane ola bilər?!.
- Ümumiyyətlə, indi insan ömrünün orta həddi 70 - 80 il arasıdır. Belə götürəndə, Səməd Vurğun ən azı 20 il daha artıq yaşaya bilərdi. O, yaradıcılığının sonuncu mərhələsində əvvəlki illərdə yazdıqlarından fərqlənən bir neçə şeir yazıb. Bu şeirlərin ovqatı Sizə bir şey deyirmi? Yaşasaydı, Vurğun şeirinin çox fərqli imkanları üzə çıxa bilərdimi?
- Səməd Vurğunun 70 il əvvəl, 50 yaşında xərçəngdən öldüyü hamıya bəllidi. Amma məncə, onun ölümünü sürətləndirən başqa bir səbəb də vardı. Bu, şairin ölümündən 3 ay əvvəl keçirilən, Xruşşovun öz çıxışında Stalini ifşa etdiyi XX partiya qurultayı idi. Xəstə şairin bundan necə sarsıldığını təsəvvür etmək çətin deyil. Bu sarsıntı yəqin onun 1952-ci ildə duyduğu sarsıntıdan daha dəhşətliydi. Çünki onda şairin öz həyatı təhlükədəydi, amma indi onun bir çox şeirlərinin baş qəhrəmanı olan, bütün ilhamıyla, istedadıyla vəsf etdiyi bir şəxsiyyətin adı, şöhrəti yerlə-yeksan olunurdu. Hətta xəstələnməsəydi də, onun bu sarsıntıdan zədəsiz qurtarması mümkünüydümü? Yenidən, ikinci dəfə “ölən şeirlərim” yazmağa onun əli gələrdimi? Məncə, yox. Ömrünün sonunda “Mən tələsmirəm” kimi dahiyanə şeir yazmasına baxmayaraq, mən o məşhur qurultaydan sonra bir başqa şairimizin - Rəsul Rzanın yaradıcılığında baş verən böyük keyfiyyət dəyişikliyinin Səməd Vurğunun yaradıcılığında da baş verə biləcəyinə az inanıram. Ona görə də, “Səməd Vurğun 20 il daha artıq yaşasaydı, şeirinin fərqli imkanları üzə çıxa bilərdimi?” sualına birmənalı cavab vermək çətindi. Və əgər yaşasaydı, bu, onun xoşbəxtliyi olardımı, yoxsa bədbəxtliyi? Bilmirəm...
- Ramiz, səmimiyyətinə arxayın olub sənə
bu sualları verdim. Və cavabların da məni tam qane etdi. Minnətdarlığımı,
lütfən, qəbul et.
İntiqam QASIMZADƏ
525-ci qəzet.- 2016.- 16 aprel.- S19;22