Ürək yanmasa... - (“Ürəyimdən
kimlər keçdi” silsiləsindən)
Deyirlər ürək yanmasa, gözdən yaş
çıxmaz. Buna mənim qətiyyən şübhəm
yoxdur. Amma heyif ki, heç kəs ürəyə
axan göz yaşlarını görmür.
Ağamalı Sadiq haqq dünyasına qovuşanda
keçirtdiyim sarsıntını bu gün də
unutmamışam. Onun cənazəsini 12 dekabr 1995-ci ilin
ayazlı-şaxtalı qış axşamında Qazağa,
İncə dərəsinə, Qaymaqlı kəndinə aparan
maşının arxasınca baxdığım o şər
vaxtını, o anda ürəyimdən keçən əlçim-əlçim
duyğuları bu gün də yaşayıram. O gecə
yazı masamın arxasında bükülü qaldım, amma
Ağamalı Sadiqlə bağlı ürəyimdən
keçən o hisslərimi yaza bilmədim. Kədərimi
ifadə edən sözü tapa bilmirdim və nə gizlədim,
heç indi də tapa bilmirəm.
Bəlkə də məqamı düşəndə məni
ürəyində qınayanlar olub ki, Ağamalının ən
yaxın dostlarından biri - Mustafa Çəmənli niyə
bu günə qədər onun haqqında xatirəsini
yazmayıb. Haqlı qınaqdır. Amma onu
bilirəm ki, dünyadan erkən köçmüş dostum
haqqında xatirə yazmaq mənim üçün çox
çətindir. Ağamalı Sadiqi yad etmədiyim
günləri barmaqla saymaq olar. Lakin onunla
bağlı qəlbimdə ləpələnən o isti,
ilıq duyğuları; onun baxışlarını,
gülüşlərini, səsini, nəfəsini olduğu
kimi yazıda əks etdirə bilməyəcəyəmsə,
deməli, yazmağın da mənası yoxdur. Mən belə fikirləşirəm.
Ağamalı
Sadiq mənim üçün əvəzsiz dost idi. Onunla beş il bir partada oturmuşam. Yaşıdım
olduğundan sözümüz-sirrimiz bir idi. Taleyimizdə, qismətimizdə oxşarlıqlar
çoxdu. Hər ikimiz zəmanənin
gözəgörünməz sobasında bişib
çıxmışdıq. Biz universitetə
ana qucağından yox, həyatın özündən, zəhmətin
bağrından sıyrılıb gəlmişdik. Hər ikimizi konkursa sala-sala (bu da bir növ aldatma
idi) gecikdirmişdilər. Amma bizim
inadımızı qıra bilməmişdilər.
Ağamalı şeirlərinin birində ona görə
yazırdı ki:
Sən
hardan biləsən dünyada nə var,
Həyata başqa cür göz açmısan sən.
Səbrini
yeməyib meşin qapılar,
Onları vaxtından tez açmısan sən.
Sən
hardan biləsən dünyada nə var,
Əlini ehtiyac sıxmayıb bir yol.
Üzümə
çırpılan “bəlkə”lər, “yox”lar,
Çaşıb qabağına çıxmayıb bir
yol.
Ağamalı Jurnalistika fakültəsinə qəbul
olanda artıq onun ilki Nofəl dünyaya göz
açmışdı. Mən ilk dəfə Ağamalıgilə
körpəcə Nofəli görmək - atasının
sevincinə şərik olmaq üçün onlara
getmişdim. Gənc atanın sevincini, fərəhli anını
seyr etmək çox xoş idi.
Əksəriyyətimizin kirayədə, yataqxanada
yaşadığımız bir vaxtda tələbə
dostumuzun 8-ci mikrorayonda, qonşulu olsa da, evi vardı və bu
evin qapısı biz dostlara həmişə açıq idi. Onun evində Yeni il şənliyi keçirməyimiz,
səhərə qədər oyaq qalmağımız da
yaxşı yadımdadır.
Ağamalı çox istedadlı şair, səmimi insan
idi. Onun özünə təxəllüs seçməsində
belə mənim iştirakım olub. O, özünə
Sadiq təxəllüsünü götürmüşdü,
amma mən ona həmişə Ağamalı Əfəndi deyə
müraciət edərdim.
Ağamalı
Sadiq Əfəndinin yazdığı əksər şeirlərinin
ilk oxucusu, belə demək olarsa, ilk
tənqidçisi olmuşam.
Bu barədə
özü də mənə bağışladığı
kitabının avtoqrafında yazmışdı:
“Əzablarımın, sevincimin şahidi və şəriki,
şeirlərimin ilk tənqidçisi, məni məndən
yaxşı tanıyan Mustafa Çəmənliyə” (07.07.83).
Onun “Mənə ümid verin” ilk kitabındakı şeirlərinin
əksəriyyətini mən Ağamalının öz dilindən
eşitmişdim. Mənə bağışladığı
həmin kitabdakı şeirləri hərdən
götürüb oxuyuram və bu an
yaddaşımda Ağamalının çox aydın səsini
eşidirəm:
Bu gecə
bomboşam, yuvam üşüyür,
Bu gecə laylasız beşik kimiyəm.
Pəncərəm
önündə külək tövşüyür,
Yəqin günahımdır qapını döyən.
Yəqin
ürəyimdi sinəmdən çıxıb,
Qapının ağzında büküb boynunu.
Gözləyir
bir azdan ayağa qalxıb,
Qurtaram bu “olum-ölüm” oynunu.
Ağamalıda çox böyük
yaradıcılıq ehtirası var idi. Mən onlarda
gecələyəndə yatmağa qoymazdı. Onun qara bir çamadanı var idi. Bu çamadanın içi dolu onun əlyazması
idi. Və bu çamadanda onun üstündə
dönə-dönə işlədiyi, mənə azından
on dəfə oxuduğu “Başsız” povesti də var idi.
Sonradan bu povest “Ulduz” jurnalında unudulmaz
yazıçımız Yusif Səmədoğlunun bilavasitə
redaktəsi ilə böyük ixtisarla çap olunsa da müəllifinə
uğur gətirdi. Onun “Başsız”
povesti çap olunduğu dövrdə çox cəsarətli
bir əsər idi. Povest dərhal əks-səda
doğurmuşdu. İndi hansı dilə
çevrilməsi dəqiq yadımda qalmasa da, türkdilli
respublikaların ədəbi orqanlarının birində
çap edilməsi dəqiq yadımdadır.
Ağamalı Sadiq daim yazıb-yaratmaq haqqında düşünürdü. Çox səmimi, istiqanlı insan olduğundan qəlbindən keçənləri dilinə gətirməkdən çəkinməzdi. Təvazökarlıqdan uzaq olsa da, dostumun səmimiliyinin hüdudunu göstərmək üçün xatırladıram. Bir gün gözlənilmədən mənə dedi ki, Mustafa, o qədər təmiz adamsan, adam səndən utanır. Mən də qayıtdım ki, ə, məni dolama. O isə qazaxlılara məxsus şivə ilə - Babamın ərvaxına and olsun, düz sözümdü.
Bu günlərdə şəxsi arxivimi araşdırarkən onun mənə yazdığı kiçik bir məktubunun əlyazmasını tapdım. Gənc bir şairin, dostumun, qələmdaşımın ürəyinin əks-sədası olan o məktubu olduğu kimi bura köçürürəm:
“Mustafa, son zamanlar mənim bədii zövqümdə böyük bir inqilab, sürətli bir üsyan əmələ gəlib. Bunu mübaliğəsiz deyirəm. Bu gün mən qəzetlərdə yalnız məni titrədəcək mövzular axtarıram. Elə yazılar axtarıram ki, məni öz dünyamdan qoparsın, qəmli çağımda sevinim və ya sevinən çağımda qəmlənim. Yəni, yazı o qədər qüvvətli olsun ki, məni öz orbitimdən qoparıb öz orbitinə çəksin. Yazıçı mənim psixologiyama nüfuz etsin və s. Bəli, dostum, psixoloji hallar hər yazıçıya nəsib olan xoşbəxtlik deyil. Bu mənada sənin yazılarını (mənsur şeirlərini, hekayələrini və s.) oxuyarkən mən dincəlirəm. Mən bu qəzetlərdə çıxan quru, sxematik, bədiilikdən uzaq yazıları oxuyub hirslənirəm. Lakin səninkilər mənim ruhumu titrədir. O gün, daha doğrusu, o gecə mən öz yazılarımı sahmana salırdım. Sənin bir mənsur şeirinə rast gəldim - “Sənin əllərin”.
Bəlkə, o yazı sənin yadında deyil, amma mən saxlayıram. Yazını oxudum, bir də oxudum, döndüm ucadan bir də oxudum. Nə üçün oxudum? Niyə oxudum? Bilmirəm, düzü, başım çıxmadı niyə belə məni cəzb elədi o şeir (mən ona şeir deyirəm). Görünür nəsə var orda, elə deyilmi? Axı, ürək hər saat rahat olmur, ürək hər zaman coşmur. Ürəyi oyatmaq hamıya nəsib olmur. Dostum, sənin o çap olunmayan yazılarında hiss var, həyəcan var, kövrəklik var. Kövrəklik - bu mənim kimi məhəbbət həsrətlisinə daha yaxındır. Axı biz kövrək böyümüşük. Mən sənin bu hekayələrinin hamısı haqqında yazmayacağam, elə bu qədər bəsdir. Sənə inanmaq olar ki, nə vaxtsa samballı və geniş diapazonlu bir əsər yazacaqsan. Bu mütləq belədir.
Hələlik bu qədər.
Hörmələ Ağamalı Sadiq
24.09.75”
Ağamalı Sadiq istedadlı şair olmaqla bərabər, həm də gözəl, şirindilli publisist idi. Onun Aşıq Avdı haqqında “Ədəbiyyat və İncəsənət” qəzetində çap etdirdiyi portret oçerki çox dəyərli və hər zaman gərəkli ədəbi nümunədir. Ağamalı Sadiq fitri istedad idi. Birinci kursda həmkarımız Adil İrşadoğlunun rəhbərliyi ilə Jurnalistika fakültəsində bədii özfəaliyyət dərnəyi yaratmışdıq. Ağamalı Sadiq də burada fəal iştirak edirdi.
O çox az bir vaxtda saz çalmağı öyrənmişdi. Yəqin ki, saz çalmağı belə tez mənimsəməsində onun Qazağın İncə dərəsində keçən uşaqlıq mühitinin, Aşıq Avdının meydan açdığı toyların təsiri vardı. Ağamalının həm də ürəyəyatan səsi vardı və demək olar aşıq havalarının əksərini çalıb-oxumağı bacarırdı.
Ah, qayğısız gənclik illəri! Vaxtaşırı Ağamalı ömür yoldaşı Nabat xanımla bizə, biz də onlara gedərdik.
Xanımlarımız süfrə açardılar. Deyib-gülər, şənlənərdik. Çünki Ağamalı bizə gələndə sazını gətirməyi də unutmazdı. O gün, doğrudan da, bir toy-bayram olardı. Həmkarımız Adil Qaçayoğlu ilə Adil İrşadoğlu da çox vaxt bizimlə olardı. Adil İrşadoğlu gözəl tar çalardı. Həvəslənib hərdən mən də bir parça muğam, xalq mahnısı, təsnif oxuyardım. Ətrafdakı sakitlikdən hiss edərdi ki, qonşular bizə qulaq asır. İndi mən bu sətirləri yazarkən Mustafa Sübhi küçəsində kirayədə yaşadığım meynəli həyət, qayğısız anlarımız, bir də Ağamalının saz çalmağı, ədası, jestləri gözlərimin önündə canlanır, səsi qulağımda səslənir: “Gözüm qarası, türkün balası!” Necə sadə, necə şirin avazı vardı... Mən ömrümüzün o yaşanmış günlərindən birini maqnitofon lentinə yazmışam. İndi bu lent mənim üçün əvəzsiz bir yadigardır.
Biz də Ağamalıgilə gedəndə eyni ilə belə sazlı-sözlü bir məclisə düşərdik. Əvvəldə dediyim kimi, Ağamalının qapısı hər kəsin üzünə açıq olduğundan bir də görərdin qonaqların sayı artdı, məclis daha da qızışdı.
Hərdən Ağamalının qardaş-bacıları da onlara gələrdi. Bir dəfə Ağamalının kiçik qardaşı mənim saz havasına diqqətlə qulaq asdığımı görüb üzünü dostuma tutub çox səmimi tərzdə soruşdu:
- Ayə, Ağamalı, sənin bu dostun sazı qanermi? - Onun ürəkdən gələn bu səmimiyyəti ürəyimi açmışdı. Əlbəttə, bir azərtürk oğlu kimi mən təkcə muğamatı deyil, saz havalarını da çox sevirəm, bu şərtlə ki, axşam-səhər oxuyub-çalıb şitini çıxartmayasan. Saz havaları qədər insanın xəyalını uzaqlara çəkib aparan, uca dağları, geniş dərələri, laləli çölləri, yarpızlı-qıjılı bulaqları göz önündə canlandıran, bəlkə də, ikinci bir musiqi aləti yoxdur.
Sovet dövründə BDU-nin Jurnalistika fakültəsinin tələbələri milli vətənpərvərlik hisslərinin aşkarlığı ilə digər fakültələrin tələbələrindən seçilirdi. O dövrdə universitetdə hərbi kafedra olduğundan sonuncu kursda Neftçala rayonunun Bankə qəsəbəsində iki aylıq məcburi təlimdə iştirak edirdik. Bizi, əsgərlikdə olduğu kimi, hər səhər sıraya düzüb rus dilində mahnı oxuda-oxuda tribuna önündən keçirərdilər. Milliyyətcə yəhudi olan, ləyaqətli mayor Manyeviçin bütün cəhdlərinə, təhdidlərinə baxmayaraq Jurnalistika fakültəsinin tələbələri rusca mahnı oxumaqdan nəinki imtina edirdi, buna qarşılıq olaraq “Koroğlu” filmindən “Dəli Həsənin mahnısı”nı oxuyurdu. Bu cür hallar doğma dilə, Vətənə dərin sayğıdan irəli gəlirdi və bu da o zamanlar Sovet hökumətinin siyasətinə bir cür etiraz formasıydı.
Ağamalı Sadiqdə də vətənpərvərlik hissi çox güclüydü. Ona görə də 1988-ci ildə Meydan hadisələri başlayan kimi, kənarda qalmadı. Bu dövrdə onun jurnalistik fəaliyyəti özünü daha qabarıq göstərdi. Çünki üsyankar bir ruhun daşıyıcısı idi. 1990-cı il 20 Yanvar faciəsindən sonra başqa cür olmaq da mümkün deyildi. O günlərdə Ağamalı Sadiq mətbuatda çox sərt yazılarla çıxış edirdi. Burada zənnimcə onun “Görək bu oyundan Mişa necə çıxacaq?”, “Yazov, sənin anan olubmu?” məqalələrini xatırlatmaq kifayət edər. Bu dövrdə Ağamalı Sadiq jurnalist məramını da açıq-aydın bəyan edirdi: “Məni bəzən qəzəbli jurnalist adlandırırlar, ancaq yetmiş il sürmüş rejimə münasibətimlə müqayisədə həmin yazılar çox yumşaqdır. Mənə elə gəlir ki, bunların hamısı yaşadığım Sovet cəmiyyətinə nifrətdən irəli gəlirdi. Çünki bu cəmiyyətdə insan simasızlaşır, bir-birini satmaq istedada çevrilirdi, şəxsiyyət alçalır, əyilir, bir tikə çörəyini qazanmaq, irəli getmək üçün insanda olan mənfi keyfiyyətlər fitri istedad sayılırdı”.
Ağamalı Sadiq Əfəndinin bir şair, publisist
kimi arzuları çoxdu. Amma amansız əcəl
ona ürəyindəkilərin hamısını həyata
keçirməyə imkan vermədi. 48
yaşında əbədiyyətə qovuşdu.
O, 8 mart
1947-ci ildə Qazaxın Qaymaqlı kəndində dünyaya gəlmişdi,
12 dekabr 1995-ci ildə, səhərə yaxın
Topçubaşov adına Eksperimental Tibb
İnstitutunda cərrahi əməliyyatdan sonra gündüz
saat 14 radələrində gözlərini əbədi
qapadı. 13 dekabr 1995-ci ildə ata yurdunda,
İncə dərəsinin Qaymaqlı kəndində dəfn
edildi.
Allah rəhmət
eləsin!
Əziz dostum dünyasını dəyişəndən
sonra dəfələrlə onlara getmək istəmişəm,
amma gedə bilməmişəm. Onun qapısını
döyməyə ürək eləməmişəm,
çünki o qapını mənə Ağamalı
açmayacaq. Bunu isə mən
ağlıma sığışdıra bilmirəm.
Axı o, özü eygil gündə bu barədə
demişdi:
Səni
bağışlaram bir axşamüstü,
Gözüyün
ağında qapqara tüstü,
Ovcunda
ürəyin qapımı döysən,
Ağlayan gözünə gəlmişəm desən.
Desən
ki, nifrət et, nifrət et mənə,
Desən ki, mərhəmət gərəyim deyil.
Səni
bağışlaram Qorqud eşqinə,
Bilsəm ki, bunları ürəyin deyir.
Bax, bu cür həssas, zərif duyğulara görə
Ağamalı mənim üçün həmişə
canlıdır, həmişə yaşayır.
Mustafa
Çəmənli
525-ci qəzet.- 2016.- 16 aprel.- S.18-19